Müstəqillik dövrünün ən böyük büdcəsi... 2025 ci ildə daha hansı iqtisadi uğurlar əldə olundu?
Icma.az, Bakupost saytına istinadən bildirir.
Artıq 2025-ci il başa çatır. Bu il iqtisadi baxımdan Azərbaycan üçün bir sıra müsbət nəticələrlə yadda qaldı. İl ərzində ölkədə energetika, nəqliyyat, sənaye və bərpaolunan enerji sahələrində bir sıra mühüm layihələr həyata keçirildi. Xüsusilə Qaradağ ərazisində yeni istehsal və infrastruktur layihələri icra olundu. Belə ki, bərpaolunan enerji sahəsində 2023-cü ildə istismara verilmiş “Qaradağ” Günəş Elektrik Stansiyasının fəaliyyəti ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olmaqla, ölkəmizdə "yaşıl enerji"yə keçidə mühüm töhfə verdi. İki il ərzində istehsal olunmuş 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq, atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb.
İl ərzində Azərbaycanın Çin və Türkiyə ilə iqtisadi əməkdaşlığı da genişləndi.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Meyin bildirdiyinə görə, Çin Azərbaycanın ən böyük idxal mənbələrindən biri və dördüncü ən iri ticarət tərəfdaşı olaraq mövqeyini qoruyub. Çin şirkətləri ölkəmizdə sənaye, avtomobilqayırma, pərakəndə ticarət və bərpaolunan enerji sahələrində fəal iştirak edib.Xüsusilə, Çinin BYD şirkətinin Azərbaycanda elektrobus istehsalına başlaması, eləcə də Ələt azad iqtisadi zonasında gücü 3 QVt olan günəş panelləri zavodunun inşasına başlanılması bu əməkdaşlığın nəticələrindəndir. Bununla yanaşı, nəqliyyat infrastrukturu sahəsində də mühüm irəliləyiş əldə olunub. Cari ilin yanvar–noyabr aylarında Çindən Azərbaycana 351 Trans-Xəzər yük qatarı göndərilib ki, bu da ötən illə müqayisədə 34 faiz çoxdur. İlk dəfə olaraq bu marşrut üzrə Çjetszyan əyalətinin Cinhua və İu, eləcə də Pekin və Şençjen şəhərlərindən yük qatarları hərəkətə buraxılıb. Çin məhsulları Orta Dəhliz üçün ən böyük yük mənbəyinə çevrilərək onun tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.
Qarabağda Türkiyə şirkətlərinin icra etdiyi, ümumi dəyəri təxminən 5 milyard dollar olan layihələr regionun bərpasında və iqtisadi inteqrasiyasında mühüm rol oynayır. Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd-dan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 mlrd sərmayə qoyub:
“Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər. Türkiyədə 3000 Azərbaycan şirkəti fəal iş aparır. Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq".
Bildirilib ki, Azərbaycanın azad edilmiş ərazilərində 20-yə yaxın Türkiyə şirkəti 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır: "Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”.
Dekabrın 22 -də iki ölkə arasında imzalanmış 110 maddəlik iqtisadi əməkdaşlıq planı isə bu strateji tərəfdaşlığın uzunmüddət davam edcəyini göstərir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib ki, plan çərçivəsində üçüncü ölkələrlə sərbəst ticarət imkanları nəzərdə tutulur:
“Azərbaycanın yeni tranzit yanaşması istiqamətində əməkdaşlıq mövcuddur. Neft, qaz, kənd təsərrüfatı və turizmdən tutmuş bir çox sahədə yeni iş birlikləri qurulur" .
Bütün bu layihələr 2025-ci ildə Azərbaycanın iqtisadi inkişaf xəttinin əsas istiqamətlərini formalaşdıran amillərdən olub.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, qlobal iqtisadiyyatda təlatüm var və eyni zamanda volatillik müşahidə edilməkdədir:

“Bir tərəfdən qlobal iqtisadi müharibələr iqtisadi artıma təsir göstərir, eyni zamanda dünya ticarət dövriyyəsinin azalmasına gətirib çıxarır. Digər tərəfdən, mühüm strateji məhsulların qiymətlərində bu vəziyyət özünü büruzə verir. Belə ki, 2025-ci ildə həm neftin, həm də digər strateji məhsulların qiymətlərində volatillik müşahidə edirik. Neft və qazın qiymətlərində azalmalar qeydə alınıb, qızılın qiymətində isə artım müşahidə olunub.
Qızılın qiymətindəki artım əsasən qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliklə əlaqədardır. Çünki qlobal iqtisadiyyatda qeyri-müəyyənlik gücləndikcə investorlar qızıla və qızıl bazarına daha çox investisiya qoymağa maraq göstərirlər. Bu baxımdan Azərbaycan iqtisadiyyatı 2025-ci ildə iqtisadi artım tempini qoruyub saxlayıb. Ən vacib məqamlardan biri iqtisadi artımda qeyri-neft sektorunun payının yüksək olmasıdır. Belə ki, 2025-ci ilin geridə qalan aylarında neft və qaz sektorunda, ümumilikdə enerji sektorunda 1,8 faiz azalma qeydə alınmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda təxminən 4 faizə yaxın artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektoru 2025-ci ildə iqtisadi inkişafın əsas drayverinə çevrildi. Bu, həm iqtisadiyyatın diversifikasiyası, həm də iqtisadi artımın dayanıqlılığı baxımından olduqca vacibdir. Bu kontekstdə 2025-ci il üçün ən spesifik məqamlardan biri məhz qeyri-neft sektorunun ümumi iqtisadi artıma təsir imkanlarının genişləndirilməsi olub.
İnflyasiya da əvvəlki illə, xüsusilə 2022 və 2023-cü illərlə müqayisədə rəsmi statistikaya əsasən, daha aşağı qeydə alınıb. İlkin gözləntilərə görə, inflyasiya səviyyəsinin təxminən 6 faizə yaxın olması proqnozlaşdırılır. Bununla yanaşı, əhalinin gəlirlərində 8,1 faiz, orta aylıq əməkhaqqında isə 9,2 faiz artım qeydə alınıb. Yəni orta aylıq əməkhaqqındakı artım rəsmi inflyasiya göstəricisini üstələyir.
2025-ci il Azərbaycan tarixində növbəti sosial paketin icrası ilə də yadda qalıb. Minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və təqaüdlərdə artımlar qeydə alınıb və bu artımlar praktik olaraq 3 milyondan çox vətəndaşı əhatə edib. Dövlət büdcəsindən bu istiqamətdə 1,4 milyard manat əlavə vəsait ayrılıb. Eyni zamanda, 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ümumilikdə 17 milyard manata yaxın vəsait ayrılıb ki, bu da büdcə xərclərinin təxminən 41 faizi deməkdir.
Bu, 2025-ci ildə sosial təminat tədbirlərinin dərinləşdiyini göstərir və xüsusilə aztəminatlı vətəndaşların sosial paketdən faydalanmasına, onların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edib. Büdcənin icrası zamanı bəzi aylarda profisit müşahidə olunub. Bununla yanaşı, vacib məqamlardan biri də büdcə vəsaitlərinin yerləşdirilməsi hesabına əlavə gəlirlərin əldə edilməsidir. Belə ki, Maliyyə Nazirliyi tərəfindən sistem əhəmiyyətli beş bankda büdcə vəsaitlərinin yerləşdirilməsi və bu yolla gəlir əldə olunması qeydə alınıb. Bu da büdcə gəlirlərinin şaxələnməsi baxımından çox vacib idi".
Millət vəkili bildirib ki, 2026-cı ildə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq:
"2026-cı ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsi olacaq. Sosial istiqamətə 17,1 milyard manat vəsait ayrılması, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bununla da işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin həcmi ümumilikdə 26 milyard manatdan çox olacaq.
Təbii ki, islahatların dərinləşdirilməsi də prioritet olaraq qalır və bu, növbəti ilin əsas hədəflərindən biridir. Cənab Prezident tərəfindən müəyyənləşdirilən yeni dövrün yeni hədəflərinə uyğun olaraq qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası istiqamətində islahatların daha da dərinləşməsi gözlənilir. Qanunvericiliyə edilən dəyişikliklər və növbəti il tətbiqi nəzərdə tutulan qaydalar birmənalı şəkildə Azərbaycanda qeyri-neft və qaz sektorunun inkişafını stimullaşdıracaq”.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, 2025-ci ildə ilk növbədə Azərbaycanda makroiqtisadi sabitlik davam etdi, maliyyə sabitliyi qorundu:

“İkincisi, əhalinin orta aylıq əməkhaqqısı təqribən 9,2 faiz artdı, eyni zamanda əhalinin nominal gəlirlərində 8 faizlik artım müşahidə olundu. Bu artım inflyasiya göstəricilərini üstələdiyinə görə inflyasiya əhalini kasıblaşdırmadı. Ölkədə 5,7 faizlik inflyasiya müşahidə olunur ki, bunun tərkibində ərzaq qiymətləri 7 faizdən çox artıb. Bu isə xüsusilə sosial cəhətdən həssas əhali təbəqəsi üçün ciddi problem yaradır. Ərzaq inflyasiyasının yüksək olması aztəminatlı əhali üçün əlavə yükdür.
İqtisadi artım 3 faiz ətrafında proqnozlaşdırılsa da, faktiki olaraq 1,6 faiz olub. Bu da iqtisadi artımın proqnozlardan aşağı olduğunu göstərir".
X.Kərimlinin sözlərinə görə, ilin müsbət tərəflərindən biri valyuta ehtiyatlarında kəskin artımın müşahidə olunmasıdır:
“Həm Mərkəzi Bankın valyuta ehtiyatlarında, həm də Neft Fondunun ehtiyatlarında artım qeydə alınıb. Hazırda ölkənin valyuta ehtiyatları 83 milyard dollardan çoxdur ki, bu da ilin əvvəlindəki göstəricidən 12–13 milyard dollar artıqdır. İlin sonundakı rəqəmlər bunu daha dəqiq ifadə edəcək, lakin hazırda ehtiyatların artdığı aydın görünür. Həm Mərkəzi Bank valyuta ehtiyatlarını artırıb, həm də Neft Fondunun ehtiyatları yüksəlib. Bu baxımdan, il ümumilikdə müsbət qiymətləndirilə bilər. İqtisadi aktivliyin müxtəlif sahələrində müəyyən durğunluq və ləngimələr müşahidə olunsa da, ümumi iqtisadi sabitlik, inflyasiyanın idarəolunan səviyyədə qalması və nominal gəlirlərin artımı əsas məqamlar sırasındadır”.
Deputat Tahir Mirkişili bildirib ki,2025-ci il Azərbaycan iqtisadiyyatı üçün sabit, struktur baxımından əhəmiyyətli il kimi yadda qaldı:

“Ümumi artıma nail olundu, lakin artımın əsas yükünü qeyri-neft sektoru daşıdı, inflyasiya idarəolunan diapazonda qaldı, pul-kredit siyasəti il ərzində yumşaldıldı, enerji ixracı, Cənub Qaz Dəhlizi və Orta Dəhliz üzrə strateji gündəm aktual qalmağa davam etdi.
İqtisadiyyatın makro mənzərəsində ÜDM-in sabit artımı, qeyri-neft-qaz sektorunun çəkisinin dayanıqlı artması əsas xəttləri müəyyən etdi. Belə ki, 2025-ci ilin 11 ayında ÜDM 1,6% artdı; bu dövrdə neft-qaz sektoru 1,8% azaldı, qeyri-neft-qaz sektoru isə 3,2% artdı. Bu dinamika 2025-də əsas yadda qalan xətti göstərdi: artımın mənbəyi daha çox qeyri-neft-qaz fəaliyyətləri oldu
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin noyabrında illik inflyasiya 5.5% oldu. Daxili bazarda aktivlik göstəricilərindən: pərakəndə ticarət dövriyyəsi (yanvar–noyabr) 3,7%, əhalinin nominal gəlirlərin isə 8.1%, orta aylıq nominal əməkhaqqının təqribən 9.5% artaraq 1086,3 manat təşkil etməsi kimi 2025-də istehlakın dayanıqlı trayektoriyasını göstərir. Əhalinin banklardakı əmanətlərinin həcmi 11.5% artaraq 15.9 mlrd manata, iqtisadiyata kredit qoyuluşları isə 8.3% artaraq 31.1 mlrd manata çatdı.
Mərkəzi Bankən 2025 üçün 4±2% inflyasiya hədəfi çərçivəsində qiymət sabitliyini əsas mandat kimi saxladığını və 2025-in ilk 9 ayında qərarlarını bu çərçivədə verdiyini müşahidə edildi. İl sonuna doğru Mərkəzi Bankın kommunikasiya xəttində “yumşalma” daha açıq göründü: uçot dərəcəsinin 7,25%-dən 6,75%-ə endirdi".
T.Mirkişili bildirib ki, 2025-ci ilin 11 aylıq dövrü üzrə qeyri-neft-qaz ixracı 7.3% araraq 3.3 mlrd ABŞ dollarını keçdi:
"2025-in ilk 11 ayında Azərbaycanın ümumi qaz ixracı 22.8 mlrd m³-ə çatdı. TAP (Trans Adriatic Pipeline) xətti ilə Avropaya çatdırılan qazın ümümu həcminin 50 mlrd m³ həddini keçdiyi qeydə alındı. Həmçinin, 2025-də enerji gündəmində marşrut və bazar şaxələndirməsi mövzusu daha da qabardı: SOCAR xətti ilə Türkiyə üzərindən Suriyaya ilk dəfə illik 1,2 mlrd m³ qaz ixracı razılaşdırıldı. İxracımız idxalımızı təqribən 1.5 mlrd ABŞ dolları üstələdi.
2025-ci il Orta Dəhliz üzrə yükdaşımalarn 15% artaraq 5.2 mln tona çatacağı gözlənilir. 2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyətinin ildə 10 milyon tona qədər artacağı ehtimalı var ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastrukturun inkişafına əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.
Beləliklə, 2025-ci ili makro-iqtisadi sabitlik, müəyyən edilmiş iqtisadi hədəflərə çatmaq yönümündən əhəmiyyətli bir il kimi yadda qaldı”.
Lalə, BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















