Moris, ona de ki, mən azadam! Aliyə Kərimzadə
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Kulis.az Aliyə Kərimzadənin "Moris, ona de ki, mən azadam" adlı hekayəsini təqdim edir.
“Bəzi insanlar ölümdən sonra cəhənnəmin və ya cənnətin varlığına inanırlar. Yəni yaşanan dünyanın ruh üçün keçici bir məkan olduğuna, əbədi dünyanın ölümdən sonra başladığına ümid edirlər. Bəs bizim yaşadığımız dünyanın başqa birinin əbədi dünyası olmadığına əminikmi? Yəni, bizim fani dünya adlandırdığımız ruhların gəlib keçdiyi bu kainat başqa birinin ölümdən sonrakı cənnəti və ya cəhənnəmi ola bilməzmi? Və ya cənnət və cəhənnəmin fərqli məkanlar olduğu doğrudurmu? Daha gözəl keçici dünyada yaşayan ruh üçün bizim kainat cəhənnəmə əvəz deyilmi? Ya da bizim kainatdan daha pis bir yerdən gələn ruhun cənnəti bizim dünya ola bilməzmi? Dolayı yolla da olsa, yaşadığımız dünya həm əbədi dünya, həm cənnət, həm də cəhənnəm ola bilirsə, onda yaşamaq niyə öz anlamını itirmir, ölüm hər nə qədər arzulanan olsa da, o son bir neçə nəfəs belə insanı bu həyatda tutmaq üçün deyilmi?”- Yağan qarın altında yavaş-yavaş bütün bədənin donduğunu hiss etsə də, beyni hələ nələrisə düşünmək iqtidarında idi.
Amma düşüncələrini heç cürə idarə edə bilmir, sanki beyni iradəsindən ayrılmış, öz qərarlarını təkbaşına verirdi. Hər nə qədər özünü toplamağa çalışsa da zaman və məkan qavramını itirmişdi. Harda, nə vəziyyətdə olduğunu anlamaqda çətinlik çəkirdi. Düşüncələri qarışır, həyatla ölüm arasında gedib gəlirdi.
Beləcə, dəqiqələr, bəlkə də, saatlar keçdi. Üzərində isti bir şey his edəndə ruhunu tapşırmağa hazırlaşan bədəni sanki bir neçə saniyəlik özünə gəldi. Deyəsən, hardansa üstünə isti su tökülürdü. Qısa aradan sonra su kəsildi, ardından gələn iyrənc qəhqəhə səsi bu dünyadan üzülüb gedən ruhunu sanki cənnətin astanasından geri döndərdi, bəllidir ki, onun cəhənnəmi hələ davam edəcəkdi.
Bir balaca keyi açılmış barmaqlarını bir təhər tərpədib harda olduğunu anlamağa çalışırdı. Kiprikləri tamam donmuş, gözləri açılmırdı. Hər tərəf zifiri qaranlıq, ayazda uğuldayan külək və hardan gəldiyini heç başa düşə bilmədiyi qışqırıq səsləri...
Əlini yavaşca donmuş bədənində gəzdirməyə çalışdı, baldırına, qarnına tökülən isti mayenin nə olduğunu anlamaq istəyirdi ki, lüt olduğunun fərqinə vardı.
Üzərinə tökülən isti mayenin təsiri ilə yavaş-yavaş yerinə qayıdan şüuru, deyəsən, onu qaranlıqdan dartıb çıxarmağa çalışırdı.
Donmuş əlini güc-bəla hərəkət etdirib üzərindəki mayeni anlamaq üçün burnuna yaxınlaşdırdı, deyəsən, burnu da donmuşdu, heç qoxu ala bilmirdi. Ehmalca əllərini ağzına yaxınlaşdırıb dilinə toxundurmağa çalışdı. Soyuqdan buz kəsilmiş, bir-birinə yapışmış dodaqları güclə aralandı, dilini astaca barmaqlarına toxundurub sonra dişlərinə sürtməyə çalışdı. Donmuş dili də dad alamaqda çətinlik çəkirdi. Elə bu zaman üzünə-üzünə vuran külək qan tamını dişlərindən alıb bütün ruhuna yaydı.
Barmaqları ilə nə qədər çalışsa da, donmuş göz qapaqlarını bir-birindən ayıra bilmədi. Qan qoxan barmaqlarını gənziyinə kimi uzadıb özünü qusdurmağa çalışdı. Ağzından gələn isti axıntını tərəddüdsüz gözlərinə sürtüb buzu əritməyə çalışdı.
***
Ətraf zülmət qaranlıq idi. Uğuldayan külək səsləri tük ürpədən əsrarəngiz mühit yaratmışdı. Qaranlığın içindən hardan gəldiyini təyin edə bilmədiyi qışqırıq səsləri onu qorxutmağa başlamışdı. Çətinliklə də olsa, boynunu tərpədib elə uzandığı yerdən ətrafa göz gəzdirməyə çalışdı. Harda olduğunu anlaya bilmirdi. İki nəfər yekəpər kişi ayağı, qolu kəsilmiş, başı əzilmiş cəsədləri sürüyə-sürüyə onun üzərindən o yan-bu yana gedib gəlirdi.
Budur, başının üstündə üçüncü yekəpər peyda oldu. Bir ayağından tutduğu qarnı yarılmış qadın cəsədini sürüyüb elə onun üstündən o biri tərəfə atladı. Cəsədin axan isti qanı Martanın ayaqlarına töküldü. Yekəpər cəsədi onun üzərindən sürüyən zaman cəsədin çıxarılmış göz çuxurları ilə göz-gözə gəldi.
Yekəpər qaranlıqda gözdən itdi, arxasınca sanki suya daş atırlarmış kimi şappıltı səsi gəldi. Amma çox böyük daş...bəlkə də, cəsəd...
Gördükləri onu vahimələndirmişdi, üstünə tökülən qanlar, yarılmış cəsədlər ... Sinəsi təlaşla qalxıb enir, sanki ürəyi yerindən çıxacaqmış kimi çırpınırdı.
Yekəpərlər onun üstündən keçib cəsədləri daşıdıqca sanki şüuru yavaş-yavaş yerinə qayıdırdı. Kişilər sanki o da bir cəsədmiş kimi heç ayaqlarının altına belə baxmadan onu tapdalayır, qarnına, ayaqlarına, əllərinə basıb keçirdilər.
Yekəpərlərdən biri ayağını sinəsinə basıb keçmək istədi. Onsuz da donmuş, əzilmiş bədəni sanki sümükləri sınacaqmış kimi göynədi. Əlini atıb qeyri-ixtiyari yekəpərin topuğundan yapışdı. Yekəpər dik atılıb gözünü yerdə uzanmış ölü hesab etdiyi qıza bərəltdi.
- Hey Casper, bu deyəsən ölməyib, sağdı.
O biri yekəpər sürüdüyü cəsədi yerə tullayıb Martaya yaxınlaşdı, əyilib qızın nəfəsini yoxladı, başını yelləyib təsdiqlədi.
- Neyləyək, ataq bunu da o birilərin yanına?
Birinci yekəpər narazı şəkildə üz-gözünü turşudub, əyilib qızı yerdən qaldırdı, çiyninə aşırıb qaranlıqda gözdən itdi.
Marta onun da digər cəsədlər kimi parçalanacağını düşünür, qorxudan, az qala, ürəyi dayanırdı. Yekəpərin çiyinlərində nə qədər çabalasa da, bədəni tərpənmir, heç bir müqavimət göstərə bilmirdi.
Üst-üstə yığılmış cəsəd tayasından uzaqlaşanda bir balaca toxtadı, düşündü ki, öldürsələr, yəqin, elə burda məni də öldürərdilər, nə üçün əziyyət şəkib onu çiyinində daşısın ki. Başını ehmalca qaldırıb ətrafa boylanmağa çalışdı, indi yekəpərin çiyinlərində biraz ətrafı görə bilirdi. Ətraf boş meydançaya oxşayırdı, ara sıra işiqlar görünürdü. Gördüyü şeyin nə olduğunu bilirdi, amma heç cürə şüuru ona tabe olmurdu, başı hələ də dumanlı idi. Elə bu an ətrafa fit səsinə oxşayan vahiməli səs yayıldı. Marta qorxudan yekəpərin enli kürəyinə sığındı.
Gəmi fit verərək qaranlıq sularda surətini artırdı, yekəpər Martanı lap alt mərtəbədə buz kimi soyuq dəmir kayutlardan birinə tullayıb getdi...
***
Səhərə kimi kayutun soyuq küncündə titrədi, üzərinə uzandığı dəmir çarpayı sanki buz olub bədəninə yapışırdı. Səhərə kimi şüuru gah gedib, gah gəlirdi, yuxuyamı gedir, yoxsa bədəni halsızlıqdan, soyuqdan süstmü düşürdü - anlaya bilmirdi. Səhərə yaxın bədəninin isinməyinin üzərinə atılmış nimdaş adyala görə olduğunu anladı. Göyərmiş, əzilmiş qolları ilə barmaqları kəsilmiş, dabanları parçalanmış ayaqlarını qarnına yığıb adyalın altında büzüşdü. Ətrafa göz gəzdirib harda olduğunu anlamağa çalışdı.
Hə.. həmin otaqdı... Aylardı dustaq olduğu o soyuq, qan qoxan otaq...
Zaman anlayışını itidiyindən nə qədərdir burda olduğunu xatırlamırdı. Ümumiyyətlə, nə üçün burda olduğuna bir anlam verə bilmirdi. Bu insanlar kimdi və ondan nə istəyirlər? Nə üçün aylardır ona işgəncə verilir? Bura haradır və o buraya necə gəlib düşüb? Beynində cavab tapa bilmədiyi yüzlərlə sual var idi.
Otaqda iki çarpayı və ayaqyolundan başqa hecnə yox idi. Heç oturmağa stol da dəymirdi gözə. Onunla üzbəüz divar dibinə qoyulmuş dəmir, setka çarpayıda bardaş qurub oturmuş kişi ona baxırdı. Bu donqar burunlu, qıvrım saçlı məhbus yoldaşının Mayn Ridin uşaqlıqda oxuduğu “Başsız atlı” əsərindəki mustanger Moris Cerald olduğuna əmin idi.
Özünün nə üçün burda olduğunu anlamadığı kimi Morisin də nə üçün onun məhbus otağında olduğunu anlamırdı. Bu gün işığı düşməyən soyuq və rütubətli otaqda Morisin dərisinin qızmar günəşdə yanıbmış kimi görsəndiyini anlamadığı kimi... Morisin bir əsər qəhrəmanı olduğunu bildiyi halda qanlı-canlı qarşısında olduğu, hətta bu çətin ,əzab-əziyyətli günlərində ona yoldaşlıq etdiyini anlmadığı kimi... Amma onun mustanger Cerald olduğuna əmin idi. Səbəbini bilmədən, bu əminlik hardandır və niyədir düşünmədən bəli o Moris idi və onun məhbus yoldaşı idi...
***
- Sənə bacarmayacağını demişdim. Burdan qaçış yoxdur. Ömrümüzün sonuna kimi bu otaqda çürüməliyik - Moris kinayə ilə Martanı acılamağa başladı.
- Mən sənin kimi oturub ölümü gözləmək istəmirəm Moris. Axı sən necə razılaşa bilərsən. Sən mənim qəhrəmanımsan, sənin o üsyankar savanna ruhun belə bir sonu necə qəbul edə bilir heç anlamıram
- Bəzi sonlar qaçınılmazdır əziz Marta. Biz doğulanda cənnətimiz də cəhənnəmimiz də ruhumuza yazılıb. Bəzən təslim olmaq və həyatın bizə gətirdiyi sonlarla razılaşmaq lazımdır.
- Sənin cənnətə və ya cəhənnəmə inandığını bilmirdim. Sən yaddaşımda çox daha güclü bir xarakter kimi iz qoymuşdun...
Araya sükut çökür. Marta son yaşananları gözündə canlandırmağa başlayır. Artıq ona aydındır ki, iki gün öncəki artıq sayını üzünün belə itirdiyi növbəti qaçış planı həmişəki kimi yenə də uğursuzluqla tamamlanıb.
-Yeni plan lazımdır... Yeni plan lazımdır.... - mırıldanmağa başladı.
Elə bu vaxt dünən cəsədlərin qaranlıqda çıxartdığı şappıltı səsi, sonra yekəpərin onu çiyinlərində daşıdığı vaxt qulaqlarına gələn o böyük fitəbənzər səs, yekəpərin onu daşıdığı vaxt sağa sola yırğalanıb tutanacaq yer axtarması yadına düşdü:
- Gəmi.... Həəəəə gəmiiiii...
Moris heçnə anlamadan gözünü qıza zilləmişdi
- Moris bu gəmidir. Biz gəmidəyik....
Adyalı üstündən atıb ayağa durdu. Ayaqüsdə durmaqda çətinlik çəkməsinə baxmayaraq bir-təhər özünü toparladı. Ağrıyan ayaqları ilə otağın o baş- bu başına var gəl etməyə başladı. Yeridikcə şişmiş, hədəqəsindən çölə çıxmış sol gözü düşəcəkmiş kimi his edirdi. Amma indi bunlar onu heç narahat etmirdi.
- Demək gəmidəyik... Demək bu dəfəki qaçış planı elə də uğursuz olub demək olmaz...
İlk dəfə idi ki o qaçış planında bu qədər irəliyə gedə bilmiş, xırda otaqlarla dolu bu labirintə bənzəyən qaranlıq məhzəndən uzaqlaşa bilmişdi. İlk gündən buranın torpaq altında olduğuna inanmış, bir çox qazaraq qaçmaq planı uğursuz nəticələnmışdi.
Ehmalca qapıya yaxınlaşıb qulağını dəmir qapıya dirədi. Ətrafdan ayaq səslərinin gəlmədiyinə əmin olduqdan sonra bütün gücünü toplayıb dəmir çarpayını kənara sürüdü. Əyilib gözlərini çarpayının altında nimdaş örtük ataraq gizlətdiyi, betonun üzərinə qaşıqla cızmaqara etdiyi “xəritə”yə dikdi. Bütün qaçış planlarında addım hesabı ölçdüyü bu labirintin “xəritə”si artıq öz anlamını itirmişdi. Betonun üzərində səliqəsiz cızılmış dəhlizlərin uzunluğunu, enini, sayını əks etdirən rəqəmlər artıq ona lazım olmayacaqdı. Bircə lap yuxarıda böyük rəqəmlərkə cızılmış 618 rəqəminin nə olduğunu yadına sala bilmədi. Ümumiyyətlə o rəqəmi Martamı cızmışdı, yoxsa bu rəqəm onun “xəritəsinə” başqa yerdən təsadüfənmi gəlib çıxmışdı anlaya bilmədi.
- Amma bura gəmidir... Bura sudur.. Suuuu... Üzmək...
Araya süküt çökdü.
- Üzməyi bacarıram..
Moris hələ də təəccüblü gözlərlə Martaya baxmağa davam edirdi.
- Sən üzməyi bacarırsan Moris?
- Mən heç yana getməyəcəm Marta
- Moris, dəlilik eləmə. Sənə deyirəmki gəmidəyik. Başa düşürsən? Burdan rahatlıqla qaça bilərik. Mən üzməyi bacarıram..Mən üzməyi bacarıram..- tez tez təkrar etməyə başaldı.
Üzməyi harda və nə zaman öyrəndiyini, ümumiyyətlə daha əvvəl üzübmü yadına salmağa çalışdı. Amma sanki bu məhzəndən əvvəli heç olmayıbmış kimi xatirələri bom-boş idi. Lakin üzməyi bildiyinə də əmin idi.
İrəli atılıb yaralı qolları ilə Morisi qucaqladı. İndi onun yeni ümidləri cücərmişdi.
- Moris, inan mənə bu cəhənnəmi tərk edə bilərik. Sən yenə öz mustanqlarının belində ucsuz-bucaqsız çöllərdə süzülə bilərsən. Mən isə ... mən nəhayətki öz Luizama qovuşa bilərəm..
- Sən buranın cəhənnəm olduğuna necə əmin ola bilirsən Marta? Bəlkə də bura elə cənnətdir?
- Moris sən nələr danışırsan belə cənnət ola bilərmi? – özünün və Morisin əl-ayağındakı yaraları, içərisində olduqları otağı göstərdi.
Moris susur, sanki bir şeylər demək istəyir amma tərəddüd edirdi. Marta isə Morisi razı salmaq ümidi ilə israrla davam edir:
- Bizim cənnətimiz bayırdadır Moris. Bircə burdan qurtula bilsək..
- Bayırda də cənnət olduğuna əmin ola bilməszən Marta, bəlkə də ordakı sənin cəhənnəmindir, bəlkə cənnətimiz elə buradır.
- Sənin cənnət, cəhənnəm söhbətlərin məni əsəbiləşdirir Moris. Anlamırsan mən burdan xilas olmalıyam. Məni orda qızım gözləyir axı bilirsən. Əziz Luizam.. Onun körpə əlləri üçün necə də darixmışam.
Qızının üzünü, gözlərini , onunla keçirdiyi gözəl günləri xatırlamağa çalışsa da gözündə heçnə canlandıra bilmədi. Amma o əmindir axı onun qızı var və bu məhzəndən kənarda hardasa onun gəlməyini gözləyir. Onun balaca Luizası...
-Biz burda qalmalıyıq Marta, taleyimizlə razılaşmalıyıq bizim üçün ən yaxşısı inanıramki bu olacaq
-Yox Moris mən belə asanlıqla təslim olmayacam. Sənə təslim olmağa icazə verən deyiləm. Biz burdan gedəcəyik.. Üzəcəyik.. Üzü günəşə üzəcəyik əmin ol..
***
Yenə gözünü yekəpərin çiyinlərində açdı. Yekəpər irəlilədikcə Martanın ağzının , burnunun qanı süzülüb yerə damcılayırdı. Başıaşağı yekəpərin çiynindən aşağı sallanmış formada qan damcılarının yerdəki tıppıltılarını saya saya tərpənməzcə qalmışdı. Yenə səbəbsiz yerə döyüldüyü günlərdən biri idi. Əvvəllər yığışıb onu döyən, işgəncə verən insanlara qışqırar, bu qəddarlığın səbəbini tələb edərdi. Amma nə qədər qışqırsa da suallarına cavab ala bilməyəcəyi ilə razılaşmışdı. Artıq sadəcə səssiscə acılara boyun əyməyə , bihuş hala gələnə kimi onu döymələrinə çarəsizcə dözməyə alışmışdı. Sadəcə dəqiqələri sayar, onu döyənlər tez yorulsun və onu yenə aparıb öz məhbus otağına salsınlar deyə dualar edərdi.
Yekəpər qızı çiynindən aşırıb tappıltı ilə dəmir çarpayının üstünə atdı. Onsuzda süst düşən bədəni dəmirlərə dəyib sızıldadı. Gözünü açıb ətrafa baxmağa heyi yox idi, otaqdakı “doğma” rütubət qoxusundan anladı ki, “öz otağı”na gətiriblər onu. Elə gözü yumulu çarpayının küncünə büzüşüb, yekəpərin otaqdan ayrılmağını gözlədi. Budur ayaqsəsləri çarpayıdan uzaqlaşır, aha dəmir qapı çırıltı ilə açıldı, qapının böyük dəmir cəfdəsi şaqqıltı ilə bağlandı….Yekəpərin ayaq səsləri otaqdan uzaqlaşdı…. Yox..yox…axı dəmir cəfdə şaqqıldamadı… əmindirki şaqqıldamadı.. Amma ayaq səsləri qapıdan uzaqlaşdı.
Tez yerindən dik atılıb qapıya yaxınlaşdı. Artıq bədəni ağrımırdı, ehmalca qapını itələdi. İlahi.. qapı ki açıqdır..Bir anlıq çaşıb qaldı
-Moris, Moris.. - səssizcə pıçıldadı- qapı acıqdır, bağlamağı unutdular tez ol gedək.
Ətrafa göz gəzdirdi, Moris otaqda yox idi. Əyilib çarpayıların altına baxdı. Moris yox idi.. Qısa sürən tərəddüddən sonra Morisi qoyub getməkdə qərarlı idi. Tələsik barmaqlarının ucunda qapıdan çıxıb divarların dibi ilə labirintə bənzəyən dəhlizdə gözdən itdi.
Çətin arayışdan sonra gəminin göyərtəsinə çıxan qapını nəhayət ki, tapdı. Göyərtəyə çıxıb heç kimə görünmədən sakitcə gəminin kəndarına yaxınlaşıb mavi sulara tərəf boylandı..Qəlbi ovcuna sığışmırdı..Sevincdən az qala uçacaqdı. Axır ki o istəyinə nail olurdu. İndi azadlığı ilə onun arasında sadəcə mavi sular dayanırdı.
Elə bu anda yanında Moris peyda oldu. Marta Morisin hardan və necə yanında peyda olmağını sorqulamadan qaçıb ona sarıldı:
- Əzizim Moris, sən burdasan.Biz bacardıq Moris biz bacardıq indi ikimizdə bu cəhənnəmdən uzaqlara gedəcəyik
- Mən səni yalnız buraxa bilmərəm Marta, əlbəttə ikimiz birlikdə gedəcəyik
- Tez ol Moris vaxtımız azdır, tez suya tullanmaq lazımdır
- Yox Marta mən üzməyəcəm
Marta çevrilib Morisə baxdi, onun yanında ağ at dayanmışdı. Amma atın başı yox idi, boynundan gəminin göyərtəsinə qanlar fışqırırdı. Marta yenə Morisin qəhrəmanı olduğu əsəri xatırladı. Amma yadına sala bilmədi əsərdə atınmı başı yox idi, yoxsa atlınınmı? Tez də boş düşüncələrdən ayrılıb suya tullanmaq üçün hazırlaşdı.
İndi Morisin bassız atının qanadları peyda olmuşdu, Moris atın belində qanadlanıb Marta ilə üzbəüz dayandı.
- Mən səni tək qoymaram Marta. Mən öz atımla uçacam və səni əziz Luizanın yanında gözləyəcəm.
Moris atının belində qaranlıq boşluğa üz tutdu. Marta Morisin arxacınca qışqırdı:
- Moris, qızıma de ki, ona de ki, mən azadam…
Martanın səsinə bütün gəmidəkilər göyərtəyə yığışmışdı. Hamı ona tərəf irəliləyirdi. Yox o artıq azaddır və bunu kimsə dəyişdirə bilməz. Uzaqdan, lap uzaqdan dəniz mayakı görünürdü və Marta heç düşünmədən dəniz mayakının işıqlandıra bilmədiyi qaranlıq sulara tullanaraq gözdən itdi.
***
Qdansk limanının kənarındakı bütün yollarda tıxac var idi. Limandan 500 metr yuxarıda yerləşən ruhi xəsdələr üçün dispanserin həyəti polis qaynayırdı. Baş həkim Casper yanında boynunu büküb müqəssir kimi dayanmış tib bacısını qəzəblə süzərək müstəntiqin verdiyi sualları cavablayırdı.
- Bilirsiz cənab müstəntiq, tibb bacısı yenidir, diqqətsizlik edib, pəncərəni açıq unudub.Biraz da günah bizdədir ki, onu gələn kimi ruhi vəziyyəti ağır olan kritik xəsdələrin mərtəbəsinə növbətçi qoymamalı idik.
Ətrafda toplaşmış tıbb bacıları pıçhapıçla bir-birinin qulağına nə isə deyir, gah əlləri ilə ağlayan tibb bacısını, gah da yerdəki cəsədi görsədirdilər.
- Nə olub? Nə baş verib? - həyətə yeni daxil olan tibb bacısı özünü maraqlı gözlərlə ətrafa boylanan tibb bacılarının arasından bir təhər sıyırıb baş həkimə yaxınlaşmaq istədi.
Baş həkim tibb bacısının qolundan tutub yerdəki cəsədi göstərdi:
- 618-ci palatadakı şizofren pasiyent intihar edib - başı ilə dispanserin binasını göstərərək davam etdi - gecə özünü pəncərədən həyətə atıb.
***
Müstəntiq dodaqlarında təbəssüm, yerdə hərəkətsiz uzanmış Martanın üzərini örtəndə ayaqqabıları çirklənməsin deyə xüsusi çaba görsədirdi. Hər tərəfə qan axmış, yerdə qandan “dəniz” yaranmışdı.
Baş Həkim Casper Martaya keçən ay hədiyyə etdiyi, vərəqləri üç-dörd metr kənara, otların üstünə səpələnmış köhnə,əzik-büzük kitabı əyilib yerdən qaldırdı:
LIX fəsil
Daxmada görüş
“Luiza bütün həqiqətləri bilmək istəyirdi. İki şeydən biri olmalı idi: Ya öz ürəyini sakitləşdirəcək, ya da ürəyi parçalanacaqdı. Hətta ona elə gəlirdi ki, ürəyinin parçalanması onun keçirdiyi əzablı şübhələrdən daha yaxşı idi. Atası belə onu bu səfərdən çətin ki, saxlaya bilərdi”.


