Yusif Səmədoğlu təkrarsızlığı: Qətl günü ndən əbədiyyətə qədər...
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
1998-ci ilin 18 avqustunda Fəxri xiyabana daha bir axın, izdiham baş aldı. "Dərd də, azar kimi, gələndə batmanla gəlir".
Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlu əbədiyyət adlı bir mənzilə yol alırdı və o mənzildən heç bir möcüzə bir daha onu bu dünyaya qaytarmayacaqdı. Səməd Vurğun ocağının ağbirçəyi Xavər xanımın ağlar ana görkəmi artıq bu ocaqda bir çat yarandığından xəbər verirdi. Ancaq insanın hər gün gördüyü, ünsiyyətdə olduğu, illər boyu doğmalaşdığı həmcinsindən əli üzüləndə bir istək də onu tərk eləmir - lap mövhumi də olsa, özünü belə bir fikrə inandırır ki, möcüzə baş verəcək. Vaqif Səmədoğlunun bir şeirində deyildiyi kimi:
Bir gün səslənəcək
və ölüm qədər yaxın,
doğma bir səs eşidəcəm.
Ömrün səslərində bir boşluq səslənəcək,
və mənə gərəksiz olacaq
yer üzünün bütün özgə səsləri.
Və o an
nə sayrışan ulduzların xışıltısı,
nə uşaq gülüşünün parıltısı
daha lazım olmayacaq mənə.
Ölüm qədər yaxın
doğma bir səs eşidəcəm...
Amma o doğma səsi heç bir möcüzə bizə qaytara bilməz. "Yuxunuz şirin olsun, dirilər!"
Yusif Səmədoğlu deyəndə öncə Səməd Vurğun yada düşür. Onların şəkillərini yanaşı qoyun, görəcəksiniz ki, natura etibarilə atasına ən çox oxşayan Yusifdir. Təkcə görünüş və natura etibarilə yox, həm də daxilən, ruhən... Təbii ki, biz - qırxıncı illərin sonlarında, əllinci illərdə dünyaya gələnlər Səməd Vurğunu görə bilməzdik. Səməd Vurğunu biz yalnız dilimizin əzbərinə çevrilən şeirlərindən, bu şeirlərin təsiri ilə Azərbaycanı sevən bu torpaqda doğulduğu üçün böyük qürur hissi keçirən atalarımızın, analarımızın, yaşca bizdən irəli bacı və qardaşlarımızın məhəbbətindən sevmişik. Bəli, məhəbbətindən! Çünki uşaq olmağıma baxmayaraq, bunu - bu qeyri-adi məhəbbəti hiss etməmək mümkün deyildi. Bizim evdə iki dəfə böyük ağlaşmanın şahidi olmuşam. 1953-cü ildə (onda mənim beş yaşım vardı) - mart ayında "ellər atası" Stalin öldü. İlk ağlaşma onda oldu. 1956-cı ilin mayında Səməd Vurğun öldü və onda da gördüm ki, necə böyük bir müsibət baş verib. Amma tezliklə Stalin şəxsiyyətinə pərəstişə qarşı bir kampaniya keçdi, "ellər atası" fəxri zirvədən aşağı yumbalandı, vaxtilə onun ölümünə ağlayanlar heykəllərini yıxdılar. Amma Səməd Vurğun unudulmadı. Çünki Səməd Vurğunu unutmaq azərbaycanlı olduğunu unutmaq demək idi.
Bir haşiyə: 1960-cı ildə 25 yaşlı Yusif Səmədoğlunun ilk hekayələr kitabı çapdan çıxır: "220 №-li otaq". Cavan yazıçı kitabın birinci səhifəsində yazmışdı: "Atam Səməd Vurğunun əziz xatirəsinə ithaf edirəm".
Əlbəttə, etiraf edək ki, bu kitab ədəbi aləmdə elə xüsusi səs-səda doğurmadı. Müqayisə edib deyə bilərik ki, on üç il sonra cəmi beş hekayədən ibarət ikinci kitab - "Qalaktika" daha sanballı idi. Burada Yusif Səmədoğlu artıq bir hekayəçi kimi püxtələşmişdi. Ancaq söhbət "220 №-li otaq"dan gedir və mən burada "Atam Səməd Vurğunun əziz xatirəsinə ithaf edirəm" sözlərinin kitabdakı hekayələrlə nə dərəcədə səsləşdiyinə işarə etmək istəyirəm.
Bunun üçün həmin kitabdakı iki hekayəyə üz tuturam. "Gözlər" hekayəsi Səməd Vurğunla bağlı (hekayədə adı çəkilməsə də, Şair odur), reallığına - olmuşluğuna qətiyyən şübhə doğurmayan bir hadisədən söz açır. Ovçu dostları ilə birgə Q. kəndinə gedir. Sabah sübhdən yenə ova çıxacaqdılar. Şairin kəndə gəlməsini eşidən camaat klubun qabağına toplaşır. Şair görünən kimi hamı ilə hal-əhval tutur.
Və bu zaman... "Cavanların qabağında, on yeddi-on səkkiz yaşlarında ucaboy bir qız başını aşağı salıb dayanmışdı. Qızın alnına tökülmüş qıvrım teli arabir əsən mehdən tərpəşir, qalın çatma qaşlarını sığallayırdı. Həyəcanlandığından, yorulduğundanmı qız ağır nəfəs alır, qabarıq sinəsi qalxıb enirdi.
...Şair ağır addımlarla qıza yanaşıb bir an durdu, adəti üzrə yenə əlini saçlarına aparıb qaşlarını çatdı. Bir az dumanlı görünən gözlərində gəncliyə, təbiətin qüdrətinə təşəkkür ifadə edən bir qığılcım yandı. Şairin qıza maraqlandığını görən camaat danışığını kəsdi. Şair mənalı nəzərlərlə bir qızı, bir də dağları süzdü, sönmüş papirosunu yerə tullayıb dedi:
- Qızım, get mənə bir atlama qayır gətir. Gözlərinə şeir yazacağam.
Qız son dərəcə ağır bir hərəkətlə başını qaldırdı. Gözlərinin ikisinə də ağ gəlmişdi. Sanki Şairdən və təbiətdən aman istəyirdi. İşin belə olacağını heç kəs gözləmirdi. Hamı pərişan halda nəzərlərini Şairə dikdi. Şair isə...
Şairsə sarsılmışdı. Bənizi qaralmış, dodaqları titrəyirdi.
...Şair qıza yanaşdı, onu qucaqlayıb başını bağrına basdı. Titrək səslə:
- Qızım, bağışla, - dedi, - görmədim, qızım, bağışla, görmədim!"
Son dərəcə həssas olan, ürəyi kövrəkdən kövrək şair klubda çox qalmır, bu ağır səhnə onu sarsıtdığından şəhərə tələsir.
Və illər keçir, qəlbini sındırdığına görə o qız yadından çıxmır.
Və bir gün, həkimlərin ciddi səyi ilə sağalan o qız şairin yanına gəlir.
Bu hekayədə Yusif Səmədoğlu böyük bir məhəbbətlə xalqın sevimli şairinin - atası Səməd Vurğunun obrazını yaratmışdı.
Məncə, Yusif Səmədoğlunun Səməd Vurğuna münasibətini - oğulun Ataya məhəbbətini açıqlamaq üçün "Gözlər" hekayəsindən daha gözəl mənbə tapmaq çətindir.
O ki qaldı "220 №-li otaq" hekayəsinə, bu hekayə Yusif Səmədoğlunun Səməd Vurğun ideallarına nə dərəcədə sadiq qaldığını göstərən səciyyəvi ədəbi nümunədir.
İllər keçdikcə, Səməd Vurğun yaradıcılığına dönə-dönə müraciət etdikcə bir daha aydın olur ki, o, təpədən-dırnağa azərbaycançı, milliyyətçi, vətənçi şair idi, hətta "Zəncinin arzuları"nda da, "Zamanın bayraqdarı"nda da Səməd Vurğun Azərbaycan ruhundan bir addım belə geri çəkilməmişdi.
"220 №-li otaq" hekayəsinin qəhrəmanı da başdan-ayağa patriotdur, bütün varlığı ilə Azərbaycana bağlıdır. Moskvada təhsil alan dostunun birdən-birə dəyişməsi (adət-ənənələrimizə dodaq büzməsi, tarı yox, saksafonu və trubanı sevməsi, rus qızlarına "məftun" olması) onun mənliyinə toxunur, ironiya ilə "Bizdən Azərbaycana salam!" deyən dostlarından əbədi ayrılır.
"Komendantdan pasportunu geri alanda o qoca kişi diqqətlə üzümə baxdı və soruşdu:
- Orada heç kim qalmadı? Yoxsa gecdir, yatmaq vaxtıdır.
Mən nə etdiyimi bilmirdim. Yazıq qocanın üstünə qışqırdım:
- Xeyr, qaldı! Bir fahişə qaldı, bir də o fahişəyə oxşayan iki oğraş!.."
Ancaq Yusif Səmədoğlu ruhən, necə deyərlər, kökünə və qan qrupuna görə Səməd Vurğuna nə qədər oxşasa da, öz taleyini yaşadı. Onlar XX əsrin bir-birindən fərqli iki zaman qütbündə yaşamışlar. 1956-cı ildə 50 yaşını yenicə adlamış Səməd Vurğun
illər boyu çəkdiyi mənəvi əzablardan, açıq və gizli təqiblərdən, "qazandığı" xərçəngdən vəfat etdi.
Bu zaman Yusif Səmədoğlunun 21 yaşı vardı. Səməd Yusif oğlu həyatında çox müsibətlərlə üzləşmişdi, o, böyük şöhrət pyedestalına bu müsibətlərdən keçə-keçə yüksəlmişdi. Uşaqkən anasını, sonra atasını itirmişdi. Yoxsulluq və ehtiyacla üz-üzə qalmışdı. Bəy oğlu idi, amma yeni quruluş ona bəy kimi yaşamağa heç fürsət vermədi, əlinə silah götürüb komsomollarla bir sırada bəylərə qarşı mübarizəyə qalxdı. İlk sevgisi uğursuz oldu. Şeir aləmində çox tez parladı, ancaq heç vaxt başından qeylü qal əskik olmadı. Böyük şair kimi etiraf olunsa da, Mircəfər Bağırovun açıq və gizli təqibləri, qəzet və jurnal səhifələrində ünvanına yağdırılan hücumlar həmişə yoluna çıxdı. Cavid, Müşfiq, Əhməd Cavad - onlarla gözəl ziyalımız sürgünlərdə məhv oldu, güllələndi. Səməd Vurğun isə yaşaya-yaşaya bu sürgünlərdən keçdi. Ancaq bütün bu görünən və görünməyən tərcümeyi-halı ilə Səməd Vurğun elə sağlığında xalqın ürəyində öz möhtəşəm heykəlini ucaltdı.
1956-cı ildə Səməd Vurğun vəfat edəndə dövr, zamanə artıq mülayimləşmişdi, ölkədə Stalin şəxsiyyətinə pərəstiş bir nömrəli tənqid hədəfinə çevrilmişdi, xalq, deyəsən, rahat nəfəs almağa başlayırdı. Moskvada, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alan Yusif Səmədoğlu sonuncu kursu Bakıda - ADU-nun filologiya fakültəsində başa çatdırdı. Sonra isə qəzet və jurnal redaksiyaları ilə əməkdaşlıq etməyə başladı.
Gərək həqiqəti olduğu kimi söyləyək. Altmışıncı illərdə Yusif Səmədoğlu artıq bir kitabın və bu kitaba düşməyən bir neçə hekayənin müəllifi olsa da, öz yaşıdları arasında seçilmədi. Mənim fikrimcə, bunun iki səbəbi vardı. Birincisi, Yusif Səmədoğlunun yazıçı təbiətiylə bağlıdır. Bütün ömrü boyu o, çap olunmağa tələsmirdi, əgər belə demək mümkünsə, Yusif Səmədoğlu görünməməyə çalışırdı. Görünənlər - Yusif yaşlılar hər 3-4 ildən bir öz ədəbi məhsullarını kitab kimi çap etdirirdilər, başqa dillərə əsərləri tərcümə olunurdu, təbii ki, buna layiq idilər. Ancaq nə etmək ki, Yusif az yazırdı, belə "məhsuldarlığı" yox idi. Mən deyərdim, o, Azərbaycan ədəbiyyatında bir bəy - bir kübar həyatı keçirirdi. İstəyəndə yazırdı, istəməyində yazmırdı. Amma elə dövrdə - yazmadığı illərdə də heç kəs onun istedadına qətiyyən şübhə etmirdi.
İkincisi, Yusif Səmədoğlu az yazsa da, bəzi yazılarını çapa verəndə də bunları "Qlavlit" geri qaytarırdı. Yaxşıca xatırlayıram ki, burada adını çəkəcəyim bir hekayə düz üç dəfə müəllifin özünə qaytarılıb.
(Ardı var)


