Ölümə qənşər! Yusif Səmədoğlu 90
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Əli ƏMİRLİ
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki Humay,
Nə ömrə acıyır, nə yaşa dünya...
Yusif Səmədoğlu haqqında yazıya başlayanda Səməd Vurğunun yada düşməsi öz-özünə oldu. Onunla da bərabər, ağrı və təəssüf dolu bu kövrək şeir parçası xəyalımda canlandı. Yetmiş il əvvəl yazılmış bu misraların təsir gücü mənim üçün azalmayıb ki, artıb. Əvvəl düşündüm bu, yəqin yaşımla bağlıdır, şeirin mahiyyəti, ovqatı indi mənə daha yaxşı çatır, amma yox, müxtəlif yaşlarımda Xan Şuşinskinin "Segah" üstündə bu misraları oxumasını hər dəfə dinləyəndə içimdən qəribə bir nisgil keçirdi, xüsusilə "Fəqət nə Cəlal var, nə də ki Humay" misrasını eşidəndə. Həqiqətən, "nə ömrə acıyır, nə yaşa dünya".
İndi böyük şairin dediyi həmin "amansız" dünyada nə Səməd Vurğun özü var, nə onun yazıçı oğlanları. Əlbəttə, ölüm özü də Allahın bir mərhəmətidir, kimliyindən asılı olmayaraq hamı o mərhəmətdən dadır - Səməd Vurğun 50 yaşında, Yusif Səmədoğlu 62 yaşında, Vaqif Səmədoğlu 75 yaşında. Ömür payları müxtəlif olsa da, mahiyyət, nəticə eynidir - bütün insanları bərabərləşdirən ölüm! Xoşbəxt o kəsdir ki, bu dünyada özündən sonra parlaq iz qoyur, əməlləri yaşayır, sözü eşidilir, fikirləri insanı düşündürür, təsirləndirir, onun mənəvi dünyasını zənginləşdirir.
Səməd Vurğunun özünə də, oğlanlarına da bu xoşbəxtlik nəsib oldu. Neçə nəsil Azərbaycan insanı Vurğun şeirindən dilimizin gözəlliyini öyrənir, neçə nəsil poeziya həvəskarı Vaqif Səmədoğlu şeirini özünə örnək bilir. Yusif Səmədoğlu isə şeir yazmadı, əvəzində keyfiyyətcə fərqli olan səksəninci illər yeni nəsrimizin ilk yaradıcılarından oldu. Sayca çox olmayan əsərləri ən yaxşı nəsr nümunələri kimi indi də gündəmdədir, hətta yaxın vaxtlarda XX əsr ədəbiyyatımızın üstündən asanlıqla, hətta ləzzətlə qələm çəkənlərin çağdaş yazıçılarımız arasında keçirdikləri "Ən yaxşı Azərbaycan romanı" sorğusunda da məhz Yusif Səmədoğlunun 1987-ci ildə nəşr etdirdiyi yeganə romanı - "Qətl günü" birinci yerə çıxdı. Bu nəticənin nə dərəcədə doğru və ya insaflı olmasını araşdırmaq fikrində deyiləm, mən faktı diqqətə aldım.
Yusif Səmədoğlu yaradıcılığının əsas keyfiyyətinin nədən ibarət olduğu haqqında düşünəndə və onu bircə cümlə ilə təqdim etmək istəyəndə yazıçının bir kitablıq yaradıcılığında ümumi bir leytmotiv olduğunu duydum - ölümə məhəbbət leytmotivi. Bu leytmotiv çoxsəsli musiqi əsərində olduğu kimi gah zəifcə eşidilən, gah itən, sonra dərindən nəfəs alıb yenidən dirçələn, nəhayət, bütün başqa səsləri bastalayıb özünə tabe edən əsas leytmotiv kimi. Yazıçıda ölümdən yazmaq həzzi, ölümə doğru getmək istəyi güclüdür. Bəlkə elə "Qətl günü" romanındakı "ölümə qənşər" ifadəsinin özü Yusif Səmədoğlu yaradıcılığının şifrəsi, gizli kodudur? Bəlkə bu kod elə Səməd Vurğun şeirinin özündən qaynaqlanırdı?
Böyük şairin əsərlərində ilk baxışda həyat eşqi coşur, qaynayır, amma bir az dərinə gedəndə ölüm qoxusu gəlir şaqraq misralardan. "Komsomol poeması" qəhrəmanlarının başı üstündə əvvəldən sona kimi bir ölüm kölgəsi dolanır. Şairin süjetdən kənar ricətləri, dünya, həyat, insan, məhəbbət, ədalət, həqiqət haqqında iddiadan uzaq və çox təbii səslənən fəlsəfi ümumiləşdirmələrinin sonu da ölüm haqqında düşüncələrə dirənir. Bu tendensiya Vaqif Səmədoğlu poeziyasında daha qabarıqdır, bir fərqlə, şair ölümün gətirdiyi kədərə yumor rəngi qatır, zarafat ədvası vurur, ölümlə bir növ dilxoşluq edir. Şübhəsizdir ki, bu, zahirdə, birinci qatda belədir, əslində isə bir neçə il ölümlə çarpışan şairin "dəhşətli ağrıları"nı yüngülləşdirən dərmanı, tiryəki idi zarafat. Böyük qardaşda isə ölümə münasibət daha ciddi, daha dərindir; ölüm-itim ovqatı əsərlərinin canında, toxumasında, hüceyrəsindədir. Bütövlükdə mətnin özündə ağır ölüm havası var.
Burada kiçik bir haşiyə: 1988-ci ildə "Axirətdən qabaq gəzinti" adlı roman yazmışdım. "Azərbaycan" jurnalının baş redaktoru romanı bəyənsə də, adının dəyişdirilməsini təkidlə tələb edirdi, başqa sözlə, əsərin çapına mane olan yeganə cəhət ad məsələsi idi. Reallıqla hesablaşan bir adam kimi, istəməsəm də, əsərin adını dəyişib gərək ki, "Enmə sürəti" qoydum. Elə bu ərəfədə jurnala Yusif Səmədoğlu baş redaktor gəldi. Bir müddətdən sonra mən yeni baş redaktorla həyatımda birinci və axırıncı dəfə görüşdüm və romanın jurnal taleyi ilə maraqlandım. Məni heç bir cəhətdən tanımayan Yusif Səmədoğlu illərin formalaşdırdığı tənbəl və biganə kübar ədası ilə soruşdu:
- Nədi romanın aaadı?
- "Enmə sürəti" - dedim.
- Bu nə aaaddı?
- Əslində "Axirətdən qabaq gəzinti"dir adı.
Yusif Səmədoğlunun bayaqdan hər şeyə biganə üzündə ona çox yaraşan qəfil təbəssümü göründü:
- "Axirətdən qabaq gəzinti"? Yaaaxşı addır, - dedi. - Haaardan ağlına gəlib bu ad?
- Bir rusun qolunda döymə yazı görmüşdüm: "Jiznğ proqulka pered smertğö".
Yusif Səmədoğlunun yaraşıqlı təbəssümünü bir də gördüm.
Roman çap olundu, əlbəttə, həmişə olduğu kimi, İntiqam Qasımzadənin köməkliyi ilə. Sözüm onda deyil, sözüm yazıçının "axirət", "ölüm", "edam" havasına köklənməsini bir daha göstərməkdi.
"Ölüm" Yusif Səmədoğlu nəsrinin bir az əvvəl dediyim kimi kodu, şifrəsi, onun ədəbi qəhrəmanlarının kompasıdır, bu kompas axirət səmtə tuşlanıb. "Ölümə qənşər!" arzusunda kədər hiss olunmur, bu arzuda elə bil "Azadlığa qənşər!" alqışı gizlənib, başqa sözlə, ölüm mütləq azadlığın özü kimi deşifrə edilir.
Yusif Səmədoğlunun bütün əsərlərində, dediyim kimi, əsas leytmotiv ölümdür. Hər bir əsərinin qəhrəmanı ölümlə üz-üzədir. Əgər Hüseyn Cavidin əsərlərində qəhrəman naməlum bir uçurum qarşısında dayanıb dramatik xəttin gərginliyini yaşayırsa, Yusif Səmədoğlu qəhrəmanlarının hər biri ölüm uçurumu üstündədir. Yazıçının ən yaxşı əsərlərində - "Qətl günü" romanında da, "İncə dərəsində yaz çağı" hekayəsində də, hətta fiziki ölümün olmadığı "Bayatı-şiraz" novellasında da bu təəssürat oxucunu tərk etmir.
Novellanın ilk cümləsindən əsərin qəhrəmanı həyatdan, dünyadan, "joqa"lı mədəsindən narazı, dilxor qrimasdadır. Bir oxucu kimi mən Səbzəlini həyatın adi, darıxdırıcı prozasından cana gəlmiş, özünü fiziki və mənəvi cəhətdən tam buraxmış, hətta nəcib kədərdən belə aralanmış, sevinməyi, gülməyi unutmuş, hər cəhətdən düşmüş, yorulmuş maraqsız bir insan kimi qavrayıram. Obraz o qədər relyeflidir ki, mən onu görürəm, ona toxuna bilirəm, hiss edirəm, amma sevmirəm, etiraf edim ki, Səbzəliyə mənim ürəyim yanmır, rəhmim gəlmir. Fikrimcə, müəllif özü də yaratdığı obrazı sevmir. Məqsəd mən bilən Səbzəlini sevdirmək də deyil, məqsəd bekara adamın dramasını, faciəsini göstərmək, hər şeyə əlini yelləyib "Cəhənnəmə ki!" reaksiyası verən kişinin məzmunsuzluğunu yaşatmaqdır. Fikirləri, həsədləri, paxıllığı, dayazlığı, bəsit istəkləri ilə Səbzəli ədəbiyyatın altmışıncı illər epoxasında dəbdə olan "kiçik adam" həyatı yaşayır, daha doğrusu, ölümə doğru sürünür. İlk baxışda belə mağmın görünən, oxucunun rəğbətini qazana bilməyən Səbzəlinin içində çoxdan unutduğu dəruni hisslərin mövcud olduğu da gözdən qaçmır. Keçmişə çoxdan qovuşmuş valideynləri, doğmaları, simsarları ilə bağlı öz haqq-hesabı var Səbzəlinin.
"Bayatı-şiraz"ın qəhrəmanının peşəsi də Azərbaycan mühiti üçün əcaibdir: o, restoran orkestrində kontrabas çalır, daha doğrusu, çalınanlara "züy tutur", çünki Səbzəli uzun, yorucu ömrü boyu həyat səhnəsində solist ola bilmədiyi kimi, kontrabas da solo üçün nəzərdə tutulmayıb, onda müstəqil ifa mümkün deyil. Məşhur filmdə "Mən, tək, kontrabasda?!" sualını xatırlamaq kifayətdir. Elə restoranın "kefqom" müştərilərindən birinin Səbzəliyə iki şaxşax əllilik müqabilində "Bayatı-şiraz" sifariş etməsi də absurd istək və ondan doğan komik situasiyadır. Səbzəli sifarişin məzələnmək üçün verildiyini başa düşsə də, qonorarı cibinə qoyub estradaya yönəlir və heç vaxt sevmədiyi, hətta nifrət etdiyi nataraz alətdə "Bayatı-şiraz" çalır. Sifarişçi məqsədinə çatıb, kefi yuxarı restoran əhli gülür, muğamın əcaib ifaçısına baxıb əylənir. Müəllif ömründə ilk dəfə solist kimi çıxış edən qəhrəmanının bu əcaib ifa zamanında nə düşündüyünü, hansı hisslər keçirdiyini, ifadan sonra restoranda nələrin baş verdiyini oxucuya bildirmir, "deyilənlərin başa gəlməsini" axıra, novellanın finalına saxlayır.
Gecənin qaranlığına qovuşan Səbzəli "uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünki əlli ildən yuxarı idi ki, o, süd yolunu görməmişdi. Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəlini ağlamaq tutudu. Ta ürəyi boşalınca ağladı..."
Niyə ağladı Səbzəli? Sevincsiz, kədərsiz, məhəbbətsiz, solğun və tənha həyatının finişə yaxınlaşmasına görəmi? Bəlkə əksinə, hələ yaşamaq limitinin bitməməsi ağladırdı onu? Üçüncü variant da ola bilər: yaşadığı ömrün bir az əvvəl kontrabasda ifa etdiyi əcaib "Bayatı-şiraza" bənzəməsinə görə.
Yusif Səmədoğlunun əksər qəhrəmanları həyatla vidalaşmaq ərəfəsində olan yaşlı, ahıl adamlardır. Yazıçının ən kamil hekayəsi kimi dəyərləndirdiyim "İncə dərəsində yaz çağı"nın qəhrəmanları da qoşa qarımış ər-arvaddır. Ölüm yatağına düşmüş qoca ərini hələ ayaq üstdə olan Sayalı arvad azarın cəngindən qoparmağa çalışır, şəhərdən Salahovun baldızını "diriltməyə" gəlmiş həkimə göstərmək istəyir xəstəsini. Qadın şam kimi əriyən qocasını xilas etmək üçün feldşer Mahmuda, Bakıdan gəlmiş "ölüdirildən" professora yalvarır, amma qazandığı Vaqif Səmədoğlunun dediyi "dəhşətli ağrıları" kəsmək üçün bir-iki ampula morfi olur. Morfinin təsirindən ağrılardan azad olan qoca Çərkəzin ölgün gözləri açılır. Kişi sehrli iynənin təsirindən necə sevinirsə, Sayalını professorun dalınca göndərir ki, şəfaverici iynədən çox alsın. Arvad evdə olan-qalan pulu götürüb öz möcüzəsi ilə Salahovun baldızını diriltmiş həkimi ətəkləməyə qaçır, "...elə bu vaxt başı üzərində bir uğultu eşitdi, buludlardan aşağıda uçan səhərki vertolyotu görəndə elə bil Qara dağ yerindən qopub arvadın üstünə gəldi... Sayalı çox qaçdı", amma gecdi, "ölüdirildən" həkimi aparan məxsusi vertolyot artıq havadadır, deməli, son ümid də qırıldı, Çərkəzin dərmanı elə o vertolyotla da getdi.
Çərkəzin sağalmayacaq xəstəliyi haqqında Sayalının heç təsəvvürü belə yoxdu, o, qoca ərinin bakılı professorun dava-dərmanı ilə ayağa qalxacağına inanır, amma müəllif "blastoma"nın nə olduğunu yaxşı bilirdi, çünki atası Səməd Vurğun özü xərçəngin güdazına getmişdi. O zaman yazıçı özünün də bu xəstəliklə dünyasını dəyişəcəyini təbii ki, bilmirdi, amma qəribə taledir, oğul da atanın yolu ilə getdi, qardaş da o əlacsız xəstəliyin "dəhşətli ağrı"larını canında yaşadı və dünya ilə halallaşdı. Həqiqətən, "nə ömrə acıyır, nə yaşa dünya..."
"Bir xəstənin qulağına gələn səslərdən:
- Yolun haradır, qardaş?
- Son mənzilədir, bacım".
Bu dialoq da "Qətl günü" romanının epiqrafındandır. Elə ilk sətirlərdən hadisələr və qəhrəmanlar ölümə köklənir. "İncə dərəsində yaz çağı" əsərindəki ovqat, situasiya, hətta personajlar yazıçının son mənzili olan "Qətl günü" romanına hazırlıqmış, o romana ki, həyatla ölüm arasında mövcud olan rəmzi körpü misalındadır.
Daha bir haşiyə: Yusif Səmədoğlunun sağalmaz xəstəliyi ilə bağlı ağır günlər yaşadığı artıq hamıya məlumdu. O vaxtlar Solmaz Əmirli televiziyada "İslam olduğu kimi" proqramının müəllifi və aparıcısıydı. Verilişlərin birindən sonra redaksiyaya zəng gəlir. Yusif Səmədoğlu çox yorğun, xəstə səsi ilə verilişə görə Solmaz xanıma təşəkkür edir. Bu səs, bu ovqat "son mənzilə" çatmaq üçün haqq yoluna çıxmış adamın səsiydi.
Əlbəttə, ölüm haqdır, dediyimiz kimi, o da Allahın bir mərhəmətidir, onu geniş ürəklə, təəssüf etmədən qəbul etməyi bacarmaq isə xoşbəxtlikdir. Təsəllimiz isə budur: biz olduq-olmadıq, sözümüz, yazımız, yaxşı əməllərimiz, vətənimiz, millətimiz, nəhayət, dünyamız yaşayır, necə ki, 90 yaşlı Yusif Səmədoğlunun əsərləri həm yaşayır, həm də müəllifini yaşadır.
Əzəldən belədir çünki kainat,
Cahan əbədidir, ömür amanat.
Əldən-ələ keçir amansız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Dekabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















