Icma.az
close
up
RU
Nazir: Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik Müsahibə

Nazir: Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik Müsahibə

Gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşü olub.

Apasport.az xəbər verir ki, nazir media mənsublarını maraqlandıran sualları cavablandırıb.

- 2024-cü il Azərbaycan idmanı üçün tarixi hadisələr və uğurlarla əlamətdar oldu. İdmançılarımız həm Paris-2024 Yay Olimpiya Oyunlarında, həm də digər nüfuzlu yarışlarda uğurla çıxış etdilər. Bütün bunların fonunda, başa vurmağa hazırlaşdığımız ili Azərbaycan idmanı üçün necə dəyərləndirmək olar?
- Dekabrın 24-də yaxşı görüşümüz oldu. Ölkə başçısı idman ictimaiyyətini bir araya topladı. Özünün də vurğuladığı kimi, bu ənənə 27 ildir davam edir. Açığı, elə bir ölkə tanımıram ki, hər ilin sonunda dövlət başçısı idmançılarla görüşüb, onları mükafatlandırsın, təltif etsin. İdmançılarımıza ən yüksək qiymət orada verildi. İlin ən önəmli yarışı Olimpiya Oyunları idi. Əvvəlki Olimpiadalarla müqayisə etsək, Parisdəki yarışda çox uğurlu nəticə qazandığımızı deyə bilərəm. Bilirsiniz ki, bütün ölkələr pandemiya yaşadılar, bizdə bu səbəbdən bəzi idmançılar karyeralarını başa vurdular. Əvəzində yeni idmançılar üzə çıxdılar. Təbii ki, onların püxtələşməyi üçün müəyyən vaxt lazımdır. Yeri gəlmişkən, Paris Olimpiadasında ilk dəfə 15 idman növündə təmsil olunduq. Onların arasında bizim üçün yeni idman növləri də var idi. Batut gimnastikasını qeyd etmək istəyirəm. Bu idman növünü ona görə vurğuladım ki, düzgün iş getsə, nəticə əldə etmək olar. Batut gimnastikası Azərbaycanda ilk dəfə 10 il bundan öncə inkişaf etdirilməyə başladı. Əvvəllər Azərbaycanı Rusiyada yetişən idmançı təmsil edirdi. Onunla yanaşı, Rusiya və Belarusdan başqa idmançılar da var idi. Onlar bizi Avropa Oyunlarında təmsil edirlər. Eyni zamanda, uşaq qruplarını inkişaf etdirməyə başladıq. Həmin qruplardan çıxan uşaq – Selcan Mahsudova düz 10 il sonra Olimpiya Oyunlarına lisenziya qazandı. Özü də Olimpiadada batut gimnastikası üçün cəmi 16 kvota ayrılır. Üstəlik, bu idman növündə ənənələri olan ölkələrə 2 yer verilir. Yəni, ora düşmək elə də asan məsələ deyil. Bizim üçün sevindirici haldır ki, 16 nəfərin arasında Azərbaycanda yetişən batut gimnastı da oldu. Ölkə başçısının da vurğuladığı kimi, bizim artıq yeni idman növlərində də yaxşı nəticələrimiz var. Təbii ki, hamı istəyir, daha böyük uğurlar qazanılsın. Son Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələri Prezident İlham Əliyev də yüksək qiymətləndirdi. Əldə olunan nailiyyətlər Gənclər və İdman Nazirliyi olaraq, bizi də qane edir. Xüsusilə Hidayət Heydərovun nəticələrini vurğulamaq istəyirəm. Bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu oldu. Azərbaycanda başqa belə bir idmançı tanımıram ki, bir ildə 3 nüfuzlu yarışın qalibi olsun. Bu cür idmançılar digərləri üçün yaxşı nümunə olacaq. İnanırıq ki, növbəti illərdə belə idmançıların sayı artacaq.

- Yola salmağa hazırlaşdığımız ildə təəssüfləndiyiniz, “kaş” dediyiniz nə oldu?
- Çox çətin sualdır. Amma Olimpiya Oyunlarında təəssüfləndiyimiz anlar oldu. Bizim üçün vacib idi ki, ilk qızıl medal qazanılsın. Oyunlar vaxtı psixoloji durum çox gərgin olur. Bu il idman jurnalistlərimiz də ilk dəfə Olimpiadada iştirak etdilər. Bu, çox vacib amildir. Hər yarış hamımız üçün bir təcrübədir. Orada insanların necə həyəcan keçirdiyini, yəqin, jurnalistlər də gördülər. İlk medal əldə olunanda çox sevindik. Sonra iştahamız artmağa başladı (gülür). Doğrudan da şansımız var. Güləşçimiz Həsrət Cəfərovun da Olimpiya çempionu olmasını istəyirdik. Gənc olsa da, böyük potensiala malikdir. Amma idmanda hər şey istədiyin kimi olmur. Bir çox amillər var. Finala çıxan boksçumuz Alfonso Dominqesdən də qızıl medal gözləyirdik. Taekvondoçumuz Qaşım Maqomedovu qeyd edərdim. Ümumiyyətlə, Azərbaycan Taekvondo Federasiyası 100 faizlik nəticə göstərdi. Bir idmançı ilə təmsil olunduğu Olimpiadada gümüş medal götürdü. Onun finalda da qalib gəlməsini istəyirdik. Təəssüf ki, zədələndi. Federasiyaların orada necə çalışdığını hamımız görürdük. Ortada iş var idi. Hamı birgə çalışırdı. Məsələn, Anna Skidan qatıldığı 4-cü Olimpiya Oyunlarında ilk dəfə final mərhələsinə çıxdı. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ilk dəfə iştirak etdiyi Olimpiadada 5-ci yeri tutdu. Medala çox yaxın idilər.

- Olimpiadada medal gözlədiyiniz hansı idmançılar sizi xəyal qırıqlığına uğratdılar?
- Onların adlarını sizə deməyəcəyəm (gülür). Çünki biz idmançılara dəstək olmalıyıq. Hansısa neqativ sözlərlə onları “sındıra” bilərik. Nəticə qazanmağı ən çox idmançı arzulayır. Biz federasiyalarla nəticələr barədə əvvəldən öz proqnozlarımızı müzakirə edirdik. Təhlillər əsasında müəyyən təxminlərimiz var idi. Bəli, daha çox şey gözlədiyimiz idmançılar var idi. Amma yenə də bu idmandır.

- Nazir kimi iştirak etdiyiniz ilk Yay Olimpiya Oyunları sizin üçün hansı təəssüratlarla yadda qaldı?
- İlk dəfə 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında olmuşam. Həmin yarış çox xoşuma gəlmişdi. Olimpiya Kəndindəki abu-hava əla idi. Orada dünyanın müxtəlif ölkələrindən olan tanınmış idmançıları görə bilmişdim. Həmin vaxt 29 yaşım var idi. Digər Olimpiadalarda da olmuşam. Amma nazir kimi ilk dəfə ötən il Pekində keçirilmiş Qış Olimpiya Oyunlarına yollanmışdım. Fərq nədən ibarətdir? Mənə görə Olimpiya Kəndində qalmaq daha maraqlıdır. Amma Paris Olimpiadasında funksioner kimi iştirak edirdim. Orada bir çox vacib görüşlərim oldu. Bütün idman dünyası orada idi. İşimiz az deyildi. Olimpiya Oyunları tarixində ilk dəfə “Azərbaycan Evi” təşkil etdik. Parisin çox yaxşı bir yerində Mədəniyyət Mərkəzimiz var. Orada hər gün bir çox federasiyaları qonaq edə bildik. Həm Azərbaycan haqqında danışdıq, ölkəmizi təbliğ etdik, həm də tədbirlərimizi keçirdik.

- Milli komandalarda legioner idmançılarla bağlı məsələ hər zaman aktual olub. Azərbaycanı təmsil edən əcnəbi idmançılar arasında ən yüksək nəticələrdən biri Alfonso Dominqesə məxsusdur. Paris Olimpiadasında gümüş medal qazansa da, tənqid olundu. Belə fikirlər var idi ki, finalda Alfonso yox, hansısa azərbaycanlı idmançı olsaydı, mütləq çempionluğu qazanardı. Legioner idmançı məsələsi qarşıdakı nüfuzlu yarışlarda necə tənzimlənəcək?
- Legionerlər daha çox bizim üçün yeni olan idman növlərindədir. Gənclər hansısa peşəkar idmançıya baxıb nəsə öyrənməlidirlər. Ona görə də düşünürəm ki, əcnəbi idmançı dəvət oluna bilər. Amma bir ara onların sayı çoxalmışdı. Açığı, bunu başa düşə bilmirdim. Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik. Deyə bilərəm ki, onların sayı kifayət qədər azalıb. Amma ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir. Burada seleksiya işləri yaxşı aparılmalıdır. Təəssüflər olsun ki, mütəxəssislərimiz çatışmır. Bunun üçün müəyyən işlər görülür. Bilirsiniz ki, yaxşı mütəxəssis qısa zamanda yetişmir. İdman Akademiyasında da müəyyən dəyişikliklər etmək istəyirik. Ona görə də əvvəlcə ölkə xaricindən mütəxəssislər dəvət edirik. Çünki hər şey sürətlə inkişaf edir, sistem də fərqlidir. Yaxşı yerli mütəxəssislər yetişdirməliyik. Onların sayı çox olmalıdır ki, rəqabət artsın. Bundan sonra legioner idmançılar gətirilsə belə, bizimkilər onlardan üstün olacaq.

- Federasiyalar milli komandalara əcnəbi idmançılar cəlb edərkən, nazirliklə məsləhətləşir, yoxsa qərarı özləri qəbul edirlər?
- Legioner idmançı gətirmək üçün bizdən xahiş edirlər. Ancaq qaydalar, şərtlər çox sərtləşib.

- İdmançıların inkişafı üçün onların beynəlxalq yarışlarda iştirakı mütləqdir. Həm oradakı abu-havanı hiss edirlər, həm də təcrübə toplayırlar. Federasiyaların idmançılarını beynəlxalq yarışlara göndərmək üçün kifayət qədər maddi imkanı varmı?
- Prezident İlham Əliyev idmançılarla görüşdə dəqiqliklə dedi ki, dövlətin dəstəyi olmadan bu, mümkün deyil. Bu dəstək isə illərdir var. Nazirlik tərəfindən idmançılarımız vacib beynəlxalq yarışlara ezam olunurlar. Bəzən federasiyalar idmançıları öz hesabına da yarışlara göndərirlər. Bəzi hallarda idmançılar öz hesablarına gedirlər. Təbii ki, əsas diqqət Olimpiya idman növlərinə yönəlib. Amma çalışırıq ki, digər növləri də unutmayaq və onları da yarışlara ezam edək. Bunun üçün müvafiq büdcəmiz var. Amma elə idman növləri var ki, orada yarışlar çoxdur. İdmançılar həmin yarışlara getməlidirlər. Federasiyalar daha çox sponsor axtarırlar ki, idmançıların yarışdakı iştirakını təmin edə bilsinlər.

- Gələn ilin fevralında İtaliyada Qış Olimpiya Oyunları olacaq. Biz adətən qış olimpiadasına iştirakçı ölkə kimi qatılırıq. Bu dəfə bizim orada iştirakımızı necə görürsünüz?
- Qış Olimpiya Oyunlarında Azərbaycanda yetişən idmançıların çıxış etməsini istəyirik. Buna da vaxt lazımdır. 2025-ci ilin yanvarında Şahdağda dağ xizəyi üzrə Dünya Kuboku keçiriləcək. Orada artıq yerli idmançılar yetişməyə başlayıb. Bakıda ikinci ildir ki, beynəlxalq standartlara uyğun buz meydançası istifadəyə verilib. Kifayət qədər populyardır, uzun növbələr olur. Bu, kompleksin özünü saxlaması üçün də yaxşıdır. Eyni zamanda həmin kütləvilikdən idmançılar çıxır. Orada artıq körlinq üzrə məşqlər də başlayıb. Başlanğıç üçün türkiyəli məşqçi dəvət olunub. Çünki indiki vəziyyətdə dünyanın ən yaxşı körlinq məşqçisini dəvət edə bilmərik. Gəlib kimlərə məşq keçəcək? Həvəskar hokkeyçilərdən ibarət komandamız var. Onlar artıq bir neçə yarışda iştirak edib, hətta qalib də olublar. Uşaqlar onlara baxıb həvəslənirlər. Bu idman növlərini inkişaf etdirmək üçün illər lazımdır. Həmin buz meydançasında məşq edən qızlar bu yaxınlarda Özbəkistanda fiqurlu konkisürmə üzrə yarışa qatılıblar. Bu, məni nazir kimi çox sevindirir.

- Sizcə, özəl şirkətlərin idmana yatırım etməsi üçün nələr edilməlidir?
- Onlara hansısa güzəştlər olmaldır. Vergidən tam azad olunmasalar belə, müəyyən güzəştlər olmalıdır. Hazırda güzəşt var. Bunun bir az dəyişməsini istərdik. Bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər təşkil edirik. Təklif veririk və bunu əsaslandırmalıyıq. İstərdik ki, daha çox özəl şirkətlər idmana yönəlsinlər. Bunun üçün qanun və qaydalarda müvafiq dəyişiklər etməliyik. Ən əsas da idman haqqında qanundur. Biz bunu son iki əl ərzində yazmağa başladıq. Demək olar ki, bitmək üzrədir. Biz bunu daha sona Milli Məclisə təqdim edəcəyik. Kütləvi tədbirlər təşkil etdiyimiz zaman sponsorlar gəlmək istəyirlər. Çünki insanlar çox olur. Dövlətin dəstəyindən danışdıq. Özümüz də çalışmalıyıq. Azərbaycanda idman marketinqi yaxşı deyil. Dünya və Avropa çempionatı keçirilir, ulduzlar gəlir, təəssüflər olsun ki, azarkeş görmürük. Burada daha çox insanlarla işləməliyik. Məsələn, ABŞ-da beysbol yarışlarına insanlar ailə üzvləri ilə birlikdə gəlirlər. Onları arenada 3-4 saat saxlamaq üçün müəyyən əyləncəli tədbirlər təşkil edirlər. Bunu ölkəmizdə də reallaşdırmalıyıq. Burada ən böyük misal futboldur. "Qarabağ"ın avrokubok oyunlarında Tofiq Bəhramov adına Respublika stadionu dolu olur. Lakin Ağdam klubun yerli liqadakı matçlarına azarkeş gəlmir. Onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanlar da dəstək olmağa hazırdırlar. Bölgədəki matçlara azarkeş gəlir. Demək ki, Bakıdakı matça da gələ bilərlər. İdman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən çağırmalıyıq.

- Gələn il ölkəmizdə keçiriləcək MDB Oyunlarının əsas mərkəzi Gəncə şəhəri olacaq. Hansı idman növlərinin harada olacağı dəqiqləşib?
- MDB Oyunları ilə bağı Təşkilat Komitəsi yaradılıb. Hansı idman növlərinin harada olacağı bəllidir. Prezident İlham Əliyev ilin idman yekunları ilə bağlı tədbirdə demək olar ki, bütün regionlarda komplekslərinin olduğunu vurğuladı. Onların bəziləri təmir ediləcək. Bəzilərinə isə avadanlıqlar gətiriləcək. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı inşa olundu. Atıcılıq Mərkəzi yenidən quruldu. Bunlar hamısı Avropa Oyunlarından qalan mirasdır. Bu gün də istifadə olunur. Dünyanın bir çox ölkələrindən idmançılar Azərbaycana təlim-məşq toplanışlarına gəlirlər. Avropa Gimnastikasının prezidenti olaraq bildirirəm ki, dünyada Milli Gimnastika Arenası kimi ikinci kompleks tanımıram. Atıcılıq üzrə dünya çempionatı təşkil edildi. Beynəlxalq federasiyanın prezidenti paytaxtımıza səfəri zamanı Bakı Atıcılıq Mərkəzindən dünyada cəmi 6-7-sinin olduğunu dedi. Bakı Su İdmanı Sarayı da çox gözəldir. Bunlar idmanın inkişafı üçün böyük yoldur. Gəncədə yeni stadion inşa olunur. MDB Oyunlarına kimi hazır olacaq. Artıq orada idman kompleksi istifadəyə verilib. Həmin kompleks böyük olimpiya komplekslərindən biridir. Yevlaxda da yeni idman kompleksi inşa etdiriləcək. MDB Oyunları təşkilatçılar üçün heç də asan olmayacaq. Çətinliklər olsa belə, öhdəsindən gələcəyimizi düşünürəm. Yarışda MDB ölkələri ilə yanaşı, dəvət olunmuş başqa ölkələr də olacaq. İştirakçıların sayı çoxdur. Qonaqlar fərqli məkanlarda yer məskunlaşacaqlar. Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək. Gələn il aerobika üzrə Avropa çempionatını da Gəncə şəhərində təşkil olunacaq. Beynəlxalq yarışları rayonlarda keçirmək üçün şəraitimiz, otellərimiz var. Şuşada, Qarabağda turnirlər təşkil olunub. Xankəndində üç idman tədbiri keçirilib. Bir müddət öncə badminton üzrə ölkə çempionatına reallaşdı. MDB Oyunları çərçivəsində kamandan oxatma yarışının da həmin şəhərin stadionunda təşkili planlaşdırılır.

- Azərbaycan futbolunun hazırkı durumu barədə nə deyə bilərsiniz?
- İstərdim ki, Azərbaycan çempionatında komanda sayı çox, rəqabət fərqli olsun. Premyer Liqada ikinci dövrə başa çatdı. Birinci yerlə ikinci pillədəki komandanın xal fərqi məni çox narahat edir. “Qarabağ” son illərin dəyişilməz çempiondur. Lakin bu kollektivlə rəqabət aparacaq komanda yoxdur. Rəqabət olarsa, Ağdam klubu da inkişaf edəcək. Bu gün “Qarabağ” avrokuboklarda uduzanda məyus oluruq, deyirik ki, niyə qalib gəlmədi? Amma gəlin xatırlayaq, əvvəlki illərdə heç ilkin mərhələni keçə bilmirdik. Bəli, indi futbolumuz yaxşı günlərini yaşamır. Bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. AFFA və ya hansısa klubları da ayrılıqda günahlandırmaq olmaz. Biz nazirlik olaraq, futbolun inkişafı üçün nə edirik? Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları buraya cəlb edirik. Şəraitimiz var, uşaqlar Bakı kəndlərindən birində məskunlaşıblar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət liqalarımıza diqqət yetirsəniz, ilk sıralarda bu akademiyanın komandalarının qərarlaşdıqlarını görə bilərsiniz. Lakin bu kollektivlər beynəlxalq yarışlarda böyük hesabla uduzurlar. Nəzərə alaq ki, yeni komandalardır. Düşünürəm ki, tez-tez belə turnirlərdə oynamalıdırlar. Azərbaycanda uşaqlar üçün 3 beynəlxalq turnir təşkil etmişik. Sonuncusu Qubada reallaşdı. Əfsuslar olsun ki, Özbəkistanın 15 yaşlılardan ibarət komandası bizim klublara qalib gəldi. Artıq başa düşdük ki, özbək futbolu 15 yaşlılar arasında bizi üstələyir. Digər yarışda Belarusun U-15 komandası qalib gəldi. Amma görürük ki, yarışdan-yarışa artım hiss olunur. Uşaqlara təcrübə lazımdır. Ona görə də daimi olaraq beynəlxalq yarışlara getməlidirlər. Belədə bizdə də futbolçular yetişməyə başlayacaq. Son illər “Qarabağ”da Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə və Elvin Cəfərquliyev kimi futbolçular özlərini yaxşı tərəfdən göstərirlər. Onlar 3-4 ilin içində inkişaf etdilər. Nəriman da son oyunlarda daha çox şans qazanır. Elvin isə Avropanın güclü liqalarında rahat oynaya bilər. Böyük potensialı var. Beynəlxalq təcrübə qazandıqca, inkişaf edirlər. Futbolda görüləsi işlərimiz çoxdur. Daha çox yarış keçirilməli və uşaq futboluna investisiya yatırmalıyıq. Biz öz növbəmizdə bunu etməyə başlamışıq. Eyni zamanda, infrastruktura diqqət ayrılmalı, stadionlar təmir olunmalıdır. Bir çox bölgəmizdə təmirə ehtiyacı olan arenalarımız var. Amma biz bunu tək bacara bilmərik. Bunun üçün sponsorlar olmalıdır. Tutaq ki, hansısa stadionu əsaslı təmir etdik. Orada oynayacaq komanda olmalıdır. Üstəlik, arenanın baxımı da var. Düzdür, artıq II Liqamız da var. Üç-dörd il əvvəl bu, yox idi. Müəyyən irəliləyişlər var. Təbii ki, azarkeşlər kimi, biz də yığmamızın ən azı qonşu Gürcüstan kimi nəticələr əldə etməsini istəyirik. Amma klub səviyyəsində biz onlardan üstünük. Uşaq futboluna daha çox sərmayə qoymalıyıq, milli komanda üçün səviyyəli futbolçular yetişsin. Əsas odur ki, plan olsun. Məsələn, Gənclər və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyası var. Bütün federasiyalara da demişik, onlar da öz strategiyalarını bitirirlər. Hətta bəziləri bu prosesi başa çatdırıblar. Artıq futbolda da strategiyanı yazmağa başlayıblar. Strategiya ona görə vacibdir ki, nə istədiyimizi bilək.

- Strategiyadan söz düşmüşkən, Los-Ancelos-2028 Yay Olimpiya Oyunlarında hansı idman növlərində ilk dəfə çıxış edəcəyimizlə bağlı gözləntilər var?
- İstərdim ki, Los-Anceles Olimpiadasında ağırlıqqaldırmanı görüm. Bizim bu idman növündə Avropa çempionu və dünya ikincisi olan Dadaş Dadaşbəyli kimi ağırlıqqaldıranımız var. Ona ümidlərimiz böyükdür. Ağırlıqqaldırma ilə yanaşı, həmçinin atçılıq idmanında da yenidən təmsil olunmağımızı istərdim.

- Otüstü hokkey bizdə ənənəvi idman növü hesab olunur. Bu idman növünün yenidən bərpası nəzərdə tutulurmu?
- Təəssüf ki, Otüstü Hokkey Federasiyası müəyyən problemlərə görə bağlanıb. Yeni federasiyanın açılması ilə bağlı bu gün yaxşı xəbər verə bilməyəcəyəm. Çünki irəliləyiş yoxdur. Bizdə müasir beşnövçülük və otüstü hokkey istisna olmaqla, bütün Olimpiya idman növləri inkişaf etdirilir.

Zamiq Əliyev Albaniya Superkubokunun qalibi oldu Qazaxıstan Futbol Federasiyasından Azərbaycana dəstək paylaşımı "Neftçi" və "Turan Tovuz"a növbəti cərimə “Araz-Naxçıvan” sensasiyaya imkan verməyib Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub
seeBaxış sayı:70
embedMənbə:https://apasport.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri