Icma.az
close
up
RU
Nəzrinin ölümü ən çox Sənan doktoru sarsdı Pərviz Aslanov

Nəzrinin ölümü ən çox Sənan doktoru sarsdı Pərviz Aslanov

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb üzrə fəlsəfə doktoru, otorinolarinqoloq, rinoplastika üzrə cərrah Dr. Pərviz Aslanovdur.  Müsahibimizlə gündəmin əsas mövzularından olan həkim peşəsi, xəstə ölümləri və Dr. Sənan Mehdiyevin həbsi ilə bağlı söhbət etdik. 

Peşəkar cərrah Dr. Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi  tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Hazırda “Harmony Health Hospital”da fəaliyyət göstərir.

“Unikal” yazını təqdim edir:

-Dr. Sənan Mehdiyevi necə həkim kimi tanıyırsınız?

-Sənan Mehdiyevlə 10 il Respublika Klinik Xəstəxanasında bir şöbədə çalışmışam. O, rinoplastika (burunun plastik cərrahiyyəsi) sahəsindəki yenilikləri yaxından izləyən, bir neçə xarici ölkədə kurs və konfranslarda iştirak edən, ümumilikdə daim özü üzərində çalışan bir cərrahdır. Ölkədə say olaraq da, ən çox rinoplastika əməliyyatını icra edən həkimdir.

Dəfələrlə Dr. Sənanla bərabər əməliyyat edən bir cərrah kimi deyə bilərəm ki o, savadlı, məsuliyyətli və peşəkar bir həkimdir. Amma bəzən ən mükəmməl hazırlaşdığımız, bütün tibbi proflaktik tədbirləri gördüyümüz halda belə arzuolunmaz nəticələrlə qarşılaşa bilirik.

-Xəstə ölümü niyə baş verir?

-Heç bir həkim xəstəsinin ağırlaşmasına sevinmir. Əksinə onunla birgə üzülür, məhv olur, sınır. Tibbdə heç vaxt 100 faizlik nəticə yoxdur. Bəzən hər şeyə rağmən alınmır, gücün çatmır, fəsadlaşmanın qarşısını almaq səndən asılı olmur...

Rinoplastika planlı əməliyyatdır. Dünya təcrübəsinə də baxsaq görərik ki, bu əməliyyatdan sonra ölüm təyyarə qəzası qədər nadir rast gəlinən hadisədir. Sənan doktorun həkimlik fəaliyyətində uğurlu əməliyyat nümunələri saysızdır. Rinoplastika estetik cərrahiyyə əməliyyatıdır və hər bir əməliyyat özünə məxsus risklər daşıyır.

Həkim pasiyentə fərdi yanaşır, əməliyyatın nəticələrini daha da yaxşı etmək üçün müasir texnalogiya və təcrübələrdən istifadə edir. Lakin bütün əməliyyatlarda olduğu kimi fəsad və ağırlaşmaların az olmasına baxmayaraq, həmişə risklər qaçılmazdır. Ən vacib məqam komplikasiyaların səbəbləri və bunların necə idarə olunmasıdır. Ölümün səbəbi həmişə əməliyyatla bağlı olmaya bilər və bunun müəyyən edilməsi üçün daha ətraflı tibbi qiymətləndirmə tələb olunur. Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır.

-Rinoplastika əməliyyatının hansı mümkün riskləri var?

-Rinoplastika estetik və funksional məqsədlə icra olunan burun əməliyyatıdır. Hər bir cərrahiyyə əməliyyatı kimi rinoplastikada da risklər var. Bunlardan bəzilərini qeyd etmək istəyirəm. Əməliyyat sonrası infeksiya əsasən antibiotiklərlə müalicə olunur. Burun qanaxmaları adətən çox cüzi olur, sürətlə dayandırılır. Nadirən buruna tampon qoyulur. Anesteziya ilə əlaqəli risklər, ürək ritminin pozulması və ya tənəffüs problemləri kimi hallar da mümkündür. Burun estetikası ilə bağlı əməliyyatdan sonra psixoloji dəyişikliklər də yarana bilər. Pasiyentlər gözlədikləri və ya mümkün ola bilməyən nəticənin əldə etmədikdə, bu onların emosional vəziyyətinə təsir göstərə bilər.

Son olaraq allergik reaksiyaları qeyd etmək istəyirəm. Xəstə müəyyən dərmanlara, gipsə və digər tibbi materiallara qarşı allergik reaksiya verə bilər. Həkimlər əməliyyatdan əvvəl pasiyenti risklər barədə tam məlumatlandırır. Hətta müəyyən yazılı sənədləri oxuyub imzalamaq üçün təqdim edirlər.

-Hansı hallarda əməliyyat ağırlaşmasına görə həkim məsuliyyət daşıyır?

-Cərrahın əməliyyatdan sonra pasiyentin sağlam şəkildə xəstəxanadan çıxmasını təmin etməsi və sonradan baş verən ağırlaşmalara görə məsuliyyət daşıması çox hallarda əməliyyatın gedişi, postoperativ baxım, pasiyentin tibbi vəziyyəti və komplikasiyaların növü ilə bağlıdır.

Əgər komplikasiyalar əməliyyatdan sonra düzgün müalicə və izləmə ilə bağlıdırsa, cərrah məsuliyyət daşıya bilər. Lakin bəzi hallarda pasiyentin əməliyyat sonrası izləmə dövründə və ya evə getdikdən sonra etdiyi yanlış hərəkətlər, eləcə də digər amillər komplikasiyalara səbəb ola bilər və bu hallarda cərrahın məsuliyyəti olmur. Bu cür məsələlərdə mütləq hüquq və tibb mütəxəssisləri ilə məsləhətləşmək vacibdir.

-Dr. Sənan Mehdiyevin həbsi ilə bağlı nə demək istəyərdiniz?

-Mən deyərdim ki gözəl balamız Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb. Heç bir həkim belə bir hadisənin baş verməsini istəməz. 20 minə yaxın əməliyyat etmiş bir cərrahın səhv etməyi mümkünsüzə yaxındır. Ekspertiza rəyi tam hazır olmadan həbs olunması isə bütün həkimləri məyus edib.

Sənan Mehdiyevin həbsi ilə əlaqədar vəkillərin dediyinə görə ekspertiza qarşısında qoyulan 9 sualdan 6-sına hələ cavab verilməyib. Əməliyyatdan bir gün sonra kafi vəziyyətdə evə gedən Nəzrin təcili tibbi yardım həkimlərinin ev şəraitində vurduğu dərmanlar, başqa həkimlərin təyinatı, digər klinikada aparılan müalicə ilə bağlı məlumatsızıq.

Ev şəraitində xəstəyə sistemlər qoşulub, təyinatı kimin verdiyi açıqlanmır. Baş ağrıları olan Nəzrinin vena daxilinə yeridilən dərmanlardan sonra vəziyyəti daha da ağırlaşıb.

Məncə mərhumun patoloji anatomiya müayinəsində Sənan həkimin də iştirakı təmin olunmalıydı. Dünya təcrübəsində ölüm səbəbini araşdıran həkim qruplarında müvafiq ixtisas sahibləri mütləq şəkildə iştirak edir.

Kompüter Tomoqrafiyada (KT) müayinəsinə görə hipoksik beyin ölümü baş verib, beyin ölümünün səbəbi isə təbii rinoplastika deyil. Ölkəmizdə cərrahi əməliyyat zamanı məsuliyyətin yalnız cərrahın üzərinə düşməsi adi haldır və səhvdir. Əməliyyat bir komanda işidir. Xəstəxana, laboratoriya, sterilzasiya, əməliyyatxana, reanimasiya, bir sözlə bütün tibbi personal məsuliyyəti bölüşməlidir.

Mənə elə gəlir ki, məhkəmə tibbi eskpertizanın yekun rəyi bütün suallara tam aydınlıq gətirəcək.

-Hansı hallarda rinoplastika əməliyyatından sonra ölüm baş verə bilər?

-İlkin rəydə alın sümüyündə sınıq olması haqqında deyilib. Lakin KT-də nəticə belə qeyd olunub: “Kəllə sümüklərində sınıq və destruksiya izləri müşahidə olunmur”. Burun və kəllə sümüklərinin sınığı nəticəsində mütləq ölüm olur deyə bir şey də yoxdur. Və ya ölüm meningitdən olubsa, yenə cərrahı günahlandırmaq düzgün deyil. Cərrah meninqokları cibindən çıxarıb xəstənin kəllə boşluğuna keçirməyib. Baş-beyin, ağız boşluğu əməliyyatlarından sonra pasiyentlərdə bakteriemiya, septisemiya, septik şok kimi ağırlaşmalar ola bilər.

Meningit, sepsis, septik şok kimi ciddi səbəblərdən qısa müddətdə ( 3-5 gün ərzində) ölüm baş vermir. Adətən belə qısa müddətli ölümlərin səbəbi tromboz, trombemboliya olur. Klinik gedişat tromboza uyğundur. Tromboz cərrahi ölümlərin 2% təşkil edir və bundan kimsə sığortalanmayıb.

Ümumiyyətlə pasiyentin əməliyyatdan sonra öz ayağı ilə xəstəxanadan çıxışı əməliyyatın uğurlu nəticələndiyinin sübutudur. Cərrahın peşəkarlığına və etik dəyərlərinə uyğun olaraq heç bir əməliyyat risksiz deyil, önəmli məqam həkimin öz sahəsində ən yaxşısını təqdim etməsi və pasiyentə yüksək keyfiyyətli tibbi xidmət göstərməsidir. Qeyd edim ki, əməliyyat sonrası ağırlaşmalar dünyanın hər yerində var.

-Sənan doktorun həbsi həkimlərin ciddi etirazına səbəb oldu.

-Ümumiyyətlə qeyd edim ki, Azərbaycanda həkim  işləmək  özü bir qəhrəmanlıqdır. Müraciət edən  pasiyentlərin  çoxu həkimdən zəmanət tələb edir. Bu hadisə ilə bağlı aparılan müzakirələrdən də görünür ki, baş verən hadisə Azərbaycan həkimində bir ruh düşkünlüyü yaradıb. Hər gün  yüzlərlə həkim Sənan doktorun həbsini pisləyir, ağır xəstəni əməliyyat etməkdən çəkindiklərini və bir gün özlərinin də həbs olunma təhlükəsindən yazırlar. Bu çox mənfi bir  tendensiyadır. Baş verən hadisə ciddi araşdırılmalı, ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi.

Əgər dünya və Avropa təcrübəsinə baxsaq,  məsələn Avropa qanunlarına əsasən Konvensiya 3-cü şəxslərə qarşı cinayət işinin qaldırılmasını tələb etməsə də,  2-ci maddə ( yaşamaq hüququ ) yaradılması tələb olunan effektiv məhkəmə sistemi cinayət hüququna müraciət tələb edə bilər,  bəzi hallarda isə etməlidir. Lakin əgər yaşamaq  hüququnun pozulması qəsdlə əhatə olunan əməllərin nəticəsində baş verməyibsə, 2-ci maddə ilə nəzərdə tutulan effektiv məhkəmə sisteminin yaradılmasına dair pozitiv öhdəlik hər bir halda cinayət hüquqi vasitələrdən istifadəni tələb etmir.

Konkret olaraq, Almaniyada bir həkimin həbs olunması üçün tam araşdılıma aparılmalı və sübut olunmalıdır ki, həkim  tibbi standartları pozub  və ya onun hərəkətləri məqsədli olub ( məsələn xəstənin vəziyyətin gizlətmək). Hətta belə hallarda qərar çıxana kimi həkim nəzarət altında və ya məhdudiyyətlə  işləməyə davam edə bilər. Bu hadisə ilə bağlı araşdırma edərkən indiyədək  dünya praktikasında cərrahi ağırlaşmaya görə hansısa həkimin həbsi ilə bağlı heç bir fakta rast gəlmədim.

-Möcvud vəziyyət belə davam edərsə, nə ilə nəticələnə bilər?

-Əgər həkimlərin hüquqları qorunmasa,  hər il xarici  ölkələrə  üz tutan həkimlərin sayı daha da arta bilər. 2022-2023-cü  illərdə 3000-ə yaxın Azərbaycanlı həkim Almaniyada çalışmaq üçün bütün baryerləri  keçib. 2024-cü ilin nəticəsi bu il açıqlanacaq. Ən pis halda Azərbaycan Tibb Universitetini  bitirən kimi uzmanlıq təhsili üçün Türkiyəyə gedirlər və böyük əksəriyyəti geri qayıtmır. Bütün bunları nəzərə alaraq həkimlərin hüquqlarını qoruyan  peşəkar təşkilatlar yaradılmalı, həkimlərin peşə məsuliyyətinə dair sığorta sistemi tətbiq olunmalı və digər əməli addımlar da atılmalıdır.

-Son olaraq nə demək istəyərdiniz?

-Sonda Sənan Mehdiyevə ədalətli qərarın veriləcəyinə inanırıq. Mən burdan media mənsublarına diqqətli olmağı xahiş edirəm. Nəzərə alaq ki, kampaniyaçılıq həmişə obyektivlikdən uzaq olub. Xəstəxanalarda baş verən hadisələrdən yazmaq, paylaşmaq, reytinq toplamaq xətrinə etdiyiniz haqsızlıqla bir gün həkimə ehtiyacınız olduğu zaman həkim tapmayacaqsınız.

Biz Azərbaycan həkiminin peşəkarlığını, fədəkarlığını, vətənpərvərliyini dəfələrlə, xüsusi ilə də Covid dövründə və II  Qarabağ savaşında görmüşük. Doktorlarımıza qarşı bu haqsızlığı etməyək...

Qeyd: Dr. Pərviz Aslanov rinoplastika və burun patologiyalarına aid bütün əməliyyatları yüksək səviyyədə icra edən mütəxəssisdir. Maraqlananlar həkimlə (055) 601-50-50 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/drparvizaslanov feysbuk, drparvizaslanov instaqram və  https://www.youtube.com/@PervizAslanov yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.


seeBaxış sayı:74
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri