Icma.az
close
up
RU
Mücərrəd sevginin konkret ünvanı

Mücərrəd sevginin konkret ünvanı

Migel de Unamunonun “Duman” romanı haqqında

Klassik ispan söz sənəti üçün Servantes kimdirsə, iyirminci yüzilliyin ispan ədəbiyyatı üçün də Unamuno həmin fiqurdur. Onu böyük sələfinə çox tel bağlayır, ömrü boyu Don Kixot əhvalıyla yaşayıb, Don Kixot atmosferində nəfəs alıb, təkcə ölkəsini yox, bütün dünyanı başdan-başa donkixotlaşdırmaq arzusuyla qələm çalıb. Unamuno Don Kixotu ispan xalqının Məsihi, İsa peyğəmbərin Servantes ilhamının qüdrəti sayəsində vücuda gəlmiş təcəllası sayırdı. Hesab eləyirdi ki, Don Kixot öz müəllifindən qat-qat real şəxsiyyətdir - bu, bizim istər dünyanın, istərsə də bəşərin obrazlarla idarə olunduğu haqqında daşlaşmış qənaətimizi bir az da möhkəmlədir.

Yazıçının 1905-ci ildə - Servantesin çoxları üçün müqəddəs kitab kimi kanonlaşmış dünya şöhrətli romanının işıq üzü görməsinin üç yüz illiyi münasibətilə nəşr elətdiyi “Don Kixotla Sançonun həyatı” kitabı (onu yəqin ki, roman-interpretasiya da adlandırmaq olar) orijinalını fəsil-fəsil təkrarlasa da, sələfinin getdiyi yolu qarış-qarış izləməyə, kitabı bir ayrı gözlə oxumağa, ona yeni yozumlar, yeni mənalar verməyə imkan yaradır. Daha doğrusu, bu kitab yeni yozumdan, yeni mənadan da çox oturuşmuş yozumun, qəlibləşmiş mənanın yeni təsbiti sayıla bilər.

***

Şair, dramaturq, filosof Migel de Unamuno özündən sonra çoxlu şeir, pyes, traktat qoyub getsə də, bir neçə məşhur romanına görə dünyada daha çox nasir kimi tanınır. Əlbəttə, onun nəsri də fəlsəfidir, romanlarını məhz fəlsəfi dünyagörüşünü ifadə eləmək üçün qələmə alıb.

Ədəbi əcdadı Servantes kimi əqidəli xristian, qatı katolik olsa da, Unamunonun dini-fəlsəfi mövqeyi heç də hər zaman kilsənin rəsmi ehkamlarına uyuşmurdu. Mühafizəkar bask ailəsində tərbiyə almasına, yeniyetmə çağlarında ruhani olmağa meyillənməsinə baxmayaraq Dostoyevski kimi gəncliyində bir müddət solçuluğa, sosializmə həvəs göstərmişdi, Bakuninin, Marksın ardıcılına çevrilmişdi. Təxminən iyirmi il ondan qabaq Dostoyevskinin başına gəlmiş fəlakət onun da qapısını döyəndən - 1897-ci ildə üç yaşlı oğlunu itirəndən sonra (doğrudur, Fyodor Mixayloviçdən fərqli olaraq onun uşağı çoxuydu) otuz üç yaşlı Unamuno dərin sarsıntı keçirdi, sosializm ideyası daha onun yaralı qəlbinə məlhəm sürtə bilmədi.

Yazıçı bu ekzistensial böhrandan orta çağ xristian mistiklərinin, ələlxüsus Müqəddəs Avqustinin, eləcə də Paskal, Kyerkeqor kimi dinə bağlı filosofların sayəsində mistik mütəfəkkir, çağdaş İspaniyanın peyğəmbəritək çıxdı. Bundan sonra kütlələri hərəkətə gətirən qüvvə daha onu özünə çəkmədi, balaca oğlunun faciəsi böyüyüb ondan ötrü kosmik tragediya miqyası aldı. Unamuno ölümsüzlük sorağıyla göylər səltənətinin qapısını döydü, inamla şübhə, diriliklə fanilik, etiqadla idrak arasındakı xəndəyi doldurmağa, varlığın xislətindəki ikiliyi, iküzlülüyü aradan qaldırmağın yollarını axtarmağa başladı.

***

Migel de Unamunonun bədii yaradıcılığından söz açılanda ilk yada düşən əsər “Duman” romanıdır. Ənənəvi nəsrin kanonlarını pozan, on doqquzuncu əsrin realistik, naturalistik ədəbi tendensiyalarına qarşı çıxan bu roman yazıçının şah əsəri sayılır. “Duman”da təbiət təsvirinə, tipajların zahiri görkəminə, obrazların daxili çəkişməsinə, eləcə də psixoloji nəsrin başqa atributlarına rast gəlinmir. Xarakterlər ya dialoqlarda, ya da daxili monoloqlarda açılır. Əslində, monoloqlar da dialoji bazada qurulub, çölə, başqasına ünvanlanıb; məsələn, qəhrəmanın itiylə söhbətlərini eyni vaxtda həm özü, həm də başqasıyla mükalimə, həm monoloq, həm də dialoq kimi qəbul eləmək olar. İstər bu, istərsə də bir sıra başqa cəhətlərinə görə Unamunonun 1915-ci ildə işıq üzünə çıxarılmış romanı Avropa modernizminin qaranquşlarından sayılır.

Əsər bir proloq, bir postproloq, otuz üç fəsil, bir də epiloqdan ibarətdir. Ancaq bununla da bitmir, lap sonda kitaba əlavə də var ki, burada müəllifin öz qəhrəmanıyla müsahibəsi yer alıb. Romanın orijinallığı təkcə bunda deyil: proloq əsərdəki aparıcı personajlardan biri, baş qəhrəman Auqusto Peresin dostu Viktor Qotinin dilindən qələmə alınıb. İkinci proloqda, yəni postproloqda isə danışan müəllif özüdür. Bəri başdan deyim ki, əsərdəki Migel de Unamuno, Auqusto Peres, Viktor Qoti üçlüyü mənə xristianlığın ən vacib üç üqnum prinsipini - Ata, Oğul, Müqəddəs Ruh vəhdətini xatırladır. Tanrı rolunu burada müəllif özü, Oğul rolunu Auqusto, Müqəddəs Ruh rolunu isə yazıçının daha bir alter-eqosu, yeni roman yaratmağa iddialı görünən, oxuduğumuz əsərin faktiki həmmüəllifi Viktor oynayır.

***

Varlı gənc zadəgan Auqusto Peres evindən çıxanda ovcunu göyə açıb yağış yağıb-yağmadığını yoxlayır. Oğlanı yağış yox, çətiri açmaq üçün qatlanacağı əziyyət narahat eləyir. Ona elə gəlir ki, yığılmış çətir gözəl, açıq çətirsə eybəcər görünür. Öz-özünə deyir: “Nə yazıq ki, biz əşyalardan istifadə eləməyə məcburuq. İstifadə olunmaq gözəlliyi korlayır, puça çıxarır. Hər bir şeyin ən ali təyinatı - seyr obyekti olmaqdır. Hələ qabığı soyulmamış, yeyilməmiş apelsin necə də gözəldir! Dəyişiklik yalnız göydə baş verəcək, o zaman ki, bizim işimiz yalnız Tanrının, bir də onda güzgülənən dünyanın tamaşasına durmaq olacaq. Burada, fani dünyada biz ancaq Allahdan fayda götürmək barədə düşünürük, onu çətir kimi başımızın üstündə saxlayırıq ki, bizi hər cür xata-bəladan qorusun”. Göründüyü kimi, əsərin baş qəhrəmanı əqidəli platonikdir.

Auqusto sağamı, solamı getmək istədiyini bilmir. Bu gənc indiyə qədər dumanlıqda əlhavasına yaşayıb, təsadüflərin yedəyində sürünüb. Onun düşüncəsinə görə, zərurət də uc-uca calanmış təsadüflərə insanların qoyduğu qondarma addır. Auqusto gözləyir ki, yoluna bir it çıxsın - o it hankı səmtə getsə, oğlan da o yönə üz tutacaq. Bu zaman küçədən it yox, şıq geyinmiş bir qız keçir. Auqusto həmin qızın ardınca gedir. Öyrənir ki, bu yetim qız fortepiano müəlliməsi, adı-soyadı da Euxeniya Dominqodur. Onu balası kimi əzizləyən sonsuz bibisi, bir də bibisinin əriylə bir evdə yaşayır, kişilərin nəzəri üstündən əskik olmur. Onun sevib-seçdiyi don Maurisio - cavan arvadbaz işdən qaçaq avaradır.

Hüquq təhsili almış Auqustonun atası çoxdan, anası iki il əvvəl ölüb. Qadın oğluna çox bağlıymış, balasını üfürə-üfürə saxlayar, hər axşam onu öpə-öpə yatızdırar, gecələr ana-bala eyni yuxunu görərmiş. Oğlana elə gəlir bu həyat da insanların bir vaxtda, birlikdə gördüyü şərikli yuxudur. Auqusto sevinir ki, artıq gözləməyə kimsəsi, getməyə səmti var; başqa sözlə, o, təsadüf küləklərinin axınına ilişə-ilişə sağa-sola çovumaqdan qurtulub, hamar zərurət cığırının ağına düşüb. İndi onun qarşısında aydın məqsəd, məram durur. Qatı duman seyrəlir.

***

Auqusto Euxeniyanın yaşadığı evin ətrafında hərləndiyi vaxt bir bülbülün qəfəsi qarışıq yerə düşdüyünü görür. Onu götürüb yiyəsinə qaytaranda məlum olur ki, qəfəsdəki bülbül Euxeniyanın bibisinin saxladığı quşdur. Beləcə, oğlan qızın qohumlarıyla tanış olur. Bibi Auqustonun mərhum anası donya Soledadı tanıyır, evlərinin başına dolanan varlı-hallı oğlanın niyyətini biləndə çox sevinir.

Bibinin əri don Fermin qəribə adamlar silsiləsindəndir. Kişi nəzəri baxımdan anarxistdir, ancaq öz nəzəriyyəsini həyata keçirməyə çalışmır. Onun anarxizmi mənəvi xarakterlidir, ümumiyyətlə, don Ferminin hər bir məsələyə fərqli baxışı var. O, esperanto dilini öyrənib, dünyada bütün insanların bir dildə danışmasını arzulayır. Arvadı onun ideallarına istehzayla yanaşır. Auqustonun sualına cavabında donya Ermelinda deyir ki, hamının eyni dildə danışmasına o da canla-başla razıdır, bir şərtlə ki, bu dil ispan dili ola. Bibinin sözlərinə görə, Euxeniyanın atası, yəni onun qardaşı uğursuz birja əməliyyatının güdazına gedib, özünə qəsd eləyib. Onlarla birgə yaşayan qardaşı qızının ata evi girovluqdadır, Euxeniya dolanışığını musiqi dərsləri verməkdən çıxarır.

F.Uğurlu

seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri