Ona “Kərpic Həsən” deyənlər də vardı
“Ədəbi portretlər” silsiləsindən: Həsən Əzizoğlu Həsənov – Sabir Rüstəmxanlı yazır
Ötən yüzildə Azərbaycanın sovet rəhbərliyinin və kommunist elitasının içində Heydər Əliyevdən sonra ən parlaq sima Həsən Həsənov idi. Bu mənim fikrimdir, belə görürdüm. Həsən Əzizoğlundan vəzifəcə böyük olan, daha təcrübəli, SSRİ miqyasında daha çox tanınan şəxsiyyətlərimiz də olub. Lakin Həsən Həsənovun xalq arasında hörməti onu fərqləndirirdi. Moskvada, Bakıda yüksək vəzifə daşımasından asılı olmayaraq ölkənin ictimai-siyasi həyatında da, bizim ürəyimizdə də o, özəl bir yerə, sayqıya sahiblənmişdi. Çünki partiya elitasında Həsən Əzizoğlu qədər xalqını yaxından tanıyan, onun tarixini bilən, öz ana dilində sərbəst danışan az adam görmüşdük.
Həsən bəy gənc olsa da, Tiflisdə doğulması, Moskvada işləməsi ona fərqli mühitlərlə tanışlıq imkanı vermiş, geniş təcrübə qazanıb yetkinləşmişdi, ürəklə, özünə arxayın şəkildə, yüksək səslə danışır və dediyinə inandırırdı.
Həyat göstərdi ki, onunla ilk rastlaşdığımızda o qədər də yaxşı tanımadığım bu gənc partiya işçisinə rəğbətim, bir hissiyyat məsələsi olsa da, səbəbsiz deyilmiş və duyğum məni aldatmayıb.
Bu gün həmin vəzifə sahiblərinin çoxu həyatda yoxdur. Qalanları da vəzifədən çıxandan sonra əriyib gediblər, ancaq Həsən Əzizoğlu daim yüksəldi. O, hörmətli prezidentimiz İlham Əliyevin tövsiyəsi ilə hazırda Türk Dövlətlərinin Ağsaqqallar Şurasının üzvü, həmçinin tarix elmləri doktoru və bir çox elmi və publisist kitabların müəllifi kimi hələ də öz dəyərli fəaliyyətini davam etdirir.
Həsən bəylə ilk şəxsi tanışlığım 1975-ci ilin sonunda onun Bakı şəhər 26-lar Rayon Partiya Komitəsinə rəhbər təyin olunduğu vaxtdan başlanmışdı. İndi Səbail adlandırılan bu rayon Bakının mərkəzi bölgəsiydi. Əksər böyük idarələr, nazirliklər, Azərbaycan Yazıçılar İttifaqı (Birliyi) və mənim işlədiyim “Ədəbiyyat və incəsənət” qəzeti də bu rayonda yerləşirdi. Başqa katiblərdən fərqli olaraq rayon ərazisindəki yaradıcılıq ittifaqları ilə yaxından maraqlanır və ara-sıra Raykomun binası ilə üzbəüz birləşən Yazıçılar ittifaqına da gəlirdi. Bu, onun rəsmi vəzifəsindən daha çox, mədəniyyətimizə, ədəbiyyatımıza böyük marağından, sayqısından, sözə, sənətə verdiyi qiymətdən, bir sıra yazıçılarımızla şəxsən tanışlığından irəli gəlirdi.
1976-cı ilin aprel ayının axırlarına yaxın məni raykomun I katibinin yanına çağırdılar. Gözlənilməz dəvət idi. Yaxından tanımadığı bir gənc müəllifi nə məqsədlə görmək istəyərdi?
Otağına girdiyim ilk andaca dəvətin pis niyyət daşımadığını hiss etdim. Tapşırığı ərkyana və ciddiydi: “Mayın 9-da Bibiheybətdə, İkinci Dünya müharibəsi qəhrəmanlarının şərəfinə abidənin açılışı olacaq. İstəyirəm çıxışımı birlikdə yazaq”. Sonra gülümsədi: “Mənim adımdan nə isə uydurmağına və sənin yaradıcılığına ehtiyac yoxdur. Elə bilirsən, deməyə sözüm yoxdur? Sənin işin indi deyəcəklərimi səliqə ilə Azərbaycan dilində makinada yazdırıb mənə gətirmək olacaq!”
Doğrudan da, 15-20 dəqiqəlik çıxışını ciddi məntiq və ardıcıllıqla, partiya liderinə yaraşan bir təmkinlə söylədi. Diqqətindən yayınan bir şey yox idi. Bakı neftinin və neftçilərinin faşizmə qarşı mübarizədə oynadığı rolu da, Bakının qəhrəman şəhər olmasını da unutmadı. Ürəyimdən xəbər verirdi.
Axırda birdən mənim diqqətlə onu dinlədiyimi və heç nə yazmadığımı görüb duruxdu və rəsmi bir tonla: “Sən niyə qeydlər götürmürsən? Dediklərimin hamısını düpbədüz yazmalısan. Görünür, mənim nə qədər tələbkar olduğumu bilmirsən!”
Gülümsəyib: “Siz də mənim yaddaşımı bilmirsiz, Həsən müəllim! – dedim. – Heç nə unudulmayacaq.” – Sonra da öz təəccübümü bildirdim”: – Siz hər şeyi çox ardıcıl, hərtərəfli, dəqiq dediniz, burda mənlik nə iş qaldı ki?”
O, “Nə qədər utancverici olsa da, bu boyda raykomda Azərbaycan dilində yazı makinəsi yoxdur! Mən toplantıda öz dilimizdə danışmaq istəyirəm!” – dedi.
26-lar rayonu rus, erməni və yəhudilərin sıx yaşadığı, Azərbaycanın nəfəsinin ən çox daraldığı yer idi.
Yadıma gəlir, Qız qalasına yaxın bir mağazadan kreditə televizor almaq istəyirdim. Mən rusca müqaviləyə qol çəkmədim. “Bura Azərbaycandır, mən ana dilimizdə müqavilə bağlamaq istəyirəm”. “Əşi, nə fərqi var, adını, familiyanı yazıb qol çəkirsən, vəssalam!” Dedim: “yox, müqavilə mənim respublikamın dilində olmalıdır!” Məni şantaj etmək istədilər, “Millətçilik eləmək yeri deyil” və s. Sərt şəkildə dirəşdim: “Nə millətçilik, mən şairəm, yaxınlıqda, 200 metr aralıda yerləşən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiriyəm, siz qabaqdangəlmişliklə məni fikrimdən döndərə, şantaj edə bilməzsiniz.” “Onda başqa yerdən alın televizoru!” Səsim yüksəldi: “Yox, televizoru sizdən alacağam və Azərbaycan dilində yazımış müqaviləylə!”
Hirslə çıxdım və tənbəllik eləmədən düz 26-lar Rayon Partiya komitəsinə gedib, rayondakı bu dözülməz halla bağlı fikirlərimi çatdırdım. İndi konkret kimlə görüşdüyüm yadımda deyil. İki gün sonra məni axtarıb, “gedib televizorunu ala bilərsiz”, – dedilər. Mağaza işçilərinin məğlub baxışlarından ləzzət ala-ala, Azərbaycan dilində yazılmış müqaviləyə qol çəkib televizorumu götürdüm.
Bu elə Həsən bəyin həmin rayonda dil əsarətini qırmağa çalışdığı vaxtlar idi.
İki gün sonra Həsən müəllimin çıxışının mətnini raykoma çatdırdım. Öz sözləri idi, sadəcə, səliqə ilə, Azərbaycan makinasında yazdırmışdım.
Birinci katib ara-sıra Yazıçılar İttifaqında ədəbiyyatla bağlı söhbətlərə də qatılardı.
Cəsarətli və bilgili çıxışlarla yazıçıları həm sevindirir, həm təəccübləndirirdi. Belə çıxışlarından birini dinləyəndən sonra böyük xalq yazıçımız Mirzə İbrahimovun Həsən Əzizoğlu haqqında dediyi bir sözü xatırlayıram: “Bu cavan oğlan deyəsən, dediklərinin fərqində deyil, yoxsa, belə cəsarətli danışmazdı.”
Qocaman yazıçıya elə gəlirdi ki, gənc katib qabaqcadan bir az dərindən düşünsə, bu cür mövzulara toxunmaz, riskə getməzdi. Yəqin nəzərə almırdı ki, gənc katib elə məhz dərindən düşündüyünə görə və dediklərinin nəticələrini dəqiqliklə hesabladığına görə belə cəsarətlə, ürəklə danışır.
Yenə bir dəfə məni Həsən müəllimin yanına çağırdılar. Bu dəfə artıq köhnə tanış kimi danışırdı. Girişsiz-filansız, “köhnə dəyirmana görüşə gedəcəyik!” – dedi. Gülərək, “Mənim dəyirmanda nə işim var?” – dedim.” Səsinin ahəngini dəyişdirmədən, ötkəmliklə, “şeir oxuyacaqsan!” söylədi. Yüngülləşdim. Düşündüm ki, “Ələk” şeirinin əsl yeridir dəyirman.
Həsən müəllimin məqsədini sonra anladım: “Bilirsən, Bakının ortasında olmasına baxma, o dəyirmanda indiyə kimi tək bircə yazıçıyla görüş keçirilməyib. Elə müəssisələr var ki, orda bir nəfər rəsmi adam Azərbaycanca çıxış etməyib. Mən bu gün Bibiheybətdəki kimi orda da öz dilimizdə danışacağam, sən də şeir oxuyacaqsan. Nə qədər istəsən… Sonra gülə-gülə soruşdu. Yəqin əzbər bildiyin şerlər var, yaddaşını tərifləmişdin. Cavab verdim ki, “Nə tərif, Həsən müəllim? Olanı demişdim…”
Dəyirmanda çox maraqlı görüş oldu. Və mən başqa millətlərdən olan adamların, bəlkə səmimi, bəlkə üzdə mənə necə böyük hörmətlə yanaşdıqlarının şahidi oldum.
Sonralar Həsən müəllim Sumqayıt və daha sonra Gəncə şəhərlərində partiya komitələrinə rəhbərlik etdi. Tale bu şəhərlərdə də onun iş üsullarını, çalışqanlığını, peşəkarlığını, çox mükəmməl milli mövqeyini müşahidə etməyimə şərait yaratdı. Ən ciddi təəssüratım isə onun mühəndislə mühəndis, alimlə alim kimi danışa bilmək qabiliyyəti idi.
Həsən bəy, ümummilli lider Heydər Əliyevi çox sevirdi. Göstərilən ehtimadı hər zaman yüksək dəyərləndirirdi. İşində, danışığında, tələbkarlığında, hətta səsinin ahəngində ona oxşamağa çalışırdı və arxayındı ki, Heydər Əlievin iş üslubunu bütünlüklə mənimsəyib.
Gəncəni öz qədim görkəminə qaytarmaq istəyinə görə ona “Kərpic Həsən” deyənlər də vardı. Lakin o, binaların köhnə şəklini qaytarmaqla, bütöv məhəllələri bərpa etməklə Gəncəyə həm də Nizami Gəncəvi ruhunu qaytardı.
Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyi də onun təşəbbüsü və fəal iştirakı ilə yüksək səviyyədə keçirilmişdi. Həsən Əzizoğlu yazıçı-dramaturq Altay Məmmədovu da bu işə cəlb etmiş, Gəncədə Nizami poeziya teatrı yaratmışdı. Açıq səma altında Nizami poeziyası səhnədə qeyri-adi bir dünya yaradırdı. Hər yeni tamaşaya Altay müəllim öz yaxın dostlarını da – Sabir Əhmədli, Azər Mustafazadə və məni dəvət edirdi. Altay müəllimin Mirzə Fətəli Axundzadənin məşhur hekayəsinin motivləri əsasında yazdığı “Ulduzlar görüşəndə” pyesinin tamaşasını da xatırlayıram. Tamaşanın bir epizodu indiyədək yadımdadır: Səhnədə Yusif Sərrac Müdafiə Nazirindən soruşur: “Bu qədər ordu, silah-sursat sənin nəyinə lazımdır?” Nazir cavab verir: “Nə bilmək olar, birdən padişahımız əmr elədi ki, ordunu yerit Əfqanıstana…”
Həsən müəllim təəccüblə Altay Məmmədovdan soruşdu: “Altay, bunu müəllif yazıb, ya sənin fikrindir?” Altay müəllim sakitcə: “Mirzə Fətəlinin fikridir” – dedi.
Bədii əsərin köhnəlməyən gücünü göstərən bir olay idi. Dahi dramaturq sanki yüz il öncədən Əfqanıstandakı sovet işğalının mənasızlığına işıq tutmuşdu.
Həsən Əzizoğlunun fəaliyyətinin ən bəhrəli və tariximiz üçün önəmli dövrü onun 1980-ci illərin əvvəllərində, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ideoloji məsələlərə rəhbərlik etdiyi vaxtdır. Onun bu vəzifədə keçirdiyi yığıncaqların, özəlliklə elm sahəsində, ədəbiyyatımızla, musiqimizlə, rəssamlığımızla, folklorumuzla, klassiklərimizin yubileyləri ilə bağlı yığıncaqların çoxunda jurnalist kimi iştirak edir, qəzet üçün məqalələr, xəbərlər, imzasız yazılar hazırlayırdım.
Düzünü deyim ki, Həsən müəllimin bu yığıncaqları aparması, geniş bilik dairəsi, yəni mədəniyyətin bütün sahələrindən xəbərdar olması, həmin sahələrin mütəxəssisləri ilə, alimlərlə mübahisələri və çox vaxt haqlı çıxması məni həm fərəhləndirir, həm də ürəyimi milli-mənəvi dəyərlərimizin gələcəyi ilə bağlı ümidlərlə doldururdu…
O illərdə, rəsmi qaydaya görə nəşriyyatlar buraxdıqları bütün kitablardan bir neçə nüsxə Mərkəzi Komitəyə, ona göndərirdilər. Buna “məcburi nüsxələr” deyirdilər. Lakin bu boyda işin-gücün arasında ideoloji katibin vaxt tapıb o kitabları vərəqlədiyi ağlıma gəlməzdi.
Sən demə, yanılıbmışam. 1981-ci ildə “Gəncə qapısı ” adlı şeirlər kitabım çıxandan cəmi bir neçə gün sonra Mərkəzi Komitədən məni arayıb “Həsən müəllim səninlə danışmaq istəyir!” dedilər.
Həsən müəllim yenə həmişəki gur, xoş ovqat doğuran səsi ilə “Sabir, sənsən?” deyə soruşdu və birbaşa mətləbə keçdi: “Sənin “Gəncə qapısı” kitabın məni bu gecə yuxusuz qoyub, yatmayıb oxumuşam… Tək sənin yox ədəbiyyatımızın uğurudur! Təbrik edirəm.” Vəssalam.
Sonralar o kitab haqqında çox məqalə yazıldı, lakin heç bir məqalə məni ehtiyat elədiyim bir ünvandan verilən bu qiymət qədər sevindirmədi.
1982-ci ilin yayında Həsən müəllimlə o kitab haqqında başqa bir söhbətimiz də olmuşdu. Bu barədə “Özümüzdən böyük sözümüz” adlı kitabımda yazmışam: “Şuşaya, Vaqif poeziya günlərinə getmişdik. Gecədən xeyli keçmiş yarıqaranlıq küçəylə restorandan otelə doğru enirdik. O zaman Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, bu gün isə xaricdə ölkəmizin səfiri olan, son illərdə tariximiz haqqında yeni araşdırmalara və tapıntılara söykənən, qədim tariximizə yeni baxış sərgiləyən bir neçə qiymətli kitab nəşr etdirmiş və o vaxt da ədəbiyyatımızı ürəkdən sevən hörmətli Həsən Həsənov qolumdan tutub məni dəstədən arxaya saxladı və dedi: “Sənin “Gəncə qapısı” kitabını çox bəyənmişdim, rəyimi sənə də demişdim, mükafata layiq kitabdır, ancaq, yəqin bilirsən, dostun Nüsrət Kəsəmənlinin kitabı da təqdim olunub Komsomol mükafatına. Rəqibsiniz, nə deyirsən? Mükafatı hansınıza verməliyik?” Mən tərəddüd eləmədən dedim: “Nüsrətin kitabı da mükafata layiqdir. Birimiz alsaq, digərimiz kənarda qalsaq, haqsızlıq olar və heç birimizə nuş olmaz!”
Ayaq saxladı və güldü: “Şükür, ilk dəfədir, yazıçılarımızdan birini dostunu müdafiə edən görürəm. Yoxsa, kimi dindirirsən, deyir əvvəlcə mən. Yaxşı, sənin rəyini nəzərə alarıq!” dedi və dəstəyə qoşulduq. O il ikimiz bir yerdə aldıq mükafatı; sovet-komsomol ideologiyasına qətiyyən aidiyyəti olmayan, milli ruhlu kitablarımıza görə…”
Bu əhvalat da Həsən bəyin xarakterini və milli ruhunu göstərən cizgilərdən biridir.
Klassik ədəbiyyatımıza, folklora, aşıq poeziyasına diqqət ötən əsrin səksəninci illərinin əvvəllərində yüksək bir səviyyəyədə idi. Ədəbi əlaqələr və kitab nəşri güclənmiş, başqa respublikalarda Azərbaycan ədəbiyyat və mədəniyyəti günlərinin keçirilməsi ənənə halını almışdı.
Bakıda keçiriləcək ədəbiyyat günləri, şeir axşamları müxtəlif ölkələrdən gəlmiş qonaqların ürəyində silinməz izlər buraxırdı.
Onda gizli danışıqlardan belə hiss edirdik ki, Azərbaycanda ideoloji işin getdikcə milli xarakter alması Moskvanı narahat etdi və Həsən müəllimə MK-nın katibi olaraq ilk ali təhsilinə uyğun, inşaat sahəsinə rəhbərlik etmək tapşırıldı. Lakin o, halını pozmadan o sahədə də əvvəlki ilham və bacarıqla çalışdı. Orada da memarlardan tikilən binaların milli memarlığa uyğun olmasını tələb etdi.
1988-cı illərin əvvəllərində Moskvanın ermənipərəst siyasətinə, ermənilərin torpaq iddialarına qarşı mitinqlər başlananda çaşıb qalan rəsmilərdən fərqli olaraq Həsən bəy xalqın yanında idi. Bunu başqaları bilməsə də, mən yaxşı bilirdim. Yadımdadır, Alma-Ata hadisələrindən sonra hansı bir işlə əlaqədarsa onun yanına getmişdim. Hələ Azərbaycan KP MK-nın katibi vəzifəsindəydi. 1987-ci ilin əvvəli idi. Söhbət arasında mənə gözlənilməz bir sual verdi: “Səncə, bizdə də Qazaxıstandakına bənzər bir hadisə olsa, yəni Kolbin kimi bir rusu Azərbaycana başçı gətirsələr, nə baş verər, bizdə də buna etiraz edən tapılarmı?” Sovet İttifaqı dağılandan sonra görüşlərin birində Həsən müəllim bu söhbətimizi yadıma saldı və dedi ki, əslində bu sualı Moskva o zaman Azərbaycanda rəhbər vəzifədə olanlardan birinə vermişdi. O da məndən soruşmuşdu.
Bu sual sovet dövründə Azərbaycana başçılıq edən adamların ovqatını yaxşı göstərirdi. Nə qədər itaətkar olsalar da, lazım olan anda millətin ayağa qalxmasına və müqavimət göstərməsinə sevinirdilər. Həsən müəllim o sualı ilə kəşfiyyat aparır və ziyalılar dəstəsinin münasibətini öyrənmək istəyirdi. “Sizi bilmirəm, amma lazım olan gündə mən azı beş min adamı küçələrə çıxara bilərəm!” – dedim. Həsən müəllim gülüb “güclü adamsan” dedi. Bu, MK katibi ilə bir şairin söhbəti deyildi, iki milli düşüncəli vətəndaşın söhbəti idi.
Kolbin məsələsi bütün respublikaları təşvişə salmışdı, amma sən demə, Azərbaycanı daha ağır sınaq və faciələr gözləyirmiş.
1988-ci ildə başlanan torpaq iddiaları, Ermənistanın işğalçılıq siyasəti və Moskvanın bu xəyanətkarlığa dəstək verməsi bir neçə min insanın etirazına yox, bütün millətin ayaqlanmasına səbəb oldu. Həmin günlərdə Həsən müəllimin sualını tez-tez xatırlayır və bilirdim ki, vətəndaşlarımızın birliyinə və cəsarətinə ən çox sevinən adamlardan biri odur.
1988-ci ilin arasıkəsilməz noyabr-dekabr mitinqlərində xalqın qəzəbindən qorxuya düşən bəzi vəzifə sahiblərinin də çoxu meydana gəldi və xalqı sakitləşdirməyə çalışdı. Mən meydanın aparıcısı idim. Bəziləri yaxınlaşıb “necə danışaq ki, bizi fitə basıb qovmasınlar?” deyə soruşurdu. Mən də “bildiyiniz nə varsa, onu söyləyin!” – deyirdim.
Meydandakılar boğazdan yuxarı, reallığa uyğun olmayan çıxışları dinləmək istəmirdilər. Həsən Əzizoğlu da gəldi, ancaq o, bizlərdən biri kimi, düşündüyünü dedi. Meydan onu alqışladı.
Bütün bunlar onun xalq arasındakı nüfuzunu getdikcə artırırdı. 1990-cı ilin əvvəllərində Vəzirovdan sonra Azərbaycana rəhbərlik edə biləcək adamlar arasında ən çox Həsən müəllimin adı hallanırdı. Lakin Moskva Kommunist partiyasına rəhbərlik işini Ayaz Mütəllibova tapşırdı.
1991-ci il Azərbaycan SSR Ali Sovetinin birinci sessiyasında Həsən Həsənov ölkənin ilk baş naziri vəzifəsinə təsdiq edildi. Həmin sessiyada dövlətin adından SSR hərfləri atıldı. Yeni bayraq, himn və gerb barədə qərarlar qəbul edildi. Azərbaycanın müstəqilliyə gedən yolu görünməyə başladı. Baş nazir vəzifəsindən gedəndən sonra Həsən müəllim diplomatik fəaliyyətə başladı. Öncə BMT-də Azərbaycan nümayəndəliyinə başçılıq etdi. 1992-ci ilin iyun ayının 4-dən 7-dək Türkiyə-Amerika cəmiyyətləri Assambleyasının türk dövlətlərinin problemlərinə həsr olunmuş II Türk Dünyası konfransında iştirak etmək üçün Nyu-Yorka gedərkən Həsən bəyin bacarığının, ciddi dövlətçilik təcrübəsinin yeni tərəflərini müşahidə etmək imkanım oldu. Bakıda yeni hakimiyyətə gələnlər arasında onun arxasınca nahaqdan danışanlar da var idi. Bakıda tez-tez eşidirdim ki, Həsən müəllim daha Azərbaycana qayıtmayacaq. Biz Nyu-Yorkda avtobusda yanaşı oturub harasa gedirdik. Mən bu sualı ona verdim. O mənə cavab vermədi. Sadəcə üzünü pəncərə tərəfə çevirdi. Hiss etdim ki, kövrəlibdir. Bu haqda söhbətimiz davam etmədi.
BMT-dəki nümayəndəliyimizdə içimi bir arxayınçılıq bürüdü; təmsilçiliyimizin təməlinin möhkəm və etibarlı qoyulacağına əmin oldum. Bununla belə, mənə elə gəldi ki, dünya dövlətlərinin bu, sözdə böyük, lakin təsir gücü az olan qurumu onu sıxır; onun istedadı və təşkilatçılıq məharətinin çərçivələri daha genişdir.
Həsən Həsənovun fəaliyyətini səciyyələndirən keyfiyyət odur ki, o hansı vəzifədə çalışdığından asılı olmayaraq tarixyüklü iz qoyur. Həsən müəllim Nyu-Yorkdan Qarabağın məhz Azərbaycanın tarixi torpağı olması haqda BMT-nin Təhlükəsizlik Şurasının tarixi Qətnamələri ilə qayıtdı.
Sonra Həsən bəy Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsinə gətirildi. Mərhum prezident Heydər Əliyevin Çin, Belçika, Lüksenburq, Norveç səfərlərində rəsmi nümayəndə heyətinin tərkibində olmağım mənə ölkə Prezidenti ilə Xarici İşlər nazirinin iş üsullarını daha yaxından müşahidə etmək imkanı verdi. Norveç səfərinin bir epizodu onlar arasındakı səmimiyyəti göstərmək baxımından maraqlıdır. Sonralar bu barədə yazmışdım:
“Biz neftçilərin iş və istirahət şəraiti ilə tanış olmaq üçün bir adaya gedəndə Heydər Əliyev Həsən Həsənovla birgə vertalyotla sahildən xeyli aralıda, Şimal dənizinin ortasında yerləşən bir neftçıxarma qurğusuna uçdular.
Axşam Stovanger neft şirkətinin rəhbərliyi Azərbaycan heyəti şərəfinə bir ziyafət verdi. Heç bir şişirtməyə yol vermədən deyim ki, Heydər Əliyev o böyük məclisin baş qəhrəmanı idi.
Məclis rəsmi bir sakitliklə açıldı. Azərbaycanlı qonaqlar salamlandı, Norveç şirkətinin Azərbaycanla ilişkiləri barədə danışdılar.
Sonra söz Heydər Əliyevə verildi. Dənizdən yüksək əhval-ruhiyyə ilə dönmüşdü və söhbətinin Norveç səfərinin əhəmiyyətini anladan bolümündən sonra dəniz platformasına uçuşlarından danışdı. Çıxışa başladıqdan beş-altı dəqiqə sonra o, artıq salonda rəsmi havanı dəyişmişdi və hamı maraqla Azərbaycan Prezidentinin daha nə deyəcəyini gözləyirdi. Səmimiyyət, əsl insan münasibətləri, yumor olan yerdə rəsmiyyətə yer qalmır.” (“Ölüm son deyil. Tanıdığım Heydər Əliyev” kitabından.)
Sonra Həsən bəy Macarıstan və Polşada müstəqil Azərbaycan Respublikasının böyük elçisi vəzifəsində çalışdı. Tale elə gətirdi ki, onun getdiyi bütün yerlərdə görüşmək imkanımız oldu. Səfirliklərin köməyi ilə tədbirlər keçirdik, təqdimatlar təşkil etdik.
Görkəmli ictimai-siyasi xadim bu gün də iş başındadır;
Həsən Həsənovla birgə siyasi həyata gələn, böyük vəzifələr tutan adamlar vəzifədən uzaqlaşan kimi sönüb getdilər. Həyat göstərdi ki, gənclik illərində işlədiyi hər yerdə ürəklə, ötkəm danışmağının, özünə arxayınçılığının başqa, daha mühüm bir səbəbi də varmış: bu da içindəki yaradıcılıq eşqi, elmə, axtarışa sevgisi, öz xalqının mənəvi dəyərlərini və tarixini daha obyektiv şəkildə üzə çıxarmasında oynaya biləcəyi rol imiş. Onun bu keyfiyyətləri ortaya çıxdıqca ictimai-mədəni həyatımızdakı yeri və hörməti də böyüdü. Bu gün biz Həsən bəyi həm də bir dramaturq, ədəbiyyatşünas alim, tarixçi, milli dəyərlərimizin təbliğçisi, ideoloq kimi tanıyırıq. M.F.Axundzadə, Nəriman Nərimanov… haqqında əsərlərindən sonra onun “Türklüyümüz” əsərinin meydana çıxması türk düşmənlərinin başında çaxan bir şimşək oldu. Həsən bəyin Bakı və Atropatena tarixi haqqında əsərləri tarix elmimizdə köhnə təsəvvürləri dağıdan yeni sözdür.
Azərbaycanın tarix elmi sovet ideologiyasının təsiri altında uydurma Hind-Avropa nəzəriyyəsi əsasında formalaşıb, yəni “Azərbaycanlılar İran əsilli xalqdır, min il əvvəl oğuzlar gəlib onları türkləşdirib, dillərini də türk dilinə çeviriblər”. Normal elm belə sərsəm uydurmanı qəbul etmir. Bu hökm türklərin bizim bölgədəki neçə min illik tarixi haqqındakı bəlgələrlə düz gəlmir, puça çıxıb gedir. Lakin Azərbaycan müstəqil olandan sonra da bu köhnə xəyanətkar konsepsiyadan əl çəkmək istəməyən “alimlər” dəstəsi var. Qəribədir ki, Azərbaycanda qədimdən bəri davam edən türk varlığı haqqında kifayət qədər araşdırma aparılsa da, rəsmi tarixlərimiz bunu qəbul etmək istəmirlər. Həsən bəyin və oğlu Zaur Həsənovun son araşdırmaları Azərbaycan türk tarixində yeni hadisədir. Həsən Əzizoğlu Azərbaycan sözünün kökünü-tarixini eradan əvvəl, 7-ci əsrə çəkməklə, guya Atropat, fars sərkərdəsi olması haqda uydurmasının üstündən xətt çəkir, türklərin bu bölgədə ermənilərdən çox-çox əvvəl yaşadıqlarını etbarlı elmi mənbələr əsasında bir daha sübut edir. Bir neçə ay öncə İdarəetmə Universitetində tarixçi alimlər qarşısında bu barədə etdiyi elmi məruzə bu məsələdə şübhə yeri qoymayan bir səviyyədə idi.
Məncə, Həsən Əzizoğlunun tarix elmimiz qarşısında xidmətləri hələ yetərincə qiymətləndirilməmişdir.
Türk Dövlətləri Təşkilatının yaranması və Həsən bəyin bu təşkilatda Ağsaqqallar Şurasının üzvü olmasına mən onun keçdiyi yolun və elmi araşdırmalarının məntiqi nəticəsi kimi baxır və buna sevinirəm…
Sabir Rüstəmxanlı
Xalq şairi