ÖMRÜ ÇOXDAN BİTMİŞLƏRİN YENİDƏN QAYITMAQ İMKANI Rafael Hüseynov yazır
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rafael HÜSEYNOV
Akademik
Cavanlar bilməz, yaşlıların - sovet dövründə "xarici səslər"ə qulaq asmağın həvəskarı olanların yadına gələr: qısa dalğalardan yayılan "Amerikanın səsi"nin, BBC-nin, "Azadlıq"ın, "Alman dalğası"nın verilişlərini yaxşı eşidilməsin deyə xüsusi qurğularla vurardılar. Səs gah itər, gah xışıltılara bürünər, gah da müəyyən anlarda aydınca eşidilərdi. Radio adamı Hüseyn Natiqin illərin o tayında qalmış ömür hekayəsi də o üzə çıxıb-itən dalğalara bənzəyir. O yerdə ki özünün hansısa əlyazmaları, gündəlik qeydləri, məktubları var, "səslər" aydın eşidilir. Əlimizin altında bel bağlanası sənədlər olmayanda, ümid gümanlara, ehtimallara qalanda "xışıltılar" artır.
Azərbaycan Radiosunun təşəkkül çağlarında çiynində əsas ağırlığı daşıyanlardan olmuş Hüseyn Natiq - Hüseyn Mir Abdulla oğlu 1912-ci il aprelin 3-də doğulmuşdu. Atası - Mir Abdulla Mir Əli oğlu, anası - Ümbül Həmzəli qızı. Bu haqda Bakı quberniyası Lenin rayonu Sabunçu kəndindən ona artıq 1929-cu ildə verilmiş 206 saylı doğum şəhadətnaməsi var. Adının sənədlərdə "Mir Hüseyn Mir Abdullazadə" yazıldığı da olub.
Bu isə can yiyəsinin - Hüseyn Natiqin özünün 1939-cu il iyunun 2-də yazdığı ömürlüyü - tərcümeyi-halı: "1912-ci ildə Bakının Sabunçu kəndində doğulmuşam. Atam 1921-ci ildə vəfat edib. Anamın himayəsində qalmışam. 1920-ci ildə İkinci dərəcəli məktəbi bitirmişəm, daha sonra Bakıda Pedinstituta daxil olmuşam və oranı da 1932-ci ildə başa vurmuşam".
Bu, Hüseynin radioyadək olan yolu idi və həyatının bu parçasında o, dövrün qəzet-jurnalları ilə sıx əlaqədə idi, bu əməkdaşlığı sonacan da davam etdirdi.
"Qırmızı pambıqçı", "Sosializm yolu", "Kaspi bolşeviki" və daha neçə qəzet ki haçansa çıxıblar, oxunublar, indi də arxivlərdədir və onların hər birində Hüseyn Natiqin imzası qalır.
1932-ci il avqustun 29-u. Müasirlərimizin adını eşitmədiyi, onillər qabaq çıxmış və çoxdan da varlığını dayandırmış qəzetlərdən birinin - "Azərbaycan kolxozçusu"nun məsul redaktoru Məhəmmədli xahiş məktubu ilə Hüseyn Natiqə müraciət edir.
İş ondadır ki, ilk nömrəsi 1923-cü il oktyabrın 11-də "Kəndli qəzetəsi" adı ilə buraxılmış həmin qəzetin sentyabrın 15-də 1000-ci nömrəsi çıxacaqdı.
Redaktor yazırdı ki, indi qəzetin 25 min oxucusu, 1200-ə yaxın müxbir kütləsi var. "Azərbaycan kolxozçusu"nun 1000-ci nömrəsinin hazırlanması ilə əlaqədar Hüseyn Natiqdən xahiş edilirdi ki, o da həmin xüsusi buraxılış üçün təbrikini yazıb göndərsin.
Elə bunun özü də Hüseyn Natiqin o çağlar respublikanın jurnalistika həyatında və ədəbi mühitində seçkin yer tutmasının göstəricisidir.
1935-ci il fevralın 19-da Hüseyn Natiqə SSRİ Yazıçılar İttifaqının Yazıçılar Universitetindən verilmiş bu arayış deyir ki, o, gənc yazıçıların Komsomolun Mərkəzi Komitəsi və Yazıçılar İttifaqı tərəfindən 1934-cü il dekabrın 19-dan 1935-ci il fevralın 20-dək Serafimoviç adına Yaradıcılıq Evində təşkil edilən ikiaylıq kurslarında dinləyici olub. Bu iki ay ərzində onlara XX əsr rus və Qərbi Avropa ədəbiyyatı, müasir ədəbiyyat, folklor, ədəbiyyat tarixindən, dialektik və tarixi materializmdən mühazirələr oxunmuş, eləcə də yaradıcılıq seminarları keçirilmişdi. Bu iki aylıq kurs həm də yeni ədəbi qüvvələrlə bilavasitə təmas, dostluq münasibətləri qurulması üçün vasitə idi. Sonra aralarında dostluq münasibətləri yaranıb, mütəmadi məktublaşıblar, bir-birlərini tərcümə ediblər.
Yəni Hüseyn Natiq radioya yetişmiş, Azərbaycanda və SSRİ-nin müxtəlif guşələrindəki ədəbi qüvvələrlə əlaqələri olan seçkin yaradıcı kimi gəlmişdi. Səviyyəsini, ictimai fəallığını nəzərə alaraq ondan radio illərində komsomol işində də istifadə etməyə çalışırdılar. Ancaq çatdırmaq çətin idi. Hüseyn radiodakı işlərini görə-görə komsomol iclaslarında da mütəmadi iştirak etməli idi. Radioda isə Hüseyn Natiqin işi yalnız diktorluqdan, veriliş mətnləri hazırlamaqdan ibarət deyildi. O, ilk növbədə diktor olduğundan ən əvvəl radionun efir saatları və dəqiqələrinin tabeliyində idi. Komsomol iclaslarına getməməyə görə isə Natiq cəzalandırıla da bilərdi. Ona görə də Azərbaycan Radio Verilişləri Komitəsinin müdiri adından Leyla Terequlova Azərbaycan Ali Pedaqoji İnstitutunun komsomol kollektivinə belə məzmunda bir məlumat-məktub göndərir: "Azərbaycan Radio Verilişləri Komitəsinin fənni təhsil sektoru sizə məlum edir ki, yoldaş Hüseyn Natiq radioda qaibanə kommunist darülfünununun və qaibanə Şura firqə məktəbinin radio mühazirələrini oxuduğu üçün saat 5-dən 7-yə kimi bu işlə məşğul olur. Odur ki, komsomol iclaslarında iştirak etmədiyi üzrlü hesab olunsun".
Ancaq radio illərində Hüseyn Natiqin qarşısında dayandığı yalnız studiyadakı mikrofonlar deyildi.
Onu müxtəlif səhnələr və meydanlarda qurulan başqa mikrofonlar qarşısına da tez-tez dəvət edirdilər.
1936-cı il avqustun 3-də Azərbaycan Şura Yazıçıları İttifaqından göndərilən məktubda Hüseyn Natiqə bildirilir ki, ona bu sətirləri Süleyman Rüstəmin tapşırığına əsasən yazırlar: avqustun 4-də Kirov adına parkda Qorkinin xatirəsinə həsr edilən axşamda iştirak etməli və şeirlər oxumalıdır.
Bu məktubsa "Azərbaycan pioneri" qəzetinin blankında yazılıb - 1939-cu il aprelin 3-də. Məktubu yazan sadəcə soyadını göstərib: "Novruzov".
Rica edir ki, Süleyman Dadaşov yoldaşın musiqi əsərini dinlə, ona bir yaxşı şeir yaz, çap edəcəyik".
Hüseyn Natiq diqqət mərkəzində idi, ona ən müxtəlif istiqamətlərdə ehtiyac vardı. Lakin Mir Mehdi Seyidzadənin imzası ilə "Azərbaycan Radio Komitəsinə, Hüseyn Natiqə" ünvanlanan bu məktub mahiyyəti ilə bir tərəfdən Hüseyn Natiqin ədəbi-mədəni mühitdə artıq nüfuz yiyəsi olmasına dəlalət edirsə, o biri yandan da radionun Azərbaycanın ədəbi həyatındakı aparıcı yerinin daha bir təsdiqi deməkdir.
Mir Mehdi Seyidzadə o zaman Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında işləyirmiş.
Məktubun anlatdığı həqiqət ondan ibarətdir ki, növbəti il üçün nəşriyyat planı tərtib edilərkən ədəbi həyatla bilavasitə bağlı Yazıçılar İttifaqı ilə yanaşı Azərbaycan Radiosunun da təkcə ictimai-siyasi gerçəklikdə deyil, ədəbi həyatda aparıcı rolunu nəzərə alaraq planlaşdırılan nəşrlərə rəyini bilmək istəyirdilər. Məktubun birbaşa Hüseyn Natiqə göndərilməsi isə radioda həmin dövrdə başlıca ədəbiyyat mütəxəssisi kimi məhz onun görüldüyü qənaətini yaradır.
Məktubda deyilir: "Hörmətli yoldaş Hüseyn Natiq! Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatının Bədii ədəbiyyat şöbəsi 1939-cu ildə çap olunacaq orijinal əsərlər üçün plan düzəldir. Sizin bu işdə iştirakınız vacib olduğundan oktyabrın 4-də axşam saat 8-də bu məsələ haqqında çağırılacaq müşavirədə iştirak etmənizi xahiş edirik. Müşavirə "Azərnəşr"in binasında ikinci mərtəbədə olacaqdır.
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatının direktoru Qaryağdı Həsənov, bədii ədəbiyyat şöbəsinin müdiri Mir Mehdi Seyidzadə".
Dalğalar uçub gedib və dalğa-dalğa yayılan verilişlərə, konsertlərə, radiosəhnələşdirmələrə qulaq asanlar da ömrünü yaşayaraq, elə həmin cazibədar səslər efir boşluqlarında əriyib itən sayaq, ömürlərini başa vurub yoxluğa qovuşublar. 1920-1930-cu illərdəki radiomuz haqqında canlı xatirələrini daşıyanlar, həmin radionun ən gənc dinləyiciləri də qaldılar keçən əsrdə. Ola bilsin, o çağın adamlarından tək-tək kimsə həyatda olmuş ola. Ancaq bu vaxtacan yaddaşda o köhnə radionun sədaları qalmaz ki!
Səs yazıları yoxdur, çünki hələ o illərdə radioda verilişləri, çıxışları, oxuları lentə almaq ənənəsi yaranmamışdı. İşin tərsliyindən nə teleradioda, nə də digər arxivlərdə keçmiş onillərin, xüsusən də 1920-30-40-cı illərin verilişlərinin əlyazmalarından əsər-əlamət var. Nisbətən yeni dövrün, 1960-70-ci illərin bir para əlyazmaları, ayrı-ayrı verilişlərinin mətnlərindən müəyyən parçalar qorunub saxlansa da, radionun quruculuq illərinin, ənənələrinin yaranaraq oturuşması çağlarının yazıları gözə dəymir. Hüseyn Natiqin arxivi bu baxımdan yeganə qaynaqdır. O həm özünün, həm də, yəqin ki, redaktoru olduğu verilişlər və çeşidli səsləndirmələrin mətnlərindən nüsxələri saxlayıb. İş ondadır ki, lap əvvəldən belə olub, indi də həmin təhərdir - radioda, televiziyada gedən verilişlərin hər biri üçün ayrıca qovluq hazırlanır, əlyazmanın da müəllifin imzaladığı bir nüsxəsi ora qoyulur. Vaxtilə o mətnlər makinada çap olunardı və adətən də azı iki nüsxə olardı: biri mühasibata göndəriləcək həmin qovluğa əlavə edilən, digəri də iş gedişatında, yazılış əsnasında istifadə olunan nüsxə.
Hüseyn Natiq də həmin ikinci - işçi nüsxələri özündə saxlayırmış və həmin səliqənin sayəsində biz radiomuzun başlanğıc dövrünün bir çox verilişlərini yenidən "dinləyə" bilirik.
1935-ci ilin 18 avqustudur, ovaxtkı təqvimdə həmin vərəqdə "Aviasiya Günü" yazılıb. Azərbaycan radiosunda veriliş gedir. Bu "radio-montaj"ı hazırlayan da, səsləndirən də Hüseyn Natiq özüdür.
"Son zamanlarda Moskvada gedən ölkə paraşütçülərinin toplantısında Zaqafqaziya paraşütçüləri birinci mükafatı almışlar. Onların içində ordenli ölkəmizin gənc təyyarəçi qızı Seyidməmmədova yoldaş da vardır. Bu gün Şura göylərində yeni türk qızları uçmağa başlamışdır. Onlar əski cəhalət sisteminə zərbələr endirərək erkəklərlə bərabər uçuş sənətini öyrənib şanlı ölkəmizin keşiyində dururlar. Bu gün bizim ölkəmiz təyyarəçi qadınları ilə fəxr edir. Məmmədova, Sona Nuriyeva və Seyidməmmədova (Təyyarəçi qadınlarımızın adlarını mətndə göstərildiyi kimi veririk. Ancaq əslində burada məşhur təyyarəçi qadınlarımız Leyla Məmmədbəyova (1909-1989), Sona Nuriyeva (1915-1986), Züleyxa Seyidməmmədova (1919-1994) nəzərdə tutulur - R.H.) kimi gənc türk qızları bugünkü Aviasiya Gününün şanlı bayramının birər fəxridirlər. Yoldaşlar, qulaq asınız, Sona Nuriyevanın həyatından bəhs edən "Təyyarəçi Sona" adlı şeiri oxuyaq".
O çağlar idi ki, əsrlərcə örtünmüş, çadraya bürünmüş, ömrünü elə evdar qadın kimi keçirməyi təqribən ilahi hökm kimi qəbul edərək bu tale ilə barışmış Azərbaycan qadınının həyatında büsbütün yeni mərhələ başlanmışdı və təyyarəçilik peşəsinə yiyələnən xanımlarımız qadın azadlığı və sərbəstliyinin çərçivəsini daha da genişləndirir, dünənəcən yuxu kimi belə ağla gəlməyəni genişləndirirdilər. Nəinki sadəcə təyyarəçilik edir, paraşütdən atılırdılar, hətta bu sahəyə aid yarışlarda qalib çıxırdılar. Və bu radio verilişinin mətnində təyyarəçi-paraşütçü qadınlarımızın dönə-dönə "türk qızları" deyə təqdim olunması diqqət çəkir.
Hələ 1935-ci ildir. Vur-tut 2 il ötüncə Kremlin siyasətində korrektələr baş verəcək. Azərbaycanı Türkiyədən uzaq salmaq, türk dünyasından aralamaq səmtində qəti addımlar atılacaq, millətimizin də, dilimizin də adı dəyişdiriləcək: daha orta məktəblərdəki dərsliklərin üstündə "Türk dili" deyil, "Azərbaycan dili" yazılacaq, doğum şəhadətnamələrində, pasportlarda bizlərin milliyyəti "türk" yox, "azərbaycanlı" kimi göstəriləcək.
"Pioner və məktəblilərə" ünvanlanan bu verilişdə isə 1938-ci ilin 6 sentyabrıdır. Həmin mətni də Hüseyn Natiq özü qələmə alıb. "Gənc mübarizlər" adlandırılmış bu radio-kompozisiya "Dünya Gənclərinin Mübarizə və Çağırış Günü"nə həsr edilib. Azərbaycan Radiosunun həssas əlləri daim vaxtın aramsız çırpınan nəbzində idi, oçağkı dünya və sovet siyasətinin bir ucu da Azərbaycan Radiosundan keçirdi. Bu verilişin böyük hissəsi 1936-cı ilin 18 iyulunda İspaniyada baş vermiş "faşist qiyamı"nın ilk günündən başlayaraq bu ölkənin gənclərinin "vahid bir cəbhə kimi respublikanın müdafiəsinə qalxmasından" bəhs edirdi.
O dövrdə Sovet İttifaqına xeyli ispan inqilabçısı siyasi mühacirətə gəlmişdi, əksəri burada həmişəlik qaldı, bəziləri azərbaycanlılarla ailə quraraq daha artıq buralılaşdılar. "Azərbaycan ispanları" ədəbiyyatımızın da surətlərinə çevrilərək söz tariximizdə yerlərini tutdular. Hüseyn Natiqin bu verilişi həmin dalğanın radiomuzdakı izlərindəndir.
O verilişdə Hüseyn Natiq "İspaniya gənclərinin mübariz döyüşçüsü, xalqın şair tribunu" Rafael Albertinin (1902-1999) həlak olmuş silahdaşlarının xatirəsinə ithaf etdiyi şeiri də dilimizə çevirərək oxumuşdu. İndi həmin şeir nə hansısa kitabda qalıb, nə də bir köhnə qəzetin səhifələrində. Amma bu verilişin Hüseyn Natiqin arxivində hifz olunmuş mətnində həmin şeir də yaşayır və günlərin birində ispan-Azərbaycan ədəbi əlaqələri ilə bağlı araşdırmalar aparacaq bir alimin diqqətini çəkər deyə həmin unudulmuş parçanı da iqtibas edirəm. Bir də ona görə bu yadigar sətirlərdən yan keçmirəm ki, bir ispan şairi onu öz döyüşkən soydaşlarına həsr etsə də, bir azərbaycanlı şair onu dilimizə çevrirərkən əslində həmin yenilməz ruh ifadəsi olan misraların onun öz yurddaşlarına da birbaşa aidliyini düşünməmiş deyildi:
Siz ölməmisiniz, ey mərd oğullar,
Sakit yatdığınız o qərib məzar
Örtülmüş olsa da şehlə, yağışla,
Dərələr, təpələr bir ağlayışla
Qoy təkrar etsinlər o qan səsini,
Döyüşlərdən doğan vulkan səsini.
Əkilmiş torpağa neçə gənc bədən.
Dünyanın, həyatın şur-nəşəsindən
O cani əlləri sizləri aldı,
Vüqarlı cisminiz yerlərdə qaldı.
Toplayıb əzmlə qüdrətinizi,
Bu yerdə tapdınız qismətinizi.
Qanlı vuruşların kotanlarından,
Sizi toxum kimi səpdilər haman.
Yerdən eşidirəm ilk səsinizi,
Bəsləyib qoynunda bu torpaq sizi.
İndi nəzər salır tarlaya, bara,
Salamlar yenidən doğulanlara.
...Kim dedi sizlərə "Ölülərdir, bax",
Burax baş daşından,
məzardan uzaq.
Güllə tufanının coşqun nəfəsi
Oxusun sizlərə şərəf nəğməsi.
Qanlını, qardaşı unutmuruq biz,
Göylərə səs salsın qoy təranəmiz.
Ey ölü dirilər, qoşulun bizə,
Güc verin yüksələn bu nəğməmizə.
Ey atəşdən doğan, oddan çıxanlar,
Qaranlıq zülməti vurub yıxanlar,
Adınız nə ölüm, nə fəlakətdir,
Gələcək günlərə böyük qüvvətdir.
Bu veriliş efirə gedəndə isə 1937-ci ilin 19 mayıdır. Qarşıdan müdhiş günlər, illər gəlir. Lap azacıq keçəcək, ikicə həftə sonra tuthatutlar başlanacaq, Azərbaycanın ən qiymətli oğulları həbsə alınacaq, güllələnəcək, sürgünlərə göndəriləcək və tək-tək adamların deyil, bütöv nəsillərin taleyini şikəst edən bu dövrdə, təbii ki, radio işləməyində davam edəcək, amma o müsibətlərdən efirdən bircə kəlmə də eşidilməyəcək. Əksinə, dünənəcən radio mikrofonlarından adları hər gün çəkilənlərin, səsləri gələnlərin, şeirləri oxunanların neçəsi "xalq düşməni" elan ediləcək və bu tərəfə yolları bağlanacaq, adları, imzaları, salamat qalanların səsləri radioya bir də 20 ildən çox vaxt ötəndən sonra qayıda biləcək.
Hələliksə 1937-nin ağır döyüşqabağı sükuta qərq olmuş güllü-çiçəkli may günlərindən biridir, hələ vaxtsız döyülən qapılar insanlarda vahimə, gecə evlərinin yanında eşidilən maşın gurultusu dəhşət oyatmır.
Hüseyn Natiq mikrofon qarşısındadır və ruh yüksəkliyi ilə, öz sözü - "gözəlliyini yalnız Rafael (1483-1520 - R.H.), Mikelancelo (1474-1564 - R.H.) kimi ustadların təsvirə çəkə biləcəyi" Əhmədbəyli kəndinin açılan səhərini tərənnüm edir, ardınca da həmin kənddəki Stalin sovxozunun pambıqçısı, Bəsti Bağırovanın iki əllə pambıq yığmaq üsulunu mənimsəyərək xariqələr yaradan, 1935-ci il mövsümündə gündə 280 kiloqram pambıq toplamaqla adı dillərə düşən, bu sahədə ilk staxanovçu adlanmaq haqqı qazanan Almas adlı qızın gündəlik həyatını təsvir edir. Almasa bir gün Bakıdan teleqram gəlir ki, respublikanın sovetləşməsinin 15 illiyi münasibətilə Azərbaycandan Moskvaya, Stalinlə görüşə bir nümayəndə heyəti yola düşəcək, sən də həmin tərkibə daxil edilmisən.
Almas Moskvaya gedir, Stalinlə görüşür, Azərbaycana, öz kəndinə sinəsində Lenin ordeni və rəhbərin hədiyyəsi olan patefonla qayıdır və savadını artırmaqçün Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbələri sırasına qoşulmağa hazırlaşır.
Bu radio-kompozisiyanın mətni 15 səhifədir. Hər səhifənin oxunuşunu 2 dəqiqədən götürsək və arada müşayiət musiqisi verilməsini də nəzərə alsaq, demək, veriliş yarım saatdan çox çəkib.
Sovet onillərində əmək qəhrəmanlarını ucaldan verilişlər, yazılar, filmlər, nəğmələr gündəlik həyatın bir parçası idi. Əməyin romantikası, adi fabrik-zavod, kolxoz-sovxoz həyatı elə şairanə təsvir edilir, ayrı-ayrı fəal, çalışqan insanlar dövlət tərəfindən elə şöhrətləndirilir, ucaldılırdı ki, digərlərində də işləməyə, çalışmağa həvəs artırdı. Azərbaycanlı sadə kənd qızı Moskvaya aparılırdısa, adı insanlara o dövrdə nağıl kimi gələn Stalinlə görüşürdüsə, bu sadə kəndçi balası SSRİ-nin ən ali ordenlərindən birinə layiq görülürdüsə və uyğun olaraq həyatı da birdən-birə yaxşıya doğru kəskin şəkildə dəyişirdisə, bütün bunlar yalnız çəkilən əməyə hökumətin ədalətli qiymət vermək məsələsi deyildi. Dövlət ayrı-ayrı insanları qaldırmaqla örnək yaradırdı, cəmiyyətə, insanlara "siz də səy göstərsəniz, bu ucalığa yetişəcəksiniz" ismarışını ötürürdü. Bu təbliğatı kütlələrə ötürməkçün də 1920-30-40-cı illərdə əsas və ən münasib silahı radio idi. Əlbəttə, qəzetlər də vardı. Ancaq radiodakı yeyinlik mətbuatda yox idi. Bəs səbəbsiz deyildi axı Sovet hökuməti radiolaşdırmanı xüsusi əhəmiyyətli siyasətə döndərmişdi, Sovet İttifaqı boyu gün ərzində səslənən radionu hər evə çəkməyi qarşıya məqsəd qoymuş və bu niyyəti gerçəkləşdirmişdi də. Sonra - 1950-ci illərin ortalarından etibarən televiziya da bu sıraya qoşuldu, amma dalğaları tezcə hər ünvana çata bilən radio axıracan dövlətin ən xüsusi diqqət ayırdığı siyasət ötürücüsü məqamında qaldı.
Həmin Əbmədbəylidən olan Almas Kremldə, Stalinlə görüşdə söz veribmiş ki, indiyədək gündə 280 kiloqram pambıq toplayırdım, bundan sonra həmin rəqəmi 300-ə çatdıracağam.
İndi Azərbaycan Radiosu dinləyicini cəlb edən bir tərzdə taleyini nağıl etdiyi qəhrəman Almasın Moskvadan qayıdandan sonrakı mövsümdə 20 hektar sahədən 40 sentner məhsul əldə etdiyini, 1 gündə vəd etdiyindən də xeyli çox - 462 kilo pambıq yığmaqla "dahi Stalin qarşısında götürdüyü öhdəliyə" artıqlaması ilə əməl etdiyini car çəkirdi.
Bir insan bir günə bu qədər pambıq yığa bilərmi? Vaxt var idi, sovet dönəmində pambıqçılıq Azərbaycanın da həyatında vacib yer tuturdu, mövsüm gələndə yalnız kolxozçular deyil, rayonların, kəndlərin əhalisi, orta və ali məktəblərin şagird və tələbələri də icbari qaydada yığıma cəlb edilirdi. Elə mənim özümü də orta məktəbdə oxuyanda da, universitetdə təhsil alarkən də pambığa aparıblar. Odur ki, təfərrüatlardan xəbərdar idim və qohumlarımız arasında, o çağların ifadəsiylə söyləsək, "zərbəçi pambıqçılar" olduğundan, bilirdim ki, çox zaman təkcə gündüz deyil, gecə ay işığında da tarladan çıxmırlar, bununla belə, topladıqları pambıq 90-100 kiloqramdan o yana keçmir.
Bir adamın gün ərzində 300 kilo pambıq yığa bilməsi ağlasığan deyil, dörd yüz kilonu aşması isə fantastika aləmindən olan söhbətdir. Ancaq insanlar buna inandırılırdı. Hamı bilirdi, bu, mümkün deyil, elə həmin ordenli Almasın həmkəndliləri də bilirdilər ki, nə illah etsən, bu qədərini toplaya bilməzsən. Ancaq radionun elə sehri vardı ki, camaat oradan gələn səslərə, deyilən sözlərə inanırdı. Radio, ardınca da televiziya belə total sovet hipnozunu gerçəkləşdirmək gücündə idi. Bu baxımdan Hüseyn Natiq 1930-cu illər Azərbaycan Radiosu üçün əvəzolunmaz əməkdaşlardan idi. Həm məhsuldar, istənilən mövzuda ləngimədən şeir və nəsr yazmağı bacaran qələm sahibi idi, həm yaxşı diktor idi, həm də artistliyi vardı, radioda hazırlanan müxtəlif səhnələşdirmələrdə özünün irəlicədən nəzərdə tutulan rolları bir yana, üstəlik dəvət olunan aktyorlardan hansılarısa hansı səbəblərdənsə yubananda, yaxud gəlməyəndə "təcili yardım" kimi onları müvəffəqiyyətlə əvəz etməyə hazır idi.
1978-ci ildə Azərbaycan Radiosunda hazırladığım həftəlik "Nəğməli ömürlər" verilişi üçün 1930-cu illərin müğənnisi, elə sənət yolu da radiomuzla sıx bağlı olmuş Qüdrət Əmiraslanovadan müsahibə almışdım, ömür və sənət yolu haqda açacağım söhbət daha müfəssəl və cəlbedici olsun deyə əlavə bir sorğuya da ehtiyac duymuşdum: qət etmişdim ki, Qüdrət xanımın Azərbaycandan hər kəsin tanıyıb sevdiyi həyat yoldaşı ilə görüşüm, onu da danışdırım.
Qüdrət xanımla söhbəti radioda lentə almışdımsa da, o çağlar gözləri artıq sözünə baxmayan, bununçün də evdən bayıra çıxmayan həyat yoldaşı ilə söhbətləşməkçün evlərinə yollanmışdım. Getməzdən öncə razılığını almağı dostumuz Valid Sənanidən xahiş etmişdim. Düşünmüşdüm ki, hələ şəxsən tanış olmadığım adama özüm zəng vursam, radiodan gələcəyimi desəm də, bəlkə də səhhətinə görə heç görüşə razılıq verməz. Amma Valid müəllimin sözündən çıxmayacağına əmin idim - Qüdrət xanımın həyat yoldaşı Valid müəllimin atası, böyük aktyorumuz Möhsün Sənani idi.
Qüdrət xanım o vaxtlar yaşlı olsa da, rica etmişdim ki, köhnə oxularından bəzilərini zümzümə etsin. Sözümü yerə salmamışdı. İndi düşünürəm ki, nə yaxşı bütün bunları o vaxt etmişik. Yalnız Qüdrət xanımı deyil, bir sıra başqa qocaman müğənnilərimizi çalğısız da olsa oxutdurmuşuq. İndi hamısı əvəzsiz səs yadigarlarıdır, həmin danışıqlarında və oxularında həmin insanlar həmişəlik canlıdırlar. Digər tərəfdən də, həmin sənətkarların bir qisminin o yazdıqlarımdan savayı nə lentlərdə, nə vallarda başqa oxuları qalıb.
Qüdrət xanım vaxtilə bir "Kəklik" mahnısı da oxumuşdu və tək onun deyil, başqa bir sıra müğənnilərin də ifasında bu nəğmə 1930-cu illərdə radiodan da, səhnələrdən də vaxtaşırı eşidilirmiş, çoxları bunu elə xalq mahnısı kimi qəbul edir.
Ola bilsin, həmin melodiya elə xalqınkıdır və mümkündür ki, daha əvvəl başqa sözlərlə oxunurmuş. Ancaq bir gün radio rəhbərliyi Hüseyn Natiqə tapşırır ki, o, həmin melodiyaya elə musiqisinə uyğun, bayatı ruhuna yaraşan sözlər yazsın.
Bu, 1938-ci il martın 4-də baş verir. Dəqiq tarixi ona görə bilirik ki, Hüseyn Natiqin əlyazmasının altında bu mahnının efirə getməsinə icazə verən repertuar komitəsi rəisinin imzası var. Səhifənin başında, şeirin sərlövhəsindən yuxarıda isə "Qüdrət Əmiraslanova" yazılıb - yəni ifa edəcək müğənninin adı.
Kəklik, kəklik daşda nə gəzər?
Qələm, qələm qaşda nə gəzər?
Səntək, səntək yarı olanın
Ağlı, ağlı başda nə gəzər?!
A balam, başda nə gəzər?!
Kəklik, kəklik, gəl ovla məni,
Dağlara, daşlara gəl qovla məni.
Gecə, gecələr al qoynuna, yat,
Gündüz, gündüz buxovla məni,
A balam, buxovla məni.
Kəklik, kəklik, nə cıq-cıq eylər,
Yağış yağar, nə palçıq eylər.
Zəhləm, zəhləm o yardan qaçar,
Gündə, gündə bir acıq eylər.
Gəl, gəl, gəl, gəl, ay mənim maralım,
Sənsiz, sənsiz, gəlməz qərarım,
A balam, gəlməz qərarım.
...Qarşıma bir mahnı mətni də çıxır: "Ana Vətən".
Maestro Niyazi sağ olaydı, ondan soruşaydım - yuxarı başda Hüseyn Natiqin qeydi var: "Zülfüqar bəy üçün".
Zülfüqar bəylə də, oğlu Niyazi ilə də Hüseyn Natiq mehriban münasibətlərdəymiş. Yaxınlıqlarının təsdiqlərindən biri Niyazinin onun sözlərinə silsilə mahnılar bəstələməsidir.
Maestro da ara-sıra köhnə radiodan söz açanda ovaxtkı Fioletov küçəsindəki studiyada baş vermiş görüşlərindən, zarafatlarından yeri düşdükcə danışardı.
Bu məqamda Maestronun yeri o səbəbdən görünür ki, sağ olsaydı, bu mahnı ilə bəzi dəqiqləşdirmələri məhz tək o edə bilərdi. İş ondadır ki, bu mahnının mətni varsa da, melodiyasından xəbərimiz yoxdur. Bu şeiri Hüseyn Natiq xüsusi olaraq Zülfüqar bəy üçün yazıbmışsa, demək, məhz bu ölçüdə şeiri ona bəstəkar özü sifariş edibmiş. Sifariş edibmişsə, yəqin, mahnı bəstələnib, ifa da edilibmiş. Söz yox ki, Maestro bundan xəbərdar olmaya bilməzdi. Yaxud elə o illərin radioyla, musiqiylə bağlı insanlarından həyatda qalanı olsaydı, onlardan xəbər alardım. Neyləmək ki, söz soruşulası adamların hamısı artıq xatirədir.
Ya elə bu nəğmə. Onun mahnı mətni olduğunu Hüseyn Natiq özü qeyd edir. Ancaq musiqini kim yazmışdı, nə zaman ifa edilib, kim oxuyub, - baxılası qaynaq, xəbər alınası şahid qalmayıb. Amma belə anlaşılır ki, bu şeir 1938-ci il iyulun 29-dan avqustun 11-dək SSRİ ilə Yaponiya arasında getmiş və "Xasan gölü müharibəsi" kimi tarixə düşmüş hərbi münaqişənin təsiri ilə yaradılıb. Belə hadisələrin hər biri ilə əlaqədar sovet təbliğat maşını mətbuatda, ya da radioda məqalələr verərdi. Hüseyn Natiq ən qəliz siyasi məsələlərlə bağlı olan radiosöhbətlərə belə hər dəfə mövzuya uyğun bir şeir, hekayə, yaxud bu cür tezbazar yaradılan mahnılarla belə dinləniləbilənlik, qulağayatımlıq gətirə bilirmiş. Bunun sayəsində, tutalım, "Kommunist" qəzetində çıxan eyni mövzulu məqaləni oxumayıb kənara qoyanlar radioda onu maraqla, ya da ən azı səbirlə dinləyirmişlər. Soltan Nəcəfov xatırlayırdı ki, belə radio fəndləri tapmağın ustası olduğuna görə rəhbərlik həmişə Hüseyni tərifləyərdi.
Nə gözəlsən, şanlı torpaq,
Hər tərəfin gül-çiçəkdir.
Yolunda can qoyan qoçaq
Günəşdən nur içəcəkdir.
Salam verir qarlı dağlar,
Mahnı deyən gur sellərə.
Əziz Vətən, qızıl diyar,
Bir anasan şad ellərə.
Çal sazını, ana Vətən,
Oynasın şux gəlin, qızlar.
Bir quş ötməz sərhədindən,
Kiprik çalır, bax, ulduzlar.
Oğulların bir dağ kimi
Dayanmışdır sərhədində.
Tüfəngimiz çıraq kimi
İşıqlıdır hər bir yerdə.
Xasan gölü şahid oldu
Əziləndə qatı düşmən.
Can qoyarıq yolunda biz,
Ana Vətən, ana Vətən!
...Bu da 1930-cu illər radiosunda yaranmış və unudulmuş, indi də oxunan, lent yazılarında qalan, amma müəllifləri bilinməyən, xalq mahnısı kimi təqdim edilən daha bir nəğmə.
Bu unudulmuş "Bahar nəğməsi"nin sözləri Hüseyn Natiqin, musiqisi Qılman Salahovundur (1906-1974).
Güldü günəş, gəldi bahar,
Yaşıl donun geydi dağlar,
Sular coşur, sellər gülür,
Şadlıq edir, ellər gülür.
Çeşmə axır sərin-sərin,
Qızlar ötür şirin-şirin.
Ustad aşıq çalır sazı,
Sevin, ellər, bizim yazı.
Solo:
Gözəl bahar, nazlı bahar,
Gənclik səndən nəşə duyar.
Qanadlanır şən könüllər,
Bənövşələr, qızılgüllər
Hər bir yana ətir yayır,
Gül baharı alqışlayır.
...Bu saralmış proqram 1939-cu ilin yadigarıdır. Sentyabrın 30-da Müslüm Maqomayev adına Filarmoniyada Stalinə həsr edilmiş əsərlərdən ibarət konsertə səsləyir. Həmin axşam Azərbaycan dövlət xoru, xalq çalğı alətləri orkestri və filarmoniyanın rəqs ansamblının ifasında Süleyman Rüstəmin sözlərinə Üzeyir bəyin bəstələdiyi "Stalinə salam" əsəri birinci səslənir. O gün Üzeyir bəyin "Stalin haqqında söz" adlı daha bir əsəri də təqdim olunur: oxuyan ordenli Həqiqət Rzayevadır (1907-1969). Əməkdar artist Hüseynağa Hacıbababəyov (1898-1972) da o axşam "Stalinə" adlı nəğməni ifa edir. O təntənəli konsertdə Aşıq Əsəd (1874-1951) və Aşıq Mirzə (1872-1937) səhnəyə qoşa çıxmış, Stalin haqqında nəğmə oxumuşdular. Ardınca da Niyazi və Dobruşkesin Süleyman Rüstəmin sözlərinə bəstələdikləri "Stalin haqqında mahnı"nı xor və simfonik orkestr ifa etmişdi. Dirijor elə ordenli Niyazinin özü idi.
Respublika rəhbərliyinin də izlədiyi həmin "Stalin gecəsi"ndə Niyazinin Rəsul Rzanın sözlərinə bəstələdiyi "Stalin" adlı başqa nəğməni simfonik orkestrin müşayiəti, yenə elə Niyazinin öz dirijorluğu ilə SSRİ xalq artisti, ordenli Bülbül ifa etmişdi.
O gün Səməd Vurğun, Süleyman Rüstəm, Abdulla Faruq, Rəsul Rza rəhbərə ithaf etdikləri şeirlərini oxumuş, bir neçə başqa musiqi əsəri də səslənmişdi.
Həmin axşamdakı son musiqi nömrəsi, proqramı tamamlayan Hüseyn Natiqin sözlərinə Niyazinin bəstələdiyi "Birinci deputat" mahnısı olmuşdu: bu dəfə də Niyazi dirijorluğu özü etmişdi, simfonik orkestr çalmış, xor oxumuşdu.
Axşam 09:15-də başlanan konsert gecə yarısı tamamlanmışdı.
O dövrün meyarları ilə xüsusi dövlət əhəmiyyətli belə sanballı bir konsertdə Hüseyn Natiqin də imzasının respublikanın ən aparıcı yaradıcıları ilə yanaşı olması onun həmin dövrdəki çəki və nüfuzunun yüksəkliyindən deyir və əlbəttə ki, belə bir münasibətin yaranmasında onun təmsil etdiyi radionun da təsiri danılmaz idi.
...O vaxt o konsert birbaşa yayımla radio ilə də səslənirmiş. Səhnədən ucalan sədalar da, radiodan gələn səslər də, həmin axşam, həmin konsert və onun ətrafında bütün başverənlər də qalıb dünəndə.
O konsertdə ürəyindən çox keçsə də, proqrama salınmamış və şeir oxuya bilməyən, bəstəsi səslənməyənlərin narazılığı, giley-güzarı, həsədi də, belə məsul bir tədbirin afişasında əsərləri və adlarının olmasıyla qürrələnən sənətkarların, o sıradan Hüseyn Natiqin sevinci də, bu əsərlərdən çox Stalinin adına və həmin axşamda Mircəfər Bağırovun iştirakına görə adətən olduğundan daha şiddətlə səslənən alqışlar da artıq uzaq, bitmiş, yalnız hansısa zəruriyyət yarananda yada həvəssiz salınan keçmişdir.
Ancaq vaxtı ötüb keçmiş o şeirləri, bəzisi yaşayıb, bəzisi unudulmuş digər musiqi əsərlərini də kənara qoyaraq Üzeyir bəyin, Niyazinin Stalin haqqında bəstələrini, Həqiqət Rzayevanın, Hüseynağa Hacıbababəyovun rəhbər haqqında oxuduğu mahnıları düşünürəm. Hamısının notları da durur, o vaxt hələ lent yazılışı yox idisə də, bu qəbil havacatın əksəri vallarda da qalmaqdadır. Bu gün o nəğmələri diriltməyin yeri var. Sözlərini dəyiş, mətndəki ideologiya qalsın elə qaldığı yerdə, musiqi gəlsin bugünümüzə. Belə edilərsə, Üzeyir bəyin, Qara Qarayevin, Səid Rüstəmovun, Niyazinin neçə gözəl əsəriylə musiqimiz zənginləşər, neçə incini təzədən qazanarıq.
Beləcə, köhnə radioçu Hüseyn Natiqin qoruyub saxladığı, özündən də çox yaşamış əl boyda konsert proqramı bir belə vaxt ötəndən sonra elə onun özü kimi təşəbbüs oyada, yaxşını qorumağa, ömrünü bitirmiş kimi sayılanı, amma siqlətcə ağır olanı canlandırmağa, yenidən həyata qaytarmağa səsləyir.
2 oktyabr 2025


