Icma.az
close
up
RU
Ordubad qoruq şəhər

Ordubad qoruq şəhər

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul katibi

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 fevral tarixli Sərəncamında deyilir: "Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanın incisi" adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xaraba Gilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir".

Ordubadı, nə deyim, vəsfi gülüstanə dəyər

Əzəmətli dağların dövrələdiyi qədim Ordubadda dağ əzəməti var. Əzəmətinə güvənərək bu şəhər əsrlərdir ki, sinəsində daş yaddaşını qoruya bilib. Buzxana, Qeysəriyyə, hamam, mədrəsə, məscidlər, qədim məhəllələr, kəhrizlər, yaşı 200-ü ötmüş evlər. Daha nələr-nələr. Ordubad təpədən-dırnağa tarixdir - oxunmalı, sevilməli, qorunmalı şəhər - qoruq şəhər!

Tarixi mənbələr göstərir ki, I Şah Təhmasib dövrün mahir rəssam və nəqqaşlarına Qəzvində Çehelsütun şah sarayının böyük salonlarının divarlarında Ordubad mənzərələrini təsvir etmək göstərişi vermişdi. Səfəvi hökmdarları Ordubad şəhərini həmişə diqqətdə saxlamışlar. 1604-cü ildə I Şah Abbasın xüsusi fərmanı ilə şəhər əhalisi xəzinəyə veriləcək bir sıra vergilərdən azad edilmişdir. Bu fərman daş abidə kimi indi də Cümə məscidinin divarında əks olunub.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji araşdırmalar aparılması institusional inkişafın mühüm tərkib hissəsi kimi müəyyənləşdirilib. Bu baxımdan, şəhərin baş meydanında yerləşən, onun arxitekturasına xüsusi görkəm bəxş edən Cümə məscidinin tarixiliyi qorunmaqla bərpasına diqqət yetirilmiş, bu ilin mart ayının 18-də təmir-bərpadan sonra bina istifadəyə verilmişdir. Sənətkarlığın bir neçə növünü özündə birləşdirən və XVII əsrə aid olan görkəmli memarlıq abidəsinin bərpası tarixi və dini dəyərlərə sahiblik hissinin bariz nümunəsi kimi mühüm əhəmiyyət kəsb edir.

Bənzəri olmayan qədim məhəllələr

Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. Tarixi mənbələrdə yazılır: "...1752-ci ildən sonra Naxçıvan xanlığında iki şəhər - Naxçıvan və Ordubad şəhərləri siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Xanlığın ikinci şəhəri Ordubad idi. Bu şəhər iki dağ arasında yerləşirdi. Ordubad şəhəri inzibati cəhətdən 5 məhəlləyə bölünmüşdü: Sərşəhər, Kürdətal, Anbaras, Mingiz, Üçtürləngə". Həmin məhəllələrə nisbətən kiçik məhəllələr də var: "Qarahovuz", "Qaraçanaq", "Dilbər", "Əngəş", "Əsgərxan", "Varsan",  "Musa təngi" məhəllələri kimi.  

Məhəllələr Ordubadın tarixi qədər qədimdir. Sovet dövründə məhəllələrin adı dəyişdirilsə də, əhali məhəllələrin tarixi adlarını yaşadıb. Hər addımında tarix qoxan, vaxtilə geniş şəkildə yayılmış sənətkarlıqdan xəbər verən Ordubadın altı da, üstü də bir sərvətdir. Bu sərvətə nələr daxil deyil? Qədim küçələr, özünəməxsus arxitekturası ilə diqqətçəkən yaşayış evləri, şəbəkə sənətinin geniş tətbiq olunduğu məscidlər, yayın cırhacırında ürəyə sərinlik gətirən kəhrizlər və nəhayət, qocaman çinarlar. XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov adlı bir səyyah yazıb: "Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir".

Yaşı 200-ü ötmüş evlər...

Yaşı əsri ötmüş evlər, ilk olaraq, taqqılbablı, zəncilbablı qapıları ilə diqqət çəkir. Giriş səkkizguşəli ulduz formasındadır. Bir neçə istiqamətdə çıxışlar qoyulub. Bəzisi həyətə, bəzisi evə və ya zirzəmiyədir. Hələ də qorunmaqda olan belə evlər muzeyi xatırladır, divarların qalınlığını önə çıxaran iri pəncərələrdən sanki keçmişə boylanırsan. Nənələrimizin şirin laylasını, babaların öyüd-nəsihətini pıçıldayır bu divarlar. Qədim evlərdə sənətkarların əl işləri - misgərlik, dəmirçilik, dulusçuluq, nəqqaşlığı özündə əks etdirən məişət əşyaları da qorunub saxlanılır. Bu qabların bəzilərindən indi də məişətdə istifadə olunur. Ağırlığı və qalınlığı, nəqşləri ilə diqqətçəkən mis məcmeyilərdə indi də təndir və kürə paxlavaları bişirilir. Sənətlə kulinariya bir vəhdət təşkil edir. İllərdir ki, su kimi saf, çinar kimi uzunömürlü, din-iman sahibi mehriban ordubadlıların sayəsində nəinki məhəllələrin meydanlarında, eləcə də yaşayış evlərinin həyətində "unikal" hidrotexniki qurğulara malik kəhrizlər göz bəbəyi kimi qorunur, istifadə olunur. Tarixçilərin dediyinə görə, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olub. Bu gün 34 belə su mənbəyindən istifadə edilir. Bu kəhrizlərin adı da var: "Hacı Tağı", "Ambaras", "Cəyənni göl", "Hüseyn bəy", "Qızlar", "Hamam", "Qırxayaq", "Şai", "Şıxəli xan", "Meyrəmçə", "Hacı Fəttah", "Nəhər" və sair.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri də artıq müəyyənləşdirilib. Qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruğun sərhədlərinin və mühafizə zonasının döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritədə təsviri hazırlanıb. Ordubad şəhərinin yerquruluşu planı və şəhərin ünvan xəritəsi əsasında qoruğun sərhədləri  2 400 693 kvadratmetr müəyyən edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9,79 kilometr, ərazisi 11,81 hektarda qərarlaşdırılıb. "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi sahəsi     2 518 710 kvadratmetr (251,87 ha) təşkil edib. Bildirək ki, qoruq ərazisində 1-i dünya, 1-i ölkə, 218-i yerli əhəmiyyətli olmaqla, ümumilikdə, 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur.

"Ərbabın iş yeri" yenidən canlanacaq

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Ordubad şəhərinin Baş planına əsasən bu ilin sentyabr ayından bərpasına başlanılan abidələrdən biri də "Ərbabın iş yeri" kimi tanınan tarixi binadır.

"Ərbab" ləqəbi ilə tanınan Rzaqulu Rzayev ipək fabriki yaratmış və onun ilk direktoru olmuşdur. Ərbabın yaşadığı və fəaliyyət göstərdiyi ərazi məşhur tarixi mədrəsə binasına bitişik idi. Mənbələrə əsasən Ərbab evinin aşağı mərtəbəsi barama yığımı, ikinci mərtəbəsi isə ipək sarınması üçün istifadə olunurdu. Bu evin digər xarakterik xüsusiyyətlərindən biri də divarların enli və qalın olması, çatma tağlarla işlənməsidir. Hazırda binada tikinti-bərpa işləri gedir. Qəzalı vəziyyətdə olan arakəsmələr sökülüb, suvaq qaşınıb, dam örtüyü yenilənir. Tarixi tikili  qoruğun inzibati binası üçün nəzərdə tutulub. Bununla da həm tarixi bina qorunmuş olacaq, həm də iş yeri olaraq yenidən canlanacaqdır. Tarixi məqamları özündə yaşadan bina istisna deyil ki, turistlərin də diqqətini cəlb edəcəkdir.

Cümə məscidindən bir qədər yuxarıda yerləşən "Ərbabın iş yeri"nə bitişik tarixi bina da bərpa olunacaq. Günümüzədək gəlib çatmış XVIII əsrə aid bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır. Özündə böyük tarixi dövrü hifz edən mədrəsə binasının bərpası uşaqların təhsil alması uğrunda şövq və cəsarət nümunəsi göstərmiş başda Məhəmmədtağı Sidqi olmaqla burada çalışan bütün ziyalıların ruhuna hörmət və fədakarlığa verilən qiymətin təzahürü olacaqdır.

Sərşəhər məscidi və meydanı bərpa olunacaq

XVIII əsrə aid Sərşəhər məscidinin də bərpası üçün layihələndirmə işləri artıq yekunlaşıb. Layihəyə  əsasən Sərşəhər məscidi, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək. Xatırladaq ki, meydanda hər il milli adət-ənənələrimizin daşıyıcısı olan Novruz bayramı təntənə ilə qeyd olunur və bu el şənliyinə muxtar respublikanın digər bölgələrindən də qatılırlar. Digər məscidlərdə olduğu kimi, Sərşəhər məscidi də çinar və kəhriz komponenti ilə tamamlanıb. Sərşəhər meydanının bərpası burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün də yeni imkanlar açacaq.

Görkəmli yazıçı Məmməd Səid Ordubadinin, kimyaçı alim Yusif Məmmədəliyevin, maarifçi pedaqoq Məhəmmədtağı Sidqinin doğulduğu bu şəhərin tarixi barədə XVII əsrə dair Qeysəriyyə binasında yerləşən Tarix-Diyarşünaslıq muzeyindən daha ətraflı məlumat almaq mümkündür. Qədim dövrlərdən başlamış müasir dövrədək minlərlə eksponatı hifz və nümayiş etdirən muzey Ordubadın zəngin tarixindən, qədim sənətkarlıq ənənələrindən, ədəbiyyatından, mədəniyyətindən, bütün bu zəngin irsin formalaşmasında xidmətləri olan şəxsiyyətlərindən sənə xəbər verəcəkdir.

Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında ölkə başçısının 2024-cü il 21 fevral tarixli Sərəncamı Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği işinə öz mühüm töhfəsini verəcəkdir. Qoruğun idarə olunmasının təkmilləşdirilməsi əraziyə daha çox turistin cəlb olunmasına rəvac verəcək, sənətkarlıq sahələrinin dirçəldilməsinə, əhalinin məşğulluğunun təmin olunmasına, yerli məhsul istehsalının artımına da, təbii ki, təsir göstərəcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri