Müharibənin bitmədiyi yer insan qəlbi…
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu T.Orbayın “İnsanlıq şərəfinə” adlı birhissəli psixoloji dram əsərinin premyerası keçirilib.
Müharibələr yalnız şəhərləri dağıtmır, evləri viran qoymur, insan ömürlərinə son qoymur. Onlar həm də qəlblərdə sağalmaz yaralar açır, taleləri dəyişir, insanların mənəvi dünyasında silinməz izlər buraxır. Bəzən döyüşlər başa çatır, silahlar susur, amma müharibə insanın daxilində illərlə davam edir…
Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində təqdim olunan “İnsanlıq şərəfinə” tamaşasının əsas ideyası da məhz bu həqiqət üzərində qurulub.
Türk dramaturqu T. Orbayın qələmə aldığı əsərdə müharibənin doğurduğu mənəvi sarsıntılar, itki və ayrılıqlar, insanın çətin seçimlər qarşısında qalması, ən ağır məqamlarda belə öz vicdanını, ləyaqətini və mənəvi dəyərlərini qorumaq uğrunda mübarizəsi ön plana çəkilir.
Səhnə əsəri tamaşaçını düşündürən mühüm bir suala cavab axtarmağa sövq edir: İnsan ən ağır sınaqlar qarşısında öz insanlığını qoruyub saxlaya bilirmi?
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Səhnə tərtibatı və geyimlər üzrə rəssam Mirzə Mehdi, musiqi tərtibatçısı Svetlana Zelmixanqızı, işıq tərtibatçısı Samir Həsənov, rejissor assistenti isə Dursun Cəlilovdur.
Tamaşada Əməkdar artistlər Salam İsmayıl və Sevda Orucova, aktyorlar Fərid Vəliyev, Şəlalə Rüstəmova, Murad Ruzigar, Elmir Məmmədov, Ramal Mansırlı və Ceyhun Qurbanov səhnəyə çıxıblar.
Psixoloji dramın əsas məziyyəti müharibəni qəhrəmanlıq romantikası kimi deyil, insan taleyinin faciəli sınağı kimi təqdim etməsidir. Burada əsas diqqət döyüş meydanlarından daha çox insanın daxili dünyasına, onun keçirdiyi sarsıntılara, vicdanı ilə üz-üzə qaldığı məqamlara yönəldilir.
Əsərin ideya yükü həm də ondadır ki, müharibə insanın yalnız fiziki varlığını deyil, mənəvi bütövlüyünü də sınağa çəkir. Bəzən ən böyük qəhrəmanlıq silaha sarılmaqdan deyil, bütün dəhşətlərə rəğmən mərhəmətini, vicdanını, insanlıq duyğusunu itirməməkdən keçir.
Müharibənin ağrı-acılarını yaşamış, onun faciələrini öz taleyində hiss etmiş Gəncə tamaşaçısı üçün bu mövzu xüsusilə həssas və düşündürücüdür. Çünki bu şəhərin yaddaşında da müharibənin açdığı yaralar, yarımçıq qalmış ömürlər, dağıdılmış ocaqlar və unudulmayan insan taleləri yaşayır.
“İnsanlıq şərəfinə” məhz belə bir həqiqəti xatırladır: Müharibələr nə qədər amansız olsa da, insan öz mənəvi ucalığını, ləyaqətini və vicdanını itirməməlidir.
Gəncə Dövlət Milli Dram Teatrının yeni səhnə əsərinin tamaşaçıya ünvanladığı başlıca mənəvi mesaj da budur. Çünki insanlığın ən böyük qələbəsi bəzən başqasına qalib gəlmək deyil, ən ağır şəraitdə belə öz içindəki insanı qoruyub saxlamaqdır.
Silahlar susa bilər, müharibələr bitə bilər. Amma insanlığın şərəfini qorumaq uğrunda mübarizə heç vaxt bitmir.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə
Baxış sayı:113
Bu xəbər 12 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















