Ortaq hədəflər Azərbaycanla Türkmənistanın qardaşlığını möhkəmləndirir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illərin dinamik əlaqələri ölkələrimizi böyük məqsədlərə yönləndirib
Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam... Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
22 iyun 2026-cı il, Bakı
İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək.
Sərdar BERDİMƏHƏMMƏDOV,
Türkmənistan Prezidenti
22 iyun 2026-cı il, Bakı
Nə üçün əsrlər boyu davam edən və heç zaman səngiməyən münasibətlərimizin məhz son otuz iki ilinin uğurlarını xüsusilə yada salırıq? Çünki Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il oktyabrın 26-27-də Türkmənistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmiş və Aşqabadda Türkmənistan Prezidenti Saparmurat Niyazovu Azərbaycanda görmək istədiyini bildirmişdi. Cəmi beş ay sonra – 1996-cı il martın 18-19-da Türkmənistan Prezidenti Saparmurat Niyazov Azərbaycana rəsmi səfərə gəlmişdi.
Tarixçilərin fikrincə, həmin səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər – Azərbaycan Respublikası və Türkmənistan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Türkmənistan Prezidenti Saparmurad Niyazovun Bakı Bəyannaməsi, təhsil sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Türkmənistan Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında protokol, konsulluq konvensiyası, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Türkmənistan Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş, dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında saziş və digər sənədlər imzalanmışdı. Bütün bunlar bu gün fəxr və iftixarla qeyd etdiyimiz möhtəşəm dostluq, tərəfdaşlıq münasibətlərinin təməlinə atılan daşlar idi.
Yuxarıda qeyd etdik ki, bizim tarixi dostluq münasibətlərimiz heç zaman səngiməyib. Ancaq onu da etiraf etmək lazımdır ki, SSRİ-nin çökməsindən sonra – Xəzərin statusu məsələsində Aşqabadla Bakı arasındakı münasibətlər cüzi olsa da, mürəkkəbləşmişdi. Heydər Əliyevin Aşqabada, Saparmurad Niyazovun Bakıya reallaşdırılan səfərləri həmin mürəkkəbliyin də aradan qaldırılmasını təmin etmişdi.
Bu, bizim 1994-cü ilin oktyabrı haqqındakı xatırlatmalarımız. 2026-cı ilin oktyabrı isə bizim üçün cənab Prezidentin qardaş Türkmənistana ən yeni səfəri ilə əlamətdar oldu. Onu da əlavə edək ki, bu il iyun ayının 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakı səfəri çərçivəsində ona “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilmişdi. Bakı gəmiqayırma zavodunda inşa olunmuş tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Çəkisi 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan – Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.
Bəs “Dostlug” neftdaşıyan tankerini nə üçün yada saldıq? Çünki yuxarıda xatırlatdığımız “mürəkkəbləşmə” dövrü məhz Xəzərlə, neft sənayesi ilə bağlı idi. O vaxt Heydər Əliyev Türkmənistana dostluq münasibətləri təklif etmiş, dost əli uzatmışdısa, indi də Prezident İlham Əliyev Türkmənistana məhz Xəzərdə fəaliyyət göstərəcək, məhz neft daşıyacaq tanker hədiyyə etdi. Bu faktlar Azərbaycan xalqının və milli dövlətimizin yaxın qonşular, xüsusən, türk dövlətləri ailəsinə nümayiş etdirdiyi səmimiyyətin göstəricisidir. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir.
Xüsusi məqamlardan biri də odur ki, Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən tranzit-nəqliyyat infrastrukturunun, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri bu prosesdə mühüm rola malikdir.
Yada salmaq istədiyimiz başqa bir tarix də var. 2008-ci il mayın 19-da Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlmişdi. İki prezidentin təkbətək görüşündə Azərbaycan – Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanmış, Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilmişdi.
O zaman Azərbaycan Prezidenti İlham Əliyev türkmənistanlı həmkarı ilə birlikdə mətbuata verdiyi bəyanatda demişdi:
“...Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Xəzər problemi idi. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir...".
Cənab Qurbanqulu Berdiməhəmmədov isə öz bəyanatında gələcəyə daha böyük əminliklə baxa biləcəyimizi dilə gətirmişdi: “...İlk növbədə, bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir...”.
Həmin arzular artıq günün reallıqlarıdır. İki ölkə arasında əlaqələrin əsasında Azərbaycan və türkmən xalqları arasında mövcud olan tarixi, mədəni, etnik, dil və dini ortaqlıqlar dayanır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”yə uyğun olaraq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib. Bildirilir ki, indiyədək Azərbaycan və Türkmənistan arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 108 sənəd imzalanıb. Prezidentin mətbuat xidmətinin məlumatlarında oxuyuruq ki, İlham Əliyev Türkmənistana 2 rəsmi, 5 işgüzar səfər edib. Sonuncu işgüzar səfər 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında Yüksək səviyyəli görüşdə iştirak etmək üçün həyata keçirilib.
Türkmənistan Prezidenti 2 mart 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana işgüzar səfər, cari ilin 22-23 iyun tarixlərində isə dövlət səfəri edib. Dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar. Eləcə də müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 12 sənəd imzalanıb.
8-9 oktyabr 2026-cı ildə Azərbaycan Prezidentinin Türkmənistana növbəti işgüzar səfəri reallaşdırıldı. Səfər zamanı Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə, MDB Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak etdi. Qeyd olunan tədbirlər çərçivəsində bir sıra vacib sənədlərin, o cümlədən Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyannamənin imzalanması da reallaşdı.
Daha bir mühüm faktı da yada salaq. Ötən il Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçılarının iştirakı ilə Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub. Hazırda tikinti işləri davam edir və tikinti işlərinin 2027-ci ilin may ayında yekunlaşması gözlənilir. Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid kompleksi inşa etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin və humanitar əməkdaşlığın bariz nümunəsi və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir.
O da qeyd edilməlidir ki, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, TDT və TÜRKSOY çərçivəsində faydalı əməkdaşlıq mövcuddur.
Türkmənistanın beynəlxalq aləm üçün xüsusi önəm kəsb etməsinin əsas səbəblərindən biri də odur ki, bu ölkə rəsmi olaraq bitərəf dövlət hesab olunur. 1995-ci ildə 185 dövlətin dəstəyi ilə Türkmənistanın daimi bitərəfliyi ilə bağlı BMT Baş Assambleyasının xüsusi qətnaməsi qəbul olunub. Bu prinsip ölkənin Əsas Qanununda – Türkmənistan Konstitusiyasında hüquqi olaraq təsbit olunub.
Biz əminik ki, dövlət başçımızın qardaş ölkəyə növbəti – 8 oktyabr tarixli səfəri dostluq və tərəfdaşlıq münasibətlərimizin daha qürurverici zirvələrə qalxmasının stimulu olacaq. Cənab Prezidentin dediyi kimi, biz türkdilli dövlətlər ailəsinin üzvüyük. Bizim başqa ailəmiz yoxdur.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Oktyabr 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















