Nikol Paşinyan illər əvvəl hansı “ölümü seçmişdi”?
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Yaxud Ceyhun Bayramovun dediklərinin izi ilə...
“Siz istəyirsiniz ki, məni öldürsünlər?”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində belə bir ritorik sualı vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə ünvanladığını bildirib.
C.Bayramov onu da deyib ki, sualın səsləndiyi görüş Azərbaycan və Ermənistan liderlərinin ilk təmasından, təxminən, 6 ay sonra ATƏT-in keçmişdə qalmış Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə gerçəkləşmişdi. Halbuki, 6 ay əvvəl, yəni 2018-ci ilin sentyabrında Düşənbədə Paşinyan başqa söz demişdi. O, Prezident İlham Əliyevdən, bir növ, möhlət istəmişdi. C.Bayramov vurğulayıb ki, Nikol həmin vaxt hakimiyyətə yeni gəldiyini, onun üçün çətinlik yarandığını, bəlli bir vaxt lazım olduğunu, münaqişənin həlli üçün lazımi addımları atacağını söyləmişdi. Bütün bunlardan isə bir neçə nəticə hasil olunur. Amma onlara keçməzdən əvvəl bəzi məqamlara nəzər salaq.
***
Məlum olduğu kimi, N.Paşinyanın ictimai-siyasi fəaliyyətinin müəyyən hissəsi jurnalistika ilə bağlıdır. Xüsusən 1990-2000-ci illər. O, “Oragir”, daha sonra isə “Haykakan Zhamanak” qəzetinin baş redaktoru olmuşdu. Nikolun həmin dönəmdə Qarabağla bağlı bildirdiklərində başlıca xətt bu idi ki, Ermənistan rəhbərləri, xüsusən Robert Koçaryan və Serj Sarkisyan Qarabağ məsələsindən daxili siyasi məqsədlər naminə yararlanırlar. Münaqişə hər iki dövlət başçısı üçün ölkənin sosial-iqtisadi böhranını ört-basdır edən amildir.
Bununla belə, Paşinyan “Artsax xalqının öz müqəddəratını təyinetmə haqqı” prinsipini dəstəklədiyini dilə gətirirdi. “Qarabağ məsələsi Ermənistanın əsas bəhanəsinə çevrilib. Amma Qarabağ xalqının azad yaşamaq haqqı danılmazdır”, - deyən N.Paşinyan müxalifət lideri kimi aktiv siyasətə qoşulduğu vaxtlarda da Qarabağ probleminə dair mövqeyini bir elə dəyişmədi. Məsələn, Nikol bildirdi ki, Qarabağ Ermənistanın tərkib hissəsi olmasa da, ölkənin təhlükəsizliyi baxımından vacibdir.
Beləliklə, Paşinyan beynəlxalq hüquqla “Artsax xalqı” ritorikası arasında balanslı xətt tutdu. Ən başlıcası isə o, 2015-ci ildə deputat kimi parlamentdə çıxış edərkən bildirdi ki, Ermənistan Qarabağın (orada mövcud olmuş, əslində, separatçı mahiyyət daşıyan hakimiyyəti nəzərdə tutaraq – red.) adından danışa bilməz, münaqişə “Artsax xalqı” ilə Azərbaycan arasında müzakirə olunmalıdır.
Əlbəttə, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl hərbi ritorikanın əleyhinə idi. Məsələn, o, 2016-cı ilin Aprel müharibəsindən sonra bildirmişdi ki, “müharibə heç kimin xeyrinə deyil. Biz gənclərimizi itiririk, amma sülh üçün real yol açmırıq”. Nikol, həmçinin sülhün kapitulyasiya olmadığını da vurğulamış, kompromisin mümkünlüyü ideyasını ortaya atmışdı.
Bir sözlə, Paşinyan 2018-ci ilin “məxməri inqilabından” əvvəl Qarabağ məsələsində qəti bir güzəşt təklifi irəli sürmürdüsə də, “sülhə hazırlıq” və xalqla açıq dialoq zərurətindən söz açırdı: “Əgər biz Qarabağ problemini gələcək nəsillərə ötürmək istəmiriksə, sülhə hazırlıq indi başlamalıdır”.
Bir məqama da diqqət yetirək. N.Paşinyan 2022-ci ildəki, yəni 44 günlük müharibədən sonrakı çıxışlarının birində demişdi ki, 2018–2019-cu illərdə Ermənistanın bütün dostlarının ölkənin Qarabağın ətrafındakı yeddi rayonu qaytarmasını və Qarabağın statusu ilə bağlı mövqeyini yumşaltmasını gözlədiklərini ictimaiyyətə demədiyi üçün özünü günahkar sayır. Elə isə əvvəldə haqqında söz açacağımızı vurğuladığımız nəticələrə keçid alaq. Daha doğrusu, bilavasitə Paşinyanın Prezident İlham Əliyevə ünvanladığı ritorik sualdan qaynaqlanmış məqamlara.
***
Heç şübhəsiz, N.Paşinyan hakimiyyətə gələndə Qarabağ məsələsində bıçağın sümüyə dirəndiyindən, Azərbaycanın səbrinin tükəndiyindən xəbərdar idi. Hələ bəzi versiyalar var ki, Prezident S.Sarkisyan güzəştlərin qaçılmazlığını görmüş, ona görə sərt mövqe tutmayaraq, hakimiyyətin Paşinyana keçməsi ilə razılaşmışdı. Bir növ, Nikolu “günah keçisi” kimi ortaya atmışdı. Bu iddianı irəli sürənlər Sarkisyanın “Qarabağ kartı” ilə düzgün davranmayacaq Paşinyanı sonradan devirmək niyyətinin olduğunu da vurğulayırlar.
Əlbəttə, bu sayaq versiyalarla çıxış edənlərin mövqeyini birmənalı şəkildə doğru saymaq mümkünsüzdür. Amma bir məqam var ki, müasir Ermənistan “Qarabağ kartı” üzərində qərarlaşmış ölkədir. Otuz ilə yaxın müddətdə də məhz Qarabağ amili Ermənistanın siyasi-ideoloji xəttinin əsasını təşkil etmişdi. Elə indinin özündə də ölkənin tam şəkildə Qarabağ avantürasından xilas olduğunu söyləmək mümkünsüzdür. Bu mənada Paşinyanın Prezident İlham Əliyevə 2019-cu ildə dediyi, C.Bayramovun isə verilişdə xatırlatdığı məqamı doğru saymaq mümkündür.
Məsələ ondadır ki, “demokratiyanın qladiatoru” kimi hakimiyyətə gəlmiş Paşinyan gördü ki, Qarabağ məsələsi Ermənistan siyasi həyatına hopub. Təsəvvür edin, “qladiator” birdən-birə deyir ki, ölkəsi işğalçıdır və tutduğu əraziləri geri qaytarmalıdır. Nəzərə alaq ki, hakimiyyətə gəlməzdən əvvəl Qarabağ məsələsi ilə bağlı, yuxarıda vurğuladığımız kimi, müəyyən güzəşt ritorikasından söz açan Nikolun mövcud istiqamətdə konkret baxış platforması yox idi. Onu hakimiyyətə gətirən amil də güzəştlərə hazırlığı yox, erməni xalqının Sarkisyanın timsalında xunta rejiminə nifrəti idi. Paşinyan həmin nifrəti siyasi dividendə çevirərək üstünlük əldə etmişdi. Deməli, onun Prezident İlham Əliyevə ünvanladığı ritorik sualında məntiq var idi. Çünki güzəşt ölümə bərabər şey idi. Amma hansı ölümə?
Suala cavab üçün ikinci nəticəyə keçid alaq və Paşinyanın ritorikasının başqa bir tərəfi üzərində dayanaq. Məsələ ondadır ki, 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” ciddi sistem dəyişikliyi doğurmadı. Nikol başının dəstəsi ilə əvvəl Koçaryanın, sonra Sarkisyanın oturduğu kabinetin yumşaq kreslosunda oturdu. O kabinetdə ki, loru dildə desək, ondan ayağını bayıra qoyanda ətrafda Koçaryan-Sarkisyan xuntasının yetişdirdiyi şəxslər çoxluq təşkil etdiklərini gördü. Hakimiyyətdəki vacib rıçaqlar da onların əlllərində cəmləşmişdi. Belələrinin hara bağlı olduqları isə hər kəsə yaxşı bəllidir...
Mövcud durumda “demokratiyanın qladiatoru” Qarabağ məsələsində “yenilik” etmək qərarına gəldi. Nəticədə meydana “Qarabağ Ermənistandır nöqtə” bəyanatı çıxdı. Bu bəyanat nə Ermənistanın həmin vaxtadək aparılmış Qarabağ danışıqlarındakı mövqeyi, nə də Paşinyanın hakimiyyətə gəlməzdən əvvəlki Qarabağ düşüncəsi ilə uzlaşırdı. Bu yerdə Ermənistanda Qarabağ məsələsində güzəşt tərəfdarlarının nə zaman olduğuna diqqət yetirək.
***
Deməli, 1993-cü ildə Qarabağ müharibəsində uğur qazanmış ölkəyə birinci prezident Levon Ter-Petrosyan rəhbərlik etmişdi. O Levon Ter-Petrosyan ki, 2022-ci ildə Paşinyanın yuxarıda diqqətə çatdırdığımız fikrinə bənzər fikri 1996-cı ildə dilə gətirmiş və demişdi ki, beynəlxalq ictimaiyyət Ermənistanı dəstəkləmir, ondan güzəşt gözləyir. Birinci prezident onu da demişdi ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın gələcəyi baxımından vacibdir.
Lakin tədbirli siyasətçi olan L.Ter–Petrosyan sözün hər iki anlamındakı ölümdən qorxdu və istefa vermək məcburiyyətində qaldı. Onun gedişindən sonra müasir Ermənistan dövlətini var edən ideyanın – bilavasitə Qarabağ avantürasının daşıyıcıları hakimiyyətə yiyələndilər. Söhbət Robert Koçaryanın iqtidarı ələ keçirməsindən gedir. Bu, 1998-ci ildə baş vermişdi.
Lakin həmin vaxt Ermənistandakı siyasi quruluş elə idi ki, “Qarabağ klanı” tam şəkildə söz sahibi deyildi. Azərbaycanla danışıqlarda güzəşt tərəfdarları iqtidarda qalırdılar. Məsələn, Ermənistan parlamentinin spikeri Karen Dəmirçyan və ölkənin baş naziri Vazgen Sarkisyan. Özü də bu şəxslərin cəmiyyətdəki mövqeləri xeyli güclü idi.
“Güclülər” 1999-cu ildə sıradan çıxarıldılar. Həmin ilin oktyabrında Ermənistan parlamentində silahlı terror aktı törədildi. Dəmirçyan və Sarkisyan da daxil olmaqla ümumilikdə 8 yüksək ranqlı şəxs qətlə yetirildi. Beləliklə, Qarabağ danışıqlarındakı müsbət dinamika pozuldu, həmçinin “Qarabağ klanı”nın 2018-ci ilədək davam etmiş mütləq hakimiyyət dövrü başlandı. Klanın isə həmin müddətdə aparılmış Qarabağ danışıqlarında tam manipulyativ mövqe tutduğu hər kəsə yaxşı bəllidir.
***
Sonda yekun nəticəyə gələrək deyək ki, “demokratiyanın qladiatoru” Paşinyanın Prezident İlham Əliyevə 2019-cu ildə verdiyi ritorik sual, əslində, onun siyasi ölümlə fiziki ölüm arasında birincinin xeyrinə seçiminin göstəricisi idi. Dövlətimizin başçısının erməni həmkarına nə dediyinə gəlincə, C.Bayramov: “Prezidentin də buna cavabı belə olur ki, mən, ümumiyyətlə, heç kimin öldürülməsini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalması anlamına gələ bilməz”.
Yəni, Prezident İlham Əliyevin mesajı, təxminən, budur: Sən hər bir halda ölüsən. Nikol “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verəndə siyasi ölümünü bir qədər də dərinləşdirdi. 2018-ci ildən indiyədək Paşinyanı fiziki cəhətdən məhv etmək planları getdikcə daha çox iflasa uğramaqdadır. Üstəlik, onu devirərək siyasi səhnədən uzaqlaşdırmaq yönümlü cəhdlər də səmərəsiz və nəticəsizdir. Yekunda qərarlaşan isə haqq-ədalət və sülhdür. O haqq-ədalət və sülh ki, onu Azərbaycan öz gücü, qətiyyəti və iradəsi hesabına əldə edib.
Ə.CAHANGİROĞLU
XQ
Baxış sayı:80
Bu xəbər 13 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















