Icma.az
close
up
RU
Həsən Həsənov: Ramiz Mehdiyev vəzifədə riyakar, intriqabaz, səmimiyyətdən uzaq idi MÜSAHİBƏ

Həsən Həsənov: Ramiz Mehdiyev vəzifədə riyakar, intriqabaz, səmimiyyətdən uzaq idi MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Sabiq baş nazir və xarici işlər naziri Həsən Həsənovun APA-ya müsahibəsi

- Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu?

- Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatına təyin olundum. Az sonra isə Moskvaya, Komsomolun Mərkəzi Komitəsinə işləməyə göndərdilər. Orada Ramiz bir neçə dəfə yanıma gəlib Moskvada fəlsəfə mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyini dedi. Bir müddət sonra məni Moskvadan Bakıya qaytardılar, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsində çalışırdım.

1974-cü il ildə Ramiz Bakıda yanıma gəlib namizədlik dissertasiyasını başa çatdırdığını dedi və partiya işinə keçmək üçün kömək göstərməyimi xahiş etdi. Dedim ki, Ramiz, axı sən əziyyət çəkib alim olmaq istəyirdin, yenidən partiya aparatında işləməyin mənası nədir? Dedi ki, dissertasiyanı müdafiə etmişəm, əslində, partiya işçisi olmaq istəyirəm. Ona köməklik etdim. Düzdür, 1974-cü ildə vəzifəm elə də yüksək deyildi, amma hər halda məni tanıyan, hörmət edən adamlar vardı. Onu təriflədim, 1974-cü ilin mayında Heydər Əliyevin qərarı ilə Mərkəzi Komitə aparatında Təbliğat və təşviqat şöbəsinin mühazirəçi vəzifəsinə təyin edildi. İllər keçirdi, amma Ramiz bir dəfə də olsun vəzifəyə mənim vasitəmlə təyin olunmağını dilinə gətirmədi, bu hadisəni heç vaxt, heç yerdə xatırlamadı.

Zaman keçirdi, artıq Ramiz Mərkəzi Komitənin ideoloji məsələlər, mən isə tikinti üzrə katibi işləyirdik. Qarabağ münaqişəsi başlandı. 1988-ci il may ayında Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə göndərildi.

Günlərin birində Mərkəzi Komitə katiblərinin toplantısında Vəzirov bildirdi ki, Ramiz Mehdiyevlə danışılıb, diplomatik işdə işləmək istəyir. Ona yardım edəcəyəm, amma bunun üçün gərək, ilk növbədə, Ramiz Mərkəzi Komitənin katibi vəzifəsindən getsin, sadəcə, Mərkəzi Komitə üzvü olaraq qalsın. Ramizdən səs çıxmadı. Ona görə başqaları da danışmadı. Beləliklə, heç bir müzakirəsiz, mübahisəsiz Ramiz yüksək vəzifəni tərk edib səssiz-küysüz Elmlər Akademiyasına sıravi işə keçdi.

Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır. Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi.

- Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin taleyindəki rolunu Ramiz Mehdiyev niyə inkar edirdi?

- Bu inkar, sadəcə, Ramiz Mehdiyevin edilən yaxşılıq müqabilində atdığı nankor addımlardan biri idi.

- Ramiz Mehdiyev 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri, 7 fevral 1995-ci ildən sonra isə icra aparatının və nəhayət Prezident Administrasiyasının rəhbəri olub. Beləliklə, Heydər Əliyev müstəqillik illərində Ramiz Mehdiyevi yenə də yüksək vəzifəyə təyin edib. Bəs, Ümummilli rəhbərin Vəzirovun keçirdiyi iclasdan, Ramiz Mehdiyevin riyakar hərəkətindən xəbəri olmayıb?

- Deyə bilmərəm. Şəxsən mən Heydər Əliyevə bu haqda deməmişdim. Amma dövrün mətbuatında Ramiz Mehdiyevin çıxışı tam dərc olunmuşdu. Sonrakı dövrlərdə də Ramizin həmin çıxışı və hərəkəti haqqında dəfələrlə yazılmışdı.

Sual verə bilərsiniz ki, Heydər Əliyev hadisədən xəbərdar idisə, niyə Ramizi yeni vəzifəyə təyin edəndə onu nəzərə almadı? Ümummilli lider adamların bəzi mənfi keyfiyyətlərini qabartmırdı. Dediyim kimi, onunla bu iclas barədə söhbət etməmişdim. Hətta söhbət etsəydik belə, yəqin deyərdi ki, həmin an Ramiz çətin vəziyyətdə qalıb, iradəsi zəif olub, məsuliyyətdən yayınmaq üçün məcburiyyət qarşısında belə danışıb.

- Siz Baş Nazir olanda Ramiz Mehdiyevlə əlaqəniz olubmu?

- Mən Baş nazir olanda Heydər Əliyev Naxçıvanda idi. Həmin dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov da mənəvi-insani nöqteyi-nəzərdən elə Ramiz səviyyəsində idi. Heydər Əliyev Ramiz kimi Ayazı da dəfələrlə yüksək vəzifələrə təyin etmişdi. Ayaz Mütəllibov isə prezident olan kimi Heydər Əliyevin kadrı olmasını danmışdı. Mən o vaxtlar Heydər Əliyevlə gün ərzində 3-4 dəfə danışırdım. Bu isə çoxlarını narahat edirdi. Çünki məntiqlə, əslində, Mütəllibovun tərəfində olmalı idim. Amma mən Heydər Əliyevlə münasibətdə özümü müstəqil aparırdım. Ayazın əsas tələbi o idi ki, Heydər Əliyevlə ünsiyyət saxlamaq lazım deyil. Hətta bu məqsədlə mən Heydər Əliyevlə danışdığım xüsusi telefon xəttini də kəsdirmişdi. Bunu bilən kimi mən dərhal Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinə zəng vurub telefonu açdırmışdım. Heydər Əliyev tərəfindən ancaq yaxşılıq gördüyümə görə özümü ona borclu sayıram. O vaxt Ramiz Mehdiyev Akademiyada sıravi işdə işləyirdi. Bir gün mənə zəng vurub yanıma gəlmək istədiyini dedi. Onu qəbul etdim. Soruşdum ki, Akademiyada işləri necədir, bir kömək lazımdırmı? Dedi ki, başqa xahişim var. Naxçıvana gedib Heydər Əliyevlə görüşmək istəyirəm, əgər bir sözün varsa, çatdırım. Dedim ki, Ramiz, mən Heydər Əliyevlə gündə bir neçə dəfə telefonla danışıram, onun sözü olanda mənə deyir, mənim də sözüm olanda ona deyirəm. Onu da bilirəm ki, bu telefon danışıqlarını yazırlar və Ayaza məruzə edirlər. Buna baxmayaraq, Heydər Əliyevlə münasibətimi gizlətmirəm. Ramiz yenə 3-4 dəfə çox təkidlə xahiş etdi ki, Heydər Əliyevə deyəcəyim bir sirr, ya söz varsa, deyim, ona Əliyevə çatdırsın. Dedim ki, hər gün Heydər Əliyevlə danışıram, nə sözüm var, deyirəm.

- Niyə Ramiz Mehdiyev belə təkid edirdi? Nə öyrənmək istəyirdi?

- Dəqiq bilmirəm. Amma ehtimal edirəm ki, Heydər Əliyev onunla görüşmək istəmirdi, sadəcə, mənim adımdan istifadə edib onunla görüşməyə çalışırdı.

- Ramiz Mehdiyevin həmin vaxt Heydər Əliyevlə görüşü baş tutdumu?

- Bilmirəm, heç maraqlanmadım.

- 90-cı illər gərgin dövr idi, Heydər Əliyevin adı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənirdi. Ramiz Mehdiyev bu şəraitdə nə mövqedə idi?

- 1992-ci ilin aprel ayında mən Baş nazir vəzifəsindən istefa verib, BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri oldum. Həqiqətən də, Azərbaycanda Heydər Əliyevin rəhbərliyə çağırılması üçün əhali, xüsusilə 91 nəfər ziyalı böyük hərəkat başlamışdı. Bilindiyi kimi, Ramiz Mehdiyev bu hərəkətə qoşulmamış, 91-lərin Müraciətini imzalamamışdı. Yəni o Heydər Əliyevin ona göstərdiyi insani münasibətə və yaxşılıqlara belə cavab vermişdi.

- Ramiz Mehdiyevin belə münasibəti niyə nəzərə alınmadı?

- Bu, Heydər Əliyevin böyüklüyündən irəli gəlirdi. Ulu Öndər bəzən adamların bir sıra mənfi keyfiyyətinə dözümlü yanaşır, hətta bəraət qazandırırdı. Məhz bu səbəbdən Ramizin hərəkətlərinin də üstündən keçmişdi. Bildiyiniz kimi, o dövrdə Heydər Əliyev məni Amerikadan qaytarıb xarici işlər naziri təyin etdi. O vaxt xəbər tutdum ki, Ramiz Mehdiyev Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiridir, sonra isə Aparat rəhbəri oldu. Bu məsələdə də mənim rolum vardı, amma nədən ibarət olduğunu demək istəmirəm. Ramiz uzun illər həmin vəzifədə çalışdı. Çox vaxt onu Azərbaycanda “ikinci şəxs” kimi dəyərləndirirdilər. Bir dəfə bir jurnalist məndən soruşdu ki, insanın gücü nədədir? Dedim, bacarıqlı adamdırsa, gücü fəaliyyətindədir, zəif adamdırsa, gücü tutduğu vəzifədədir. Əslində, rəhbərlik sahəsində bacarıqsız olan Ramiz vəzifə hesabına yavaş-yavaş gücünü artırmağa başladı. Bəzən “güclü” ilə “təsir etmək imkanı olan” ifadələrini qarışıq salırlar. Ramiz heç vaxt güclü rəhbər kadr olmayıb, amma vəzifəsi hesabına şəraitə təsir edərək güclü təsəvvürü yaradırdı. İctimaiyyət arasında onu vəzifə hesabına vəziyyətə təsir edən rəhbər işçi kimi dəyərləndirirdilər.

- Siz xarici işlər naziri olan dövrdə Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyevlə birlikdə işləmisiniz. Sizə və XİN-in fəaliyyətinə münasibəti necə idi? Xarici siyasətin istiqamətinə hansı formada, hansı yöndə təsir etməyə çalışırdı? Vəziyyətə təsir etmək gücü artdıqca, Sizinlə münasibətləri necə dəyişirdi?

- 1998-ci ilə qədər hər zaman ondan üstün vəzifələrdə olmuşam. 2000-ci ildə deputatlıq müddətim bitdi və parlamentə yeni seçkilər elan olunanda Heydər Əliyev zəng edib soruşdu ki, indi planın nədir, deputatlığa namizəd olacaqsan? Dedim, yox, namizədliyimi vermək istəmirəm. Səbəbi ilə maraqlandı. Dedim, elmlə məşğul olub, dissertasiya müdafiə etmək fikrindəyəm. Atam da mənə belə vəsiyyət edib. Heydər Əliyev hansı mövzu üzərində işlədiyimi soruşdu. Dedim, Nəriman Nərimanov haqqında yazıram. Mövzunu çox bəyəndi. Dedi ki, dissertasiyanı bitirəndən sonra bir də məsləhətləşərik. Beləliklə, mən bir çoxunun nəzərində işsiz oldum, Heydər Əliyev isə məsələ nə yerdə olduğunu yaxşı bilirdi.

Nazir olduğum dövrdə Ramizin nə xarici siyasətə, nə Xarici İşlər Nazirliyinə heç bir təsiri yox idi. Mən gedəndən sonra nazirlər danışırdılar ki, bizim bütün işlərimizə qarışır. 2004-cü ildə möhtərəm Prezident İlham Əliyev məni Macarıstana, 2010-cu ildə Polşaya səfir təyin etdi, 16 il səfir oldum. Bütün bu müddət ərzində Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. 5-6 dəfə mənim, ailə üzvlərimin taleyinə müdaxilə etmək, pislik etmək üçün çalışdı. Amma heç nəyə nail ola bilmədi. Hərəkətlərinin qarşısını məntiqim hesabına dərhal alırdım. Hər dəfə də özünə zəng edib, intriqaları ilə bağlı sözlərimi sərt şəkildə deyirdim. Mənə pislik etmək istəyi Ramizin beynində illərlə qalmışdı. Amma bacarmadı. Əksinə, mənə etdiyinin 10 qatını ona sözlə qaytarırdım.

- Ramiz Mehdiyevin Sizə qısqanc münasibətinin səbəbi nə idi?

- Dəqiq deyə bilmərəm, yəqin paxıllığımı çəkirdi. Biz 60 yaşı keçmişdik, hətta o məndən daha yaşlıdır. O gördü ki, məndə vəzifə iddiası yoxdur, o isə həmin dövrdə vəzifədən ötrü özünü həlak edirdi. Sadəcə, mənim varlığım ona rahatlıq vermirdi. Özünü şəstlə akademik adlandırırdı. Hətta məcbur edirdi ki, icra başçıları ona məktub yazanda “Akademik Ramiz Mehdiyevə” deyə müraciət etsinlər. Bu, görünməmiş bir tələb idi. O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. Ramiz açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb. İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir. İlham Əliyev heç bir vəzifədən gedəni o hörmətlə yola salmadı, amma Ramizi yola saldı.

- Ramiz Mehdiyevin Elmlər Akademiyasının Prezidenti kimi fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Ramiz Kommunist Partiyasının ideologiya katibi olanda, əslində, akademiyanın kuratoru idi. Akademiyanı tanımalı, bilməli idi. Amma AMEA prezidenti olanda heç bir elmi məsələni həll etmədi, hətta heç bir aktual elmi problemi müzakirəyə çıxartmadı. Hansısa elmi problemin həllinə nail olsaydı, yəqin yazardı, deyərdi. Ancaq qalmaqallar, intriqalar gündəmə gəlirdi. Nəticədə onlarca alim onun istefasının tələb etdi.

- Ramiz Mehdiyevlə 60 ildir ki, tanışsınız. Yəqin onun xasiyyətinə müasirlərimizin çoxundan daha yaxşı bələdsiniz. Bu haqda nə deyə bilərsiniz?

- Ramiz Mehdiyev çox qapalı adamdır. 1993-1998 illərdə o, Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi idi. Bu, çox vacib vəzifə idi, çünki bir azərbaycanlı olaraq sovet-marksizm ideologiyası ilə milli ideologiya arasında seçim etməli idi. Tam məsuliyyətlə deyirəm, Heydər Əliyev milli yönümlü kommunist idi. Çünki beynəlmiləlçiliklə milli maraq arasında seçim edərək, milli mənliyimizin inkişafında çox iş görüb. Kommunist Partiyası tələb edirdi ki, beynəlmiləlçiyə üstünlük verilsin, Heydər Əliyev isə milli maraqlara üstünlük verirdi. Amma bunu elə ustalıqla edirdi ki, ona heç bir söz deyə bilmirdilər.

Ramiz Mehdiyev ömründə ilk dəfə AMEA-yada birinci şəxs kimi işlədi. AMEA-nın prezidenti olduğu 2019-2022-ci illər ərzində Akademiyada bir dənə də olsun yeni elmi problem ortaya qoyulmadı. Onun namizədlik dissertasiyası sırf Lenin fəlsəfəsinə, doktorluq dissertasiyası beynəlmiləlçiliyə həsr olunub. Sabir Rüstəmxanlı danışanda eşitdim: Deyir Ramiz Mehdiyev kitabını nəşr üçün təqdim etdi. Yazığımız gəldi, kitabı buraxdıq ki, 3-5 manat qazansın, acından ölməsin. Amma kitabı oxuyanda gördük ki, əsər başdan-başa ölmüş sovet şüarlarından ibarətdir. Hətta 90-cı illərdə də Ramizin doktorluq dissertasiyasında milli heç nə yox idi.

- Hamıya maraqlıdır ki, Ramiz Mehdiyev bu qədər mənfi keyfiyyətlərinə baxmayaraq, necə yüksələ bildi?

- Çünki riyakar adamdır. O, əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi.

- Bəs, niyə ona bu qədər etimad göstərildi?

- Heydər Əliyev öz mənəviyyatına əsaslanaraq, Ramiz Mehdiyevin “91-lər” sırasında olmamasını, dalınca dediyi sözləri bağışladı, onu YAP-da və Administrasiyada əsas vəzifələrə təyin etdi. İlham Əliyev 20 il Ramiz Mehdiyevlə birgə işlədiyini nəzərə alıb etimad göstərib. Amma Ramiz bütün bunlara öz qərəzli mənəviyyatına əsaslanaraq cavab verdi. Heydər Əliyev bir dəfə mənə demişdi ki, Həsən, mən bir adamı vəzifəyə təyin edəndə özümü onun taleyinə şərik sayıram. İndi bu keyfiyyətə beynəlxalq aləmdə “empatiya” deyirlər. İnsanda empatiya yoxdursa, o, rəhbər ola bilməz. İstər Heydər Əliyev, istər də İlham Əliyevdə bu keyfiyyət çox güclüdür. Ramiz isə bunun qarşılığında qərəzli addımlar atdı.

- Ramiz Mehdiyevin ev dustağı olması və ətrafında baş verən proseslərə münasibətiniz necədir?

- Ramiz Mehdiyev barədə istintaq və məhkəmə qərarı ictimaiyyət üçün gözlənilən idi. Riyakarlıq, gizli intriqalar ustası, açıq polemikadan qaçan, “çörəyi dizi üstə olan”, “yaxşılığa yamanlıqla” cavab verən şəxs, nəhayət, lazımı cəzasını alır. Çünki atdığı addımlar cəzasız qala bilməzdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see208

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see140

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see138

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see136

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri