Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycançılıq ideologiyası müasir Azərbaycan Respublikasının milli dövlətçilik konsepsiyasını, milli kimlik şüurunu və cəmiyyətin monolit birliyini təmin edən əsas strateji sütundur. Bu məfkurə, etnik mənşəyindən, dini inancından, dilindən və ya sosial statusundan asılı olmayaraq, Azərbaycanı özünə Vətən sayan hər bir fərdin hüquq və azadlıqlarının bərabərliyinə əsaslanır.
Milli dövlətçilik ənənələri, ana dili, tarixi yaddaş, zəngin milli-mənəvi dəyərlər və dövlətin ərazi bütövlüyünün qorunması azərbaycançılığın sarsılmaz təməlləridir. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və uzaqgörən dövlətçilik doktrinası sayəsində sistemli məzmun qazanan azərbaycançılıq, sadəcə nəzəri bir konsepsiya deyil, müstəqil Azərbaycanın qorunması üçün canlı bir mexanizmə çevrilmişdir. Ulu Öndər bu ideologiyanın nüvəsini iki fundamental prinsipdə görürdü: dövlətçilik və milli vətənpərvərlik.
Məhz bu düstur sayəsində azərbaycançılıq ölkə vətəndaşlarını və dünya azərbaycanlılarını eyni amal ətrafında birləşdirən sarsılmaz bir siyasi-mənəvi qüvvəyə çevrildi. Bu strateji xətt bu gün Ulu Öndərin ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlətimizin başçısı istər yerli, istərsə də qlobal müstəvili tədbirlərdəki çıxışlarında azərbaycançılıq ideologiyasının müasir çağırışlara cavab verən yeni tezislərini irəli sürür. Bu gün qloballaşan dünyada azərbaycançılıq, hər şeydən əvvəl, kənar ideoloji təhdidlərə, yad təsirlərə və sosial-psixoloji manipulyasiyalara qarşı milli varlığımızı qoruyan ən güclü "ideoloji immunitetdir". Azərbaycanın uğurlu və sabit inkişaf modelinin cövhərində cəmiyyətdəki daxili ahəngdarlıq dayanır.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısının qeyd etdiyi kimi: "Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk". Ölkəmizdə bütün etnik və dini qrupların nümayəndələri Konstitusiya ilə təsbit olunmuş bərabər hüquqlara malik olmaqla bərabər, həm də vahid bir ailənin üzvləri kimi çiyin-çiyinə yaşayırlar. Bu, qarşılıqlı hörmət və inteqrasiyanın dünyadakı ən mükəmməl nümunələrindən biridir. Azərbaycançılığın real gücü özünü ən bariz şəkildə tarixi sınaqlar anında büruzə verir.
Ermənistanın uzunillik hərbi təcavüzünə son qoyan Vətən müharibəsi dövründə bu məfkurə özünün ən pik nöqtəsinə çatdı. Ölkədə yaşayan bütün xalqların və konfensiyaların nümayəndələri tarixi ədaləti bərpa etmək və ərazi bütövlüyümüzü təmin etmək üçün Qələbəmizin rəmzinə çevrilən "Dəmir yumruq" ətrafında birləşdilər. Bu reallıq sübut etdi ki, azərbaycançılıq insanları sadəcə ortaq keçmiş şəraitində deyil, həm də vahid və parlaq gələcək naminə səfərbər edən hərəkətverici qüvvədir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı tarixi nitqində ifadə etdiyi, "Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir" tezisi milli birliyin sadəcə mənəvi dəyər olmadığını, eyni zamanda dövlətin suverenliyini və müstəqil xarici siyasətini gücləndirən geosiyasi faktor olduğunu nümayiş etdirir.
Azərbaycan, müxtəlifliyin fərqlilik deyil, vahid milli kimlik daxilində böyük bir zənginlik və güc olduğunu dünyaya sübut edən nadir ölkələrdəndir. Bu gün hər bir vətəndaşın üzərinə düşən əsas vəzifə təkcə bu uğurlarla fəxr etmək deyil, həm də müstəqil Vətənimizin daha da güclənməsi üçün fəal çalışmaqdır. Regional və qlobal böhranlar fonunda Azərbaycanın yeni tarixi göstərdi ki, kritik məqamlarda yalnız öz gücümüzə arxalanaraq, daxili birliyimizi qorumaqla bütün çağırışlara tab gətirməyə qadirik. Məhz bu səbəbdən, azərbaycançılıq konsepsiyası cəmiyyətimizin bugünkü inkişafının və gələcək zəfərlərinin sarsılmaz ideya təməlidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Noyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















