Icma.az
close
up
RU
Ölməz ekran əsərləri

Ölməz ekran əsərləri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

(əvvəli qəzetimizin 15, 25, 28 noyabr, 3 və 4 dekabr tarixli saylarında)

Təqdim etdiyimiz silsilədən növbəti yazımız ötən əsrin sonlarında çəkilmiş “Bəyin oğurlanması” (1985), “Yük” və “Ümid” (1995) filmləri haqqındadır. Bakıda 34 ölkənin iştirakı ilə 16-cı Beynəlxalq Film Festivalı ilə əlaqədar paytaxtımızın kino ab-havası ilə nəfəs aldığı bir vaxtda yubileyi olan məşhur ekran əsərlərini sevgi ilə xatırlayırıq.

“Bəyin oğurlanması”

“Azərbaycanfilm”də komediya janrında çəkilmiş bu filmin rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, ssenari müəllifi Mövlud Süleymanlıdır.

İndi də tez-tez göstərilən “Bəyin oğurlanması”nda əsas süjet xətti kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyəti ilə bağlıdır. Filmin əsas personajlarından biri olan rejissor görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Buna görə də o, uydurma toy səhnəsi əvəzinə, kənddə olan həqiqi toyu lentə alır. Beləcə, şən və qüssəli əhvalatlar vəhdət təşkil edir. Eyni zamanda, tamaşaçı kənd həyatının maraqlı və zəngin adət-ənənələri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl, insan səadəti uğrunda aparılan mübarizə haqqındadır.

“Bəyin oğurlanması” hazırkı kino proqramlarında aparıcı yer tutduğu üçün filmin geniş təfərrüatına varmadan əsas obrazların yaradıcılarını yada salaq: Həsənağa Turabov (Rejissor Əsəd), Səyavuş Aslan (Mustafa), Nəsibə Zeynalova (Nəsibə xala), Hacı İsmayılov (Tağı), Yaşar Nuri (İsrafil), Səməndər Rzayev (sovxoz müdiri Hidayət müəllim), Arif Quliyev (Miriş), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar), Şamil Süleymanov (Həsən), Firəngiz Mütəllibova (Telli), Ramiz Əzizbəyli (İsabala) və başqaları.

Onu da qeyd edək ki, filmin əsas səhnələri Şamaxı rayonunun Məlhəm kəndində çəkilib. Lentə alınan evlərdən birinin sahibi İlqar Novruzovun dediyinə görə, çəkiliş qrupu ekran əsərini yaratmaq üçün 1984-cü ilin iyul-avqust aylarında kəndə gəlib. Üstündən 40 ildən çox vaxt keçsə də, indi də, demək olar ki, hər gün 2-3 turist gəlib məşhur evə baxır. Bir də kənd sakinlərindən kim çəkilişdə iştirak etmək istəsəydi, adını siyahıya yazdırırmış. Onların hərəsinə gündəlik, təqribən, 10 rubla qədər pul verirmişlər. Filmdə köməkçi rollarda kənd sakinləri çəkilib.

Kinolentin müəlliflərindən olan görkəmli rejissor Vaqif Mustafayevin dedikləri: “Bəyin oğurlanması”na 40 ildən bəri baxılırsa və film sevilirsə, deməli, Azərbaycan kinosunun klassikasına çevrilib. Bu, onu sübut edir ki, filmlə bağlı seçimlər də, dialoqlar da düzgün olub. Hər şey öz yerindədir”.

“Yük”

Mərhum dostum Rövşən Almuradlının quruluşçu rejissor kimi ilk müstəqil işi olan “Yük” bədii filmi ovaxtkı “Bəri bax” müstəqil kinostudiyasında ərsəyə gəlib. Bu tammetrajlı ekran işinin ssenari müəllifi Şahmar Ələkbərovdur. Filmdə Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının 1 günü ərzində başına gələn əhvalatlardan söhbət açılır.

“Yük”də obrazların əsas “yük”ünü Mirzə Ağabəyli (Ağa Musa Nağıyev), Ağakişi Kazımov (Hacı Zeynalabdin Tağıyev), Nahidə Orucova (qulluqçu Kübra), Loğman Kərimov (xəfiyyə) və Məzahir Süleymanov (general Şubinski) və başqaları daşıyıblar.

“Yük”ün ilk dəfə ekranlarda getdiyi günün səhəri biz – AzTV-də çalışan bir qrup sumqayıtlı N.Nərimanov adına mədəniyyət evinin yanında dayanıb, Bakıya gedən avtobusu gözləyirdik. Həmyerlimiz Rövşən Almuradlı da gəldi və hamımız onu təbrik etdik. Rəhmətlik Məmməd Aslan, jurnalist Bahadır Şəfi və mən filmin uğurlu alındığını deyib, ekran təcəssümünü təqdir etdik. Gözlərindən sevinc yağan Rövşən isə cavabında zarafatla “Bəs şampan şərabları hanı?” – deyə soruşdu və hamımızı güldürdü. “O da olar” – dedik və yolboyu “Yük”ün məziyyətlərindən danışdıq. Ona qədər qısametrajlı “Hücum”, “Azadlığa gedən yollar” (müştərək), filmlərini çəkmiş, “Anamın kitabı” film-tamaşasını yaratmış, “Qəzəlxan”da aktyor kimi oynamış Rövşən müəllimə uğurlar arzuladıq. O da bir neçə il sonra “Cavad xan” filmi və digər möhtəşəm işləri ilə ümidlərimizi doğrultdu.

Ekran əsərində faytonda birlikdə gedən Tağıyevlə Nağıyevin dialoqu diqqət çəkir:

“– Adama qalan ad olacaq.

– Tikdiyimiz bu binalar balalarımızındır.

– Əkiblər, yemişik, əkirik ki, yesinlər.

– Biz də bu yetim-yesirə sahib durmasaq, kim duracaq?”

Azərbaycanda real şəxsiyyətlərin həyatını ekranlaşdıran bioqrafik filmlər çox olmasa da, bu janrda müəyyən bir ənənə formalaşıb. Bioqrafik lentləri hasilə gətirmək mürəkkəb prosesdir, çünki konkret insanın və zamanın bədii inikasının məxsusi formasını tapmaq elə də asan deyi. Fikrimizcə, Rövşən Almuradlı bunun öhdəsindən layiqincə gələ bilib. “Yük”də Bakı Real Məktəbinin tikildiyi dövrün Nağıyevin guya xəsis olması ilə kontrastda verilən işıqlı tərəfləri əks olunub.

Qeyd edək ki, filmin bəstəkarı Eldar Mansurov burada Şəmsi Əsədullayev, redaktoru Orxan Fikrətoğlu isə Mirzə rolunda çəkiliblər. İctimai-siyasi formasiyanın dəyişməsi, qıtlıq və vəsait çatışmazlığı səbəbindən milli kinomuz üçün uğursuz olan 90-cı illərdə “Yarasa”, “Pəncərə”, “Qəzəlxan”, “Özgə vaxt” “Ağ atlı oğlan”, “Fəryad”, “Sarı gəlin”lə bərabər,“Yük” də boşluğun doldurulmasında mühüm rol oynayıb.

“Ümid”

Rejissor Gülbəniz Əzimzadənin rejissoru olduğu bu film Rövşən Almuradlı ilə Elman Şeydayevin “Doğma” povestinin əsasında Orxan Fikrətoğlunun ssenarisini yazdığı ekran əsəridir.

Burada hadisələr Birinci Qarabağ müharibəsi zamanı Bakıda hərbi xəstəxanada 1 gün ərzində (“Yük”də olduğu kimi) baş verir. Adı bəlli olmayan bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Kinolentdə müharibənin taleyini şikəst etdiyi adamlardan bəhs olunur. Müəlliflər demək istəyiblər ki, xalq bu bəladan qurtarmaq üçün özündə qüvvə tapacaq, çətinlikləri dəf edəcək.

Əsas rollarda Məmmədkamal Kazımov (qoca), Məmməd Səfa (qardaşını axtaran), Muxtar İbadov (papaqlı kişi), Şükufə Yusupova (ana), Əminə Yusifqızı (baş həkim), Fuad Poladov (hərbi həkim) çəkiliblər.

Yuxarıda qeyd edildiyi kimi, 90-cı illərdə Azərbaycan kinematoqrafiyasına aid filmlərin sayı əvvəlki dövrlərə nisbətən az olsa da, rejissorlar böyük əhəmiyyətli həyati mövzulara üz tutaraq, estetik tələblərə cavab verə biləcək əsərlər çəkiblər. “Ümid” də bu sıradadır.

Mərhum Gülbəniz Əzimzadə daha öncə müharibə mövzusunda “Müqəddəs oda yanaram” filmini uğurla ekranlaşdırmışdı. Hər iki kinolentdə Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi təsirli səhnələr yer alıb. “Ümid”də, yeri gəldikcə, sənədli xronikadan istifadə olunub. “Barıt qoxulu” kadrlar siyasi-fəlsəfi-poetik mətnlərin səsləndirilməsi ilə müşayiət edilib.

...Bakıya vertolyotla xeyli yaralı gətirilir və onların arasında üzü tanınmaz hala düşmüş naməlum əsgər də var. Onun kimliyi bilinmir. Qardaşını, oğlunu, ərini axtaran insanlar bu əsgərə ümid kimi baxırlar. Yəni hər kəs ümid edir ki, bu, onun doğması ola bilər...

Yaralı əsgərə ümidlə baxanlardan biri də orta yaşlı papaqlı kişidir. Aktyor Muxtar İbadov onun obrazını bivec, fürsətcil birisi kimi təqdim edir. Amma rejissor hadisələrin gedişatında personajın bu cəhətlərinə bir növ bəraət qazandırır. Papaqlı kişi karyerist olub və oğlunu ərköyün böyüdüb. Cinayət törətmiş oğlunun cəbhədə vuruşması isə mənəvi saflaşmadır. Ata oğlunun ona yazdığı, taleyində oynadığı mənfi rolu anladan etiraf məktubunu hamı üçün ucadan oxuyur ki, cəza olaraq daha çox mənəvi əzab çəksin. Çünki özünün dediyi kimi, o, ikili sima ilə ömür sürməkdən bezib.

Filmdə sensasiya gəzən telejurnalistin (Mehriban Zəki) tədricən öz yanlışını anlaması da ibrətamizdir. Acı gerçəklik əvvəlcə süjetinin reytinqi barədə düşünən müxbirin, nəhayət, duyğularına toxuna bilir. Xüsusilə də, davada gözlərini itirmiş əsgərlə (Aqil M.Quliyev) qarşılaşanda o, öz səhvini başa düşür.

Sona yetməkdə olan 2025-ci ildə yubileyi qeyd edilən filmlərdən də göründüyü kimi, ötən əsrdə Azərbaycanda layiqli ekran əsərləri yaradılıb. Ənənənin uğurla davam etməsi, günümüzün tələblərinə cavab verən və şöhrəti ölkəmizin hüdudlarını aşan yeni filmlərin meydana gəlməsi arzusu ilə.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see196

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see172

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri