Icma.az
close
up
RU
Naxçıvanın 1 əsrlik mətbu salnaməsi

Naxçıvanın 1 əsrlik mətbu salnaməsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan bolşevik işğalından sonra sovet hakimiyyəti yerlərdə öz ideologiya və siyasətini geniş yaymaq üçün mətbu orqanların nəşrinə böyük diqqət göstərmiş, bu istiqamətdə geniş tədbirlər həyata keçirmişdir. Naxçıvan İnqilab Komitəsinin də ilk tədbirlərindən biri öz mətbu orqanını yaratması olmuşdur.

İlk olaraq Naxçıvanda İnqilab Komitəsinin orqanı olan “Kommunist” qəzeti nəşr edilməyə başlayır. Qəzetin yazılmasına gözəl xətti olan məktəblilər və müəllimlər cəlb edilirdilər. Bu qəzetin 50-60 nüsxə, 2 səhifə həcmində ərəb əlifbası ilə əlyazma şəklində olması haqqında məlumatlar var. Bu mətbu orqanın nəşrində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı və uzun müddət məsul vəzifələrdə çalışmış Nemət Novruzovun böyük xidmətləri olmuşdur. Qəzet hazır olduqdan sonra şəhərin müxtəlif yerlərində divarlardan asılarmış. Qısa müddətdən sonra vərəqələr dövrün tələblərinə cavab vermədiyi üçün nəşri dayandırılır.

“Şərq qapısı” qəzetinin 31 mart 1925-ci il tarixli 100-cü nömrəsində bu haqda belə məlumat verilir: “1921-ci ilin əvvəllərində Ölkə İnqilab Komitəsinin daxili işlər şöbəsi tərəfindən divar qəzetəsinə oxşar əl yazısı ilə “Kommunist” qəzetəsinin nəşrinə şüru edildi. Bu qəzetə həftədə bir dəfə olaraq əlli nüsxə buraxılırdı”. Bu xəbərdən aydın olduğu kimi, 1921-ci ildə Naxçıvan İnqilab Komitəsi Bakıdan ərəb və rus şriftləri olan mətbəə avadanlığı və bu avadanlığı işlətmək üçün iki mütəxəssis gətirir.

Görülən ilk tədbirlərdən biri də 1921-ci ildə iki qəzetin nəşrinə başlamaq olur. Bu qəzetlərdən biri İnqilab Komitəsinin və hərbi hissənin orqanı olan, çətinliklər üzündən qısa müddətdə nəşrini dayandıran “Naxrespublika” qəzeti, ikincisi həmin ilin noyabr ayının birindən (bəzi texniki səbəblər üzündən qəzet 9 noyabrda işıq üzü görmüşdür), şənbə günü “Cavanlar həyatı” adı ilə nəşr olunan qəzet idi. “Cavanlar həyatı” qəzetinin nəşrində əsas məqsəd Naxçıvan Vilayət Komsomol Komitəsinin orqanı olaraq, Azərbaycan komsomolunun qarşısında duran əsas məsələləri, partiya və dövlətin qərar və göstərişlərini çap etmək, o dövr ictimai həyatın bütün sahələrindəki yenilikləri xalqa çatdırmaq olmuşdur.

Müxbirlərin və mətbəə avadanlığının çatışmaması, əhalinin savadsızlığı ucbatından tirajı 100-150-dən artıq olmayan qəzetin nəşri tez-tez dayandırılırdı. 1921-ci ilin dekabr ayından qəzet həftədə bir dəfə olmaqla daha geniş həcmdə “Füqəra səsi” ilə əvəz olunur. Qəzetin üz səhifəsində “AK(b)P Naxçıvan Ölkə Komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə Komitəsinin və Həmkarlar İttifaqı Şurasının naşiri-əfkarı olan, həftədə bir dəfə çıxan türk qəzetidir” sözləri yazılmışdır.

“Şərq qapısı” qəzetinin 10 illik yubiley nömrəsində qəzetin yaranma tarixi belə təqdim olunur: “1921-ci ilin tam noyabrın 1-dən bu gün 10 yaşını keçirən “Şərq qapısı”nın ilk rüşeymi 3 sütundan ibarət “Cavanlar həyatı” adında kiçik bir qəzetdən ibarət olmuşdur. Bu qəzet bir az sonra–1921-ci ilin son həftələrindən “Füqəra səsi” ilə əvəz edilmişdir. Bu qəzet həftədə bir dəfə çıxmaqla ölkənin iqtisadi və siyasi məsələlərini əhatə edərək günü-gündən öz nüfuzunu artırmaqla və həm də tirajı etibarı ilə böyüməkdə idi. 1922-ci ilin yanvar ayında Azərbaycanda lazımi qədər mətbəə ləvazimatı alındıqdan sonra “Füqəra səsi” öz mövqeyini bu gün 10 sənəlik yubileyini keçirdiyimiz “Şərq qapısı”na vermişdir”. Qeyd edək ki, “Füqəra səsi” qəzetinin heç bir nömrəsi arxivlərimizdə qorunmamışdır.

1922-ci ildə Əhməd Haşımov Xalq Maarif Komissarı vəzifəsini icra edən zaman Azərbaycan hökuməti ilə razılığa gələrək yeni nəşriyyat avadanlığı gətirir. Bundan sonra Ölkə Firqə Komitəsi və Mərkəzi İcraiyyə Komitəsi tərəfindən “Şərq qapısı” adlı qəzetin nəşrinə başlanılsa da, qəzet redaktorunun muxtar respublikanı tərk etməsi və müxbirlərin olmaması, maddi zəiflik və bu kimi səbəblər bu qəzetin bağlanmasına səbəb olur.

Qəzetin mətbəə və avadanlıq məsələsi 1922-ci il dekabr ayının 9-da Naxçıvan Xalq Komissarları Sovetinin iclasında müzakirə olunur və müvafiq qərar qəbul edilir. 1923-cü ildə Naxçıvan hökumətinin Şuralaşması günü münasibətilə Ölkə Firqə Komitəsinin məsul katibi Tahirovun təşəbbüsü ilə yenidən “Şərq qapısı” qəzetinin nəşrinə başlanılır.

Tarixi sənədləri vərəqlədikcə belə nəticəyə gəlmək olar ki, Gənclər İttifaqının orqanı olaraq həyata vəsiqə alan “Cavanlar həyatı”nın qısa müddət ərzində təkmilləşərək daha geniş formatda və məzmunda nəşrini davam etdirməsi siyasi baxımdan daha önəmli olduğundan hakimiyyət “Füqəra səsi”nin davamlılığında məqsədli olmuş və həmin qəzet 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı altında yenidən bərpa olunsa da, 1923-cü ilin ortalarından varlığını bugünədək qoruyub saxlaya bilmişdir.

1925-ci ilin mart ayının 31-də qəzetin 100-cü nömrəsi işıq üzü görür. Qəzetin bu yubiley nömrəsi böyük təntənə ilə qeyd edilir. Yubileylə əlaqədar qəzet 1000 nüsxə ilə buraxılır. Həmin nömrədə dərc olunan baş yazıda deyilir: “Əsrlərdən bəri maarif və mədəniyyətin parlaq ziyasından məhrum olaraq cəngavərlər, cəlladlar pəncəsində inləyən Naxçıvan tarixində bu gün göstərilməmiş bir bayram; Gələcək nəslə şərəfli bir yadigar buraxacaq həman bu yadigar, Şərqin qapısında yaşayan Naxçıvan ölkəsinin türk əməkçiləri tərəfindən mövhumat və cəhalətə qarşı vurulan 100 ədəd maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetəsidir”.

“Şərq qapısı” qəzeti 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın əlifbası ilə nəşr olunur.

Qəzetin ilk redaktoru, Naxçıvan Xalq Maarif Komissarı vəzifəsində işləyən Həmid Mahmudov olmuşdur. Hazırda qəzetə jurnalist Sara Əzimova redaktorluq edir.

Böyük Vətən müharibəsinin meydana çıxardığı xüsusi çətinliklər dövründə “Şərq qapısı” qəzeti cəbhə ilə xalq arasında körpü yaradan mətbuat orqanı kimi regionda hər evin qapısını açmış, döyüş səngərlərinə belə gedib çata bilmişdir.

Böyük Vətən müharibəsindən sonra mətbuatda əvvəlki illərlə müqayisədə dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Şərq qapısı” qəzeti ədəbi mühitlə yanaşı, xalq təsərrüfatının ayrı-ayrı sahələrindən təsirli yazılar vermişdir. Həmin dövrdə redaksiyanın əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.

“Şərq qapısı” qəzetinin həyatında da 1970-ci ildən sonra yeni mərhələ başlanmışdır. Bu dövrdə respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi qayğı və diqqət yetirilmiş, məhz bu dövrdə mətbuat orqanlarının və işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ötən əsrin 70-ci illərinin əvvəllərində Naxçıvanda böyük redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə qəzet muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, Naxçıvanın iqtisadi potensialının dirçəlişində və tərənnümündə mühüm rol oynamış, millilik prioritetləri önə çəkilmiş, dil, ədəbiyyat, mədəniyyət və tarixə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc olunmuşdur.

Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə “Sovet Naxçıvanı” adı verilir. 30 oktyabr 1979-cu ildən isə Azərbaycan KP MK-nın 19 №li büro protokoluna əsasən Mərkəzi Komitənin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin yanvar ayından rus dilində dublikatının çıxarılması barədə qərarını əsas tutaraq “Sovet Naxçıvanı” qəzetinin rus dilində 5 min tirajla “Sovetskaya Naxiçevan” başlıqlı dublikatı çıxmağa başlayır. Adının dəyişdirilməsinə baxmayaraq, “Sovet Naxçıvanı” qəzeti böyük ənənəyə malik olan “Şərq qapısı”nın yolunu davam etdirmiş, varislik ənənələrini qoruyub saxlamışdır”. 1989-cu ilin oktyabrın 24-dən qəzetin əvvəlki tarixi adı – “Şərq qapısı” özünə qaytarıldı.

1988-ci ildən Azərbaycanda baş qaldıran azadlıq hərəkatı 1990-cı ilin yanvarında özünün ən yüksək, eyni zamanda, qanla əldə olunan azadlıq zirvəsini fəth etdi. Zülmə və əsarətə, haqsızlığa dözüm səbri tükənən xalqın tələbi ilə Naxçıvan MR Ali Soveti 1990-cı il yanvarın 20-də Naxçıvanın SSRİ tərkibindən çıxması haqqında bəyanat verdi. Bəyanat Naxçıvan televiziyası, eləcə də rabitə işçilərinin yaratdığı imkan vasitəsilə radio ilə orta dalğada beş dildə dünya ictimaiyyətinə çatdırıldı. Xaosun yaratdığı imkandan faydalanaraq hadisələri obyektiv xalqa çatdırmaq istəyində olan bir qrup Naxçıvan ziyalısı muxtar respublikanın rəsmi dövlət qəzeti olan “Şərq qapısı”nı müstəqil nəşr etdirmək qərarına gəldilər.

“Birlik və demokratiya uğrunda” şüarını əsas götürən “Şərq qapısı” qəzeti 1990-cı ilin 19 yanvarından 10 min tirajla Naxçıvan Respublikasının qəzeti kimi oxuculara təqdim olundu. Ən maraqlısı isə odur ki, ömrü çox qısa olmasına baxmayaraq, böyük rezonans doğuran ilk müstəqil mətbu orqan 70 il susmağa məcbur edilən xalqın tribunasına, yazmaq yanğısının təşnəsinə çevrilmişdi.

1990-cı ilin iyulunda dahi öndər Heydər Əliyev Moskvadan Naxçıvana qayıdandan sonra muxtar respublika blokadada olmasına baxmayaraq, bütün dünyanın nəzərləri Naxçıvana yönəlmişdi. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır.

1995-ci ilin axırlarında Azərbaycan Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən parlament seçkilərindən sonra muxtar respublika ali qanunverici orqanının yeni tərkibdə fəaliyyətə başlaması durğunluğa, ətalətə son qoymuş, yeni həyat quruculuğu sahəsində geniş imkanlar açmışdır. Bu səbəbdən 1996-cı ilin əvvəlindən qəzetin fəaliyyətində də canlanma yaranmış, onun üzləşdiyi maliyyə problemləri birdəfəlik həllini taparaq həftədə iki dəfə işıq üzü görməyə başlamışdır.

Müstəqillik dövründə “Şərq qapısı” qəzetinin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qəzetin 75 illik yubileyini unutmamış, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanlamışdır. Qəzetin 26 noyabr 1996-cı il tarixli sayında dərc olunan təbrik Naxçıvan mətbuat tarixində ölkə başçısı tərəfindən qəzet redaksiyasına ünavanlanan ilk məktub idi. Ölkə başçısının onun həyat və fəaliyyətində mühüm rol oynamış doğma qəzetinə təbrik məktubu göndərməsi qəzetin respublika səviyyəli nüfuzunu artırmış, onun dövlət səviyyəsində diqqətdə olduğunu bir daha təsdiqləmişdir.

Dahi rəhbər təbrik məktubunda redaksiya əməkdaşlarının əməyini yüksək qiymətləndirərək onun gələcək fəaliyyət istiqamətini də göstərirdi: “Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmlənməsi yolunda bütün qüvvələri səfərbər etmək, hər oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.

Müstəqillik illərində “Sərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilmiş, ən son texniki avadanlıqlarla zəngin mətbəəsi və redaksiya binası tikilib istifadəyə verilmişdir. 2012-ci ildən qəzetin internet saytı fəaliyyətə başlamış, qəzetin 94-cü və 95-ci ildönümləri münasibətilə Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətində hökumət bəyannaməsi qəbul edilmişdir.

Əminik ki, Azərbaycan mətbuat tarixində xüsusi yeri olan, 104 illik sərəfli yol keçən “Şərq qapısı” qəzeti bundan sonra da dövlətçilik, maarifçilik, inkişaf və tərəqqinin simvolu, Naxçıvan tarixinin güzgüsü olaraq qalacaq, yaşayacaq, yaşatdıracaqdır. Azərbaycan Respublikasının Xalq rəssamı Tahir Salahovun dediyi kimi: “Qoy, “Şərq qapısı”nın fəaliyyəti rəssam palitrası kimi əlvan boyalarla, şair ilhamlı nadir sözlərlə, bəstəkar royalı kimi nikbin və coşqun nəğmələrlə zəngin olsun”.

Surə SEYİD,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see216

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see211

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see129

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see128

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see124

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see121

ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb

23 May 2025 09:10see121

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see119

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see119

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see119

Dua Lipa Qalatasaray dan nə qədər qonorar tələb edib?

23 May 2025 14:41see118

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

23 May 2025 10:39see117

Amerika faciəsinin yeni təfərrüatları

23 May 2025 10:10see116

Ekoloqların peşə bayramıdır Fotolar

23 May 2025 14:21see115

Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

24 May 2025 09:03see115

Qvinet Peltrou səhnəyə qayıdır: Timoti Şalame ilə birlikdə filmdə rol alacaq

23 May 2025 06:43see114

Ağcabədidə çiyid səpini başa çatıb

24 May 2025 12:28see114

Finlandiya rusiyalılara daşınmaz əmlak satışını qadağan etməyi planlaşdırır

24 May 2025 05:16see113

14 yaşlı Ağdam sakini: Qarabağa köçürəm deyə həyəcanlıyam

23 May 2025 06:47see112

Şənbə üçün nəzm

24 May 2025 08:15see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri