Müstəqillik dövrünün ən böyük amnistiya aktı qəbul olunub
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Dekabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bugünkü iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini bildirib. O, birinci məsələnin Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu bildirib.
Spiker deyib ki, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar və əsassız ittihamlar üzərində qurulan ədalətsiz daha bir qətnamə qəbul edilib. Təəssüf doğuran haldır ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanda real vəziyyəti əks etdirməyən və beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir.
Vurğulanıb ki, biz sənəddə yer alan “siyasi məhbusların mövcudluğu”, “siyasi təqiblər”, “akademik azadlıqların və mədəni hüquqların pozulması” kimi ifadələri və digər ittihamları qətiyyətlə rədd edirik.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Respublikası qanunun aliliyi, dövlət institutlarının müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə dönmədən əməl edir. Demokratik institutların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas elementlərinin qurulması və digər amillər dövlətimizin demokratiya yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquqlarının və azadlıqlarının müdafiəsi yalnız milli hüquq qaydası çərçivəsində və dövlətin suveren səlahiyyətlərinə ciddi riayət olunması şəraitində təmin edilə bilər.
Spiker diqqətə çatdırıb ki, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli rəyləri qəbul etdirmək cəhdləri heç də etimadın möhkəmlənməsinə və tərəfdaşlığın inkişafına xidmət etmir. Əksinə, bu cür yanaşma bərabərhüquqlu beynəlxalq əməkdaşlıq ideyasının özünə zərbə vurur və konstruktiv dialoq anlayışını dəyərdən salır.
Azərbaycan Respublikası insan hüquqları sahəsində beynəlxalq müqavilələrin məsuliyyətli iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirir. Bununla birlikdə, biz ölkəmizlə münasibətlərin inkişafını əsassız tələblərin yerinə yetirilməsi ilə bağlamaq cəhdlərinə səssiz qala bilmərik. Bizim dövlətimiz beynəlxalq qurumlar ilə qarşılıqlı hörmət, obyektivlik və ikili standartlara yol verilməməsi əsasında əməkdaşlıq üçün açıqdır. Lakin heç bir qurumun Azərbaycanla təzyiq dili ilə danışmağa haqqı yoxdur.
Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, saxta ittihamlar və əsassız iddialar yolu ilə Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edərək milli maraqlarına zidd olan bütün qərəzli addımları bundan sonra da qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.
Sonra Avropa Parlamentinin qətnaməsi ətrafında müzakirələr başlayıb və spiker Sahibə Qafarovanın təklifi ilə Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatını hazırlamaq üçün parlamentin komitə sədri Şahin İsmayılovun rəhbərliyi ilə 5 deputatdan ibarət komissiya yaradılıb.
Müzakirələrdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, parlamentin komitə sədrləri Zahid Oruc, Səməd Seyidov, Siyavuş Novruzov, deputatlar Kamal Cəfərov, Rizvan Nəbiyev, Azay Quliyev, Kamran Bayramov, Bəxtiyar Əliyev, Elşən Musayev, Ceyhun Məmmədov, Vüqar Bayramov, Azər Kərimli, Sahib Alıyev, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Mübariz Qurbanlı Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli münasibətini pisləyiblər. Onlar bildiriblər ki, Avropa Parlamentində keçirilən dinləmə və qəbul edilən qətnamə islamofob və qərəzli yanaşmanın növbəti təzahürü olmaqla, Azərbaycanın təşəbbüsü ilə formalaşan sülh və regional normallaşma prosesinə birbaşa müdaxilə cəhdidir, hüquqi və siyasi baxımdan əsassız, qərəzli və ikili standartlara söykənən sənəddir. Erməni lobbisinin də təsiri ilə formalaşmış bu yanaşma Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı qanuni addımlarını “siyasi repressiya” kimi təqdim etməklə hüququn aliliyinə zidd mövqe nümayiş etdirir.
Çıxışlarda qətnamə Azərbaycanın dövlət suverenliyinə və məhkəmə-hüquq sisteminin müstəqilliyinə açıq müdaxilə, davam edən istintaq və məhkəmə proseslərinə siyasi təsir göstərilməsi cəhdi kimi qiymətləndirilib. Deputatlar Avropa Parlamentinin bu mövqeyini uzun illərdir davam edən anti-Azərbaycan yanaşmasının növbəti təzahürü kimi xarakterizə edərək, təəssüflə bildiriblər ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onun fəaliyyət formasına çevrilməkdədir.
Vurğulanıb ki, Avropa İttifaqı və onun institutları Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövrdə Azərbaycan vətəndaşının fundamental hüquqlarının kobud şəkildə pozulmasına faktiki olaraq göz yumub. Etnik təmizləmə, soyqırım, kütləvi deportasiya kimi ağır cinayətlər Aİ strukturları tərəfindən prinsipial şəkildə gündəmə gətirilməyib. Bu susqunluq fonunda bu gün Azərbaycana insan hüquqları ilə bağlı dərs keçmək cəhdləri açıq ikili standartların və siyasi riyakarlığın göstəricisidir.
Bildirilib ki, Azərbaycan 30 illik işğala son qoymaqla regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıq yaradıb və bu reallıq Cənubi Qafqazda geniş əməkdaşlıq imkanları açır. Avropa Parlamenti bu reallığı qəbul etmək əvəzinə, keçmiş münaqişə dövrünün köhnəlmiş narrativlərini yenidən dövriyyəyə buraxır və Ermənistanı yanlış istiqamətdə təşviq edir. Bu yanaşma regionda əməkdaşlığa xidmət etmir, əksinə, regional təhlükəsizliyə və davamlı sülhə ciddi zərbə vurur. Aydın görünür ki, Cənubi Qafqazda formalaşmış sülh gündəliyinə zərbə vurmaq məqsədilə yenidən fəallaşıblar.
Bildirilib ki, belə yanaşmalar beynəlxalq hüququn prinsiplərinə ziddir və heç bir suveren dövlət tərəfindən qəbul edilə bilməz. Azərbaycan da öz müstəqilliyini, dövlətçilik maraqlarını və regionda sülhə yönəlmiş siyasətini qətiyyətlə qoruyacaq, xarici müdaxilə və təzyiq cəhdlərinə imkan verməyəcək.
Bildirilib ki, Avropa İttifaqının qərəzli və əsassız bəyanatına ən tutarlı cavab Prezidentin amnistiya ilə bağlı təşəbbüsüdür. Təxminən 20 min insanın azadlığa buraxılmasını nəzərdə tutan bu təşəbbüs Azərbaycanın humanizmə, sosial ədalətə və insan hüquqlarına real yanaşmasını nümayiş etdirir. Bu addım bir daha sübut edir ki, Azərbaycan insan hüquqları mövzusunda populist bəyanatlara deyil, konkret və nəticəyönümlü siyasətə üstünlük verir. Bu akt dövlətin gücünü və özünə inamını, cəmiyyətdə barışın, sosial həmrəyliyin möhkəmləndirilməsinə verdiyi önəmi açıq şəkildə ortaya qoyur.
Müzakirələrdən sonra komitə sədri Şahin İsmayılov Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını oxuyub. Sənəd səsə qoyularaq qəbul edilib.
(Bəyanatın mətni mediada yayımlanıb.)
Spiker Sahibə Qafarova gündəliyin ikinci məsələsinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi olduğunu söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında geniş miqyaslı amnistiya qərarının layihəsini təqdim etməsi dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” kimi əlamətdar dövrdə müzakirəyə çıxarılan bu akt dövlətimizin öz institutlarının möhkəmliyinə və hüquq sisteminin yetkinliyinə inamını əks etdirir.
Spiker əminliklə bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu yeni tarixi reallıq şəraitində belə bir qərarın qəbul edilməsi ictimai sabitliyin möhkəmlənməsinə, hüquq siyasətinin humanistləşdirilməsinə və Azərbaycan dövlətinin Konstitusiya prinsipləri əsasında inkişafına dəyərli töhfə verəcək.
Spiker bildirib ki, qərar layihəsinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və məsələ ilə bağlı məlumat vermək üçün komitənin sədri Əli Hüseynliyə söz verib.
Əli Hüseynli “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər sırasında müzakirəyə çıxarılan amnistiya qərarının müstəsna yerini qeyd edib, sənədi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətinin davamı kimi dəyərləndirib. O vurğulayıb ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə əfv və amnistiya institutları hüquqi əsaslar və humanist prinsiplər üzərində formalaşdırılmağa başlanıb. Komitə sədri bildirib ki, bundan əvvəlki dövrdə hüquqi və sosioloji təhlillər aparılmadan qəbul edilən amnistiya aktları və əfv fərmanları ağır nəticələrə səbəb olub.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda qanunçuluğun təmin edilməsi və insan hüquqlarının qorunması sahəsində həyata keçirilən sistemli islahatlardan bəhs edib. Qeyd olunub ki, həmin dövrdən etibarən dövlət siyasətində humanizm prinsipləri əsas xətt kimi müəyyənləşdirilib və ölüm cəzasının icrasına moratorium tətbiq olunub. 1998-ci ildə isə Heydər Əliyev Milli Məclisə müraciət edərək ölüm cəzasının tamamilə ləğv edilməsi təşəbbüsü ilə çıxış edib və bununla da Azərbaycanda bu cəza növünə birdəfəlik son qoyulub.
Heydər Əliyevin imzaladığı əfv fərmanları və onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya qərarları nəticəsində minlərlə məhkum azadlığa buraxılıb. Bu proses mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizə ilə paralel şəkildə həyata keçirilib və hüquq-mühafizə siyasətində qanunçuluqla humanizm arasında tarazlıq qorunub. Məhz bu balanslı yanaşma nəticəsində hələ 1990-cı illərin ortalarından etibarən ölkədə kriminal durum sabitləşib.
Ulu Öndərin müəyyən etdiyi bu humanist hüquq siyasəti sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilib. Eyni zamanda, Heydər Əliyev Fondu və onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiq qalaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış edib.
Qeyd olunub ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi amnistiya layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədidir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir.
Bildirilib ki, amnistiya layihəsi hüquqi və institusional baxımdan hərtərəfli hazırlanıb. Sənədin preambulasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətçiliyimizin formalaşmasında oynadığı mühüm rol xüsusi vurğulanır.
Layihənin birinci hissəsində amnistiyanın tətbiq ediləcəyi şəxslərin dairəsi müəyyənləşdirilib və burada cəmiyyətin sosial baxımdan həssas qrupları tam ehtiva olunub. İkinci hissədə isə amnistiyanın tətbiqinə dair məhdudiyyətlər əksini tapıb ki, bunlar, əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir. Qərarın üçüncü və dördüncü hissələrində isə sənədin hüquqi qüvvəsi və tətbiq mexanizmləri müəyyənləşdirilib. Eyni zamanda vurğulanıb ki, qərarda amnistiya tətbiq edilən şəxslərin sosial reabilitasiyası və cəmiyyətə adaptasiyası məsələləri də yer alıb.
Bildirilib ki, amnistiya qərarının icrası üçün dörd aylıq müddət nəzərdə tutulur. Əli Hüseynli əvvəlki amnistiya aktlarının icrası təcrübəsinə əsaslanaraq, məhkəmə, hüquq-mühafizə və ədliyyə orqanları tərəfindən bu qərarın qısa müddətdə icra ediləcəyinə əminliyini bildirib. Vurğulanıb ki, bu humanist addım minlərlə şəxsin cəmiyyətə qayıtmasına şərait yaradacaq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən dövlət siyasətinin məntiqi davamı kimi vətəndaşların dövlətə və qanunlara hörmət ruhunun möhkəmlənməsinə xidmət edəcək.
Sənədin müzakirəsində Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və deputat Razi Nurullayev çıxış edərək amnistiya aktının hüquqi, sosial və humanist əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, təqdim olunan amnistiya aktı hüququn aliliyinin və dövlət humanizminin bariz təzahürüdür. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə ifadə edən strateji addım kimi dəyərləndirilib. Vurğulanıb ki, bu təşəbbüs Azərbaycanın gücünü yalnız hərbi-siyasi qələbələrlə deyil, eyni zamanda hüququn aliliyinə, insan amilinə və sosial ədalət prinsiplərinə əsaslanan idarəetmə modeli ilə təsdiqlədiyini bir daha nümayiş etdirir.
Qeyd olunub ki, Konstitusiyanın ali hüquqi sənəd kimi hüquqi sabitliyi təmin etməsi və suverenliyin real siyasi məzmun kəsb etməsi məhz bu cür humanist qərarlarla tamamlanır. Bu təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və mənəvi əsaslarını üzvi şəkildə birləşdirən mühüm dövlətçilik aktıdır. Dövlət əldə etdiyi suverenliyi yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, eyni zamanda Konstitusiyanın ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin qorunması və hüquqi sabitliyin möhkəmləndirilməsi yolu ilə daha da dərinləşdirir.
Bu qərar dövlətin gücünü cəza sərtliyində deyil, hüquqi məsuliyyət və humanist idarəetmə fəlsəfəsində gördüyünü təsdiqləməklə yanaşı, Konstitusiyanın ali hüquqi sənəd kimi praktik icrasının və suveren qərarvermə mexanizminin institusional yetkinliyini nümayiş etdirir.
Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova növbəti iki məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.
Gündəliyin 3-cü məsələsi olan “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumat verib.
Layihədə Şəhərsalma və Tikinti Məcəlləsinə və "Torpaqların münbitliyi haqqında" Qanuna uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunub. Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliklər Torpaq Məcəlləsinin kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması qaydalarına uyğunlaşdırmadır. "Torpaqların münbitliyi haqqında" Qanuna isə “Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun olaraq normaların Azərbaycan dilində və birmənalı olması tələbinə müvafiq dəyişikliklərin təklif edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəyini səsləndirəndən sonra layihə qəbul olunub.
“Tullantılar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Bildirilib ki, 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli qanunla "Texniki təhlükəsizlik haqqında" Qanunda dəyişiklik edilərək, təhlükə potensiallı obyektlərin qeydiyyata alındığı dövlət reyestri "vahid dövlət reyestri" adlandırılıb. Buna uyğun olaraq da sənəddə “Tullantılar haqqında” Qanunda da “dövlət reyestri” ifadəsinin “vahid dövlət reyestri” ifadəsinə dəyişdirilməsi təklif olunub.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.
Bu məqsədlə qanunun 13-cü maddəsinə 13-2.3.6-1. Bəndi əlavə olunur. Düzəlişdə deyilir ki, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilir.
Vurğulanıb ki, layihə mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan qorumaq, bu növ informasiyaların yayılmasını önləmək zərurətindən irəli gələrək hazırlanıb.
Müzakirədə Milli Məclis sədrinin müavini Musa Qasımlının, deputat Razi Nurullayevin və Azay Quliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Növbəti məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər çox genişdir və bir neçə sahəni əhatə edir.
Dəyişikliklərin bir qismi xüsusi icra məmurları ilə bağlı qəbul etdiyimiz qanununa uyğunlaşdırma xarakteri daşıyır. Bir sıra maddələrdə icra məmuru sözünün dövlət icra məmuru sözləri ilə əvəz edilməsi təklif edilir. Digər istiqamət isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq normaların təsirindən kənarda qalmaması, əmək müqaviləsi ilə işləyən işçilərin hüquqlarının daha yaxşı qorunması, velosiped, moped və başqa oxşar nəqliyyat vasitələrini idarə edən şəxslərin təhlükəsizliyini daha səmərəli təmin etmək yönündədir. Bir hissə maliyyə, enerji resursları sahəsində şəxslərin məsuliyyətli davranışını, vəkil adından qanunsuz istifadənin yolverilməzliyini təmin etməklə bağlıdır. Eləcə də qanun layihəsində əkin yerinin yandırılması ilə müəyyən edilmiş inzibati xətanın çəkindirici xarakterinin gücləndirilməsi də təklif olunub.
Kamal Cəfərov dəyişiklliklər içərisində sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə görə yeni inzibati xətanın müəyyən edilməsini də diqqətə çatdıraraq bu dəyişikliyi əhəmiyyətini yüksək qiymətləndirib.
Müzakirədə deputat Vasif Qafarovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Millət vəkili bildirib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihəsi konseptual baxımdan mədəni sərvətlərin qorunması sahəsində hüququ müəyyənlik prinsipinin ardıcıl formada həyata keçirilməsini və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutur. O, qeyd edib ki, dövlətimiz tərəfindən mədəni irsin bərpası və mühafizəsinə yönəlmiş genişmiqyaslı siyasətin və xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri kontekstində bir sıra hüquqi addımların atılması böyük əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, müzakirəyə təqdim olunan qanun layihəsində mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması nəzərdə tutulub. Sənəd, həmçinin mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyəti, ziyanın miqdarı və təqsirin formasına görə fərqləndirməyi hədəfləyir.
Dəyişikliklərə əsasən, hüquqi şəxslər də mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə, habelə mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cinayət-hüquqi məsuliyyətə cəlb edilə biləcəklər. Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işlərin dayandırılaraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi inzibati xəta hesab ediləcək.
Sənəddə, həmçinin "Mədəniyyət haqqında" Qanuna "mədəni sərvətləri korlama" və "mədəni sərvətləri məhvetmə" anlayışlarının hüquqi tərifləri əlavə olunur. Qanun layihəsində mədəni sərvətlərin mühafizə dərəcəsindən asılı olmayaraq, onların korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.
İclasda Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə sənəd barədə bu komitənin rəyini təqdim edib.
Məsələ ilə bağlı müzakirələrdə Milli Məclis sədrinin müavini Rafael Hüseynov, deputat Gülşən Paşayeva öz fikir və qeydlərini bildirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişikliklər kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində bir subyektdən digər subyektə ötürülməsinə dair hüquqi əsasları müəyyən edir.
Digər dəyişiklik kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının öz təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklər barədə hesabatının təqvim ili bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməsini nəzərdə tutur. Bu dəyişikliklər təsis sənədlərində yenilənən hər hansı məlumatın hesabat formasında müvafiq orqana təqdim edilməsinin zəruriliyinə əsaslanır.
"Notariat haqqında" Qanuna təklif edilən dəyişikliklər yuxarıda qeyd olunan bir sıra məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ötürülməsinin zəruriliyinə dair hüquqi əsasları müəyyən edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Nəzərə çatdırılıb ki, layihə məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanıb.
Qeyd olunub ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırda "Dövlət rüsumu haqqında" qanuna əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilib, eyni zamanda, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilib.
Məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb.
Komitə sədri tütün və tütün məmulatlarının, elektron siqaretin insan sağlamlığına mənfi təsirlərindən, ölkəmizdə bu sahədə bəzi qadağaların və cərimələrin tətbiq edildiyindən söhbət açıb. Hazırda elektron siqaret istifadəçilərinin sayında artmaların müşahidə edildiyini, dünyada buna qarşı mübarizə tədbirlərinin həyata keçirildiyini və ölkəmizdə də bununla bağlı müvafiq işlərin görülməsinin zəruriliyini qeyd edib.
Diqqətə çatdırılıb ki, məsələ ilə əlaqədar parlamentin komitə sədri Fazil Mustafa qanunvericilik təşəbbüsü ilə çıxış edib. Sonra məsələyə işçi qrupu tərəfindən baxılıb və layihə Milli Məclisin 3 komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin, o cümlədən idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Sənəddə "Tütün və tütün məmulatı haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda "tütün məmulatı" anlayışı dəqiqləşdirilərək, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir, həmçinin "qızdırılan tütün məmulatı" və "elektron siqaret" anlayışları daxil edilir.
Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, "Reklam haqqında" Qanunda müvafiq dəyişikliklər edilir. Dəyişikliklərdə "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihəsinin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini söyləyib və sənəd barədə fikirlərini açıqlayaraq, elektron siqaretlərə münasibətdə sərt qadağa rejiminin tətbiqinin vətəndaşların, xüsusilə gənclərin və yeniyetmələrin sağlamlığının qorunmasına hədəfləndiyini qeyd edib.
O, habelə qanun layihəsinin 2026-cı il fevralın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğunu qeyd edərək, sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla, qanunun qüvvəyə minmə müddətinin uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edib. Elektron siqaretlərin qadağan edilməsindən sonra bu sahədə qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları tərəfindən önləyici tədbirlərin görülməsinin, habelə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihədə təklif olunan dəyişikliklərin vacibliyindən bəhs edib və rəhbərlik etdiyi komitənin məsələyə müsbət rəy verdiyini bildirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin son 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, məsələnin birinci oxunuşda müzakirəsindən sonra komitəyə hər hansı təklifin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı həyata keçirilən müsabiqədə iştirakın ödənişli olması təklif edilir. Dəyişikliyə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) danışıb.
Komitə sədri nəzərə çatdırıb ki, layihəyə əsasən, enerji səmərəliliyinin təmin edilməsi sahəsində hədəflərə nail olunması məqsədilə müəyyən olunmuş vəzifələrin icrasına nəzarət, eləcə də həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrin hesabatlılığı, monitorinqi və qiymətləndirilməsi üçün müvafiq elektron platformanın - Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərlə bağlı maddəyə 17.1.5-ci müddəanın əlavə edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Millət vəkili layihənin birinci oxunuşda müzakirəsindən sonra hər hansı əlavə rəy və təklifin daxil olmadığını, məsələnin komitədə ikinci oxunuşda baxılaraq, plenar iclasa tövsiyə edildiyini bildirib.
Sənəddə təklif olunan dəyişikliklərə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit edilir. Layihəyə daxil olan digər normativ hüquqi aktlarda uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Sonra sənəd barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov rəhbərlik etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanın müstəqillik dövrünün ən böyük büdcəsi...
26 Noyabr 2024 14:59
“Müstəqillik dövrünün ən yaxşı hekayələri” çap olunub
30 Sentyabr 2025 11:28
Müstəqillik dövrünün ədəbiyyatını yaradanlar
25 Mart 2025 00:44
Müstəqillik dövrünün qadın NAZİRLƏRİ
08 Mart 2025 20:02
Müstəqillik dövrünün pensiyaçıları TAM STATİSTİKA
15 May 2025 23:08
Baxış sayı:62
Bu xəbər 19 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















