Icma.az
close
up
RU
Təndir çörəyinin ətri: Unudulmağa qoymayaq! VI YAZI

Təndir çörəyinin ətri: Unudulmağa qoymayaq! VI YAZI

Icma.az bildirir, Ses qazeti-ə istinadən Təndir çörəyinin ətri: Unudulmağa qoymayaq! VI YAZI.

Elə bir adam tapılmaz ki, kəndlə əlaqəsi olmasın. Orada nənə-babası, dayı-əmisi, xala-bibisi yaşamasın və kəndlə bağlı xatirələri olmasın. Uşaqlığımızın xatirələr toplusunda kəndlərimiz xüsusi yer tutur: səhərdən axşama dağda-yamacda gəzmək, yıxılmaq, irili-xırdalı daşların dizimizi yaralayıb qanatması, şaqqıltı ilə axan çayın kənarında saatlarla oynamaq, gül-çiçəkdən çələng hörmək, axşamçağı çöldən gələn qoyun-quzunu nənə-baba ilə birlikdə qarşılamaq, onları oxşamaq, ən əsası isə nənə dürməyi...

Sonuncu, yəni nənə dürməyinin dadı damaqlardan asanlıqla getməz. Vaxt tapıb süfrəyə əyləşməyən uşaqların qarnını ayaq üstündəcə nənə dürməyi doyurardı. İçərisinə nənələrin öz əlləri ilə hazırladığı pendirdən qoyulan, yedikcə dadından doyulmaz dürmək.

O dürməklərin çörəyi də elə nənələrin zəhməti ilə təndirlərdə bişirilirdi. Biz saat 10-11-də yuxudan oyanıb gözümüzü ova-ova eyvana çıxanda burnumuza təndirdə bişən çörəyin gözəl ətri gələrdi. Bu vaxt anlayardıq ki, nənə təndir salıb bu gün. O təndir ki, sübh çağından salınardı, xəmir gələnə kimi oturuşsun deyə. Hələ çörək bişirməyə başlamazdan əvvəl təndirdə çırtıltı ilə yanan odunun, çır-çırpının ətri ətrafa elə bir ətir yayırdı ki, sübh çağının təmiz havasına sanki daha bir təravət qatırdı. Adam deyirdi, bu ətri ciyərimə elə çəkim ki, oraya hopsun, orada qalsın. Daha sonra bu havaya isti təndirə vurulan çörəyin ətri də qarışanda təsəvvüredilməz bir ətir ətrafı bürüyürdü. Bu, nənələrin zəhmət ətri idi. Onlar qol çırmayıb ailələrinin çörəyini özləri bişirirdi.

Harada qaldı o illər? İndi də kəndlərimiz də var, nənələrimiz də, həmin təndirlər də həyətlərdə, yerindəcə dayanıb. Lakin qapısı açılırmı, o təndirlərə odun salıb yandıran, isidən, qolunu çırmayıb xəmir yoğuran, təndirə bircə lavaş vuran varmı? Bugünkü söhbətimiz el bu barədədir. Gəlin söhbət edək, bəlkə unudulmağa qoymarıq...

Təndir salaq, çörək bişirək!

Bəli, əvvəllər, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə çörək sexləri tikilməzdən əvvəl qadınlar evin çörəyini özləri bişirərdi. Yaxın qonşular və qohumlar bu işdə bir-birinə köməklik də edərdilər. Bu köməkçilərə iməci deyilirdi. İməcilər 5-6 nəfərdən ibarət olurdu. Hər dəfə bu qadınlardan hansı çörək bişirərdisə, iməcilər yığışıb səhər çağında onlara yollanar və təndirdə işə başlayardılar.

Çörək bişirilən evdə hazırlıq 2-3 gün öncə başlayardı. Əvvəlcə evə un alınardı. Və yaxud buğda vardısa, dəyirmana aparılar, üyüdülər və gətirilərdi. Un hazır oldumu, deməli, çörək bişirmək olardı. Evin xanımı çörək günü üçün bişirəcəyi yeməyi də nəzərdən keçirər, bunun üçün nə isə yoxdursa, bazardan aldırardı.

Axşamdan süfrə, qazan, ləyən suya çəkilər, hazır qoyular. Təndir otağına da nəzər salınar: süpürülər, döşəkcələr çırpılar, dördayaq, oxlov, irəfətə ortalığa gətirilər. Çörək bişirilən gün səhər sübh çağından evin xanımı qalxar və xəmir etmək üçün zirzəmiyə enər. Xəmir ki, yoğuruldu, özünü tutanadək təndir salınar. Təndir oturuşanadək xəmir kündələnər. Elə ki, bir ləyən kündə hazır oldu, xanımlar təndir otağına daxil olar, hər kəs özünə bir yer seçər, əyləşər, dördayaqları qarşılarına qoyar və kündələri açmağa başlayar. Açılıb böyüdülmüş lavaşlar təndir başında əyləşən xanıma verilər, o lavaşı irəfətənin üzərinə sərər, əlini suya vurub, lavaşın bir neçə yerinə vurar ki, təndirə yaxşı yapışsın. Daha sonra isə əyilib irəfətəni təndirin sinəsinə çırpar və xəmir oraya yapışar. Az sonra isə çörək hazır olar, təndirin sinəsindən qoparılıb təndir kənarında hazır çörək üçün salınan süfrənin üzərinə dağınıq şəkildə yığılar ki, istisi o biri çörəkləri yaş etməsin. Bir qədər sonra isə həmin süfrə başında əyləşən xanım qurumuş lavaşları üst-üstə yığar, dəstə hazır olandan sonra evdən bir nəfər kişi və ya qadın həmin dəstəni götürüb zirzəmidə çörək üçün hazırlanmış xüsusi yerə səliqə ilə yığar.

Günorta saatlarında ara təndiri salınar. Bu zaman qadınların həm də nahar saatı çatır. Evin xanımı hazırladığı yeməyi təndirə sallayar ki, isinsin. Daha sonra isə ya təndir başında, ya da təndir otağının qarşısında süfrə açılar, iməcilərə yemək verilər, günboyu isə bir neçə dəfə çay içilər. .

Yeməkdən sonra yenə də hər kəs təndir başında öz yerinə keçər və çörəkbişirmə prosesi davam edər. Axşam çağınadək davam edən çörəkbişirmə zamanı bir neçə dəfə təndirə yenidən çır-çırpı salınıb istilik yenilənər və bu zaman xəmir iməcilər tərəfindən kündələnər.

Beləliklə, ailənin bir aylıq çörəyi hazır olur. Hər gün ailə üzvlərinin sayına görə çörək sulanır, suyu çəkiləndən sonra səliqəli şəkildə dördkünc qatlanır və süfrəyə bükülüb, çörəkqabına qoyulur.

Növbəti çörəkbişirmə isə xanımlardan kimin evində çörək bitirsə, onun təndirində həyata keçirilir.

Evdə çörək bişirməyin əhəmiyyəti

Çörəyin evdə hazırlanmasının çox böyük əhəmiyyəti var idi. Birincisi, həyət-bacadakı ağaclarının budanan qol-budağı qurudulub təndir üçün saxlanırdı. İkincisi evin zirzəmisi ruzi bərəkətlə dolu olurdu. Bir tərəfdə un kisəsi, bir tərəfdə hazır çörək evin bərəkəti hesab olunurdu. Əlini atanda çörəyi götürüb sulayıb hazır vəziyyətə gətirə bilirdin.

Digər əhəmiyyəti isə ondan ibarət idi ki, ucuz başa gəlirdi. Təmiz şəraitdə bişirildiyinə əminlik var idi. Bir qonaq gələndə əziyyət çəkib çörək almaq üçün mağazaya getmirdin, evində olan çörəkdən istifadə edirdin. Eyni zamanda əgər buğdanı aparıb dəyirmanda üyüdürdünsə, onun tərkibi də təmiz olurdu sözsüz ki...

