Moskva KTMT sammitində İrəvanın "ağzını bağlayır" Kremlin nəzarət həmləsi
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Bu gün Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Moskvada KTMT sammiti keçirilir. Sammitdə əsas intriqanın Ermənistanın hərbi bloka üzvlüyü ilə bağlı məlum vəziyyət ətrafında cərəyan edəcəyi gözlənilir.
“Bakupost” xəbər verir ki, Rusiya sammitdə Ermənistanın KTMT-də səsvermə hüquqlarından məhrum edilməsi məsələsini qaldırmaq niyyətindədir.
Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, KTMT xarici işlər nazirləri təşkilatın üzv dövlətlərinin liderlərinə ödənilməmiş büdcə borclarına görə Ermənistanın səsvermə hüquqlarından məhrum edilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim edəcəklər.
O qeyd edib ki, İrəvan iki ildən çoxdur üzvlük haqqını ödəmədiyindən, KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi məsələsi qaldırılıb.
Qətnamə layihəsində Ermənistan vətəndaşlarının təşkilatın orqanlarında kvota vəzifələrinə namizədlik hüququnun dayandırılması və borclar tam ödənilənə qədər onların səsvermə hüquqlarının məhrum edilməsi nəzərdə tutulur.
Ermənistan 2024-cü ildən bəri KTMT-də iştirak etmir, onun zirvə görüşlərini və digər tədbirlərini boykot edir, lakin blok tərəfindən verilən qərarlara da veto qoymur.
Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, KTMT sammitində Ermənistanın təşkilatdakı səsvermə hüququnun dayandırılması məsələsinin gündəmə gətirilməsi Rusiya-Ermənistan münasibətlərində yaranmış ziddiyyətlərin daha da dərinləşdiyini göstərir:
“Ermənistan artıq uzun müddətdir ki, faktiki olaraq KTMT-də fəaliyyətini dondurub. Tədbirlərə qatılmır, birgə təlimlərdə iştirak etmir və artıq iki ildir ki, təşkilatın büdcəsinə üzvlük ödənişlərini də həyata keçirmir. Belə olan halda Lavrovun da dediyi kimi KTMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq Ermənistanın səsvermə hüququndan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi prinsipcə mümkündür. Təklif qəbul edilərsə, Ermənistanın təşkilatdakı səsvermə hüququ və kvota üzrə vəzifələrə öz vətəndaşlarını irəli sürmək imkanı borc tam ödənilənədək dayandırılacaq. Yəni onsuz da indiyə qədər olan şeylər sadəcə olaraq rəsmiləşdiriləcək”.
Müsahibimizə görə, burada mühüm məqam ondan ibarətdir ki, söhbət Ermənistanın KTMT-dən çıxarılmasından deyil, təşkilat daxilində siyasi və institusional imkanlarının məhdudlaşdırılmasından gedir.
Ekspert hesab edir ki, Rusiyanın bu yolu seçməsi təsadüfi deyil:
“Çünki Ermənistanın təşkilatdan birbaşa çıxarılması Moskva üçün siyasi baxımdan arzuolunmaz nəticələr yarada bilər. Belə bir addım Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının daha da zəifləməsi, Ermənistanın Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi və KTMT-nin regional nüfuzuna əlavə zərbə vurulması demək olardı”.
Bu mənada ekspertin sözlərinə görə, indiki mərhələdə İrəvanın səsvermə hüququnun dayandırılması daha çox siyasi mesaj təsiri bağışlayır:
“Rusiya demək istəyir ki, Ermənistan təşkilatın imkanlarından istifadə etməyə bilər, amma buna baxmayaraq onun institusional öhdəliklərini yerinə yetirməlidir. Başqa sözlə, Rusiya faktiki olaraq maliyyə intizamını əsas gətirir, amma əslində Ermənistanın xarici siyasət kursuna münasibətini nümayiş etdirir”.
R. Bayramov deyir ki, məsələnin digər tərəfi Ermənistanın özünün KTMT-yə münasibətidir:
“Baş nazir Nikol Paşinyan noyabrın 5-də ölkəsinin təşkilata marağının artıq tükəndiyini bəyan edib və Ermənistanın yaxın beş il ərzində KTMT fəaliyyətində iştirakını bərpa etmək niyyətində olmadığını bildirib. O, hətta ölkəsinin təşkilatdan çıxarılmasına etiraz etməyəcəyini də ifadə edib”.
Bu səbəbdən, müsahibimizin fikrincə, səsvermə hüququnun məhdudlaşdırılması İrəvan üçün gözlənilməz hadisə deyil, əksinə münasibətlərdəki siyasi uçurumu daha da dərinləşdirə bilən hal olacaq:
“Moskva isə formal üzvlüyü qorumaqla gələcəkdə münasibətlərin bərpası üçün qapını açıq saxlayır”.
Ekspert gələcək mərhələdə proseslərin iki istiqamətdə inkişaf edə biləcəyini düşünür:
“Birincisi, Ermənistan Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməyə çalışacaq. İkincisi, Rusiya İrəvana iqtisadi, siyasi və institusional təsir imkanlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə edəcək. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması Moskvanın Cənubi Qafqazdakı geosiyasi mövqeləri baxımından da əhəmiyyətlidir.
Odur ki, baş verənlər heç də sadəcə üzvlük haqqı ilə bağlı texniki mübahisə deyil. Burada Ermənistanın xarici siyasət istiqamətinin dəyişməsi, Rusiyanın regiondakı təsir imkanlarını qorumaq cəhdi və KTMT-nin gələcək institusional nüfuzu kimi daha geniş məsələlər dayanır. Sammitdə qərarın qəbul edilib-edilməməsindən asılı olmayaraq, Moskva ilə İrəvan arasında etimad böhranının aradan qaldırılması olduqca çətin görünür”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 Noyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















