Icma.az
close
up
RU
Müəllim olmaqdan müəllim qalmağa

Müəllim olmaqdan müəllim qalmağa

Icma.az, 525.az saytına istinadən bildirir.

Son vaxtlar "məktəb", "müəllim" kimi anlayışlar ətrafında müzakirə və mübahisələr səngimək bilmir. Bu sahədə problemlərin mövcudluğunu da inkar etmək olmaz. Lakin narahatlıq doğuran məqam odur ki, mediada daha çox neqativ faktların təqdimatını görürük. Azərbaycan müəlliminin klassik ustadlıq ənənələrinə söykənən, müəllim və məktəb sözünü öz peşəsində müqəddəsləşdirən nümayəndələrini ictimaiyyətə tanıtmaq da medianın vacib vəzifələrindən biri olmalıdır.

Bu mövzu ilə bağlı peşəsini zirvəyə qaldırmış iki müəllimlə - Bakı şəhəri, Sabunçu rayonundakı 187 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Böyükxanım Qasımova və N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rasimə Abbasova ilə eyni məkanda, eyni vaxtda və eyni suallar əsasında söhbətləşdik.

- Müəllimlik yalnız bir peşə deyil, həm də bir missiyadır. Sizcə, insanı bu missiyaya layiq edən əsas mənəvi keyfiyyətlər hansılardır?

- B.Qasımova: İnsanı bu missiyaya layiq edən bir çox keyfiyyətlər var. Mənə görə, hər bir müəllim ilk növbədə seçdiyi peşəyə sadiq olmalıdır. Bunun yolu fənninin dərinliklərinə baş vurmaqdan, bildikləri ilə kifayətlənməyib daim öyrənməyə can atmaqdan keçir. 30 ildən çox pedaqoji təcrübəm müddətində müşahidə etmişəm ki, şagird müəllimlə ilk dəfə üz-üzə gələndə onun nəzərini ilk növbədə müəllimin biliyi, həmin biliyi çatdırmaq üçün sinfə gətirdiyi yeni nəfəs və üsullar cəlb edir. Şagirdi yola vermək mümkün deyil. O, müəllimin biliyini ölçməyi bacarır. Müəllim öz biliyini, öyrətmək borcunu şagird sevgisi, ona doğması kimi yanaşmaq və gələcəyini düşünmək hissləri ilə birləşdirdikdə missiyasını yerinə yetirmiş olur. İnsanı bu missiyaya layiq edən beyinlə qəlbin və əməyin birgə fəaliyyətidir.

- R.Abbasova: Sözsüz, müəllimlik missiyadır. Bütün digər peşələrdən fərqli olaraq, müəllim, sözün əsl mənasında, insan yetişdirir. Cəmiyyətə, Vətənə, millətə layiqli vətəndaş yetişdirmək üçün müəllimin ilk növbədə mənəvi haqqı olmalıdır. Bunun üçün böyük səbir, sevgi və məsuliyyət tələb olunur. Müəllimin tədris etdiyi sahəyə, şagirdlərinə sevgisi yoxdursa, fəaliyyətinin də faydası olmaz. Ən vacib məsələ isə vicdandır. Müəllimin ən böyük nəzarətçisi öz vicdanıdır. Şagirdləri ilə üz-üzə qalanda yalnız özü bilir ki, bildiklərini onlara vicdanla və lazımi səviyyədə çatdırıb, ya yox?

- Bəzən müəllimin söylədiyi tək bir cümlə insanın bütün həyatının istiqamətini dəyişə bilir. Sizcə, müəllimə belə mənəvi güc verən nədir?

- B.Qasımova: Ağac torpaqdan güc aldığı kimi, müəllim də şagirddən güc alır. Konkret bir misal deyim. 2001-ci ildə şagirdim Məmmədova Süriyyə ixtisas seçimində məndən kömək istədi. Yüksək balına uyğun olaraq ona yapon dilini seçməyi təklif etdim: "Sən Yaponiyaya gedərsən, mən səni hava limanından yola salaram", - dedim. Həyatda heç nə təsadüfi deyil, deyirlər. Dediyim kimi də oldu. Süriyyəni Yaponiyanın Osaka Universitetində magistratura təhsili almağa yola saldım. O, hazırda Azərbaycanla Yaponiya arasında, xüsusilə təhsil və biznes əlaqələrinin möhkəmlənməsi sahəsində bacarıqlı mütəxəssis kimi fəaliyyət göstərir. Şagirdlərimin nailiyyətləri mənə qol-qanad verir. Onlardan aldığım gücü yenə həyatımın mənası olan şagirdlərimə sərf etməyə çalışıram.

- R.Abbasova: Müəllimin bu gücü sevgi, inam və səmimiyyətindən qaynaqlanır. Şagirdin müəllimə inanması, ondan nümunə götürməsi üçün ilk növbədə müəllim özü şagirdinə inanmalı, onda gördüyü bacarığı üzə çıxarmağı bacarmalıdır. Şagird müəllimin səmimiyyətinə inananda sözlərinə də inanır. Hətta bəzən valideyninin sözündən çox müəlliminə qulaq asır.

- Müəllim müqəddəsliyi anlayışını necə izah edərdiniz?

- B.Qasımova: Bu sual lap yerinə düşdü. Bu günlərdə 9-cu sinif dərsliyindəki (Azərbaycan dili. Dövlət dili. Səhifə 23, tapşırıq 12) bu suala şagirdlər maraqlı münasibət bildirdilər: bizə elm öyrətdiklərinə, ana və ata kimi yaxın olduqlarına, yol göstərdiklərinə, çətin anlarımızda dəstək olduqlarına görə və s. Mən də öz növbəmdə onlara Makedoniyalı İskəndərin müəllimi Aristotel haqqında dediyi məşhur kəlamı xatırlatdım: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı".

- R.Abbasova: Mən özüm də müəllim övladıyam. Atam uzun illər indi işlədiyim məktəbdə çalışıb. Bu baxımdan, müəllimlik də, məktəb də mənim üçün çox müqəddəsdir. İnanın ki, müəllimin müqəddəsliyi elə-belə, gəlişigözəl söz deyil. Axı, əsl müəllim insanın qəlbinə çökür. Ruhu, düşüncəni formalaşdırmaq çox böyük məsuliyyətdir. Müəllimin zəhmətinin böyüklüyü, təmənnasızlığı və insan həyatında qoyduğu iz onu müqəddəs edir. Bunlar maddiyyatla ölçülən deyil.

- Bir insanın gələcəyini formalaşdırmaq, qurmaq elə bir cəmiyyəti qurmaq deməkdir. Müəllim bu böyük məsuliyyətin fərqində olaraq hər gün sinfə daxil olanda nə hiss etməlidir?

- B.Qasımova: Müəllim sinfə daxil olanda hiss etməkdən daha çox düşünməlidir: "Mən bu gün cəmiyyətin bir parçası olan bu uşaqlara nə verəcəyəm?" Sinfi tərk edəndə də özünə hesabat verməlidir: "Mən istədiyimi, lazım olanı uşaqlara verə bildimmi? Öz borcumu vicdanla yerinə yetirdimmi?" Müəllim bu meyarları düşünərsə, cəmiyyət quruculuğuna öz töhfəsini vermiş olar. Çünki Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünü, gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir".

- R.Abbasova: Məncə, müəllim hər gün sinfə böyük ümid, sonsuz məsuliyyət, təmənnasız sevgi və sevinclə daxil olmalıdır. Bugünkü şagirdlərimin sabahın həkimi, mühəndisi, alimi, Vətəni üçün canından keçən əsgəri, ən əsası isə əsl insanı olacağına inanmalı və onları da inandırmalıyam.

Valideyn ən qiymətlisini - övladını müəllimə etibar edir. Bu məsuliyyət müəllimin çiyninə ağır vəzifə qoyur. Mənə etibar edilən balalara valideynin etibarının haqqını verməliyəm. Şagird sinfə sevinc və fərəhlə girməyən müəllimin fənnini necə sevsin?

- Müəllim auditoriyada onlarca vətəndaş yetişdirir. Sizcə, bu missiyanın reallaşması üçün nələrə diqqət edilməlidir?

- B.Qasımova: Bu missiyanın reallaşması üçün çoxsaylı şərtlərə əməl edilməlidir. Müəllimdə olan müsbət keyfiyyətlər mütləq şagirdə sirayət edir. İlk növbədə, şagird müəllimdə vicdan, ədalət, dürüstlük, mərhəmət, humanizm kimi ali keyfiyyətləri görməlidir ki, onun yolu ilə getsin, əsl vətəndaş, sağlam həyat tərzi sürən insan kimi həyatda yerini tapsın.

- R.Abbasova: Bəli, müəllim vətəndaş yetişdirir. Dövlətin əsl vətəndaşını yetişdirmək üçün müəllim təkcə dərs keçməməlidir. İlk növbədə, dilimizi şagirdlərə sevdirməlidir. Milli kimliyimiz, varlığımız dilimizlə bağlıdır. Ləyaqətli vətəndaş həm də dürüst olmalıdır. Vətəndaşlıq və dürüstlük elə sinifdən başlayır. Müəllimin ədaləti, doğru-dürüstlüyü sözdə qalsa, şagird də gələcəkdə bu naqisliklərdən qurtula bilməyəcək. Müəllim vətənpərvərlikdən danışıb bunu öz əməlində göstərmirsə, şagirdə heç bir müsbət keyfiyyət aşılaya bilməz.

- Müəllimlik vicdanla görülməli peşələrdəndir. Sizcə, müəllim öz vicdanı qarşısında rahat olmaq üçün hansı prinsiplərə sadiq qalmalıdır?

- B.Qasımova: Mən deyərdim ki, təkcə müəllim deyil, hər bir peşə, sənət sahibi öz işini vicdanla görməlidir. Memar bir divarın daşını əyri qoyarsa, o divar bir gün uçar. Bir ağac əyri əkilərsə, daha heç vaxt düzəlməz. Müəllimi də daim bağbana, şagirdlərini gülə, çiçəyə bənzədiblər. Bütün sənət sahiblərini yetişdirən də müəllimdir. İşinə vicdanla, şagirdlərinə sevgi ilə yanaşan müəllim mütləq cəmiyyətin hörmətini qazanacaq!

- R.Abbasova: Zənnimcə, müəllim üçün vicdan hər şeydir. Dərsə hazır girmədən şagirddən dərsə hazır olmağı tələb etmək vicdanla bir araya sığmaz. Heç bir halda şagirdin ürəyini sındırmaq, ona "səndən adam olmaz" fikri ilə yanaşmaq olmaz. Bircə yersiz söz şagirdin həyatını alt-üst edə bilər. Müəllim kəlmələri zərgər dəqiqliyi ilə seçməlidir. Həm də ədalət hissini itirməməli, şagirdləri arasında ayrı-seçkiliyə yol verməməlidir.

- Cavablarınızdan belə bir qənaətə gəlmək olar ki, siz özünüz də müəllimlərinizdən mükəmməl dərs almısınız. Mükəmməl dərs müəllimlərinizi necə xatırlayırsınız?

- B.Qasımova: Bəli, mən həm də mükəmməl müəllimlərdən dərs almışam. Ümumiyyətlə, mükəmməl müəllimlərdən dərs almadan necə müəllim olmaq olar? Mən BDU-nun Jurnalistika fakültəsini bitirmişəm. Amma həyat elə gətirdi ki, təhsil aldığım Sabunçu rayonu, Maştağa qəsəbəsindəki 187 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamağa qərar verdim. Yenidən jurnalistikaya qayıtmaq istəsəm də, məktəbə, şagirdlərə, öyrətmək həvəsinə bağlandım. Artıq 30 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğulam. Amma müəllim qələmim jurnalist qələmimi unutdurmadı. Əksinə, jurnalist təhsilim pedaqoji fəaliyyətimdə uğurumun əsas şərtlərindən birinə çevrildi.

Bildiyiniz kimi, Jurnalistika fakültəsində pedaqogika fənni tədris olunmurdu. Amma BDU-nun Jurnalistika fakültəsinin müəllimləri canlı pedaqogika idilər. Orta məktəb və ali məktəb müəllimlərimi bu gün böyük hörmət və məhəbbətlə xatırlayıram. Şagirdlərimin sevgisi, diqqəti və qayğısı üçün də məhz onlara minnətdaram. Çünki mən müəllimliyi onlardan öyrəndim!

- R.Abbasova: Hər dövrün öz xüsusiyyəti, öz tələbi var. İllər əvvəl müəllim cəmiyyətin, demək olar ki, talisman obrazlarından idi. Hələ də deyənlər var ki, biz elə bilirdik, müəllim çörək yemir, su içmir. Düzdür, mən heç vaxt belə düşünməmişəm. Bayaq qeyd etdim ki, atam 50 ilin müəllimi olub, yəni bilirdim ki, müəllim çörək də yeyir, su da içir. Amma müəllimlər mənim üçün də talisman olublar. Elə bilirdim, müəllimlərə adi adam kimi baxsam, atama da adi adam kimi baxarlar. Ona görə müəllimlərimi həmişə çox sevmişəm.

Ən çox sevdiyim, indiyədək özümə tək müəllim yox, dost, böyük qardaş, doğma, çox əziz bildiyim bir müəllimim var - Cahangir müəllim. Cahangir müəllim adi elm adamı, professor deyil. Ailəsinə, övladlarına, dövlətinə, Vətəninə, doğma torpaqlarına və tələbələrinə münasibətinə, sevgisinə görə mənim üçün insanlıq mücəssəməsidir.

- Sonda müəllimlərlə bu görüşün ideya müəllifi, sevimli müəllimim, professor Cahangir Məmmədliyə də bir sualım oldu: Cahangir müəllim, bir vaxtlar tələbələriniz olmuş Böyükxanım və Rasimə müəllimlə söhbətimizdəki suallara cavablardan razı qaldınızmı?

- Əvvəla, Ayhan, sənin sualların çox maraqlı və ciddi cavablar tələb edirdi. İkincisi, hələ tələbə vaxtlarından həm Böyükxanım, həm də Rasimənin savadına, sabahına mən çox ümid edirdim. Belə də oldu. Onlar həm tələbəlik illərində, həm də sonrakı fəal həyatlarında daim bir yerdə oldular və olmaqdadırlar. Rasimə və Böyükxanım tez-tez görüşür, bir yerdə olurlar. Həm də mən onları, az qala hər an feysbukdada görürəm. Onların votsap yazıları da, birmənalı olaraq, məktəb həyatı, müəllimlik uğurları, şagirdlərinə sevgi dolu mətnlərdən ibarət olur. Mən də feysbukda onlarla birlikdəyəm. Bir zamanlar onlar fakültədə bizdən öyrənirdilər, bu gün mən də onlardan orta məktəb dünyasının yeni çağırışlarla bağlı fəaliyyətini öyrənirəm. Böyükxanım və Rasimə tələbəlik illərində də, bu gün də mənim ideal dostlarımdır. Bu gün ikisinin də sənin suallarına mükəmməl cavabları müasir müəllimlik haqqında bir dərs təsiri bağışladı.

Ayhan AĞARZAYEV
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri