Özünü kadr kimi görən bir insan test imtahanına niyə meyil etməlidir? Elmin Nuridən SƏRT AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Bildiyimiz kimi, ali məktəblərdə semestr imtahanlarının başlamasına az vaxt qalıb və imtahanlar hər universitetdə fərqli üsullarla keçirilir. Bəzi ali təhsil müəssisələrində yazılı, digərlərində isə test formasına üstünlük verilir.
Bəs bu üsullardan hansı savadlı və peşəkar kadrların yetişdirilməsinə daha çox töhfə verir? Ümumilikdə, hansı imtahan forması daha uğurlu hesab oluna bilər?
Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki, yay və qış semestr imtahanlarında test modelindən istifadə olunmamasının tərəfdarıdır:
"Tələbələr bu fikri böyük ajiotajla qarşılayacaqlar və bu məsələdə onların fikri birmənalı olmayacaq. Amma düşünürəm ki, tələbə özünü abituriyent kimi yox, sahəsindən asılı olmayaraq gənc tədqiqatçı, analitik və kadr kimi hiss etməlidir. Özünü kadr kimi görən bir insan, ixtisasından asılı olmayaraq, test imtahanına niyə meyil etməlidir? Doğrudur, deyə bilərsiniz ki, işə qəbul imtahanlarında da, dövlət qulluğu imtahanlarında da test üsulundan istifadə olunur. Bununla razıyam. Amma oradakı testlə buradakı test arasında yerlə göy qədər fərq var. Həmin testləri hazırlayan Dövlət İmtahan Mərkəzi testologiyanın strukturunu və fəlsəfəsini çox yaxşı bilir. Testlər elə çoxqatlı məntiq prizmasından hazırlanır ki, insandan təkcə faktı bilmək yox, həm də onun üzərində analiz aparmaq bacarığı tələb olunur. Universitetlərin semestr imtahanlarında isə bu, qətiyyən belə deyil. Bu yanaşma tələbəni bir çox üstünlüklərdən məhrum edir. Tələbə imtahan zamanı işin asanına qaçır, amma dərk etmir ki, bu hal onun peşəkar və professional inkişafına ciddi şəkildə təsir göstərir".
Mütəxəssisin fikrincə, yazılı imtahan fikrin analitik təhlili, faktlar və informasiyalar arasında əlaqələrin qurulması, qərarvermə və nəticə çıxarma qabiliyyəti kimi bacarıqları formalaşdırır.
"Şifahi imtahanı da buna aid etmək olar. Test imtahanında isə bu imkanlar demək olar ki, mövcud deyil. Ola bilsin ki, əgər bu testlər həqiqətən də Dövlət İmtahan Mərkəzinin hazırladığı testlər səviyyəsində olsaydı, vəziyyət fərqli olardı. Axı universitetin işi test hazırlamaq və test imtahanı təşkil etmək deyil ki, bunu DİM səviyyəsində həyata keçirsin. Deməli, universitetin hazırladığı testdən imtina etməliyik. Mən universitetlərin heç birinin işinə qarışa bilmərəm, buna hüquqi və mənəvi haqqım çatmaz. Tövsiyə vermək iddiasında da deyiləm. Amma bir vətəndaş olaraq gördüyüm budur ki, test imtahanı tələbəni bir çox mühüm üstünlüklərdən məhrum edir", - deyə E.Nuri yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 23 Dekabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















