NAXÇIVAN: 500 minə yaxın soydaşımızın enerji təhlükəsizliyi təmin edilir
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Martın 5-də Prezident İlham Əliyevin Ankaraya səfəri və səfər çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etməsi 35 ildən artıq blokada şəraitində yaşan Naxçıvanın sosial-iqtisadi inkişafına böyük töhfə oldu. Dövlət başçısının nitqində qeyd etdiyi kimi: Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək.
Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir
Tarixin bütün dönəmlərində həm sevincli, həm də kədərli günlərində Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq ki, Türkiyə Azərbaycandan mənəvi köməyini əsirgəmədi. Bütün bunlar isə iki qardaş ölkənin uzun illərdən bəri dostluq və əmin-amanlıq şəraitində birgə uğurlu fəaliyyətinin bəhrələridir.
İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində dövlətimizin başçısı da iki qardaş ölkənin uğurlarını bir daha sadaladı: Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Dövlətimizin başçısı daha sonra vurğuladı ki, bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.
Azərbaycanın əsas hissəsindən ayrı düşən Naxçıvan
Ötən əsrin 20-ci illərində edilən səhvlik sonralar Naxçıvanın Vətəndən ayrı düşməsinə real şərait yaratdı. Dövlət başçısının İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində söylədiyi nitqində dediyi kimi: Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Bəli, 1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı. Çünki Naxçıvanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilırdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi. Vaqonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyülüb təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünki paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrkü iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasıb vəziyyətdə yaşadığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdilər.
Ermənistan ərazisindən Naxçıvana gələn elektrik enerjisi mütəmadi kəsilir, qaz kəməri partladılırdı. Nəticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdular. Elektrik enerjisinin kəsilməsi zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əhalinin aclıq, səfalətlə üzləşməsinə, xüsusilə isə informasiya blokadasına salınmasına səbəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəbər yaşayırdı.
Prezident İlham Əliyev həmin günləri belə xatırlayır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq.
Ulu Öndərin gəlişi ilə təklənmiş adaya bənzəyən Naxçıvan nicat yoluna çıxdı
Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gəlir. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrildi, hamı Onun timsalında böyük xilaskarını tapdı.
22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil oldu. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinq də yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.
Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev deyir: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.
Dövlət başçısının dediyi kimi, Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.
İllər ötdükcə, blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olmaması, yaşaması ilə onların gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mənsub olduğu ölkənin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı.
Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolun bələdçisi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz məhz Ümummilli Liderimizin sayəsində xalqa bəxş olundu.
Ulu öndər Heydər Əliyevin blokada Naxçıvanında yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, Ulu Öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşması dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanlığının, alicənablığının nəticəsi idi. İkincisi, Ulu Öndərin qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi olursan. Üçüncüsü, Onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə Ulu Öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvan blokadası haqqında məlumat almaları üçün bundan güclü ikinci bir mənbə yoxdur.
Qarabağın işğalı ilə yaşıd Naxçıvan blokadası
Biz 4 il əvvələ kimi 30 ilin torpaq həsrətliləri, həm də 30 ilin blokada Naxçıvanının insanları idik. 1990-cı illərin alın yazısına çevrilən bu iki acının da düyünü çözülüb artıq. Ölkə Prezidentinin həm hərb meydanında, həm siyasi müstəvidə bütün dünyaya nəyə qadir olduğumuzu göstərməsi ilə, dəmir yumruq ətrafında birləşməyimizlə, övladımızı itirib “Vətən sağ olsun!” deməyimizlə, dağılan, viranə qalan evlərimizə alın belə qırışdırmamağımızla, uçuq-söküklər altından yalnız bayrağımızı xilas edib köksümüzə sıxmağımızla bütün dünyaya milli mənliyin, torpaq sevgisinin nə olduğunu bəyan etdik. İndi illərlə acılarımıza susan dünya ölkələrinə həm hərbimizlə, həm də mənəvi dəyərlərimizlə örnəyik.
Qarabağla yaşıd olan Naxçıvan blokadasının da 30 illik düyünü açılmaqdadır. Qarabağ torpaqlarının işğalı ilə başlanan Naxçıvan blokadası torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcək, həsrəti sona yetəcək. Buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail olmaqdayıq. Ölkə Prezidentinin xalqa müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.
Zəngəzur dəhlizi Naxçıvanın blokadasını yaracaq
2020-ci ilin payızında, 44-cü gündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Vətən müharibəsi qələbə ilə nəticələndi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat isə ondan bir gün öncəki qələbənin üzərinə bir qələbə də əlavə etdi. Ermənistan kapitulyasiya aktını imzalamaqla təslim olduğunu bildirdi. Beləliklə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, itkisiz Azərbaycana qaytarıldı. Bəyanatın 9-cu bəndi isə Naxçıvanın blokadadan çıxması üçün cənab İlham Əliyevin təkidi ilə bir maddə olaraq sənədə salındı.
Baxmayaraq ki, Ermənistan bəyannamədə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hələ də boyun qaçırır, lakin buna baxmayaraq Naxçıvanı ölkə ilə birləşdirəcək dəhlizin açılması üçün xeyli vaxtdır ki, tədbirlər görülür.
Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin etməklə yanaşı, həm də bütün Orta Dəhliz ölkələri üçün mühüm əhəmiyyətə malik olacaqdır. Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.
Həm nəqliyyat, həm də elektrik enerjisi üçün nəzərdə tutulmuş bu dəhlizdən Ermənistan ağılsızlığı ucbatından kənarda qala bilər. Kimlərinsə dəstəyi olmadan var olmadığı ötən illər ərzində sübuta yetən işğalçı dövlətin dəhlizdən də özünü məhrum edərsə, tarixi bir peşmanlıq yaşayacağı sözsüzdür.
Hələlik isə bu, bir reallıqdır ki, Zəngəzur dəhlizi Naxçıvan blokadasını yaracaqdır. İllərlə bu blokadanın yarılmaması üçün can-başla çalışan ermənilərin əllərindən gələni etmələrinə rəğmən dəhliz açılacaq. Dövlətimizin başçısının dediyi kimi, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq.
Dünyanın heç bir yerində hər hansı bir ölkənin vətəndaşı Vətənindən təcrid formada yaşamır. Odur ki, Zəngəzur dəhlizinin açılması mütləqdir. Və yalnız bu dəhliz Naxçıvan blokadasına son qoya bilər: Azərbaycan vətəndaşının öz Vətəninə yolu açılar.
Baxmayaraq ki, bu yolun sağı da, solu da bizim əzəli yurdumuzdur, bu yurdlar müəyyən dövrdə hansısa səhvlik ucbatından əlimizdən çıxıb, heç olması öz ərazimizdən bir yolumuz olsun. Bu, olacaq. Biz buna əminik.
Mətanət Məmmədova