Mağazadan aldığımız çörəyin tərkibi nədən ibarətdir? Bunu biz heç vaxt bilmirik. Lakin çörəyi evimizdə bişirəndə, özü də öz əkdiyimiz buğda ilə, onda bilirik ki, unumuz nədir, çörəyimiz nə.

Harada qaldı o təndirlər, o çörəklər?..

Hazırda kəndlərimizdə çörək bişirənlər olsa da, lakin çox təəssüf ki, bu, çox təsadüfidir. Elə ki, çörək sexləri tikildi, təndirlərin qapısı bağlandı. Ta qadınlar özlərinə əziyyət verib təndir salıb xəmir yoğurmadı, bir-birinə iməci olmadılar. Hazır çörəyi həyat yoldaşları mağazadan aldı və yaxud çörək sexlərinə sifariş edib evlərə daşıdılar və beləliklə də çörək bişirmək unudulmağa başladı.

İndi kənlərdə təndirlərin qapısı bağlı qalıb. Nə təndir salan var, nə çörək bişirən. Bu, çoxəsrlik çörəkbişirmə ənənələrini unutmaqla yanaşı, həm də sağlamlığımızın əldən getməsinə səbəb oldu. Çünki indi ən ucqar kəndlərdə belə qadınlar hərəkətsiz vəziyyətdədir. Evlərdəki paltaryuyan, qabyuyan, ətçəkən, tozsoran maşınlar qadınların hərəkətini əlindən alıb. Üstəlik kənd qadınlarının çörək bişirməyi təxirə salmasını da bunların üzərinə gələndə, onların tamamilə hərəkətsiz qalması sağlamlığa ciddi zərər vurur, eyni zamanda bu hərəkətsizlik artıq çəki almaları ilə nəticələnir.

Kəndlərdən çörək ətri gəlmir

Kəndin özünəməxsus gözəllikləri var. Qoyun-quzu mələməsi, səhər-axşam mal-heyvanın çölə gedib-gəlməsi, bu zaman kənd yollarındakı mənzərə, təndir salınması, çörək bişirilməsi, evlərdə hana qurulub xalça-palaz, kilim toxunması, bulaq başında qab-qacaq yuyulması, su daşınması, həyət-baca işləri kəndin özünəməxsusluğudur. Təəssüf ki, artıq kəndlər şəhərləşir. Şəhərdə həyat necədirsə, artıq kəndlərdə də elədir. Qadınlar səhərdən axşamadək televizor önündə ya serial izləyir, ya da smartfon telefon əllərində sosial şəbəkələrdə gəzişir. Odur ki, rahat həyatı seçirlər ki, bu kimi vərdişlərinə daha çox zaman qalsın.

Lakin düşünəndə ki, bütün bunlar onların sağlamlığı ilə yanaşı, adətlərimizin də üzərindən xətt çəkir, təəssüf etməkdən başqa çarə qalmır.

İndi durub on kənd gəzsən, çətin ki, onların birindən çörək ətrini ala biləsən. Çünki təndirlərin qapısı artıq illərdir ki, bağlanıb. Çörək ətri kəndlərdən perik düşüb. Evlərə çörək mağazalardan daşınır. Çörəyin də qiyməti hər il bir qədər artır. Bu da qadınları yenidən təndirlərə qaytara bilmir. Qiymət artdıqca, ona boyun əyib, alırıq, ala bildikcə, deyirik ki, əşi 10 qəpiklə nə olacaq, ta ki canımız sağ olsun, təndir salıb əziyyət çəkməkdən ki, yaxşıdır.

Beləliklə, qədim adətlərimizə, həm də sağlamlığımıza üz çevirib özümüzə asan, lakin zərərli yol tapırıq. Bu isə həm adət-ənənələrimizin, həm də sağlamlığımızın, eyni zamanda ruzi-bərəkətimizin yox olmasına yol açır.

Unudulmağa qoymayaq!

Nə qədər ki, gec deyil, həyətlərimizdəki təndir otaqları işlək vəziyyətdən düşməyib, aradabir onlara od salaq, təndiri yandıraq, təzələyək. Aradabir xəmir yoğuraq, iməcilərimizi səsləyək, çörək bişirək. Qoy evimizə bu təndirlərdən çörək ətri ilə yanaşı, ruzi-bərəkət gəlsin. Elə kəndlərimizdən də çörək ətrini ala bilək.

Uşaqlara, nəvələrə sexlərdə bilmədiyimiz formada bişirilən çörəklə deyil, təndirdə öz əlimizlə bişirdiyimiz çörəklə dürmək tutaq. Onların da sağlamlığının qeydinə qalaq.

İnanın, bir neçə il sonra gec olacaq. Onsuz da illərdir, unuda-unuda gedirik. Nəinki çörəkbişirməni, bir sıra adətlərimizin üzərindən xətt çəkmişik. Bax, çörəkbişirmə unutduqlarımız silsiləsindən olan altıncı yazıdır ki, yazıram. Hələ sırada nə qədər də unudulan adətlərimiz var. Belə isə, biz beləliklə hara gedirik? Bu gün övladlarımıza kəndlərlə, nənə-babamızla bağlı danışdığımız maraqlı söhbətləri sabah onlar necə, öz övladlarına danışa biləcəkmi? Biz bu adətləri unutmaqla özümüzdən imtina edirik. Kəndlərdə illər uzunu yaşadılan bütün adətlərdən imtina edirik. Sanki kimlərsə bizi unutmağa sövq edir. Biz isə onların yaratdığı “rahatlığa” boyun əyib, əvəzində özümüzün olanından vaz keçirik. Lakin bunu etməyə bizim haqqımız yoxdur. Çünki ata-babamızdan miras qalan dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuzdur.

Kaş ki geri dönə, unutduğumuz adətləri geri qaytara bilək. Axı onları əsrlər boyu yaşadanlar olub. Biz onlara nə cavab verəcəyik?..

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2 yaşlı körpə ölümlə mübarizə aparır Məryəmin gülüşünü solmağa qoymayaq

11 Fevral 2025 18:37see178

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see121

DİQQƏT: Bakıda bu tarixdə qar yağacaq, 1 dərəcə şaxta olacaq

11 Fevral 2025 03:41see120

Zəngin olmaq üçün ən yaxşısı

11 Fevral 2025 05:00see119

Tramp inaqurasiyadan sonra Si Cinpinlə danışdığını açıqlayıb

11 Fevral 2025 07:48see118

Pensiya yüksəliş yarışı qızışır

11 Fevral 2025 05:00see118

Tramp HƏMAS üçün “cəhənnəm” hazırlayır

11 Fevral 2025 10:20see117

Avtobus dərəyə aşdı: 50 dən çox adam öldü

11 Fevral 2025 03:01see117

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see117

O dünyadan Əlisa Nicata MƏKTUB

11 Fevral 2025 04:52see116

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see115

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see114

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see114

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

11 Fevral 2025 11:37see113

Azərbaycanda un BAHALAŞDI SON QİYMƏTLƏR

11 Fevral 2025 11:36see112

Bakıdan təkliflərimizə cavab gözləyirik Simonyan

11 Fevral 2025 14:54see110

“Neftçi” 650 ci səfər qolunu vurub

11 Fevral 2025 10:13see109

Sadəcə çimərlikdə günəşlənirdi...

11 Fevral 2025 05:30see107

Tanınmışlar instaqramda bunları paylaşdı

11 Fevral 2025 18:00see106

Vens Avropanı sərt şəkildə tənqid etdi

11 Fevral 2025 16:54see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri