Özəlləşdirmə çekləri problemi parlamentin diqqətində Deputatlar məsələ qaldıracaq
Icma.az, Ayna saytına istinadən bildirir.
Milli Məclis üzvləri bir milyon vətəndaşın tapdanmış haqlarının bərpasını vacib hesab edirlər
Xəbər verdiyimiz kimi, “Facebook”da 42 mindən çox ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından Milli Məclisin üzvlərinə – başda spiker Sahibə Qafarova olmaqla, bütün deputatlara açıq müraciət ünvanlanıb. Müraciət edən şəxslər parlamentarilərdən xalqa kömək edilməsini, xalqa qarşı düşmənçiliyə və korrupsiyaya son qoyulmasını istəyirlər. Özəlləşdirmə paylarından səmərəli istifadə edə bilməyən bu insanlar hesab edirlər ki, uzun illərdir Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verilmiş Özəlləşdirmə Paylarını (çeklərini) - əmlak paylarını satmayıb, haqlarının bərpa olunmasını ümüdi ilə gözləyən yüzminlərlə ailə var.
“Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”, - deyə müraciətdə bildirilir.
Çek sahibləri qeyd edirlər ki, son illərdə 40-a qədər deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspertlər, YAP ağsaqqalı, müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib. Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”.
“Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada İcra etmədilər. İndi isə “cənab Prezident öz Fərmanı ilə Dövlət Özəlləşdirmə Paylarını dövriyyədən çıxarıb”, - deyərək, qəsdən cənab Prezidentə böhtan atırlar. Bu isə qanunla korrupsiya cinayətidir. Bu yolla həmin məmurlar, bəzi hakimlərin vasitəsilə, öz qanunsuz əməllərini dövlət başçısının üzərinə atmaq istəyirlər. Hətta eşitdiyimiz məlumatlara görə, Prezident Adminstrasiyasında çalışan bəzi məmurlar bu məsələ ilə bağlı məhkəmələrə, işə baxan hakimlərə təzyiq də göstəriblər. Hesab edirik ki, bu durum onların cənab Prezidentə və dövlətə olan riyakar münasibətlərindən xəbər verir”, - deyə çek sahibləri vurğulayırlar.
Yeri gəlmişkən, bu günlərdə barəsində həbs qərarı çıxarılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin böyük cinayətlərinin ortaya çıxması, onun dövlətə xəyanət və qanunsuz sərvət toplamaq kimi əməllərinin ifşa olunması özəlləşdirmə çekləri probleminin nə qədər aktual olduğunu, çek sahiblərinin tələblərinin nə dərəcədə yerində olduğunun bir daha əyani sübutu sayılır. Belə ki, haqları əllərindən alınmış çek sahibləri illərdir bu problem piramidasının başında birbaşa Ramiz Mehdiyevin dayandığını, məhz onun cənab Prezidentin etibarından sui-istifadə edərək qanunsuz fərman imzalatdığını bəyan və isbat edirlər.
Dövlətə xəyanətdə və əldə etdiyi qanunsuz sərvəti leqallaşdırmaqda ittiham olunan Mehdiyev və onun himayədarlıq etdiyi məmurlar çek sahiblərinin illərdir pozulan hüquqlarının bərpa olunmasına imkan vermirlər. Payçılar hesab edirlər ki, özəlləşdirmə çekləri ilə bağlı qəbul edilmiş qərar böyük qanun pozuntusu, bununla əlaqədar oliqarx-məmurların atdığı addımlar dövləti cinayətdir. Haqqı pozulan vətəndaşlar hüquqlarının bərpa olunacağına inanırlar və Milli Məclis üzvlərindən bir daha bu məsələni parlament tribunasından qaldırmağı xahiş edirlər.
Vətəndaşlar intizarla deputatların problemə reaksiyasını gözləyirlər. Necə deyərlər, axı millət seçdiyi vəkillərinə problemlərinin həlli üçün mandat verib. Millət vəkilləri də qəbul edirlər ki, çek sahiblərinin hüquqları bərpa edilməlidir.
AYNA.AZ sözügedən müraciətə Milli Məclis üzvlərinin münasibətini öyrənib.
Deputat Azər Badamov deyib ki, bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərini bildirib və müvafiq instansiyalara müraciət edib: “Bu gün də hesab edirəm ki, əllərində yararlana bilmədikləri vauçerləri qalan vətəndaşların haqlarının bərpasına ehtiyac var. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi tarixi qərar idi. Xatırlayıram ki, ölkə vətəndaşlarının əksəriyyəti bu paylardan müxtəlif formada yararlana bildilər".
"Amma bu və ya başqa səbəbdən çeklərindən səmətrəli istifadə edə bilməyən vətəndaşlar var və onların sayı kifayət qədərdir. Düzdür, yararlana bilməyənlər üçün çeklərin tədavül müddəti bir neçə dəfə uzadıldı. Görünən odur ki, onlar çeklərin üzərində müddət olmadığı üçün özəlləşdirmə paylarını saxlayıblar. Bu mənada, yaxşı olardı ki, tədavül müddəti yenidən artırılsın, yaxud da başqa formada məsələ həllini tapsın. Aidiyyəti qurumların vətəndaşın xeyirinə qərar verəcəyinə inanıram. Yenə də lazımi qurumlara müraciət edirəm ki, vətəndaşlarımızı narazı salan bu problemin həlli ilə bağlı addım atılsın”, - deyə parlamentari bildirib.
Millət vəkili Məlahət İbrahimqızı də söyləyib ki, çek sahiblərinin məsələsi uzun illərdir həll olunmamış qalır: “Hesab edirəm ki, istifadə edilməmiş çeklərin taleyinə aydınlıq gətirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu çeklər dövlətin qiymətli kağızıdır. Dövlətin qiymətli kağızı isə qiymətsiz kağız parçasına dönməməlidir. Əlbəttə, aidiyyəti qurumlar bu məsələyə biganə qalmamalıdır. Mən sizin sayt vasitəsilə lazımi dövlət qurumlarına müraciət edirəm ki, məsələyə yenidən baxılsın, əgər vətəndaşın hüququ həqiqətən də pozulubsa, bərpa olunsun”.
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətli dövlətdə yaşayırıq. Ölkə başçımız hər bir vətəndaşın probleminin həllinə diqqət göstərir. İnanıram ki, bu məsələ də müsbət həllini tapacaq. Milli Məclisə müraciət olunubsa, məsələyə baxılacaq. Çünki Milli Məclis rəhbərliyi də, deputatlarımız da, aidiyyəti komitələr də müraciətlərə həssas yanaşırlar”, - deyə həmsöhbətimiz vurğulayıb.
Əlavə edib ki, hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır: “Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşa verilən çeklərdən hansı vətəndaş istifadə edə bilməyibsə, adekvat addımlar atılmasına, onlara dəyən ziyanın ödənilməsinə ehtiyac var. Ola bilsin ki, bu, sadə məsələ deyil və həlli zaman tələb edir. Amma gecikmədən problemin həlli ilə bağlı qərar verilməli və icrasına başlanılmalıdır”.
Öz növbəsində deputat Arzuxan Əlizadə cavab verib ki, Milli Məclisə müraciət daxil olubsa, yəqin ki, həmin müraciətə baxılacaq: “Özəlləşdirmə paylarından istifadə edə bilməyən vətəndaşların şikayətləri bir neçə dəfə qarşıma çıxıb və hüquqşünasların rəylərinə əsasən, deyə bilərəm ki, vətəndaşlar haqlıdırlar. Zamanında bu çeklər vətəndaşlara ona görə verildi ki, özəlləşdirmədə yaxından iştirak edə bilsinlər. Amma bu proses bir qədər fərqli icra olundu. Səbəb və nəticələr barədə uzun-uzadı danışmaq olar. Amma indiki reallıqda fakt budur ki, dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyənlər var və bundan istifadə onların haqqıdır. Dövlət də həm öz qiymətli kağızına, həm də qiymətli kağızından yararlana bilməyən vətəndaşlarına sahib çıxmalıdır”.
“Hesab edirəm ki, ölkə rəhbərliyi səviyyəsində məsələyə müdaxilə olunarsa, problem həllini tapar. Görünən odur ki, məsələnin həll olunmasını istəməyən qüvvələr var. Amma vətəndaşın narazılığına baxmaq, hüququnu bərpa etmək lazımdır ki, vətəndaş da dövlətinin ədalətinə inansın. Milli Məclisdə bu məsələ ilə bağlı dinləmə də təşkil etmək olar. Qarşıda büdcə müzakirələri olacaq. Çalışacam ki, fürsətdən istifadə edim, bu məsələni iclasda iştirak edəcək məmurların diqqətinə çatdırım. Eyni zamanda, sizin qəzetiniz vasitəsilə də müraciət edirəm ki, məsələ araşdırılsın, vətəndaşın hüququnun bərpası istiqamətində ciddi addım atılsın”, - deyə müsahibimiz fikrini tamamlayıb.
Millət Məclisin digər üzvü Asim Mollazadə də əlində çekləri qalmış vətəndaşların hüquqlarının bərpa olunmasının tərəfdarıdır: “1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin imzalanan fərmanda bildirilirdi ki, vauçerlər hər bir Azərbaycan vətəndaşına əvəzsiz olaraq verilir. Bu fərmanda pay sahiblərinin hüquqlarının qorunması, onların bu prosesdə fəal iştirakının təmin olunması öz əksini tapırdı və kifayət qədər mütərəqqi məqamlar var idi".
"Tədavül müddətinin ləğv olunması ilə minlərlə insan hüquqsuz duruma düşüb, qiymətli kağızları da qiymətsiz kağız parçasına çevrilib. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq, problemi kökündən həll etmək mümkündür. Dövlət qurumlarının bununla bağlı qərar verməsi vacibdir. Vətəndaşın hüququnun bərpa olunması istiqamətində addım atılmasına çağırıram”, - deyə parlament üzvü qeyd edib.
Deputat Elşad Musayev də vətəndaşların probleminə reaksiya verib: "Çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası mütləqdir. Özəlləşdirmə prosesində çox ciddi nöqsanlar yaşanıb, korrupsiya halları olub. Nəticədə bir çox vətəndaş öz qiymətli kağızından lazımınca istifadə edə bilmədi. Reallıq ondan ibarətdir ki, minlərlə vətəndaş qiymətli kağızlarından istifadə edə bilməyib və hüquqları pozulub. Bu hüquqların bərpası da dövlətin üzərinə düşür. Dövlətin ona verdiyi qiymətli kağızı əlində qiymətsiz hala düşən insanlarımızın şikayətinə həssaslıqla yanaşılmalıdır. Onlar haqlı olaraq bu özəlləşdirmə payından istifadə hüququnun bərpasını istəyirlər. Hesab edirəm ki, hökumət insanların hüquqlarını bərpa etməlidir”.
“Milli Məclisin sessiyaları əvvəlcədən planlaşdırılır, nələr müzakirə olunacaq, nələrə baxılacaq, ümumi planlaşdırma olur. Əlbəttə, vətəndaşların müraciətləri də nəzərə alınmalıdır və problem gündəmə gələ bilər. Milli Məclisə çek sahiblərinin müraciəti varsa, yəqin ki, aidiyyəti komitələrə yönləndirilib və baxılacaq. Bu məsələ ilə bağlı müzakirə açmaq mümkündür. Eyni zamanda, parlamentdə dinləmə də təşkil oluna bilər. Mən qarşıdakı iclaslarda imkan daxilində məsələni gündəmə gətirməyə çalışacam. Bu problemin aradan qaldırılması isə daha çox hökumətin əlindədir. Hesab edirəm ki, insanların hüquqlarının bərpası lazımdır. Onların özəlləşdirmədə iştirakına yenidən şərait yaradılması həyata keçirilə bilər. Yaxud da, qiymətli kağızlarının kompensasiyasını təmin etmək mümkündür”, - deyə Musayev vurğulayıb.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















