Icma.az
close
up
RU
Müharibə cinayətləri və ədalət presedentləri

Müharibə cinayətləri və ədalət presedentləri

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində çoxsaylı cinayət əməllərində təqsirləndirilən 15 nəfər erməniəsilli şəxsin barəsində cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılır. Həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-dən çox maddəsi ilə ittiham olunur.

Bu məlumatlar, əlbəttə, artıq xeyli vaxtdır açıqlanıb və mediada da dərc olunub; hər kəs məlumatlıdır. Ancaq yenə diqqəti bir məsələyə cəlb etmək istərdim: təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlardan da görünür ki, burada söhbət həm konkret olaraq Azərbaycan dövləti və xalqı əleyhinə, həm də bütövlükdə insanlığa qarşı cinayət əməllərindən gedir.

Məsələn, 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdurmə) kimi cinayətləri götürək. Bu əməllər bir dövlətin sərhədləri çərçivəsinə aid edilən əməllər deyil. Terror bütün bəşəriyyəti təhdid edir. Belə olmasaydı, terrorizm əleyhinə beynəlxalq koalisiya qurulmazdı (yeri gəlmişkən, Azərbaycan da bu koalisiyada onlarla dövlətlə birlikdə iştirak edib).

Yaxud bu şəxslərin törətməkdə təqsirli bilindiyi, ittiham olunduğu başqa əməllərə də baxaq: təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma (maddə 100), soyqırımı (maddə 103), əhalini məhvetmə (maddə 105), köləlik (maddə 106), əhalini deportasiya etmə və ya məcburi köçürmə (maddə 107),

beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə (maddə 112) və sair. Bunlar, sadəcə, bir ölkəyə qarşı cinayətlər deyil, hamıya qarşıdır.

Əgər bir ölkə, konkret olaraq, Azərbaycan özünə qarşı törədilmiş bu cür ağır əməllərə obyektiv, ədalətli hüquqi qiymət verirsə, deməli, təkcə öz təhlükəsizliyinin qayğısına qalmış olmur, bütövlükdə insanlığa qarşı belə cinayətlərin qarşısının alınmasına öz töhfəsini verir.

Elə götürək, müharibə qanunlarını və adətlərini pozma (maddə 115), silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116) və başqa bu kimi qanunsuz əməlləri. Bunlar dünyanın hər yerində, bütün dövlətləri, bütün xalqları təhdid edən cinayətlərdir. Bu cinayətlərlə mübarizəyə dair ayrıca konvensiyalar, yüzlərlə müddəalar var. Azərbaycan da həmin konvensiyaların üzvü kimi, eyni zamanda beynəlxalq hüququn suveren subyekti olaraq, bu cür insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinən şəxsləri mühakimə edir. Bu, təkcə hansısa başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə aid deyil. Eyni əməlləri Azərbaycan vətəndaşları törədərsə, onlara da qarşı eyni yanaşma olar. Xarici ölkələrin xüsusi xidmət orqanlarının ələ aldığı Azərbaycan vətəndaşları da var ki, məsələn, terrorçuçuqda, terroru maliyyələşdirməkdə təqsirləndirilmiş, məhkum olunmuşlar. Burada milliyyət, dini inanc və başqa fərqlər əsas deyil. Əsas olan qanunilik imperatividir. Azərbaycan məlum şəxsləri sırf hüquqi əsaslarla ittiham edir.

Ermənistanda və başqa ölkələrdə bəzi dairələr, media orqanları, özünü "ekspert", "hüquq müdafiəçisi" adlandıran elementlər Bakıda məlum 15 nəfər üzərində aparılan məhkəmə prosesinin legitimliyini şübhə altına almağa çalışırlar, müharibə cinayətlərində, insanlıq əleyhinə cinayətlərdə təqsirləndirilən şəxsləri "hərbi əsir", "siyasi məhbus" adlandıraraq, prosesi ədalət mühakiməsi müstəvisindən siyasi müzakirə, mübahisə müstəvisinə daşımağa çalışırlar. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bu kampaniyaya qoşularaq, müttəhimlərə guya psixotrop maddələr verilməsi haqda uydurma iddia irəli sürüb.

Bütün bunlar məlum təqsirləndirilən şəxsləri məsuliyyətdən yayındırmaq cəhdidir, məhkəmə prosesinin gedişinə təsir etmək, prosesin özünü və veriləcək qərarları əvvəlcədən gözdən salmaq çabalarıdır. Bu isə müharibə cinayətlərini, insanlıq əleyhinə cinayətləri dolayısı ilə bilərəkdən (bəlkə də bəzən bilməyərəkdən) stimullaşdırmaq deməkdir.

Müharibələr həmişə iki cür bitir. Bunlardan biri, təbii ki, kapitulyasiya aktıdır, o biri isə məhkəmə hökmüdür. Tərəflər arasında sülh müqaviləsi olsa da, olmasa da, bu, belədir.

Yaponiya İkinci Dünya Müharibəsində məğlub oldu və kapitulyasiya etdi. Yaponiya ilə Sovet İttifaqı (onun indiki hüquqi varisi olan Rusiya Federasiyası) arasında sülh müqaviləsi bağlanmayıb. Müharibənin bitməsindən 80 ilə yaxın vaxt keçib, hələ də belə bir sülh sənədi imzalanmayıb. Ancaq kapitulyasiya aktı var, eləcə də, Tokio məhkəməsi presedenti də var. Bu, Uzaq Şərq Beynəlxalq Hərbi Tribunalının hökmləri idi. Bu Tribunal İkinci Dünya Müharibəsində faşist Almaniyasının müttəfiqi olmuş Yaponiyanın müharibə cinayətlərlərində təqsirli bilinən siyasi və hərbi rəhbərlərinin üzərində qurulmuş məhkəmə oldu. Məhkəmə imperator Hirohito və şahzadə Asaka istisna olmaqla, o zamankı Yaponiya rəhbərlərini, o cümlədən, 1941-1944-cü illərdə Yaponiya hökumətinə başçılıq etmiş - baş nazir, general Hideki Tojonu mühakimə etmiş, Tojo və başqa yüksək rütbəli hərbi rəhbərlər edam olunmuşlar. Bu, müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə görə təqsirli olan şəxslər üzərində məhkəməyə dair mühüm tarixi presedentdir.

Bundan başqa Koreyada törədilmiş müharibə cinayətləri və insan hüquqlarının pozulmasına görə (koreyalı qadınlar hərbi fahişəxanalarda işləməyə məcbur edilmişdilər) mühakimə edilənləri də misal gətirmək olar. 1946-cı ilin oktyabr ayında başlamış, məhkəmədə 230 yapon mühakimə olunmuşdu. Onlardan 63-ü ölüm hökmünə, 23- ü ömürlük həbsə, 112 nəfər isə müxtəlif cəzalara məhkum edilmişdi. Eləcə də, Çində keçirilən məhkəmə proseslərində Çin ərazisində törədilən cinayətlərə, o cümlədən Nankinq (Nanjing) qırğınına görə məsuliyyət daşıyan yapon hərbçiləri mühakimə olunub. 1949-cu ildə Xabarovsk şəhərində təşkil edilən məhkəmə prosesində 12 yapon hərbçisi mühakimə edilib.

Filippində keçirilmiş başqa bir məhkəmədə isə müxtəlif hərbi cinayətlərə görə məsuliyyət daşıyan yapon hərbçilərə hökmlər oxunmuşdu. Onlar mülki şəxslərin kütləvi edam edilməsi kimi cinayətlərdə günahlandırılırdılar. Polşada alman hərbçiləri üzərində də oxşar məhkəmə prosesi keçirilmişdi.

Ancaq bunların hamısından daha məşhur bir məhkəmə prosesi olmuşdu. Bu, Almaniyanın Nürnberq şəhərində ABŞ-dan, Sovet İttifaqından, Fransadan və Böyük Britaniyadan olan hakimlər heyətinin III Reyxin siyasi və hərbi rəhbərləri üzərində apardığı məhkəmə prosesi idi. Məhkəmə İkinci Dünya Müharibəsində faşist Almaniyasına, onun hökumətinə, diplomatiyasına, ordusuna, kəşfiyyatına rəhbərlik etmiş, bu strukturlarda yüksək vəzifə tutaraq müharibə cinayətlərində təşkilatçı, iştirakçı olmuş şəxslərin əməllərinə hüquqi qiymət vermişdi.

Məlumdur ki, özünü "fürer" adlandıran Adolf Hitler intihar etmişdi, ondan sonra çox qısa müddət reyxskansler vəzifəsini tutmuş Yozef Göbbelsin də intihar etdiyi ehtimal olunur. Üçüncü Reyxin bir çox rəhbərləri ölkədən qaça bilsə də, ələ keçənlər, təslim olanlar da vardı. Bu sonuncular üzərində məhkəmə Nürnberqdə qurulmuşdu. Nasist liderlər dörd cinayət əməlinə görə ittiham edilmişdi: 1. Sülhə qarşı sui-qəsd; 2. Sülhə qarşı cinayətlər; 3. Müharibə cinayətləri; 4. İnsanlığa qarşı cinayətlər.

1946-cı il sentyabrın 30-da və oktyabrın 1-də hökm oxundu. Herman Görinq, İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Martin Borman, Frits Zaukel, Alfred Yodl, və Artur Zeys-İnkvart asılmaqla ölüm cəzasına məhkum edildilər. Hans Friçe, Frans von Papen və Yalmar Şaxt bəraət qazandılar. Başqa müttəhimlər barədə isə müxtəlif həbs cəzaları hökmü oxundu. Məhkəmə prosesi başqa qrup müharibə caniləri üzərində davam etdi, hökmlər oxundu.

Ancaq bundan dərs almayanlar da vardı. İyirminci əsrin sonlarında eyni vaxtda həm keçmiş Sovet İttifaqında (Cənubi Qafqazda), həm keçmiş Yuqoslaviyada qanlı müharibələr oldu, müharibə cinayətləri törədildi. Buna görə keçmiş Yuqoslaviyadakı siyasi və hərbi rəhbərlər - Serbiya prezidenti Slobadan Miloşeviç, eləcə də, Ratko Mladiç, Radovan Karaciç və sair şəxslər mühakimə olundular.

Belə misalların sayını artırmaq olar. Bunlar özü insanlığa qarşı cinayət sayılan təcavüzkar müharibəyə görə məhkəmə presedentləridir. Mən əminəm ki, belə müharibə cinayətlərini törədənlər üzərində Nürnberqdə, Sayqonda, Tokioda, Xabarovskda, Haaqada... məhkəmələr qurulmasaydı, hərbi canilərə layiqli cəza verilməsəydi, yeni dünya müharibələri də olacaqdı və həm də daha dəhşətli olardı.

Bakı məhkəməsi, yəni Azərbaycan ərazisində - Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqına və dövlətinə qarşı müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin mühakiməsi məhz yuxarıda sadalanan presedentlərə əsaslanır.

Azərbaycana qarşı təcavüzkar müharibə olubmu? Olub. BMT qətnamələri də bu səbəbdən qəbul edilmişdi. İşğal, soyqırımı, etnik təmizləmə, işgəncə, kütləvi qırğın və sair kimi cinayətlər törədilibmi? Törədilib. Azərbaycana qarşı terrorçuluq varmı? Var. Şəhərlər, kəndlər, tarixi, dini, təbiət və mədəniyyət abidələri dağıdılıb, yerlə yeksan edilibmi? Bəli, edilib. Ekosistemə sağalmaz zərbələr vurulubmu? Vurulub. Dinc insanlar kütləvi qətliama məruz qoyulubmu?Qoyulub. Başqa saysız-hesabsız cinayət əməlləri də törədilib.

Ermənistan kapitulyasiya edibmi? Edib. Ermənistanın öz rəhbərləri elə özləri də bu cinayətkar əməllərin təşkilatçısı, hətta iştirakçısı olub. Keçmiş prezidentlər, keçmiş baş nazirlər, keçmiş müdafiə nazirləri və sair. Azərbaycan Respublikası Baş Prokurorluğunda qaldırılmış cinayət işlərində adı keçən, beynəlxalq axtarışa verilmiş xeyli şübhəli şəxs, yaxud təqsirləndirilən şəxs hələ ki ədalət mühakiməsindən yayınıb. Ancaq onlardan bir qismi hazırda Bakı Hərbi Məhkəməsində özlərinə qarşı irəli sürülmüş ittihamlar üzrə mühakimə olunur.

Bu məhkəmədə fövqəltəbii, beynəlxalq hüquqa və milli qanunvericiliyə zidd olan heç nə baş vermir. Azərbaycan suveren dövlət olaraq öz ərazisində öz xalqına və dövlət quruluşuna qarşı törədilmiş cinayətlərə görə təqsirləndirilən şəxslər üzərində məhkəmə prosesi aparır. Bu, tamamilə legitim və ədalətli bir prosesdir. Tarixi anologiyalardan da - müharibə caniləri üzərində məhkəmə presedentlərindən də göründüyü kimi, Azərbaycan fərqli, qeyri-adi bir şey etmir. Bakı məhkəməsi həmin Nüernberq, Tokio, Sayqon və sair məhkəmə prosesıərinin hüquqi irsinin davamıdır. Nə az, nə çox.

Müharibələrin tarixləri, coğrafi arealı, hədəfləri, miqyasları, qurbanlarının sayı və milliyyəti və sair fərqli ola bilər. Ancaq müharibə - müharibədir. Təcavüzkar müharibə cinayət əməlidir. Bu, öz torpaqlarını azad etmək üçün aparılan özünümüafiə müharibələrinə aid deyil. Hərçənd belə müharibələrdə də hərbi cinayətlərin törədilməsi baş verir. Ancaq Azərbaycan bunun da müsbət presedentini yaradıb; mülki əhaliyə, mülki obyektlərə hücum etməyib. Müharibə qanunlarına, humanitar hüquq normalarına tam əməl edib. Bununla bağlı Azərbaycan əleyhinə heç bir sübut, dəlil, fakt yoxdur. Əksinə Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən şəhərləri atəşə tutulub, Azərbaycanın dinc insanları həlak olub. Buna görə də həmin əməlləri törədənləri mühakimə etmək üçün Azərbaycan Respublikasının həm hüquqi əsasları, həm də mənəvi haqqı var. Bunun əksini iddia edənlərin isə heç bir hüquqi əsası, zərrə də olsa, mənəvi haqqı yoxdur.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri