“Nazirliyi təhqir edən aktyora susdunuz” AzDrama qalmaqalı
Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Nazirliyi təhqir edən aktyora susdunuz” - AzDrama qalmaqalı
Əməkdar artist Mehriban Xanlarova Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin onun haqqında səsləndirdiyi fikirlərə cavab verib.
Bu barədə aktrisa OLAY-a danışıb. O, açıqlamasında Ələkbərzadə ilə bağlı bunları söyləyib:
“Mehriban Ələkbərzadə, siz AzDrama-nın bədii rəhbəri təyin olunandan bəri teatrı inkişaf etdirmək, sənətə xidmət etmək əvəzinə, şəxsi ambisiyalarınızı ön plana çıxarmaqla məşğulsunuz. Teatrın gələcəyi üçün yox, öz gələcəyiniz üçün gəlmisiniz! Amma unutmayın, teatr aktyorların hesabına ayaqda qalır. Müsavat-a verdiyiniz açıqlamada “Narazı olanlara qapım açıqdır” demisiniz.
Birincisi, əyləşdiyiniz otağın qapısı ikiqat qapıdır! Birini açırsan, o biri bağlanır. Elə bil otağa yox, seyfə girirsən! İkincisi, o qapını siz açmamısınız ki, indi də bizə göstərirsiniz! Yoxsa bu, sizin şəxsi evinizin qapısıdır?! Utanmadan “qapım” ifadəsini işlədirsiniz… Həddinizi aşmayın! O qapıya sizdən öncə başqa bir neçə nəfər də “qapım-qapım” deyirdi. Bəs indi haradadırlar?!
Teatr şəxsi mülkünüzdür?! Bu sözlərinizlə teatrda baş verən haqsızlıqlara qarşı çıxanları açıq şəkildə hədələmisiniz və əsl diktator kimi davranmısınız! Ali qanunlarla idarə edilən ölkənin vətəndaşıyıq, sizinlə hüquqlarımız eynidir! Azad teatrın aktyorlarıyıq, aqressiyanız haqlı olduğumuzu bir daha sübut edir! Lakin unutmayın: AzDrama-nın aktyorları sizə çıxış qapısını göstərə bilər! Necə ki, zamanında bəzilərinə göstərilib! Çünki siz aktyorların hesabına o kürsüdə oturmusunuz! On aktyor bir araya gəlib hazırladığınız tamaşalardan da daha yaxşı bir əsər ortaya qoya bilər və sizsiz də yolumuza davam edə bilərik! Amma siz aktyorsuz heç kimə lazım deyilsiniz! Bütün dünyada teatrlar aktyorların sayəsində mövcuddur! Biz içində AzDrama-nın aktyorlarına qarşı kin və nifrət böyütmüş bir rejissorla işləmək istəmirik! Mehriban Ələkbərzadə media vasitəsilə bizə qapını göstərirsə, siz təsəvvür edə bilməzsiniz ki, teatrın içində nələr baş verir! Bir rəhbər öz sənətkarlarına bu qədər sayğısız və hörmətsiz yanaşırsa, səhnə arxasında hansı haqsızlıqlar baş verir?! Teleqraf.az-a verdiyiniz açıqlamada bildirmisiniz ki, formadan düşənlər, yaşı ötmüşlər, həmişə baş rolda olmağa can atanlar, gənclik illərində ala bilmədiklərini indi əldə etməyə çalışanlar rol uğrunda mübarizə aparırlar. Siz yenə özünüzə yaraşan şəkildə absurd və gülünc danışmısız! Açıq şəkildə bildirirəm ki, nə baş rol, nə də ümumiyyətlə, hər hansı bir rol uğrunda mübarizə aparmıram! Sual verirəm sizə, rol üçün üçün nə zamansa gəlib seyf qapınızı döymüşəm?! Verdiyim müsahibələri oxuyarkən eynəyinizin şüşələrini silin ki, aydın görüb düzgün anlayasınız! Çünki heç vaxt rol davası etməmişəm! Ən əsası isə gənc nəslə qısqanclıqla yanaşmaq kimi bir düşüncəm yoxdur! Əksinə, hər zaman vurğulamışam ki, teatrımızda kifayət qədər istedadlı gənc aktyor və aktrisalar var, səhnədə sözünü deməyə hazır olan ağa və ağabəyimlər mövcuddur! Əgər məqsəd həqiqətən teatrın inkişafıdırsa, ilk növbədə məhz onların potensialını üzə çıxarmaq lazımdır! Onlara dəstək olmaq, yetişməklərinə imkan yaratmaq hər bir teatr rəhbərinin borcudur! Yalnız bundan sonra kənardan aktyor axtarmağın lazım olub-olmadığını düşünmək olar!
Vikipediyamı gedib yaxşı araşdırın! Mən sənətə 18 yaşımda, “Bircəciyim” filmində baş rolda çəkilməklə gəlmişəm! Və məni sizin kimi rejissorlar yox, birbaşa Moskva təsdiq edib! Azərbaycan kino və teatr tarixində Mehriban Xanlarova imzası var və buna nə siz, nə də bir başqası kölgə sala bilməz! Mən bu ölkənin Sarıköynəyi, Zibeydəsi, Anjeli, Sarası, Nayman Anası, Zöhrəsi və daha neçə-neçə unudulmaz obrazlarının yaradıcısıyam! 2018-ci ildə “Manqurt” tamaşasında Nayman Ana obrazına görə Bişkekdə keçirilən “Aytmatov və teatr” festivalında “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olmuşam. Bu mükafat hazırda teatrın muzeyində saxlanılır. Səhnəyə və ekranlara bəxş etdiyim rollar sənət tariximizin ayrılmaz bir parçasıdır! Dəfələrlə ölkəmizdən kənarda, İran və Türkiyədə baş rollarda filmlərə çəkilmişəm və sənətimlə Azərbaycanı layiqincə təmsil etmişəm. Bu, mənim sənət yolumun genişliyini və beynəlxalq arenada qazandığım dəyəri bir daha sübut edir.
AzDrama-nın səhnəsində “Burlaxatun” tamaşasında canlandırdığım obraza şəxsən Ulu Öndər Heydər Əliyev gəlib baxıb, istedadımı yüksək qiymətləndirib və bunun nəticəsində mənə Əməkdar artist adını verib. Daha sonra isə sənətimi Prezident İlham Əliyev dəyərləndirərək məni dəfələrlə Prezident mükafatına layiq görüb. Bu cür dahi şəxsiyyətlərin sənətimə verdiyi dəyərdən sonra sizin fikirləriniz və qiymət verməyiniz mənim üçün heç bir əhəmiyyət kəsb etmir! Zamanında mənə dahi rejissor Şahmar Ələkbərov qiymət verib və mən onun çörəyini yeyirəm! Buna görə də, mənim sənətimə yüksək qiymət versəniz belə, mənim üçün dəyəri sadəcə sıfırdır! Mehriban Ələkbərzadə, yaş məsələsinə gəldikdə isə mənim 60 yaşım yoxdur! 1967-ci ildə anadan olmuşam, yaşla bağlı heç bir kompleksim yoxdur! Məni və mənim yaş qrupumda olanları formadan düşmüş hesab edirsinizsə, o zaman siz 59 yaşınızla məndən əvvəl formadan düşmüsünüz! Sadəcə sizin kollektivə olan laqeydliyiniz o qədər açıq-aşkardır ki, hətta işçilərinizin yaşını belə bilmirsiniz! Sənət heç vaxt yaşla ölçülməz! Sənətkarın dəyəri onun yaşı ilə deyil, səhnəyə verdiyi töhfə, tamaşaçı qarşısında sərgilədiyi peşəkarlıq və sənətə olan sevgisi ilə ölçülür! Buna görə də belə əsassız ittihamlarla teatrda yaranan narazılıqları ört-basdır etməyə çalışmaq nə etik, nə də məntiqlidir! Əslində, bu cür açıqlamalar haqlı olduğumuzu bir daha sübut edir! Və demisiniz ki, Mehriban Xanlarovanın qorxan yaşı keçib. Belə çıxır ki, gəncləri başınıza yığaraq, onları qorxu və əsarət altında saxlamaq istəyiriniz? Teatra gəncləri cəlb etməkdən danışırsınız, amma gedib 40 yaşında aktrisa gətirmisiniz. Bu, açıq-aşkar şəxsi münasibətlərin ön planda olduğunu göstərir. 40 yaş nə zamandan gənc hesab olunur? Əgər həqiqətən gənclərə dəstək vermək istəyirsinizsə, öz teatrımızda olan gənc və istedadlı aktyor-aktrisaların yetişməsinə şərait yaradın, onlara səhnədə yer verin! “Gəncləşdirmə” adı altında yalnız öz maraqlarınıza uyğun insanları seçərək teatrı şəxsi zövqünüzə və münasibətləriniziə uyğun idarə etməyiniz iyrənc bir haqsızlıqdır! Teatr sizin şəxsi ambisiyalarınıza və dost-tanış siyasətinizə xidmət etməməlidir. Əgər bu işin öhdəsindən ədalətli və peşəkarcasına gələ bilmirsinizsə, yerinizi bacarıqlı insanlara verin!
Bədii rəhbər aktyorlar arasında “yaşlı nəsil – cavan nəsil” ayrı-seçkiliyi yaradır və intriqa salır. Bu, idarəetmədəki zəifliyin göstəricisidir və belə yanaşma qəbuledilməzdir! Bu isə o deməkdir ki, rəhbərlik olaraq işinizin öhdəsindən gələ bilmirsiniz! Ən əsası isə əgər teatra gəncləri cəlb etmək istəyirsinizsə, ilk növbədə özünüzdən başlayın və kürsünüzü sizdən qat-qat istedadlı, bacarıqlı gənc rejissorlara verin! Mən həmişə istedadlı gənclərə dəstək verən, onların yolunu açan bir sənətkar olmuşam! Bu gün də eyni düşüncədəyəm və yetişdirdiyim saysız-hesabsız tələbələrim var! Lakin təəssüf ki, teatrın mətbuat katibi tərəfindən yayılan açıqlamada “Bu, yaşlı nəslin qısqanclığıdır” ifadəsi işlədilib. Bu cür yanaşma isə tamamilə əsassız, absurd və gülüncdür! AzDrama-da bədii rəhbər kimi etdiyiniz haqsızlıqları, sizinlə bağlı olan şikayətləri ictimaiyyətə çatdırdığım üçün bunu qəbul edə bilmir və “şou yaratmaq”, “şou qəhramanları”, “rol davası”, “yaşlı nəslin gənclərə qısqanclığı” kimi çeynənilmiş yalanlara sığınırsınız. Lakin bu cür uydurmalar həqiqətlər qarşısında gücsüzlüyünüzün təntənəsidir! Əsl şounu isə teatrın mətbuat katibi Cavid Zeynallı ilə birlikdə məhz siz yaradırsınız! Çünki bədii rəhbər kimi fəaliyyətinizə qarşı olan narazılıqları və şikayətləri ört-basdır etmək üçün bunları “yaşlı nəsilin gəncləri qısqanması” kimi təqdim etməyə çalışırsınız! Unutmayın ki, siz televiziya sahəsindən teatra gəlmisiniz. Buna görə də, televiziyada öyrəndiyiniz şou elementlərini teatrda davam etdirirsiniz. Şou göstərmək mövzusunda siz hər kəsə dərs verə biləcək qədər təcrübəlisiniz. Lakin teatr şou meydanı deyil, sənət məbədidir! Əslində, sizin Ziya Ağanın təhqirlərindən sonra AzDrama-da bədii rəhbər olaraq qalmağınız teatrın 152 illik tarixinə və nüfuzuna zərbədir! Çünki Ziya sizin yetirmənizdir! O, açıq şəkildə Mədəniyyət Nazirliyini və teatrın aktyorlarını, rəhbərliyini ən ağır formada təhqir etmişdi. Amma siz nə etdiniz? Susdunuz! Niyə onun təhqirlərini cavabsız qoydunuz?! Niyə rəsmi iclas keçirib onu bütün teatr kollektivindən üzr istəməyə məcbur etmədiniz?! Çünki o, sizin əziziniz, sevimliniz idi! Bəli, qorxdunuz və səssiz şəkildə aradan çıxdınız. Teatr – sənət ocağıdır! Burada yaradıcı ruh hökm sürməli, aktyorlar və aktrisalar dəyər görməlidir! Amma əgər rəhbərlik sənətkarı dəyərləndirmək əvəzinə, ona qarşı təzyiq göstərirsə, burada nə ədalətdən, nə sənətə olan sevgidən danışmaq mümkündür! İllərimizi, ruhumuzu, qəlbimizi bu teatra həsr etmişik! Hər tamaşa, hər rol bizim üçün bir həyatdır! Teatrın divarları belə bizim üçün nəfəsdir! Amma Mehriban Ələkbərzadə bu teatra gələndən teatrda oksigen çatışmazlığı yaranıb. Teatr sanki zəhərlənib! Öz doğma ocağımızda nəfəs ala bilməmək nə deməkdir?! Mehriban Ələkbərzadə, siz bizi sənətkar kimi deyil, maneə kimi görürsünüz! Bu haqsızlığa susmaq olmaz! Biz səhnədə həmişə ədalət uğrunda mübarizə aparmışıq! Bu gün də o mübarizəni davam etdiririk!
Çünki teatr aktyorların və tamaşaçıların ocağıdır – heç kimin şəxsi mülkü deyil! Mehriban Ələkbərzadə, unutmayın: teatr sizin deyil! Teatr aktyorlarındır! Əgər fəaliyyətinizdə heç bir səhv yoxdursa, açıq iclas təşkil edin! Bütün aktyor heyətini, Mədəniyyət Nazirliyini və bütün media nümayəndələrini həmin iclasa dəvət edin! Əks halda, biz AzDrama-nın önündə aksiya keçirməyə məcbur qalacağıq! Biz sözümüzü səhnədə demişik, lazım olsa, küçədə də deyəcəyik! AzDrama-nın səhnəsində bədii rəhbər tərəfindən dəvəyə belə göstərilən hörmət aktyorlara göstərilmir! Mehriban Ələkbərzadə, inanın ki, əgər dəvənin dili olsaydı, o da sizinlə işləmək istəməzdi! Çünki teatrda dəyər görməyən, sənətinə hörmət edilməyən aktyor üçün səhnə nə qədər ağırdırsa, azadlığı məhdudlaşdırılmış bir canlı üçün zəncir də o qədər ağırdır! Sizə xatırladıram: “Şükriyyə” tamaşasında haqsızlığa boyun əyməyən, sürgünə gedən Zöhrə obrazını mən canlandırmışam! Və bu gün də kollektivimizə qarşı olan ədalətsizliyə susmayacağam! Mən sizin haqsızlıqlarınıza qarşı səsimi ucaltmaqdan nə qorxuram, nə də çəkinirəm! Çünki vəzifə müvəqqətidir, amma əsl sənətkar əbədidir! Zaman keçəcək, vəzifələr, adlar, mövqelər dəyişəcək, amma sənətə olan xidmətim həmişə yaşayacaq. Uzun illər sonra gənclər məni hörmət və rəhmətlə xatırlayacaq, çünki mən haqsızlığa boyun əymədim, sənətimə, teatrıma, tamaşaçılarma sadiq qaldım! Cənab Prezidentimizə və dövlətimizə olan inamım mənə güc verir, buna görə də heç kimin arxasında duran qüvvələr məni qorxuda bilməz! Haqqın səsi hər zaman ucalacaq!”.


