Icma.az
close
up
RU
Novruzaqədərki adət və mərasimlər: Unudulmağa qoymayaq! VIII YAZI

Novruzaqədərki adət və mərasimlər: Unudulmağa qoymayaq! VIII YAZI

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Xalqımızın çoxəsrlik tarixi qürur duyduğumuz milli-mənəvi dəyərlərlə, adət-ənənələrlə zəngindir. Onların hər birini xalq zaman-zaman yaratmış, qorumuş, nəsildən-nəslə ötürərək günümüzədək gəlib çıxmasına şərait yaratmışdır. Zəngin adətləri, mərasimləri olan Novruz bayramı da illərin sınağından keçmiş, 70 il sovet dövründə yasaq edilmiş, lakin xalqın evində, həyətində və qəlbində yaşatmaqla qoruduğu adət-ənənələrdən biridir.

70 il sovet imperiyasının müstəmləkəsində olan bir xalq öz tarixini, milli adətlərini, mentalitetini çətinliklərlə üzləşə-üzləşə saxlaya bilmişdirsə, bu onun göstəricisidir ki, həmişə soy-kökünə sadiq olan azərbaycanlılar onu qorumağı bacarmışlar. Hələ imperiyanın 15 müttəfiqindən biri olan Azərbaycanı xüsusi məngənədə saxladığı, 70 ilin hər saatında, anında xalqımıza milli bayramlarını, adət-ənənələrini yasaq etdirməyə çalışdıqları, bunlardan bəhs edənlərin repressiyası kimi geniş mövzulara toxunsaq, deməyə haqqımız daha çox olar ki, Azərbaycan xalqı öz tarixi keçmişini, sözün əsl mənasında, qəhrəmancasına qorumuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra milli dəyərlərimizə verilən qiymət onu millətimiz üçün daha əziz etmiş, illərlə gizli şəraitdə qoruyub saxladığımız bayramların ölkə səviyyəsində, elliklə qeyd olunmasına zəmin yaratmışdır. Ulu Öndərimiz deyirdi: “Elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir”.

Dörd çərşənbə: dünən və bu gün

Vaxt var idi ki, elə ki, kiçik çillə çıxdı, öz yerini boz aya verdimi, Novruzaqədərki çərşənbələrlə yanaşı onların hər birinə məxsus adət-ənənələr də başlayardı. Adına “Yalançı çərşənbə”, “Əzəl çərşənbə” də deyilən Su çərşənbəsi dörd çərşənbənin birincisidir. Onu gəlişi ilə buzlar əriyir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır, hər yer yavaş-yavaş canlanmağa başlayır.

Elə ilk tonqal da bu çərşənbədə çatılardı. Sanki öz istiliyi ilə təbiətin oyanmasına kömək edərdi. Su çərşənbəsində səhər tezdən hər kəs evinə yaxın çay, bulağa gedər, suyun üzərindən atlanıb ağırlığın suya tökər, əl-üzlərini yuyar, evə qayıdarkən çərşənbə suyu gətirər, həyət-bacaya, əkin yerlərinə, toyuq hininə, mal-heyvan saxlanan yerə səpələyərdi ki, il ruzili gəlsin. Həmin sudan dibçək güllərinin də dibinə tökər, evin bəzi yerlərində şüşə qablarda çərşənbə suyu qoyulardı.

Evlərdə şirniyyatlar, yeməklər hazırlanar, axşam bayram süfrəsi açılar, ailə üzvləri süfrə başında toplaşar, şadyanalıqla yeyər-içər, deyib-gülərdi.

Xalq arasında adına “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə” də deyilən Od çərşənbəsinin daxil olması ilə günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində də tonqallar qalayardılar. Hər kəs tonqal başına gələr, tonqalın istisində qışın soyuğunu unudar, deyir-gülər, şənlənərdi.

Od çərşənbəsində evlərdə şirniyyatlar, yeməklər hazırlanar, bayram süfrəsi açılardı. Hər ailə üzvünün adına bir şam yandırılardı. Bayram xonçaları düzəldilərdi.

Qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladar, səməni qoyardı ki, torpaq çərşənbəsinə və Novruz bayramına qədər cücərib boy atsın, evləri, süfrələri bəzəsin.

Üçüncü çərşənbə adı Azərbaycanın bir sıra bölgələrində günümüzdə də “Ölü çərşənbə”si (Qara çərşənbə, Gül çərşənbə) kimi səslənən Yel çərşənbəsidir. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. “Ölü çərşənbə”sində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.

Yel çərşənbəsinin özü ilə birlikdə gətirdiyi yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir, sanki onlara həyat verməyə can atır.

Yel çərşənbəsində də həyətlərdə tonqal yandırılar. Bayram süfrəsi açılar.

Dördüncüsü çərşənbə Torpaqdır. Suyun təbiətə can verməsi, odun isitməsi, yelin onu yenidən hərarətə gətirməsi ilə ana təbiət oyanır, yeni mövsümə-Bahara qədəm qoymağa hazır olduğunu Torpaq çərşənbəsində sanki bəyan edir. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.

Adına İlaxır çərşənbə də deyilən Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilər, özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyardı. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyərdi.

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar.

Axır çərşənbədə evlərdə gözəl süfrələr açılır, şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.

Qız-gəlinlər bu çərşənbənin gəlişi münasibətilə bir neçə gün əvvəl ev-eşikdə təmizlik işlərinə başlayar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, yararlı yerlər əkilər.

Novruz və Novruz adətləri

Çərşənbələr Novruz bayramını gətirir. Novruz isə ölkəmizdə daha təntənəli qeyd olunur. Dörd çərşənbənin hər birinin adətləri və mərasimləri də daxil olmaqla, böyük bir bayramla Novruz-yeni gün qeyd olunur. Baharın gəlişi təntənəli şəkildə qarşılanır.

Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayramda hamı özünə təzə paltar alar, təzə paltar tikdirər, qız-gəlin təzə çəkmə, qırmızı don geyərdi.

Gəlin, Novruz adətlərinə nəzər salaq, görək ki, bu xalq zaman-zaman bir bayram üçün nə qədər ayin, mərasim həyata keçirib, adət-ənənəni yaşadıb:

-Axır çərşənbədə uşağa beşik düzəldərlər.

-Axır çərşənbədə gün çıxmamış su üstündən atlanarlar.

-Axır çərşənbədə tonqal yandırarlar.

-Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.

-Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar.

-Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.

-Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.

-Axır çərşənbədə evdən pul verməzlər.

-Axır çərşənbədə qonşuya ələk verməzlər.

-Axır çərşənbə günü borc un verməzlər.

-Axır çərşənbə günü şam yandırarlar.

-Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.

-Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırarlar.

-Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.

-Axır çərşənbə günü evdən ağartı verməzlər.

-Axır çərşənbə günü zahı üstünə getməzlər.

-Axır çərşənbə günü evdən çörək verməzlər.

-Axır çərşənbə gecəsi tez yatmazlar.

-Axır çərşənbə gecəsi evdə qazan asarlar.

-Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.

-Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana bişmək üçün ət, yaxud düyü və s. tökərlər.

-Axır çərşənbə günü ertədən lampa yandırarlar.

-Novruza hazırlıq görərlər.

-Novruzda həyət-bacanı təmizləyərlər.

-Novruzda evləri şirələyər, paltar-palazı təmiz suya çəkərlər.

-Novruza qədər ağacların dibini bellərlər.

-Novruza qədər ağacların quru budaqlarını kəsib atarlar.

-Novruzda səməni göyərdərlər.

-Novruzda unnuq çəkərlər.

-Novruzda səməni halvası bişirərlər.

-Novruzda niyyət eləyərlər.

-Novruzda Novruz süfrəsi açarlar.

-Novruzda tonqal yandırarlar.

-Novruzda üzərrik yandırıb tüstüsünü mal-qaraya, oğul-uşağa, ev-eşiyə verərlər.

-Novruzda təzə paltar alarlar.

-Novruzda qız-gəlini təzə donla sevindirərlər.

-Novruzda ox atmağa hazırlaşarlar.

-Novruzda at çapmağa tədarük görərlər.

-Novruzda şənliklərə gedərlər.

-Novruzda Novruz xonçası bəzəyərlər.

-Novruzda yumurta boyayarlar.

-Novruzda qəmgin oturmazlar.

-Novruzda Novruz süfrəsi açarlar.

-Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.

-Novruzda qoz, fındıq alar, xonçaya və ya süfrəyə qoz ləpəsi ilə armud qaxı qoyarlar.

-Novruzda səməni göyərtmək düşməyən evə səməni apararlar.

-Novruzda damlarda çalğı düzəldərlər.

-Novruzda qız seçməyə çıxarlar.

-Novruzda qıza mətləb açarlar.

-Novruzda təzə paltar geyinərlər.

-Novruzda küsülü qalmazlar.

-Novruzda qohum-qardaş yığışıb qonaq gedərlər.

-Novruzda nişanlı qıza bayram payı apararlar.

-Novruzda söyüş söyməzlər.

-Novruz axşamı qarğış eləməzlər.

-Novruz günü ata-ananın qəbrini ziyarət edərlər.

-Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.

-Novruzda qeybət qırmazlar.

-Novruzda qohum-qardaşa, tanış-bilişə mehribanlıq eləyərlər.

-Novruz günü alver eləməzlər.

-Novruz günü başqası barədə pis söz danışmazlar.

-Novruzda şirni paylarlar.

-Novruzda atı-iti vurmazlar.

-Novruz günü mollaya getməzlər.

-Novruz günü dua yazdırmazlar.

-Novruz günü evə nərgiz gətirməzlər.

-Novruz günü evdə nərgiz qoymazlar.

-Novruz günü novruzgülü dərərlər.

-Novruz günü təzə yarpız yığarlar.

-Novruz günü ilanı vurmazlar.

-Novruz günü qızlar qırmızı geyinərlər.

-Novruz günü evin sahibi evdə olar.

-Novruz günü sağmal mal-qaranı oxşayarlar.

-Novruz günü dalaşmazlar.

-Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.

-Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.

-Novruz günü xəstə yatanlara pay göndərərlər.

-Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.

-Novruzqabağı qovurğa bişirərlər.

-Novruzqabağı xonça tutarlar.

-Novruzqabağı tüfəngləri silib təmizləyərlər.

-Novruzqabağı yumurta bəzəyərlər.

-Novruzqabağı Novruz şənlikləri düzəldərlər.

Bu adətlərin hər biri bu bayramı hələ İslam dinindən xeyli əvvəl yaratmış xalqın mədəniyyətini, insani hisslərini, təfəkkürünü ortaya qoyur. Və bütün bu adətlər bir daha onu göstərir ki, həqiqətən də Novruz və onu gətirən dörd çərşənbə Azərbaycan xalqı üçün əziz və müqəddəsdir.

Bəs bu adətlərdən indi nə qalıb?..

Çox təəssüf hissi ilə qeyd edək ki, indi küçədə bir sorğu aparsaq, çərşənbələri ardıcıl şəkildə saya bilən az adam tapılar. Və onların adını belə bilməyən insan çərşənbələrə məxsus adətləri haradan həyata keçirəcək?..

Təəssüfedici haldır ki, illər öncəki çərşənbələrdən və Novruzdan çox az bir şey qalıb. Müasir dövrdə yeni-yeni bayramlar, əyləncələr çıxıb meydana. Xüsusilə əksər gənc internet dünyasındadır və çərşənbələrlə, Novruzla bağlı adətlərin nə olduğunu bilmir.

Elə bilənlər də son zamanlar bildiyini unudub. Bəzən günahı zamanın çiyinlərinə qoyuruq, lakin günahkar özümüzük, zaman buna nə etsin? Kim bayramı öz kəndində, elində, həyətində qeyd etmək üçün yollanmaq istədi, zaman əlini qabağa verib qoymadı? Kim əzizlərinin məzarını ziyarət üçün ata yurduna yollandı, zaman icazə vermədi? Kim ata-anası ilə bayramlaşmaq üçün rayona yollandı, zaman “getmə”,- dedi. Kim böyük şəhərlərdə yaşasa da, evində bu adətləri həyata keçirmək istədi, zaman mane oldu?

Son illər çərşənbələrdə süfrə açmağı təxirə salmışıq. Qapılara uşaqlar papaq-torba atır, qapılarsa onların üzünə bağlıdır. Açılmır, açmırlar qapıları. Səməni satın alınır, çünki onu cücərtməyə ərinən qadınlar var. Novruzda qırmızı geyinən də ta yoxdur. Ailə üzvlərinə təzə paltar almaq çoxdan unudulub. Şəhərləri qoyaq bir kənara, deyən olar ki, burada imkanlar bir o qədər geniş deyil, indi çərşənbələrin hamısında heç kəndlərdə də tonqal qalanmır, süfrələr açılmır, hər çərşənbənin öz adəti yerinə yetirilmir.

İndi tək İlaxır çərşənbədə və Novruz bayramı günü bayram əhval-ruhiyyəsi hiss olunur. Bayram tətilində isə kəndlərə getmək, valideynlərlə bayramlaşmaq əvəzinə, ölkədaxili və xarici ölkələrə səfərlərə çıxırıq. Valideynlərimizlə “onlayn” bayramlaşırıq. Təbrik edirik və borcumuzu bitmiş hesab edirik. Lakin unuduruq ki, onların bu əziz günlərdə gözləri yolda qalır, övladlarını gözləyirlər. Onlar özləri valideynlərini Novruzda heç vaxt tək qoymadıqları, bir yaylıq, bir corabla onların könlünü şad etdikləri üçün öz övladlarından da bunu gözləyir.

Bizsə, adət-ənənə nədir, onu çoxdan unutmağa başlamışıq. Birini edəndə, o biri yadımızdan çıxır. Həyatımızı internetin, sosial şəbəkələrin əsirliyinə vermişik. Videozənglər bizim valideyn ziyarətimiz olub. O yaşlı insanlarla çox vaxt telefon arxasından görüşürük. Yaxın qohumlarımız dünyadan köçəndə başsağlığını da telefonla veririk. Eləcə də Novruz bayramı və Novruzaqədərki çərşənbələrdə də olan adətlər, mərasimlər unudulub getməkdədir. İndi nə Novruzda küsülülər barışır, nə də bunun böyük əhəmiyyəti olduğunu dərk edir. Övladların ata-anasının məzarını ziyarət etmək üçün harada yaşamasından asılı olmayaraq Novruz ərəfəsi rayona üz tutması indi bir təsadüf ola bilər.

Yuxarıda Novruz adətlərini sadalamaqla yaddaşımızın korşalmış hissəni yeniləmək istədim. Hər birimiz bu adətlərə nəzər salaq. Görək bunlardan neçəsini edirik, neçəsini unutmuşuq. Lakin bir məsələni unutmayaq ki, bunların hər biri bizim milli dəyərlər toplusunun bir hissəsini təşkil edir. İndi alimlər ortalığa çıxıb Novruz adətləri ilə bağlı yenilik gətirmək istəyir, qulaq falına çıxmağı evləri dinləmək hesab edir. Yumurta boyamağı əhəmiyyətsiz hesab edirlər.Gəlin bu adətləri olduğu kimi mənimsəyərək onlara qarşı çıxaq. İrili-xırdalı bir adətimizin belə aradan çıxmasına, ona ağılsız yanaşmalara yol verməyək.

Bunları unutmaq günahdır. Unutmağa bizim haqqımız yoxdur.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see250

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see250

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see230

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see125

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see124

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri