Naxçıvan blokadadan çıxır ŞƏRH
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyevin ötən gün Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişafı baxımından mühüm mesajlarla yadda qalıb. Belə ki, dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın qarşıdakı dövrdə həm iqtisadi, həm də nəqliyyat baxımından artan roluna xüsusi diqqət çəkib. Uzun illər blokada şəraitində yaşayan muxtar respublika üçün yeni nəqliyyat imkanlarının yaranması onun regional mövqeyini əhəmiyyətli dərəcədə dəyişə bilər. Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantılarının genişlənməsi, eyni zamanda Türkiyə və digər regional bazarlara çıxış Naxçıvanın tranzit və logistika imkanlarını artırır. Bu proses muxtar respublikanın iqtisadi fəallığının yüksəlməsi ilə yanaşı, Azərbaycanın regiondakı strateji mövqeyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə, bütün bunlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanması üçün mühüm perspektivlər yaradır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Naxçıvan hazırda öz tarixinin tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyur.
"Uzun illər blokada şəraitində yaşayan, Azərbaycanın əsas ərazisindən nəqliyyat baxımından təcrid olunmuş Naxçıvan üçün bu mərhələ, əslində, təkcə iqtisadi inkişaf deyil, həm də yeni geoiqtisadi və geosiyasi reallıqların formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Naxçıvanın inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yeni yanaşmalarla müəyyən mənada paralellik təşkil edir. Muxtar respublikanın “Yaşıl zona” kimi inkişaf etdirilməsi, idarəetmənin Prezidentin xüsusi nümayəndəsi institutu vasitəsilə daha çevik və koordinasiyalı şəkildə həyata keçirilməsi, müasir şəhərsalma prinsiplərinin tətbiqi və rəqəmsal texnologiyaların geniş istifadəsi Naxçıvanın gələcək inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirir".
Deputat bildirib ki, əvvəlki illərdə də Naxçıvanın sosial-iqtisadi inkişafı daim dövlətin diqqət mərkəzində olub:
"Dövlət büdcəsindən hər il yüz milyonlarla manat vəsait ayrılıb, sosial və iqtisadi infrastrukturun yaradılması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin və digər obyektlərin tikintisi və yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Lakin hazırkı mərhələnin əsas fərqi ondan ibarətdir ki, artıq məqsəd yalnız mövcud infrastrukturun yenilənməsi deyil. Qarşıya qoyulan əsas vəzifə Naxçıvanın iqtisadi potensialını tam şəkildə reallaşdırmaq, onu istehsal, logistika, enerji, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar baxımından regionun mühüm mərkəzlərindən birinə çevirməkdir".
Sədr müavini onu da əlavə edib ki, uzun illər blokada şəraitində yaşayan Naxçıvan bir sıra ehtiyaclarını İran və Türkiyə üzərindən təmin etməyə məcbur olub:
"Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsinin olmaması həm iqtisadi münasibətlərə, həm insanların gediş-gəlişinə, həm də logistika imkanlarına müəyyən məhdudiyyətlər yaradıb. Bu baxımdan, regionda yaranmış yeni reallıqlar Naxçıvan üçün tarixi əhəmiyyət daşıyır.
Ən mühüm məsələlərdən biri Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısının yaradılmasıdır. Bu bağlantı reallaşdıqca Naxçıvanın uzun illər davam edən nəqliyyat təcridi faktiki olaraq aradan qalxacaq. Eyni zamanda, muxtar respublika yalnız Azərbaycan daxilində deyil, daha geniş regional nəqliyyat sistemində mühüm mövqeyə sahib olacaq. Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi onun tranzit və logistika potensialını əhəmiyyətli dərəcədə artıracaq".
A.Badamov həmçinin vurğulayıb ki, burada Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir:
"2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsi öz əksini tapmışdı. Sonrakı dövrdə bu istiqamətdə müxtəlif müzakirələr aparılsa da, son razılaşmalarla proses artıq praktiki mərhələyə daxil olub. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin TRIPP layihəsi çərçivəsində reallaşdırılması regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər yarada bilər.
Bu dəhliz yalnız avtomobil və dəmir yolu ilə məhdudlaşmayacaq. Burada enerji, kommunikasiya və rəqəmsal bağlantıların da formalaşdırılması nəzərdə tutulur. Bu isə Naxçıvanın iqtisadi imkanlarını daha da genişləndirəcək.
Digər tərəfdən, Naxçıvanın enerji potensialının artırılması, sənaye parkında yeni müəssisələrin fəaliyyətə başlaması, kənd təsərrüfatının modernləşdirilməsi, ixrac imkanlarının genişləndirilməsi və Türkiyə, eləcə də Avropa bazarlarına çıxışı təmin edə biləcək enerji layihələrinin həyata keçirilməsi muxtar respublikanın iqtisadi əhəmiyyətini daha da yüksəldəcək".
Deputatın sözlərinə görə, ona görə də Naxçıvanın qarşısında duran yeni inkişaf mərhələsini yalnız “blokadadan çıxış” kimi qiymətləndirmək düzgün olmazdı:
"Bu, eyni zamanda Naxçıvanın tranzit, istehsal, enerji və rəqəmsal imkanlarını birləşdirən yeni iqtisadi modelə keçididir. Ən vacibi isə bütün bu proseslərin mərkəzində insan amili dayanmalıdır. Yəni həyata keçirilən bütün layihələr ilk növbədə naxçıvanlıların daha rahat, təhlükəsiz və firavan həyatını təmin etməli, yeni iş yerlərinin yaradılmasına və insanların gəlirlərinin artmasına xidmət etməlidir".
A.Badamov qeyd edib ki, Naxçıvanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi həm muxtar respublikanın, həm də Azərbaycanın bütövlükdə iqtisadi və geosiyasi mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır:
"Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşınması üçün istifadə olunan infrastruktur deyil. Bu dəhlizlər həm də iqtisadi əlaqələrin, enerji təhlükəsizliyinin, ticarət münasibətlərinin və dövlətlərarası əməkdaşlığın mühüm alətinə çevrilib.
Azərbaycan son illərdə həyata keçirdiyi böyük infrastruktur və bağlantı layihələri ilə özünü Asiya ilə Avropa arasında mühüm nəqliyyat və enerji körpüsü kimi təsdiqləyib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz və digər layihələr ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Naxçıvanın bu sistemə birbaşa inteqrasiyası isə Azərbaycanın regional nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirəcək".
Deputatın fikrincə, xüsusilə Zəngəzur dəhlizinin açılması Naxçıvanın və Azərbaycanın əsas ərazisinin bir-biri ilə birbaşa quru bağlantısını təmin etməklə yanaşı, Azərbaycanı Türkiyə və daha geniş Avrasiya məkanına bağlayan yeni nəqliyyat marşrutu yaradacaq:
"Bu, həm yükdaşımaların müddətinin və xərclərinin optimallaşdırılmasına, həm də yeni ticarət imkanlarının yaranmasına şərait yaradacaq. Zəngəzur dəhlizinin illik 15 milyon ton yükdaşıma imkanına hesablanması onun regional əhəmiyyətini göstərən mühüm amillərdən biridir. Bununla əlaqədar Naxçıvan dəmir yolunun yenidən qurulması və genişləndirilməsi istiqamətində işlərin aparılması da təsadüfi deyil. Çünki Naxçıvan gələcəkdə yalnız qəbul edən və göndərən tərəf deyil, eyni zamanda regional tranzit sisteminin mühüm həlqələrindən biri olmalıdır".
Azər Badamov Naxçıvanın Türkiyə ilə əlaqələrinin genişlənməsi xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb:
"Naxçıvan üzərindən Türkiyəyə çıxışın daha əlverişli və sürətli olması Azərbaycanın Türkiyə ilə iqtisadi inteqrasiyasını yeni mərhələyə çıxara, eyni zamanda Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər.
Burada enerji bağlantıları da mühüm rol oynayacaq. Naxçıvanın enerji potensialının artırılması və gələcəkdə Türkiyə və Avropa istiqamətində enerji layihələrinə inteqrasiyası muxtar respublikanın yalnız nəqliyyat deyil, həm də enerji qovşağı kimi əhəmiyyətini artıracaq. Bununla yanaşı, rəqəmsal dəhlizlərin yaradılması Naxçıvanın müasir regional bağlantı sisteminə inteqrasiyasını sürətləndirəcək.
Naxçıvanın iqtisadiyyatının inkişafı Azərbaycanın daxili iqtisadi potensialına da müsbət təsir göstərəcək. Yeni nəqliyyat imkanları sənaye müəssisələrinin yaradılmasını, kənd təsərrüfatı məhsullarının ixracını, logistika və anbar infrastrukturlarının inkişafını, turizm sektorunun genişlənməsini və yeni iş yerlərinin açılmasını stimullaşdıra bilər".
Deputat yekun olaraq bildirib ki, digər mühüm məsələ Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsidir:
"Azərbaycan nə qədər çox beynəlxalq nəqliyyat, enerji və kommunikasiya layihələrinin iştirakçısı və əsas həlqəsi olarsa, ölkəmizin regional proseslərdə çəkisi də bir o qədər artır. Naxçıvanın bu sistemə qoşulması isə Azərbaycanın həm Türkiyə ilə, həm Mərkəzi Asiya ölkələri ilə, həm də Avropa və digər bazarlarla əlaqələrini daha da şaxələndirəcək.
Beləliklə, Naxçıvanın qarşıdakı illərdə inkişafı yalnız bir muxtar respublikanın sosial-iqtisadi tərəqqisi məsələsi deyil. Bu proses Azərbaycanın bütövlükdə yeni nəqliyyat, enerji və iqtisadi xəritədə mövqeyinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Əsas hədəf isə Naxçıvanın coğrafi mövqeyindən maksimum istifadə etməklə onu müasir, rəqabətqabiliyyətli və beynəlxalq bağlantılara malik regional iqtisadi mərkəzə çevirməkdir",- deyə sədr müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 Avqust 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















