Nə qədər gec deyil, həyəcan təbili vurulmalıdır... Vahid Tağıyev təhsildəki problemlərdən yazır
VAHİD TAĞIYEV,
Təhsil üzrə ekspert
***
1-ci yazı:
Təhsilin prioritet sahə olaraq ilk növbədə aidiyatı qrumlar, şəxslər və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən diqqət mərkəzində saxlanılması gələcəyin hərtərəfli, uğurlu inkişafının qarantıdır!
Təhsilin idarəetmə strukturunda 40 illik fəaliyyətim dövründə zamanla bəzi məsələlərin dalana dirənişini görmüşəm... Sonra, sanki günəşin yenidən döğması ilə hadsiələr öz axarına düşüb...
Son zamanlar, hətta maraqlanmasam da, eşitdiyim bəzi məsələlər qəlbimi göynədir.
İndi yazacağım hadisə əsas məqsədim olmasa da, bir qədər keçmiş illərə boylananda yadıma düşdü. Mənə görə gərgin və çətin olan təxminən 10, 11 il əvvəlki həmin dövrə aid bu əhvalatı xatırlamaq istəyirəm, çünki mənim həyatımda da əsaslı iz buraxmışdır. Həmin vaxtlar rayonda bir məktəbin pedaqoji kollektivinə valideynlər də qoşulmaqla, çox gərgin, qruplaşma yaradılmışdır. Əslində, problemə kənardan təsir edilirdi. Ölkə mətbuatında şikayət və yazışmaların arası kəsilmirdi. Nazirlikdən məsləhət bildilər ki, həmin məktəbdə mənim rəhbərliyim altında hərtərəfli araşdırma aparılsın.
Belə də etdik. Əlbəttə bu formatda tələbkar münasibətlə istənilən məktəbdən nöqsanlar tapmaq olardı. Apardığım monitoriqin nəticələri barədə arayışı təsdiqedici sənədlərlə birgə Təhsil Nazirliyinə göndərdik.
Bir neçə gündən sonra yoxlanılan məktəbin direktorunu, məni və təhsil şöbə müdirini nazirliyin rəhbərlərindən biri qəbul etdi.
Bu həmin vaxtlar idi ki, ərizə verib təhsildən getmək istəyirdim, bəzi bölgələrdə özbaşınalıq, şəxsi münasibətlər proseslərdə həlledici idi, o vaxtlar nə qədər Rayon Təhsil Şöbə müdirləri çinayət məsuliyyətinə cəlb edildi, əksəriyyəti işdən azad olundu. Şəxsən mənim dözə bilmədiyim məqamlar var idi...
Əziz dostum, professor, mərhum Əjdər Ağayev təhsildən getmək üçün ərizə verməyimə qəti etiraz etdi. Şəxsiyyətli insan, akademik, rəhmətlik Abdulla Mehrabov da məni Təhsil İnstitutuna şöbə müdirliyinə dəvət edirdi. Nə isə..
Əhvalata qayıdaq. Bəli, nazirlikdə hər birimizi ayrı-ayrılıqda qəbul etdilər. Sonra məlum oldu ki, təhsil şöbə müdiri bildirib ki, yoxlanılan məktəb direktoru bir gün də qalıb işləməməlidir.
Mənlə söhbətdə rəhbər şəxs dedi ki, niyə belə sərt, çox əhatəli yoxlamısan, açığı arayışı 2 dəfə oxumuşam, çox mükəmməldir. Əlavə etdi ki, digər məktəblərinizi yoxlasaq onlarda belə faktlar yoxdur?
Cavab verdim ki, ədalətli yanaşma həyat prinsipimdir. Ona görə də istəmədən belə kiminləsə fikir ayrılığı yarana bilər. Məsələn, sizinlə də ola bilər, kimlərsə sizə deyər ki, mən obyektiv yoxlamamışam, siz də ora yeni komissiya göndərərsiniz. Ancaq indi əminəm ki, məndən sonra orada əsaslı nöqsan tapmaq mümkün deyil. Qaldı digər məktəblərə, bəli, vəziyyəti bundan da pis olan məktəblər var.
Sonra direktorla görüşdülər. Onunla nə danışdıqlarını məni təkrar qəbul edən rəhbər şəxs özü danışdı. Direktor bildirib ki, arayışla tam razıyam. Mənim haqqımda deyib ki, təhsildə yeganə tanıdığım obyektiv, şəxsi qərəzdən uzaq insandır və s.
Məndən soruşdu ki, həmin məktəbdə ən bacarıqlı, düz adam kimdir, direktorluğu kimə tapşıra bilərik? Mən də dedim bu yoxladığım hamsından daha düz adamdı. Hətta güldü, dedi qəribə adamsan.. Və beləliklə həmin şəxsin qalıb direktor işləməsinə bir il əlavə vaxt verildi.
Görüşdə birdən məndən soruşdu ki, neçə dəfə məcburiyyətdə qalıb rüşvət vermisən? Dedim, yeniyetməlik dövründə bir neçə dəfə yaşayış yerindən arayış alanda hamıya qoşulub bir manat verməyə məcbur olmuşam, başqa bir vaxt olmayıb. Gülərək dedi, bu hal 1, 2 dəfə məndə də olub...
Yola salanda isə rəhbər şəxs mənə dedi ki, get başını aşağı sal, ancaq cəsarətlə də işlərinlə məşğul ol, əleyhinə hər hansı bir fakt olmadığı halda biz həmişə səninləyik... Bunlar həmin vaxt təhsildən ayrılmaq istəyən mənə ikinci, yaxud yeni nəfəs verdi.
Bir müddət sonralar nazirlikdə Thomasla görüşdük. 2 saata qədər onunla söhbətimiz oldu...(Həmin vaxtlar təhsil sahəsində işləyənlər söhbətin kimdən getdiyini bilir). Ensklopedik məlumatlı, bu səmimi insanın yaddaşına, mühakiməsinə heyran qaldım. O, da mənə dedi ki, respublika təhsil ictimaiyyətini bu qədər yaxından tanımağınız çox maraqlıdır.
Mənim yanımda telefonda kiminləsə danışanda bir nəfəri müzakirə etdilər, adı mən də eşitdim, dedi ki, yaxın günlərdə onunla xudhafizləşəcəyik. Telefon söhbəti qurtaranda dedim, adı çəkilən şəxsi mən çox yaxşı tanıyıram. Sistemdə ən saf və öz işin bilənlərdən biridir. Dedi, bəs mənə başqa formada deyirlər axı. Mən də dedim ki, sizə deyən kimsə sağlam adam dedil. Sonra aydın oldu ki, araşdırma aparıb, həmin adamı çağırıb söhbət edib, deyib get inamla işlə. O, yaxın vaxtlara qədər nazirlikdə işləyirdi.
Beləliklə görüşdüyüm şəxslər həmin vaxt faktlarla niyyət və məqsədlərinə məni çox inandırdılar. Tədricən orda dostların sayı artdı. Sonralar həftə ərzində bir neçə dəfə təhsilimizin problemlərini, perspektivlərini onlayın formada müzakirə edirdik. Beləliklə Təhsil Nazirliyi kursunun ciddi təbliğatçısına çevrildim, yaxın bir neçə ay öncə təhsildən ayrılana qədər də mövqeyim sabit olaraq qalıb.
Respublikanın harasında baş verməsindən asılı olmayaraq kim bir neqativ haldan danışırdısa, deyirdim buyurun, dəqiqləşdirin, əsaslandırın sizinlə birgə sona qədər aydınlıq gətirməyə hazıram. İndi bunu demək mümkündürmü?
Son illərdə bəzi sürüşmələri, hədəflərin qeyri- müəyyən olmasını müşahidə etsəm də...
***
2-ci yazı:
Birinci yazıda xatirələr üstələdi, sonda əsas mövzudan ayrıldım...
Son 10 il ərzində təhsil sistemində böyük mücadilə ilə formalaşmış dəyərlərdən axrıncı iki il ərzində bəzi uzaqlaşmaları, hədəflərin qeyri- müəyyənliyini müşahidə etsəm də, sosialda danışmamağa çalışırdım...
Ancaq hazırkı gedişatdan şübhələnirsən ki, sanki təhsil prioritet sahə olmaqdan çıxır...
Təhsilin təəssübkeşliyi şəxsən mənə doğmalarıma münasibətim qədər əzizdir. Həyatını varlığı ilə təhsilə həsr edən insanlar çox dəyərli olub dərin ehtirama layiqdir! Təhsilimizdə heç vaxt indiki sayda və keyfiyyətdə istedadlı, bacarıqlı müəllim və məktəb rəhbəri olmayıb. Qalır onlarla prosesin təşkili və idarə edilməsi. Təhsildə daha nöqsan axtarışı lazım deyil, hər şeyi hamı bilir.
İlk növbədə aşağıdakı suallara cavab verilməlidir:
1). Hazırda təhsilimizdə hədəf, məqsəd nədir, hansı islahat həyata keçirilir? Neynəmək istədikləri başa düşülmür. Bunların bir ardıcıllığı, hekayəsi varmı? Bu suallara cavab verən, xalqın qarşısına çıxa bilən biri varsa, bu məsələlərə aydınlıq gətirilməlidir;
2). Təhsilin əsas, geniş bir sahəsi ümumi təhsil sistemidir. Ölkə təhsilini idarə etməli olan qurumda- Agentlikdə (şəxsən mənim illərlə bu rəhbərliyə böyük inamım olub) umumi təhsili bilən kadrlar nə vaxta qədər olmayacaq? Belə vəziyyətdə bu böyük, geniş sahəyə necə rəhbərlik edilir? Buna nə ad vermək olar? Agentliyin kadr potensialı nazirliyin ümumi təhsilə olan movqeyinin göstəricisi sayılmalıdırmı? Belə yanaşmanın məntiqi nədir?
3). Həmişə olduğu kimi, xüsusən də, son illərdə artan bir templə Azərbaycan xalqının təhsildən gözləntiləri, valideynlərin övladlarına mükəmməl təhsil vermək istəyi uğrunda mücadiləsi hörmətə layiqdir. Uzaqgörən valideynlərin böyük əksəriyyəti həyatını, hər gününü, vaxtını, qazancını buna həsr edir. Ancaq bu mücadilə insanları yorur.. Qısaca ifadə etsək: Təhsil ucun xalqimiz ekzistensial mübarizə aparir! Bunun məsuliyyətini kimlər daşıyır?
4). Artıq təhsili repetitorlarsız təsəvvür etmək mümkün deyil. Məktəbin funksiyası hərtərəfli olaraq dağılmağa doğru gedir. Dövlət məktəblərini bu qədər nüfuzdan salmaq, aşağılamaq nə deməkdir? Təhsilin taleyi, şagirdlərin tərbiyəsi, dünyagörüşü məsələləri artıq məktəbdə həll olunmur. Tərbiyə mühitinin pozulması, yeni yetişən nəsilin tərbiyəsini taleyin ümidinə buraxmaq gələcəkdə sosial mühitdə nə kimi fəsadlar verəcəyinin görməzlikdən gəlməyə kim cavab verməlidir?
Məktəblərdə tərbiyəvi mühitin, təlim- tərbiyə prosesinin təşkili, gedişi, real vəziyyətin öyrənilərək təhlil edilməsi, nöqsanların vaxtında aşkar edilərək ümumiləşdirib, aradan qaldırılması istiqmətində kollektivlərə inkişafetdirici tövsiyələr verilməsi, kömək edilməsi kimi fəaliyyət və yaxud hər hansı bir istək hiss olunmur.
5). Təhsilimizin gözü, daha böyük rəqabət mühiti olan Bakı məktəblərində bəzi istisnaları çıxmaqla (ayrı- ayrı direktorların qətiyyətli mövqeyi hesabına qorunmaqla) əsasən təhsil mühiti pozulmuşdur, yuxarı siniflərdə şagirdlərin dərsə gündəlik davamiyyəti, son iki ildə direktor və müavinlərin təyinatı hansı prinsiplərlə təşkil olunur?
6.) Sadalanan məsələlər baxımından regional idarələrdəki vəziyyət də ürəkaçan deyil. Regional idarələr yarananda kadr seçimi kimi müəyyən işlər məsuliyyətlə yerinə yetirildi. MMRTİ- nin fəaliyyəti bu baxımdan gözüm önündə olub.
Ancaq sonralar məlum oldu ki, regionlar da tərbiyə, tədris prosesinə girişə bilmirlər. Mən bununla bağlı narahatlığımı səmimi olaraq aidiyyəti üzrə üst qurumda aparıcı şəxslərə bildirdim, cavab belə oldu ki, bu vəziyyət bizi qane edir, minimum tələblərə cavab verilir. Bütün təhsil sistemində güc nümayişi, yaxud öz təsirini saxlamaq üçün məktəblərdə təhsilə birbaşa aidiyyəti olmayan texniki məsələlərin araşdırılması aparılır, kiminsə şikayəti ilə məktəblər yoxlanılır.
Regional idarələr harada yoxlama aparırsa, mütləq orada məktəb direktoru iş təcrübəsindən, nüfuzundan, məktəbin göstəricilərindən asılı olmayaraq cəzalanmalı, işdən çıxmalıdırmı?Bu psixoloji gərginlik, dəyər verməmək digərləri üçün heç də yaxşı nümunə vəd etmir.
Sonda hesablanır ki, nə qədər məktəb rəhbəri cəzalandırıldı, işdən azad edilib, bunun siyahısı toplanır. Bu rəqəmlərin dili ilə hesabat verilir ki, nə qədər çalışırıq, tədbir görülür, yenə də düzəlmir ki, düzəlmir...
7) 5 nəfər orta yaşlı, təcrübəli təhsil işçisini bir yerə toplayıb, şəxsi münasibətlər zəmnində yarım saat ərzində respublikanın müxtəlif regionları ilə əlaqə saxlayaraq ümumi mənzərəni obyektiv şəkildə ortaya qoymaq mümkündür. Çünki hamının dostu, tələbə yoldaşı, müxtəlif əlaqələri hər yerdə var. Son bir ilin, xüsusilə, son ayların müşahidələri göstərir ki, regionallar daha çox sərbəstləşib, toxunulmazlıqlarına əminlikləri artıqca neqativ hallara yol açılır. Neqativ hallar haqqında bu qədər yayılan məlumatların hamsı şaiyədirmi?
Ümumiləşdirilmiş şəkildə ifadə etsək, yoxlanılan, tələb edilən işlərin isə təhsilin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Regionlarda yaxşı təhsilli mütəxəsislər çoxdur, sadəcə fəaliyyət istiqamətləri düzgün qurulmayıb. Məktəblər əlavə, lazımsız sənədlərlə yüklənməsə, vaxtları boş şeylərlə alınmasa, onlara sərbəstlik verilsə, əminəm ki, məktəbin idarəetmə funksiyalarını, o cümlədən keyfiyyətin monitorinqini təşkil edə bilən xeyli sayda bacarıqlı məktəb rəhbəri var.
Mikayıl Cabbarov dönəmindən başlayaraq (Thoması yada salaq) sosial platforma vasitəsi ilə narazılıq doğuran məsələlərə nazirlik tərəfində necə həssaslıqa yanaşılır, aydınlıq gətirilir, məsuliyyət hissinin artırılmasının şahidi olurduq. İndi niyə bu və ya digər formada qarşıya çıxan problemlərə, məsələlərə aydınlıq gətirilməsi təşkil olunmasın? Düzəltmək istəyən nöqsanların bildirilməsinə də açıq olmalıdır.
9). Rayonlarda təhsilin keyfiyyətini yüksəltmək üçün rayon təhsil sektorunun heç bir səlahiyyəti yoxdur, sadəcə rayonda informasiya ötürücülük rolunu yerinə yetirir. İndiki halda onlardan ciddi, nəsə ummaq doğru deyil.
10). Son illərdə əsassız yerə müəllimlərin tənqid edilməsi, aşağılanaraq ictimai formada qamçılanaraq günahkar obrazına çevrilməsinə son qoyulmalıdır. Müəllimin nüfuzu yüksəldilmədən ondan keyfiyyətli nəticə tələb etmək olmaz. Təsadüfi deyil ki, İnkisaf strategiyasında təhsilverənlərin nüfuzunun yüksəldilməsi əsas vəzifələrdən biri kimi nəzərdə tutulub.
Bəlkə fikirlərim bir az geniş, ya çox oldu. Ancaq real vəziyyət belədir ki, təhsilimizin inkişafı yolunda əldə edilən uğurları inkişaf etdirmək, təhsilimizin qeyri- müəyyən istiqamətlərdə uçuruma doğru getməsinin qarşısını almaq üçün təhsil idarəetmə orqanları, cavabdeh şəxslər əsas hədəfləri düzgün seçməli, xüsusilə ümumtəhsil məktəblərində tərbiyə məsələlərini, pedaqoji presesin keyfiyyətli təşkili, ona nəzarət və kömək etmək mexanizmini düzgün qurmalıdır. Təhsilimiz geriyə dönüş halı mümkün olmayan bir həddə qədər gedib çıxmamalıdır...
P S: 8 gündür indi "dəbdə" olan yataq xəstəsiyəm. Görünür, tezliklə sağalıb ayağa durmasam, bu kimi düşüncələr əl çəkməyəcək. Hər kəs də fikirlərimi öz arşını ilə ölçüb, başa düşəcək...
Fikirlərim, təkliflərim xoş məramlı, təhsilimizin daha yaxşı olması niyətli ilə ümumi - tənqidi yanaşmadır...
MİA.AZ