Icma.az
close
up
RU
NAXÇIVAN: 5000 illik tarix, 101 illik muxtariyyət

NAXÇIVAN: 5000 illik tarix, 101 illik muxtariyyət

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Beşminillik tarixin ərməğanı, qədim mədəniyyət ocağı, füsunkar təbiət mənzərələri ilə əsrarəngiz cənnətməkan, Azərbaycanın döyünən ürəyi, Naxçıvan. Uca dağları, qocaman qayaları ilə yaşıd folkloru, milli dəyərləri, zəngin mətbəxi ilə bu təbiətin əkizi özü haqqında özü söhbət açır.

Gəlin bu diyara... Gecələrinin ulduztək sayrışan işıqlarının büllur dənizə bənzər sularında Nuhun gəmisinə əyləşin, “Dünya tufanı”nı dinləyin bu diyardan, o, sizə minilliklərdən danışacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sirrindən, İslam mədəniyyətinin beşiyini yürgələməsindən, Manna, Midiya, Atropatena, Əhəmənilərə, Ərəb xilafətinə, Xürrəmilər hərəkatına, Salarilər, Rəvvadilər, Səlcuqlara şahidliyindən, bu məmləkətin qəlb döyüntüsü Naxçıvan şəhərinin 40 ilədək Atabəylər dövlətinin paytaxtı olmasından danışacaq. XIII əsr monqol işğalından, Hülakülər, Elxanilər dövründən, XIV əsrin Qızıl Ordasının Toxtamışından, Əmir Teymurun Əlincəyə 14 illik qara sevdasından danışacaq. Naxçıvanda intişar tapmış hürufilik təriqətindən, bu təriqətin yaradıcısı Fəzlullah Nəiminin Əmir Teymurun oğlu Miranşah tərəfindən edamına şahidliyindən söz açacaq. Dinlədikcə onun söhbətlərini nənələrimizin soyuq qış gecələrində isti soba başında söylədikləri doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu diyarda. Müharibələr, işğallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar əsr-əsr bu yurdun tarixini, bu gözəl coğrafi mövqeyə həsədi, onu əldə etmək istəklərini qoyur ortaya. Səfəvilər dövlətinin Naxçıvanı fəth etdiyini, XVI-XVII əsrlərdə Səfəvi­-Osmanlı müharibələri ucbatından əldən-ələ keçdiyini, dəfələrlə qarət olunaraq dağıdılmasını “xatırlayır” bu diyar. Naxçıvan xanlığı dövründən, bu xanlığın paytaxtı olmasından, Kəngərlilərdən bəhs edir, Türkmənçay, Qars, Moskva müqavilələrinə münasibətini bildirir. Erməni daşnaklarının başına gətirdikləri oyunları hər daşına, qayasına hopan faktlarla səsləndirir, Türk-Araz Respublikasının, Naxçıvanın muxtariyyətinin yaradılmasının səbəblərini açıqlayır bu gözəlliklər yurdu. Bu söhbətlərdə bəzən çarəsizliklər, bəzən haqsızlıqlar, bəzən də mübarizlik, əyilməzlik duyulur.

Danışır Naxçıvan, saatlarla olanlara-keçənlərə şahidliyindən danışır... Bədxah qonşusu Ermənistandan, onların torpaq iddialarının heç bitməyib, əsrlərlə davam etməsindən, şəhidlərindən, oğul həsrətli ata-analardan, ata həsrətli uşaqlardan söz açır. 70 il sovet imperiyasının buxovlarında əzilən diyar kimi danışır. Naxçıvanın ermənilər tərəfindən blokadaya salındığı 1990-cı illərdən danışır. Blokadanın ilk illərində insanların üzləşdiyi çətinliklərdən, məşəqqətlərdən, məxsus olduğu Azərbaycanın müstəqilliyi uğrunda buradakı mübarizələrindən, bu diyarın rolundan, mövqeyindən, Ulu Öndər Heydər Əliyevin Yaradanın bu torpağa bəxşişi, bu torpağın övladının millətinin, dövlətinin xilaskarı olduğundan danışır.

Gəzin qarış-qarış bu diyarı, dinləyin söhbətini... Muxtariyyətinin 101-cü, müstəqilliyinin 34-cu, blokadalı həyatının 35-ci və blokadalı-inkişaflı, tərəqqili dövrünün 31-ci ilini yaşayan bu diyarı dinləyin. Addımlayın səkilərlə, küçələrlə, bu qədim diyarın hər addımda şəhərində, kəndində təmənnasız baxa biləcəyiniz muzeyləri – Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı, Tarix, həmçinin Ədəbiyyat, Xatirə, Cəmşid Naxçıvanski muzeyləri, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Arazın ev-muzeyləri, Bəhruz Kəngərli, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Xalça, Açıq Səma Altında muzeyləri, yurdumuzun bölgələrinin salnaməsi olan tarix-diyarşünaslıq muzeyləri ulu keçmişinin, ədəbiyyatının, mədəniyyətinin daşlaşmış səhifələrini vərəqləyir, özündən danışır. Azərbaycan dramaturgiyasının təməl daşı olduğunu söyləyir. Bu yurdu kəlmə-kəlmə, misra-misra anladır.

Nuh Peyğəmbərin məzarı, Xan sarayı, Naxçıvanqala, Əlincəqala, Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, Xanəgahı, Buzxanaları, qədim hamamları ilə tarixin özüdür Naxçıvan! Bütün bunların fonunda müasir universitetləri, kitabxanaları, kinoteatrları, yaşayış binaları, park, xiyabanları, müasir tikililəri ilə qədimliklə müasirliyin çiyin-çiyinə mənzərəsini seyr edəcəyiniz məkandır Naxçıvan!

Bu diyar hər addımda tarixindən söhbət açır. Xan sarayına gəlin, Naxçıvan xanlarının bu möhtəşəm iqamətgahında xanlar sülalələri – Kəngərlilərlə, Naxçıvanskilərlə tanış olun. Bu heykəllər şəhərində Dədəmiz Qorqudun qopuzunu sinəsinə sıxıb söylədiyi nəsihətlərini, Koroğlunun Misri qılıncını siyirib igidlik, qəhrəmanlıq dərslərini, Babəkin azadlıqdan gözəl başqa heç bir şeyin olmaması barədə mübariz söhbətlərini dinləyin.

İslam mədəniyyətinin beşiyi Naxçıvan qədim İmamzadə, məscid və pirlərdən söhbət açır. Ulu Yaradanın möcüzə əsəri olan ”Əshabi-Kəhf”lə ümidlərin, pənahların, niyyətlərin, arzuların, gerçəklərin ünvanı olan Naxçıvan!

Qədim yallılar yurdudur Naxçıvan. Şərurunun el yallıları ilə xalqın etnoqrafiyasının güzgüsü, folklor qaynağı, festivallar diyarıdır, Naxçıvan. Bu diyar ərlər, ərənlər oylağı olan Naxçıvanqaladan zaman-zaman söhbət açdıqca bu gün burada milli dəyərləri, adət-ənənələri, əkinçilik mədəniyyəti ilə bağlı keçirilən festivallar, cəngi üstündə köklənmiş gənclərimizin fləşmobları keçmişlə müasir dövr arasında möhtəşəm bir körpü salır. Bu körpü gəncləri əcdadlarımıza qonaq aparır. Gənclər onların söhbətlərini dinləyib nəsihətlərinə qulaq asdıqca, bu diyarın layiqli övladlarına çevrilirlər.

Bütün dövrlərdə elm məbədi sayılan, hər il yüksək ballarla tələbə adını qazanan gəncləri ilə Azərbaycan təhsilinin qürurudur, Naxçıvan! Universitetlərində, kolleclərində yetişdirdiyi sabahın qurucularının himayədarı, xarici ölkələrdən bu elm ocaqlarında təhsil almağa gələn gənclərə açıq qapıdır, Naxçıvan!

İdmanın geniş meydanı, şahmata – dünyanın zəka sahiblərinə qucaq açan, beynəlxalq çempionatlar mərkəzidir bu diyar. Gənclərin asudə vaxtlarını, istirahətlərini qoynundakı zəngin fondlu kitabxanaları, kinoteatr, kafe, park, Əyləncə adası, istirahət mərkəzləri ilə təşkil etməklə yenə də özündən söhbət açdıqca köksünə sığdırdığı “Qızlar bulağı”ndan – gənc­lərin əhd-peyman ocağından, isti yayın sərin guşəsi “Bazar gölü”ndən – var olanlardan, yaradılanlardan danışır.

Gənclər ilə bərabər, yaşlı insanlara da qayğı bəsləyir bu diyar. Onlara güllərin-çiçəklərin, yaşıl­lıqların ağuşuna aldığı park və xiyabanlarda nəvə-nəticələri ilə gözəl istirahətli xoş saatlar yaşadır. Təqaüdçülər evinin qapılarını insanların üzünə açmaqla buranı yaşlıların görüşmək, söhbətləşmək, paylaşmaq ünvanına çevirib.

Dəniz səviyyəsindən yüz metrlərlə yüksəklərə sığınan, yaşılın bütün tonlarını dağına-çəməninə səpən, doyumsuz gül-çiçəyi, buz bulaqları, heyrətamiz havası ilə qonaqlarını salamlayan Batabatın, Göygölün anasıdır Naxçıvan! Dörd bir tərəfini, sanki igidlərinin qızını-gəlinini qoruyurmuş kimi saran uca dağlarının zirvəsi buludlarla öpüşən diyardır, Naxçıvan. “Şişpapaqlı” bu dağların uca zirvəsindən daşların bağrını yara-yara süzülən, torpağın altından qaynayıb çağlayan 230-dək buz bulaqları, su mənbələri ilə süfrələrin yaraşığı, şəfa ocaqları, həm də təbii və mineral sular muzeyidir, Naxçıvan. "Badamlı"sı, "Sirab"ı, "Vayxır"ı, "Darıdağ"ı, "Nəhəcir"i, "Gülüstan"ı ilə dünyanı gəzən bir bəxtəvərdir, Naxçıvan!

Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkib Duzdağ Fizioterapiya Mərkəzinə – bu duz qalereyasına gələnlərə bir udum nəfəslə şəfadır, Naxçıvan!

Dağ-dərələrinin yetirib-bitirdiyi saysız-hesabsız nemətlərin hər biri unudulmaz damaq dadıdır. Bağ-bağatlarının bu yerlərin bol oksigenli, təmiz havasından, saf suyundan ərsəyə gələn yüz çeşidli meyvəsi – alması, heyvası, göycəsi, cəvizi, badamının dad-tamı bir başqa, görünüşü bir başqadır. Torpaqdan boyverən min adda, min bir dadda, hər biri bir dərdin dərmanı olan bitkilərin – kəklikotunun, həmərsinin, yemişanın, baldırğanın, yarpızın, nanənin, qantəpərin vətənidir, Naxçıvan!

Təbiət gözəli Ordubadla qürur duyan, Şahbuzunun hüsnünü oxşayan, alınmaz qalası Sədərəklə öyünən, Culfasını Arazın nəğməsi ilə böyüdən, Babəkinə xalqının igid övladının adını verən, Kəngərlisini – sonbeşiyini bağrına basan müqəddəs anadır, Naxçıvan! Paytaxt şəhərinin qədim məhəllələri – Ağabəylilər, Atabəylər, Anbar, Cığıllı, Cığatay, Çaparxanlı, Dabbaqxana, Dizə, Əlixan, Xıncov, Xoylu, Kəngərli, Qala, Qaraağac, Qurdlar, Şahab, Sallaqxana, Sarvanların hər biri bu qədim şəhərin bir tarixi guşəsi, bir sənətkarlıq ocağı, özünəməxsus adət-ənənəsi olan bir bölgəsidir.

Bu yurdun zəhmətsevər, torpağına, elinə bağlı insanlarının həmdəmidir, Naxçıvan. Köksündə əkinçiyə-biçinçiyə yer verən, taxıl zəmisi, ətirli təndir çörəyidir, göz baxdıqca uzanan, insanların bir qoyub min götürdüyü bərəkətli torpaqdır, Naxçıvan! Dağlarının, düzlərinin min adlı, min bir dadlı nemətləri ilə hər bir sakininə ruzi payı ayıran ata ocağıdır, Naxçıvan. Ulu Tanrının insanlar üçün ruzi mənbəyi yaratdığı arıların vurulduğu, aşiq olduğu məkandır, Naxçıvan! Yaylaqlarında, obalarında bol yaşıl otlarıyla qoyun-quzusunun bol südünü yağa, pendirə, qatığa, şora çevirən kənd adamlarının ehtiyacıdır, Naxçıvan!

Təbiətinin rəngarəng gül-çiçəyi, bitkiləri ilə boyadılan əlçim-əlçim yunun hanalarda sıralanan ipliyi, xalçalara vurulan min bir ilmə, naxış, hər biri tarixin bir səhifəsi olan qədim xalçalarına həkk olunan milli ornament, butadır, Naxçıvan!

Qonaqpərvər, xoşxasiyyət insanların yurdudur bu diyar! Milli mətbəxinin məşhur ət qovurması, əriştəsi, qayğanağı, qaysavası, kətəsi, lavaşı, çaşırı, baldırğanı ilə damaq dadıdır, Naxçıvan!

Naxçıvan sakinləri kimi, qonaqlarına, buraya üz tutan turistlərə yanlarında heç bir bələdçi olmadan özündən söhbət aça, danışa bilir. Təyyarədən enib, hava limanının möhtəşəm binasından bu diyara üz tutanları burada güllər qarşılayıb, qayıdarkən də güllər yola salır. O güllər illərdir, zəhmətin göz yaşları – alın təri ilə suvarılıb, gözoxşayan olub. Bu yolda yurdun əzəmət simvolu olan Haçadağının modeli ilə qonaqlarını salamlayır, "xoş gəlmisiniz", – deyir, Naxçıvan!

Dağ qürur, müqəddəslik, tarix, yaddaş deməkdir. Bunlardan bəhs edən həmin model bu torpaq haqqında ilk təəssürat yaradır. Naxçıvan sakinlərinin məftunu olduğu kimi, qonaqlarının da xoş təəssüratlarının diyarıdır. İstirahət, gəzmək üçün hər il seçim edilən, hər kəsin heç də hər yerdə rast gəlmədiyi, 5000 il yaşlı, keçmişinə sadiq, bu günü heyran edən, qonağını yola salarkən "bir də mənə dön", – deyən, danışan diyardır, Naxçıvan! Bir sözlə, hər şeyi ilə, bütövlükdə, ­hüzurdur, Naxçıvan!..

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see245

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see238

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see234

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see229

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see191

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see191

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see164

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see164

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see163

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see162

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see162

Futbol üzrə 2026 cı il dünya çempionatında artıq on avtoqol var

25 İyun 2026 03:06see160

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see159

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see158

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see158

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see157

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see157

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see153

Messi və Ronaldu elə bir şey etdilər ki...

25 İyun 2026 01:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri