Icma.az
close
up
RU
Mükəmməl dövlət idarəçiliyi və son dərəcə uğurlu xarici siyasət kursu ilə dünyada nümunə olan Lider ŞƏRH AZƏRTAC

Mükəmməl dövlət idarəçiliyi və son dərəcə uğurlu xarici siyasət kursu ilə dünyada nümunə olan Lider ŞƏRH AZƏRTAC

Bakı, 24 dekabr, AZƏRTAC

Son illər ölkəmiz siyasi, iqtisadi, hərbi və digər sahələrdə ardıcıl uğurlara imza ataraq qlobal miqyasda nüfuzlu bir dövlətə çevrilməkdədir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilən daxili və xarici siyasət kursu dövlətimizi dinamik və hərtərəfli inkişaf yolunda inamla irərliləməsinə zəmin yaradıb. Ölkəmizi nəhəng qələbəyə aparan güclü və sarsılmaz dövlətçilik konsepsiyası dövlət-xalq birliyi nəticəsində dayanıqlı inkişaf modelinin təşəkkül tapmasına imkan verib.

Məhz Prezident İlham Əliyevin mükəmməl dövlət idarəçiliyi, uğurlu daxili və xarici siyasət kursu sayəsində ölkə iqtisadiyyatının ilbəil artmasına, əhalinin maddi rifah halının davamlı şəkildə yüksəlməsinə, dövlətimizin beynəlxalq miqyasda etibarlı və güclü tərəfdaş kimi qəbul olunmasına şahidlik edirik.

Qlobal miqyasda nüfuzlu və praqmatik siyasətçi olan dövlət başçımız regionda və dünyada baş verən prosesləri düzgün və uzaqgörənliklə qiymətləndirərək bölgədə yeni reallıqlar yaratmağa nail olub. Prezident İlham Əliyev müasir dövrün yeni lideri, müdrik dövlət xadimi, mahir diplomat, qətiyyətli siyasətçi kimi qloballaşan dünyamızda mürəkkəb geosiyasi mübarizə şəraitində ölkəmizin qarşısında duran strateji hədəflərə çatmaq üçün heyrətamiz əzmkarlıq, sarsılmaz iradə nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat qeyd edib ki, tariximizə qızıl hərflərlə yazılan şanlı qəhrəmanlıq səhifəsi Vətənini sevən hər bir azərbaycanlının qəlbində hədsiz qürur və iftixar hissi doğurur. Otuz ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımız Prezidentimizin mükəmməl sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Qazanılmış möhtəşəm Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olundu və şanlı üçrəngli bayrağımız bu gün Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır.

Bu ilin ən yaddaqalan siyasi hadisələri ölkəmizdə keçirilən prezident və parlament seçkiləri oldu. Torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq bütün ərazilərimizdə keçirilən prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi xalqımızın öz Liderinə dərin inam və sevgisinin növbəti sübutu oldu. Seçkilərin nəticələri istər Azərbaycan xalqının, istərsə də dünya ictimaiyyətinin Liderimizə inamı, qlobal miqyasda nüfuzlu siyasətçi olmasını bir daha təsdiqlədi. Aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktublarında yer alan səmimi ifadələr məhz bunun nümayişi idi. Həmçinin, Azərbaycanın müstəqilik tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən VII çağırış Milli Məclisə növbədənkənar seçkilər də tarixi əhəmiyyət daşıyan mühüm siyasi hadisə olaraq qeyd edilməlidir.

Demokratik və hüquqi dövlət quruculuğu prosesində önəmli uğurlara imza atan Azərbaycan reallaşdırdığı sistemli islahatlar nəticəsində hazırda regional və qlobal layihələrdə aparıcı rol oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə, nüfuzlu beynəlxalq təşkilatlarla və dövlətlərlə milli maraqlara əsaslanan səmərəli əməkdaşlıq quran ölkəmiz BMT-dən sonra dünyada ikinci beynəlxalq platforma olan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal Cənubla qlobal Şimal arasında etibarlı körpü rolunda çıxış edərək, inkişaf etməkdə olan və zəif inkişaf edən dövlətlərinin dünya miqyasında səsinin eşidilməsində əhəmiyyətli rol oynamışdır. COVID-19 pandemiyası dövründə dövlətimiz Qoşulmama Hərəkatının sədri qismində pandemiyanın təsirinin azaldılması üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir sıra vacib təşəbbüslərlə çıxış etdi. Belə ki, qısa müddətdə yeni, müasir tibbi avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanalar tikildi, tibb işçilərinin sosial müdafiəsi üçün əlavə maliyyə yardımları ayrıldı, vaksinlərin erkən əldə edilməsi üçün beynəlxalq sazişlər imzaladı və əhali arasında genişmiqyaslı vaksinasiya kampaniyası həyata keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı birgə mübarizə təşviq edildi və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasında dünya liderləri bir araya gətirildi. Nəticədə pandemiyaya qarşı qlobal həmrəylik gücləndi. Ölkəmiz 30-dan çox ölkəyə tibbi ləvazimat, o cümlədən qoruyucu vasitələr və vaksinlər bağışladı. Dövlət başçımızın pandemiya dövründə liderliyi sayəsində, digər dövlətlərdə müşahidə edilən səhiyyə böhranı baş vermədi, əksinə, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində qısa müddətdə pandemiyanın qarşısını almaq mümkün oldu.

Vurğulanıb ki, Azərbaycan hazırda qardaş türk dövlətləri ilə uğurlu əməkdaşlığı davam etdirir və Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, - deyə vurğulayıb.

Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib.

Ölkəmiz çoxtərəfliliyin tərəfdarı olmaqla, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynamaqdadır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edilir və multikulturalizm dövlət siyasətimizə, həyat tərzimizə çevrilmişdir.

Azərbaycan Prezidentinin balanslı və çevik xarici siyasət kursu çərçivəsində dövlətimizin davamlı şəkildə həyata keçirdiyi uğurlu enerji diplomatiyası nəticəsində TANAP və TAP kimi qlobal əhəmiyyətli enerji layihələri reallığa çevrilmişdir.

Deputat xatırladıb ki, Ümumi evimiz olan yer kürəsində iqlim dəyişikliyinin əsas çağırışlardan birinə çevrildiyi bir dönəmdə ölkəmizin milli prioritetləri sırasında “yaşıl gündəliyin” yer alması və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi etməsi dövlətimizin qlobal problemlərin həllində mühüm aktorlardan birinə çevrildiyini bir daha nümayiş etdirdi. Beynəlxalq miqyasda ən mötəbər tədbirlərdən biri olan COP29-un Azərbaycanda keçirilməsi, eyni zamanda tədbirdə 196 ölkəni təmsil edən 72 mindən çox iştirakçının qeydiyyatdan keçməsi, 80 prezident, vitse-prezident və Baş nazirlərin Sammitdə iştirak etməsi müdrik Liderimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq müstəvidəki növbəti böyük siyasi qələbəsi, nəhəng diplomatik uğuru oldu. Sessiyasının yekununda qəbul edilən qərarlar - Bakı Maliyyə Məqsədi, Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi, İtki və Zərər Fondunun institutlaşdırılmasının yekunlaşması, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldılması və digər vacib nəticələr bəşəriyyətin gələcəyi üçün müstəsna əhəmiyyət daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu, bu kimi nəhəng tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi.

Prezidentimizin müdrik rəhbərliyi ilə dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrin tərəqqisinə müsbət təsir göstərməkdədir. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi kimi məsələlər hədəf olaraq müəyyən edilib. Dövlət başçımız Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan edib və bu ərazilərin 2050-ci ilədək "sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. "Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda Prezident İlham Əliyevin enerji siyasətinin prioritetidir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 giqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu sahədə həyata keçirilən layihələr Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir. Milli Prioritetlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin ediləcək.

Bildirilib ki, dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla da ədaləti bərpa etmiş və beynəlxalq hüququn ümumqəbulolunmuş prinsiplərini təmin etmiş qalib dövlət olan Azərbaycan eyni zamanda vətəndaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində mühüm irəliləyişlərə yol açan səmərəli sosial siyasət yürüdür. Həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik". Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb. Həmçinin, dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 milyard manata yaxın, son beş ildə isə 2,4 milyard manat (70 faiz) artım olub.

Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən sosial islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır. Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb. Prezidentin imzaladığı sənədlərlə son beş ildə daha 10 yeni sosial ödəniş növü - müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən Müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. təsis olunub. Həmçinin son illər müvafiq qanunvericilikdə humanist yanaşmalar tətbiq edilib: 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək sahələri sırasına yeni 59 vəzifə, peşə əlavə edilib. Aztəminatlı ailələrin maddi vəziyyətinə mühüm dövlət dəstəyi olan ünvanlı dövlət sosial yardımı sistemi elektronlaşdırılıb, habelə qanunvericilikdə bir sıra dəyişikliklər edilərək, bu proqramın əhatə dairəsi genişləndirilməklə proqrama əlçatanlıq artırılıb, sosial yardımın təyinat şərtləri xeyli yumşaldılıb. Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən ötən müddətdə 11 dəfə artırılaraq 478 manata çatıb. Bununla yanaşı, artıq 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib ki, bu da ehtiyac meyarı həddinin yaşayış minimumu səviyyəsinə yüksəldilməsi hədəfinə nail olunduğunu göstərir.

“Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti, xüsusilə təhsil, mədəniyyət, idman və innovasiyaların təşviqi sahəsində atılan addımlar, gənclərimizin gələcək inkişafı üçün geniş imkanlar yaradır. Son illər ərzində gənclərin təhsilini dəstəkləyən proqramlar, dövlət tərəfindən verilən təqaüdlər, beynəlxalq mübadilə imkanları və startap təşəbbüslərinin dəstəklənməsi kimi layihələr böyük əks-səda doğurur. Bu layihələr təkcə gənclərin şəxsi inkişafına deyil, eyni zamanda, ölkəmizin ümumi inkişafına mühüm töhfə verir.

Azərbaycan Prezidenti milyonlarla insanın taleyində müstəsna rol oynayan müdrik dövlət xadimi, müzəffər sərkərdə, böyük strateq və lider kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edib. Dövlətimizin başçısı mükəmməl dövlət idarəçiliyi, misilsiz sərkərdəliyi və son dərəcə uğurlu xarici siyasət kursu ilə bu gün dünya miqyasında nümunə olan Liderdir”, - deyə Z.Şükürov əlavə edib.

seeBaxış sayı:26
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri