Möhtəşəm uğur formulu
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Siyasət dağıtmaq yox, qurub-yaratmaqdır. Xalqa elə siyasət lazımdır ki, onun təhlükəsizliyini təmin etsin və normal yaşayış üçün şərait yaratsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Səfər təəssüratları
Hələ 2002-ci il ildə “Lider” televiziyasında İlham Əliyevin millət vəkili kimi fəaliyyətinə həsr olunmuş sənədli filmə ad seçərkən mənim təklifimlə “Ümidlərin gerçəklik məqamı” variantı qəbul edilmişdi. Sonrakı illərdə sübut olundu ki, ümidləri gerçəyə çevirmək dövlət başçımızın əsas həyat və fəaliyyət kredosudur. Ürəyinin hərarəti ilə zülmətləri aydınlatmağı fəaliyyət kredosuna çevirənlər söz və əməl vəhdətinin təsdiq təntənəsini yaşadanlardır.
Ali Baş Komandan İlham Əliyev İstiqlal yolunda səbir və təmkinlə irəlilədi, gerçək situasiyanı, mövcud imkanları analitik təfəkkür süzgəcindən keçirdi, hazırlıqları mükəmməl səviyyəyə çatdırdı, mənəvi-psixoloji döyüş ruhunu, qalibiyyət təşnəsini yetkin fiziki-texnoloji nəticə ilə birləşdirdi və Zəfər yolunun inşasına başladı. Zəngəzur yolu ilə birləşəcək müqəddəs yola çıxdı. 30 il ərzində dilimizin ümumişlək sözləri sırasına daxil olmuş “qaçqın”, “köçkün” ifadələri Qələbə dilinin içində əridi, assimilyasiyaya uğradı. Dünya 21-ci əsrin müharibə taktikasını gördü. İkili standartlar meydanında oynayanlar Azərbaycan həqiqətləri qarşısında susmaq məcburiyyətində qaldılar. Azərbaycan Ordusunun şöhrəti dillərdə dastan oldu. Hər bir azərbaycanlı köksünün altında ürək yerinə Azərbaycan bayrağının çırpıntısını eşitdi.
Müzəffər Ali Baş Komandan, qüdrətli ordu, qalib xalq epitetlərindən fərəhimiz dağa döndü. “Biz Qarabağı cənnətə çevirəcəyik” niyyətli dövlət başçısının göstərişi ilə dərhal quruculuq prosesinə start verildi.
...Yazıçı-publisist, şair Süleyman Hüseynovun dəvəti ilə sentyabrın 25-də mənim də Qarabağa getmək arzum gerçəkləşdi. “Azpress” saytının rəhbəri, tanınmış video-fotomüxbir S.Rasim də bizimlə idi. Qələbədən sonra Ağdama – Qarabağa ilk dəfə yollanan hər bir soydaşımız kimi, mənim də ürəyim həyəcandan çırpınırdı.
Ağdamın ağ günləri
Ağdamın etimologiyası işıqlı ev deməkdir. İlk ziyarətimiz Ağdam Muğam Mərkəzində gerçəkləşdi. Mərkəz memarlıq üslubu ilə göz oxşayır. Muğam sənətinin inkişafı, böyük tədbirlərin düzənlənməsi, gənc nəslin sənətin sirlərinə dərindən bələd olması üçün burada gərəkən bütün şərait yaradılıb.
1868-70-ci illərdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gəlmiş, 2 minarəli, 1 günbəzli Ağdam Cümə məscidindən artıq azan səsi eşidilir, burada namaz qılınır, dualar oxunur. Məscidin həyətindəki seyid qəbirlərini də ziyarət etməyi özümüzə borc bildik.
Hər tərəfdən yaşıllıqla əhatə olunmuş İmarət kompleksi Ağdamda ən çox ziyarət olunan məkandır. Xan ailəsinin və yaxınlarının məzar abidələri, iqamətgah ocaqları müasir texnoloji imkan və mütəmadi verilən muğam ifaları ilə maraq doğurur. Dəyərli şair, rus istilası, siyasi çəkişmələr üzündən, Xanlığın mənafeyi naminə şəxsi həyatını ağrı-acı ilə keçirmiş xeyriyyəçi Xurşidbanu Natəvanın ruhu bu gün cənnətə dönən azad Qarabağda dinclik tapıb.
1751-52-ci illərdə hərbi müdafiə məqsədi ilə tikilmiş, Qarabağ xanlığının ikinci paytaxtına çevrilmiş Şahbulaq qalasının ərazisi buz kimi çeşməsi, yaşıllığı, estetik görünüşü ilə dəyərlidir. Bir az aralıda tarix elminin fədakarları – arxeoloqlar çalışırlar.
Ağdam otelində 3-cü mərtəbənin eyvanından günəşin zərrin şəfəqləri ilə salamlaşmaq özgə bir bəxtiyarlıq bəxş edir adama. Səhər yeməyindən sonra terrasa qalxdıq. Yenidən qurulan, tikinti meydançasına çevrilən Ağdam buradan apaydın görünür. Bir tərəfdə erməni xislətinin, vəhşi təfəkkürünün göstəricisi olan dağılmış, yağmalanmış evlər, digər tərəfdə sürətlə tikilən çoxmərtəbəli binalar, sosial obyektlər, texnikanın səs-küyü, Ağdam konfrans zalı, Hilton oteli, yaşayış evləri. Zaman dağıdıcı şüurla qurub-yaratmaq təşnəli zəkanın fərqini aydınladır sanki. Quruçay mədəniyyətinin tərkib hissəsi, Füzulidən 14 km şimal-şərqdə yerləşən, paleolit və mezolit dövrlərini əhatə edən Azıx mağarasında arxeoloqlarımız şövqlə yeni axtarışlar aparırlar.
Xocavəndin ahənrübası
Şəhidlərimizin anım mərasiminə Xocavənddə qatıldıq. Qarabağ iqtisadi rayonuna daxil olan, böyük əraziyə malik Xocavənd 1992-ci ilin oktyabrında işğala məruz qalmışdı.
İndi rayonun mərkəzində Ali Baş Komandan İlham Əliyevin qaldırdığı müqəddəs Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Burada da sürətli quruculuq işləri gedir. Bütün xidmət sahələrinin yerli şöbələri fəaliyyət göstərir. Xocavənd gözəl məkandır, adamı ahənrüba kimi çəkir özünə.
Prezident İlham Əliyevin Ağdam–Füzuli–Xocavənd rayonları üzrə nümayəndəsi Emin Hüseynov can yanğısı, sevgi və şövqlə dövlət başçısının tapşırıqlarını yerinə yetirir. Səhərdən axşama qədər rayonlar arasında, tikinti meydançalarında, beynəlxalq tədbirlərdə, problemlərin həllində çalışır.
Xocalı qətliamının acısını hər birimiz yaşamışdıq. Şükürlər olsun bu günə! Xocalının mərkəzində rahatca gəzirik, şəkil çəkdiririk Süleyman Hüseynovla. Bir vaxtlar bu küçələrdən uşaq nalələri göyə bülənd olmuşdu. Bu günsə yolun o üzündən, məktəbin həyətindən topla oynayan yeniyetmələrin “qol” nidaları Xocalı parkına yayılır. Bu xronometraj fərqini nəsib edən Ali Baş Komandana və Ordumuzun əsgərlərinə eşq olsun!
Zəfərin nur töhfəsi
Bələdçimiz, Xocavənd nümayəndəliyinin məsul əməkdaşı Emin Quliyev yorulmadan, usanmadan, həvəslə bizi gəzdirir, yeniliklər haqqında məlumat verirdi. Ərazini əl içi kimi tanıyır, hər kəsin böyük hörmətini qazanıb. Axşam saat 21-22 radələrində Xocavənddən çıxıb Xankəndi gecələrini seyr etməli və Ağdama, otelə qayıtmalıydıq.
–Sizə elə bir yer göstərəcəyəm ki,könlünüz fərəhlənəcək, - dedi Emin. Və Dağdağan kəndinin üstündə, dikdirdə maşını saxladı. İşıq seli əsl möcüzədir?! Bir vaxtlar nankor separatçılar yuvası olmuş Şuşa və Xankəndidə işıqlar bərq vurur. Yox, bu, sadəcə, Mingəçevir Su Elektrik Stansiyasında fizika elminin düsturu ilə ərsəyə gələn, bütün ölkəyə paylanan elektrik deyil.
Bu, ruhumuzun qələbə sevincindən işıldayan vizual təqdimatdır. Bu işıqlar canını Vətəninin ərazi bütövlüyü uğrunda fəda etmiş Şəhidlərin al-qırmızı qanıdır, səmadan simvol şəhərlərimizin üzərinə düşüb, bərq vurur. Bu işıqlar Ali Baş Komandanın, qalib Sərkərdənin məğrur baxışları, düşmənin canına vicvicə salan nüfuzudur.
Xankəndi qüruru
Xankəndidə gümrahlıqdır. Yaşayış var artıq. Məşhur brend marketlərinin, restoran və kafelərin şöbələri fəaliyyət göstərir. Hər tərəfdə qızğın tikinti və təmir işləri gedir. Ölkənin hər yerindən ailəvi gələnlər sevinc və coşqu, həvəslə, bəxtiyarlıqla şəkil çəkdirirlər. Taksilər Bərdəyə, Şuşaya, Tərtərə, Ağdama, Füzuliyə müştəri səsləyirlər. Yanımızdan Xankəndi-Bərdə mikroavtobusu keçir. Bir anlıq adama yuxu kimi gəlir. Qaldığımız “Bulud” oteldə, digər kafe və restoranlarda mükəmməl xidmət mədəniyyəti müştəri məmnuniyyətinə rəvac verir. Geniş imkanlara malik Xankəndi stadionu MDB oyunlarını qarşılamaq üçün hazırlanır. Mərkəzi parkda şəhidlər üçün Xatirə kompleksi tamamlanmaq üzrədir. Qarabağ Universitetinin qarşısındakı parkda dərsdən çıxmış tələbələri görürük. Sevincləri ikiqatdır. Tələbə adını qazandıqlarına və Xankəndinin ilk tələbə sakinləri olduqlarına görə. Kim bilir, bəlkə bu tələbələrin içində gələcəyin “Nobel”çiləri, “Oskar” mükafatçıları, dünyaşöhrətli alimləri, həkimləri var?!
Xankəndidə ruhu dincəldən, yorğunluğu unutduran qəribə bir aura, gözoxşayan görüntü, könülaçan sakitlik var.
...2021-ci ildə qələmə aldığım, Xalq artisti Firudin Məhərrəmovun Sumqayıt Dövlət Dram Teatrında quruluş verdiyi, Birinci Qarabağ savaşını və 44 günlük Vətən müharibəsini özündə ehtiva edən “Missiya” mistik dramı ilə Laçına qastrol səfərinə çıxmalıydıq. Əsərin əsas obrazlarından biri – gerçək Milli Qəhrəman Qorxmaz Eyvazovun doğulduğu Güləbird kəndində şəhidin xatirəsini anıb, Laçın şəhərində tamaşanı göstərməliydik.
Sentyabrın 18-də, gecə Sumqayıtdan çıxdıq. Təşkilatçılardan Şuşa yolu getməyimizi istəmişdik. Beləliklə, sentyabrın 19-da səhər-səhər Şuşaya çatdıq. Yenicə çay süfrəsinə oturmuşduq ki, geri qayıtmaq barədə komanda gəldi. Sonradan bildik ki, həmin gün antiterror əməliyyatına başlanması barədə Ali Baş Komandan İlham Əliyev əmr verib.
Bu da Şuşa!
Bu da qürur yerimiz, yaddaş saxlancımız, mədəniyyət beşiyimiz Şuşa! 2021-ci ilin sentyabrında əyləşdiyimiz yeri axtardım, tapa bilmədim. Əsla bu, mənim yaddaşımın zəifliyi ucbatından deyil, şəhərin sürətli inkişaf prosesinə görədir. Üç dəfə - 1905, 1920, 1992-ci illərdə yandırılmış, 8 mayda bağrının başı qarsımış Şuşa, nəhayət, 8 noyabrda qəm köynəyindən sıyrılıb çıxdı. Şuşanın qurucusu Pənahəli xanın ruhu toxtadı.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ulu öndərin “Əsrin müqaviləsi” ilə strateji konsepsiyasının təməlini qoyduğu beynəlxalq münasibətlərin tənzimlənməsi ideyası, yeni dünya nizamında, Prezident İlham Əliyevin diplomatik konseptində ali səviyyəyə çatdı.
Xan qızı Natəvanın imarəti qarşısında dayandıq. Xeyriyyəçi şairin 1871-ci ildə Ağdamdan çəkdirdiyi bulağın suyundan içdik. Şuşanın 17 məhəlləsindən biri – Çöl Qala məhəlləsi, 17 bulaqdan biridir bura. Güllələnmiş heykəllər, erməni düşüncəsinin, hikkənin və vəhşiliyin sindromu. Şərhə ehtiyacı olmayan tarixi videosüjet.
Şuşanın mərkəzi meydanı adamdan iki göz istəyir ki, saatlarla tamaşa etsin bu gözəlliyə. Klassika ilə modernizmin vəhdət məqamında bərpaolunan meydanın estetik həzzi təkcə gözləri doyurmur, həm də zehniyyətə, ürəyə yağla bal kimi yaxılır. Meydanda tikilmiş Yuxarı Gövhər Ağa məscidi ən qədim dini ocaqlardan sayılır.
Layihə müəllifi Mir Möhsün Nəvvab, memarı Kərbalayı Səfixan Qarabaği olub. 2023-cü ildə restavrasiya edilib. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin də məqbərəsini ziyarət etdik.
...1967-ci ildə Şuşa şəhərində Heydər Əliyev Vaqifin məzarına baş çəkmək istədiyini bildirir. Çox çətinliklə tapılan və bərbad gündə olan məzarı Ulu öndərə göstərirlər. İki il sonra Azərbaycana rəhbərlik edən Heydər Əliyevin göstərişi ilə Vaqifin məqbərəsi tikilir. 1982-ci il, qarlı yanvar ayında respublikanın görkəmli şair və yazıçılarının iştirakı ilə Heydər Əliyev abidənin açılışını gerçəkləşdirir.
Cıdır düzünə çıxmağı çox arzulayırdım. Prodüserlər Rasim Həsənov və Fikrin Bektaşi ilə birgə işlədiyimiz layihədə Cıdır düzü məkan olaraq keçirdi. Ssenari yazılarkən yer haqqında dolğun təsəvvürün olması çox vacibdir. Şükürlər olsun Allaha, bu arzuma çatmağı nəsib etdi mənə. Qarabağ xanlığı dövründən fəaliyyət göstərən Cıdır düzündə çövkən oyunları, Novruz şənlikləri, pəhləvan yarışları, qoç və dəvə döyüşləri keçirilib. Fikir adamı, böyük alim, musiqişünas Mir Möhsün Nəvvab da tez-tez burada “Məclisi – Fəramuşan” cəmiyyətinin məclislərini təşkil edərmiş. Elə məzarı da Cıdır düzünün yanındadır. Bəlkə də ruhu tarixi məkandan pasiban olmaq üçün burada dəfn edilməsini arzulayıb?!
Cıdır düzünün digər istiqamətinə, sərt qayalara, əlçatmaz uçurumlara baxıram və qeyri-mümkünü mümkünə çevirən, cəsarətin və igidliyin heyrət məqamını yaşadan xüsusi təyinatlılarımızı xatırlayıram. İstiqlal təşnəli, yurd sevdalı, şir ürəkli ərənlərə “əhsən” söyləyirəm. Şəhid olanların ruhuna Fatihə göndərirəm, qazilərə şəfa diləyirəm və düşünürəm ki, bu qəhrəmanlıq haqqında məlumatı olan heç bir düşmən bizə qarşı savaşı ağlına belə, gətirməz. Artıq ümidlər gerçəklik məqamına yetişib.
Hava axşama doğru dəyişir. Deyirlər, bu aylarda buralarda peydərpey yağış yağır. Qoy, yağsın, bərəkətdir. Amma hələ ki, yağış yoxdur. Şuşanın dağlarının üstündə ağ pəmbə buludlar görünür.
Hafiz ATAXANLI,
yazıçı-publisist,
fotolar S.Rasimindir

