Icma.az
close
up
RU
Moskva şəbəkədə: Qərbə qarşı yeni rəqəmsal imperiya

Moskva şəbəkədə: Qərbə qarşı yeni rəqəmsal imperiya

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Kreml uzun illərdir ki, özünü Qərbin texnoloji alternativi kimi təqdim etməyə çalışır. Rəqəmsal çağın amillərindən maksimum faydalanmaq istəyən Moskva indi kibertexnologiyaları təkcə müdafiə vasitəsi yox, həm də qlobal siyasətdə təsir aləti kimi formalaşdırır.

2024-cü ilin aprelində Sankt-Peterburq təsadüfi deyil ki, diqqət mərkəzinə çevrildi. Təhlükəsizlik Şurasının illərlə baş katibi olan Nikolay Patruşev Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərqdən güc strukturlarının rəhbərlərini topladı. Rəsmi mövzu yumşaq səslənsə də - "məlumat suverenliyi və təhlükəsizlik" - söhbət açıq şəkildə kibermexanizmlərdən gedirdi. İclasda XİN kəşfiyyatının rəhbəri Sergey Narışkinin iştirakı da təsadüfi deyildi. Patruşev qonaqlara birbaşa mesaj verdi: "Öz rəqəmsal ekosistemlərinizi qorumaq istəyirsinizsə, Rusiyanın qabaqcıl şirkətləri ilə işləyin".

Qərb üçün görünməz, digərləri üçün cəlbedici

Amerika və Avropa bu görüşə demək olar ki, reaksiya vermədi. ABŞ Ukraynaya 60 milyard dollarlıq hərbi-maliyyə paketini təsdiqləməklə məşğul idi, Avropa isə növbəti sanksiya paketinə hazırlaşırdı. Amma Afrikada, Asiyada və ərəb ölkələrində mesaj eşidildi. Zalda Braziliya, Sudan, Tailand, Uqanda, Ərəb Dövlətləri Liqası, eləcə də Moskvanın ən yaxın müttəfiqləri Çin və İranın nümayəndələri var idi.

Çoxları üçün Patruşevin təklifi cəlbedici idi: Rusiya həqiqətən güclü kiberməktəbə sahibdir. Üstəlik, sosial şəbəkələrin tez-tez etirazların katalizatoruna çevrildiyi bir mühitdə "tvitter inqilablarından" qorunmaq bu ölkələr üçün həyati məsələdir. Məntiq sadədir: ABŞ-ın platformaları dəfələrlə siyasi proseslərə təkan verib, Kreml isə özünü bu ssenariləri bloklamağa qadir tərəfdaş kimi təqdim edir.

Soyuq müharibə 2.0

Putin Rusiyası Afrikanı, Yaxın Şərqi, Asiyanın bir hissəsini və Latın Amerikasını uzun müddətdir Qərblə geosiyasi qarşıdurma meydanı hesab edir. Vaqner tipli muzdlu dəstələrdən tutmuş "Rus evləri" adı altında mədəniyyət maskası ilə işləyən mərkəzlərədək - Moskvanın təsir arsenalı müxtəlifdir. İndi isə bu siyahıya rəqəmsal alətlər əlavə olunur.

Vaşinqton və Brüsseldə əminlik var: rus IT nəhəngləri xüsusi xidmət orqanlarının əlindədir. 2021-ci ildə ABŞ Maliyyə Nazirliyi Positive Technologies-i FSB və GRU ilə "ortaq" adlandıraraq sanksiya tətbiq etdi. 2024-cü ildə isə "Kaspersky Laboratoriyası" hədəfə alındı, şirkət Rusiya hərbçiləri və kəşfiyyatı ilə əməkdaşlıqda günahlandırıldı. Almaniya, İtaliya və Polşa da Kaspersky proqramlarının istifadəsini məhdudlaşdırdı. Hər iki şirkət ittihamları rədd etsə də, Qərbin yanaşması aydındır: rus kibersektoru dövlət maşınının tərkib hissəsi sayılır.

Yeni ittifaqlar, yeni risklər

Bütün bu təzyiqlərə baxmayaraq Moskva geri çəkilmir. Əksinə, Afrika, Orta Asiya və Yaxın Şərq Rusiyanın başlıca hədəf istiqamətlərinə çevrilib. Buradakı ölkələr üçün əməkdaşlıq pragmatik görünür: Qərb onların rəqəmsal təhlükəsizliyinə bərabər şərtlərlə sərmayə qoymaq istəmir, Moskva isə hazır həll paketləri təklif edir.

Amma işin tərs üzü də var. Bu əməkdaşlıq rus xüsusi xidmətlərinə həssas verilərə çıxış və kəşfiyyat kanallarının genişləndirilməsi üçün yeni fürsətlər yaradır. Mütəxəssislər xəbərdarlıq edir: Kremlin əlində bu mexanizmlər təkcə müdafiə deyil, həm də hücum vasitəsinə çevrilə bilər.

Moskvanın kiber ekspansiyası: səssiz təhlükə

Son aylarda Rusiya rəqəmsal cəbhədə demək olar ki, müqavimətsiz irəliləyib. ABŞ prezidenti Trampın administrasiyası xarici kiberhədəflərə yönəlmiş kəşfiyyat resurslarını ixtisar etmək və xarici siyasət prioritetlərini yenidən qurmaqla məşğul idi. Bu boşluq Moskva üçün fürsət pəncərəsinə çevrildi: Kreml Afrikada, Asiyada, Latın Amerikasında əlaqələrini gücləndirdi, Vaşinqton isə demək olar ki, buna göz yumdu. Əgər bu prosesə nəzarət olunmasa, yeni şəbəkə ABŞ-ın inkişaf etməkdə olan dünyadakı mövqelərini zəiflədə, üstəlik, Qərbə qarşı kiberhücumlarda Kremlin əlini daha da gücləndirə bilər.

Rusiya kiberindustriyası iki prosesin kəsişməsində doğuldu. Bir tərəfdə - sovet dövrünün güclü riyaziyyat və proqramlaşdırma məktəbi, digər tərəfdə isə SSRİ dağılandan sonra müdafiə sənayesinin böhranı. İşsiz qalan yüksək səviyyəli mühəndislər informasiya təhlükəsizliyi bazarına çıxdılar və qlobal nüfuz qazanan şirkətlər yaratdılar.

Ən məşhuru "Kaspersky Laboratoriyası"dır. 1997-ci ildə yaradılan şirkət cəmi 10 ilə dünya səviyyəli oyunçuya çevrildi. Korporativ mühit üçün antivirus və qoruma sistemləri təqdim edən bu şirkət 2010-cu ildə dünya mediasının baş xəbəri oldu: məhz Kaspersky mütəxəssisləri İranın nüvə proqramını sabotaj etmək üçün hazırlanmış ən mürəkkəb zərərli kodlardan biri - Stuxnet virusunu ilk dəfə aşkarladı. Bu hadisə Kaspersky adını kiberaləmdə əfsanəyə çevirdi.

Krım sonrası dönüş

Uzun müddət rus şirkətləri ABŞ və Avropa bazarlarına fokuslanmışdı. "Kaspersky Laboratoriyası" hətta Londonda qərargah açaraq beynəlxalq qaydalarla oynamaya hazır olduğunu nümayiş etdirmişdi. Amma 2014-cü ildən - Moskvanın Krımı inteqrasiya etməsindən sonra təzyiqlər kəskin artdı. 2016-cı ildə ABŞ seçkilərinə kiber müdaxilə ittihamları isə şübhə mühitini daha da gücləndirdi.

2017-ci ilin martında ABŞ xüsusi xidmətləri açıq şəkildə Kaspersky məhsullarını "təhlükəli" elan etdi. Daxili Təhlükəsizlik Nazirliyi onların dövlət sistemlərindən silinməsi barədə göstəriş verdi, əsaslandırma sadə idi: antivirus proqramı istifadəçinin fayllarına həddindən artıq dərin giriş imkanına malikdir. Həmin ilin oktyabrında The Wall Street Journal və The New York Times yazdı ki, Kaspersky proqramı sayəsində NSA podratçısının kompüteri sındırılıb. Şirkət bunu qətiyyətlə inkar etdi: "Biz heç vaxt və heç bir dövlətə kiber casusluq əməliyyatlarında kömək etməmişik və etməyəcəyik". Amma qalmaqal ABŞ bazarının qapılarını birdəfəlik bağladı.

Qlobal Cənuba yönəli dönüş

Qərb sanksiyalarından sonra Kreml kibersektoru yeni bazarlara yönəltmək üçün hər addımı atdı. 2024-cü ilin aprelində Sankt-Peterburqda keçirilən görüş dönüm nöqtəsinə çevrildi: Nikolay Patruşev yeddi əsas rus şirkətini təqdim etdi - Positive Technologies, "Kaspersky Laboratoriyası", "Cyberus" fondu, Angara Security, "Kod Bezopasnosti", Security Vision və Solar.

Bu strukturlar kiberhücumlara qarşı məhsullar hazırlayır - istər müstəqil haker qruplarının, istərsə də düşmən dövlətlərin fəaliyyətinə qarşı. Amma əsas problem tamam başqadır: onların həlləri milli rəqəmsal sistemlərə ən dərin giriş hüququ tələb edir.

Qlobal Cənub dövlətləri üçün bu, hazır resept kimi görünür: Moskva texnologiya, kadr hazırlığı, hüquqi dəstək təqdim edir. Amma əslində bu, struktur asılılıq yaradır. Yerli xüsusi xidmətlər və polis çox vaxt bu sistemləri müstəqil idarə edə biləcək təcrübəyə malik deyil, nəticədə rus provayderlərindən asılı vəziyyətə düşürlər.

Nəticə göz qabağındadır: Rusiya həmin ölkələrin təhlükəsizlik infrastrukturuna istisna giriş qazanır, təsirini hərbi və diplomatik çərçivədən xeyli uzağa daşıyır. Kreml üçün bu, sadəcə biznes deyil - yeni nəzarət və kəşfiyyat formasıdır.

Rus kibersektorunun özəlliyi ondadır ki, onun nüvəsini sovet dövründə ordu və KQB üçün yaradılmış "qapalı" ali məktəblərin məzunları təşkil edir. Bu məktəblər onilliklər boyu ən yüksək gizlilik şəraitində işləyə bilən mütəxəssislər yetişdirirdi. Simvolikdir ki, Yevgeni Kaspersky özü də KQB-nin Ali Məktəbində oxuyub. Qərbdə inam budur: Putin məhz o sistemi bərpa edir ki, burada özəl bizneslə xüsusi xidmətlərin sərhədi faktiki olaraq silinib.

Şəxsi sanksiyalar Kaspersky-yə toxunmasa da, ABŞ onun şirkətində bir anda 12 rəhbəri qara siyahıya saldı. O vaxt Kaspersky Lab bu addımı "qəribə və ədalətsiz" adlandırdı, top-menejmentin rus xüsusi xidmətlərindən tam müstəqil olduğunu bildirdi. Amma şübhələri artıran başqa hadisə də vardı: 2016-cı ildə FSB bir sıra iri kiberşirkətlərin yüksək vəzifəli əməkdaşlarını, o cümlədən Kaspersky-nin top-menejerlərindən birini dövlətə xəyanətdə ittiham edərək həbs etdi. Ekspertlər üçün bu, aydın mesaj idi: Kremlin nəzərində dövlətə sədaqət artıq seçim deyil, məcburi şərtdir.

Bayden dövründə ABŞ təzyiqləri daha da sərtləşdirdi. Positive Technologies və "Kaspersky Laboratoriyası" Maliyyə Nazirliyinin sanksiya siyahısına salındı, Avropa ölkələri də bu xətti dəstəklədi. Kanada və Britaniya dövlət sektorunda Kaspersky məhsullarının istifadəsini yasaqladı. Almaniya və İtaliya isə hətta özəl qurumlarda belə bu proqramların istifadəsinin riskləri barədə xəbərdarlıq yaydı. 2022-ci ildə Ukrayna müharibəsindən sonra İtaliyanın Milli Kiber Təhlükəsizlik Agentliyi dövlət cihazlarında rus proqramlarını - o cümlədən Kaspersky, Positive Technologies və Group-IB məhsullarını qadağan etdi.

Şirkətlər isə özlərini müdafiə etməyə çalışdı. Positive Technologies iddiaları "yalnız FSB lisenziyasına sahib olmaq faktına əsaslanan" əsassız ittihamlar adlandırdı və biznesinin əsasən Latın Amerikası, Yaxın Şərq, Şimali Afrika, Cənub-Şərqi Asiya, Hindistan, Çin və CAR bazarlarına yönəldiyini vurğuladı. Group-IB isə daha radikal addım atdı - beynəlxalq istiqaməti Moskva qərargahından ayırdı ki, biznesə dəyən zərbələri yumşaltsın.

Yeni plasdarm - Qahirədən Dohaya

Təzyiqlərə baxmayaraq, Kreml dayanmadı. Əksinə, 2024-cü ilin aprelində Sankt-Peterburqda keçirilən görüş Moskvanın rəqəmsal ekspansiyasının start meydançasına çevrildi. Elə həmin ilin dekabrında Positive Technologies Qahirədə yerləşən Mideast Communication Systems ilə distribusiya sazişi imzaladı. Bu addım şirkətə Afrika və Yaxın Şərqdə, ilk növbədə isə Misir və Səudiyyə Ərəbistanında strateji dayaq qazandırdı. Ər-Riyadın diqqətini isə onların APT hücumlarına qarşı mütəxəssisləşməsi cəlb etdi. Bu, uzunmüddətli və gizli kiberhücumlar deməkdir ki, əsasən hərbi və telekommunikasiya strukturlarına yönəlir. Şirkətin məlumatına görə, təkcə 2024-cü ildə bu tip hücumların 88 faizi Səudiyyə Ərəbistanının həmin sektorlarına yönəlib.

Ən azı bunun qədər diqqətçəkən hadisə isə 2025-ci ilin iyununda baş verdi: "Cyberus" fondu Qətər hökmdar ailəsinin üzvü şeyx Suhaim bin Əhməd Al Taniyə məxsus Al-Adid Business ilə müqavilə imzaladı. Layihə çərçivəsində Cyberdom Qatar və Hackademy institutlarının yaradılması nəzərdə tutulur. Məqsəd - yeni nəsil kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasıdır.

Rus xüsusi xidmətlərinin bu təşəbbüslərdə birbaşa iştirakını sübut edən fakt yoxdur. Amma aydındır ki, belə müqavilələr həm şirkətlərə, həm də dolayı yolla Kremldə strateji dövlətlərin rəqəmsal infrastrukturuna geniş giriş imkanı verir.

Moskvanın kiber kəməri: KTMT-dən Afrikayadək

2025-ci ilin aprelində Kreml rəqəmsal ekspansiyasını institutlaşdırmaq üçün mühüm addım atdı. Rusiyanın kiberstrategiyasının aparıcı aləti sayılan "Cyberus" fondu KTMT ilə müqavilə imzaladı. Bu hərbi alyansa Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Təşkilatın baş katibi İmanqəli Tasmağambetov açıq dedi: məqsəd "üzv dövlətlərin kiberhədəflərə qarşı mübarizədə koordinasiyasını gücləndirmək və regionun kiberdayanıqlığını artırmaqdır".

Moskva üçün bu, o deməkdir ki, kiber məkan artıq hərbi sahə kimi kollektiv müdafiə predmeti elan olunur, rus şirkətləri isə bu prosesin baş podratçısına çevrilir.

Xüsusilə Afrikada Rusiya möhkəmlənməyə başlayıb. "Kaspersky Laboratoriyası" 40 ölkəni birləşdirən və qitənin rəqəmsal transformasiyasını hədəfləyən Smart Africa təşkilatı ilə müqavilə imzaladı. 2025-ci ilin fevralında isə şirkət sərhədlərüstü kiberhədəflərlə mübarizə üçün yaradılan Afrika Kibertəhlükəsizlik Orqanları Şəbəkəsinə (African Network of Cybersecurity Authorities) də daxil oldu. Bu əməkdaşlıq Kasperskini Afrikanın yaranmaqda olan kiber müdafiə sisteminin memarı kimi təqdim etməyə imkan verir.

Kreml üçün bu, sadəcə biznes deyil, strateji sərmayədir: Afrika indi təkcə bazar yox, həm də siyasi plasdarmdır. Moskva burada Qərbin IT platformalarına alternativ olaraq "texnoloji suverenlik" paketini təklif edir.

2025-ci ilin iyununda keçirilən Peterburq Beynəlxalq İqtisadi Forumu Kreml üçün sadəcə iqtisadi tədbir deyil, güc nümayiş etdirmək üçün vitrin rolunu oynadı. Burada əsas söz "Patruşev siyahısındakı" şirkətlərə verildi. Positive Technologies və "Cyberus" fondunun həmtəsisçisi Yuri Maksimov açıq manifestlə çıxış etdi. Onun sözlərinə görə, "tam texnoloji müstəqilliyə" sahib olmayan dövlətlər anlamalıdırlar ki, kiberməkana nəzarət etmədən onlar suverenliklərini itirirlər. Kremlin nəzərində bu kateqoriyaya Afrikanın, Asiyanın və Yaxın Şərqin böyük hissəsi daxildir.

Maksimovun mövqeyini Rusiya Texnoloji Suverenlik İxracı Assosiasiyasının prezidenti Andrey Bezrukov dəstəklədi. ABŞ-da isə onu başqa adla - Donald Hitfild kimi tanıyırlar. O, 2010-cu ildə ifşa olunmuş "neleqal proqramı"nın agenti idi və casus mübadiləsi çərçivəsində Moskvaya qaytarılmışdı. Vətənə qayıtdıqdan sonra Kreml üçün ABŞ mövzusunda əsas rupora çevrildi, indi isə rəqəmsal müstəqilliyin ixracı üzrə ekspert qiyafəsində çıxış edir.

Onun bu yeni rolu rəmzidir: vaxtilə ABŞ-da gizli agent kimi fəaliyyət göstərən bir şəxs indi "texnoloji suverenlik"i ixrac edən ekspert qismində çıxış edir. Əslində bu, rus xüsusi xidmətlərinin hədəflərini kommersiya və ekspert institutları vasitəsilə "leqallaşdırmaq" cəhdindən başqa bir şey deyil.

Kremlin strategiyasının mahiyyəti sadədir: tərəfdaş ölkələrə tam paket həll təklif etmək - sosial şəbəkələrin monitorinqindən tutmuş milli kibermüdafiə sistemlərinin qurulmasınadək. "Tvitter inqilabları"ndan və rəngli etirazlardan ehtiyat edən hökumətlər Moskvada yeni təhdid yox, əksinə, Qərbdən qoruyan sipər görürlər.

Paradox da bundadır: Narışkin və ya Bezrukov kimi keçmiş kəşfiyyatçıların ön sıralarda olması müştəriləri qorxutmur, əksinə, inamlarını artırır. Qlobal Cənubun elitalarının gözündə rus kibersənayesi xarici təzyiqə qarşı qalxana çevrilir, hətta o qalxanın arxasında Moskvanın ən həssas sistemlərə giriş imkanı olsa belə.

Rusiya qazana biləcəyi yarış

Dünya arenasında yeni silahlanma yarışı başlayıb, amma bu dəfə söhbət nüvə başlıqlarından və aviadaşıyıcılardan yox, dövlətlərin rəqəmsal ekosistemlərinə nəzarətdən gedir. Və illərdir geri qalan Rusiya bu dəfə gözlənilmədən favoritlər sırasında görünür.

Məsələ yalnız hansı şirkətlərin onlarla ölkənin şəbəkələrini və verilənlər bazalarını qoruyacağı ilə bitmir. Söhbət həm də sabah "təhdidin haradan başladığı" və "kimin düşmən sayılacağı"na qərar verəcək yeni mütəxəssislər nəslinin yetişməsindən gedir. Bu isə artıq texnologiya yox, ideologiya məsələsidir.

2000-ci illərin əvvəlindən Moskva "informasiya təhlükəsizliyi" anlayışını sistemli şəkildə genişləndirir. Kremlin izahına görə, kiberhədəf təkcə virus və haker hücumları deyil, həm də xarici KİV-lər, sosial şəbəkələr, "narahat gündəlik" yayan bloqqerlər ola bilər. Çin bu xətti tez götürdü və bu gün Qlobal Cənubun bir sıra dövlətləri təhlükəni məhz bu prizmadan - siyasi baxış bucağından görür.

Qərb üçün qara giriş riski

ABŞ və Avropa üçün təhlükə bundadır ki, rus şirkətləri təhsil və infrastruktur layihələrinə daxil olmaqla, müştəri ölkələrin sistemlərində "qara giriş qapısı" saxlaya bilər. ABŞ kəşfiyyatının sızmalarında da bu ehtimal təsdiqlənib: NSA sənədlərində Moskvanın proqram təminatının nəzəri olaraq xüsusi xidmətlərə gizli şəkildə qorunan infrastruktur seqmentlərinə daxil olmaq imkanı verdiyi göstərilirdi.

Ən maraqlı məqam isə odur ki, ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyalar əslində Kremlə işləyib. Qərb bazarları bağlandıqca, rus kiberbiznesi Afrika, Yaxın Şərq və Cənubi Asiyaya yönəldi. "Patruşev siyahısındakı" şirkətlər burada daha əlverişli mühit tapdılar: sərt qaydaların yoxluğu, siyasi dəstək və "xarici müdaxiləyə qarşı texnologiyalara" böyük tələbat.

Moskvanın uzun oyun planı

Rusiya uzunmüddətli oynayır. Onun kəşfiyyatı onilliklər üçün hesablanır, kommersiya şirkətləri isə sadəcə bu prosesin vitrinidir. Qərb isə həm Ukrayna böhranında, həm də daxili siyasi çaxnaşmalarda ilişib qaldığından, hər dəfə vaxtında reaksiya verə bilmir. Əgər bu inersiya davam edərsə, Moskva doğrudan da bu yarışı qazana bilər - döyüş meydanlarında yox, Qlobal Cənubun rəqəmsal reallığı uğrunda "görünməz cəbhədə".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see208

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see178

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see155

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see143

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see137

“Nə arzular yarımçıq qaldı” Fotolar

30 Avqust 2025 15:24see134

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see134

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see134

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see131

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see130

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see130

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see129

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see129

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see127

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see126

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see118

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri