Icma.az
close
up
RU
Paşinyan Sarkisyan işbirliyi: ehtimal, yoxsa gerçəklik?

Paşinyan Sarkisyan işbirliyi: ehtimal, yoxsa gerçəklik?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Edmon Marukyanın dedikləri və demədikləri

2018-ci il aprelin 22-də onlar görüşdülər və biri o birinə dedi: “İlk növbədə, çoxsaylı dialoq çağırışlarıma cavab verdiyinizə görə şadam. Düzünü desəm, onlarla jurnalistin iştirakı ilə necə danışıqlar aparacağımızı tam təsəvvür etmirəm. Amma hər halda şadam”.

Müxalifət lideri Nikol Paşinyanın Ermənistanın ozamankı prezidenti Serj Sarkisyanın ona dediyi sözlərə cavabı belə olmuşdu: “Məncə, burada anlaşılmazlıq var. Dünən mən aydın şəkildə demişdim ki, biz sizin təklif etdiyiniz dialoqdan danışmırıq. Biz yalnız gündəmə gətirdiyimiz məsələni müzakirə etməyə gəlmişik. Bu, Serj Sarkisyanın istefası və hakimiyyətin xalqa dinc şəkildə təhvil verilməsidir”.

Əlbəttə, tərəflər arasında qısa görüşdə başqa fikirlər də səslənmişdi. Məsələn, Sarkisyan demişdi ki, “Siz reallığı dərk etməmisiniz. Bu, danışıq deyil, dialoq deyil. Bu, dövlətə və qanuni hakimiyyətə ultimatumdur. Siz 1 mart hadisələrindən nəticə çıxarmamısınız. Əgər bu tərzdə danışmağa davam edəcəksinizsə, mən sizə yalnız hüquqi çərçivəyə qayıtmağı tövsiyə edə bilərəm. Əks halda, bütün məsuliyyəti öz üzərinizə götürəcəksiniz”.

Maraqlıdır ki, cəmi bir gün sonra, yəni aprelin 23-də Sarkisyan istefa verdiyini açıqlamış və Paşinyanı haqlı sayaraq, özünün yanıldığını dilə gətirmişdi. Bütün bunları təsadüfən xatırlatmadıq.

***

Deməli, Ermənistandakı “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib ki, ölkənin üçüncü prezidenti S.Sarkisyanın son bəyanatları Paşinyanla onun əlbir hərəkət etməsi barədə uzun illərdir səslənən söhbət və şübhələri təsdiqləyir. Marukyanın sözlərinə görə, son doqquz il ərzində minlərlə insan ona eyni sualı verib: “Serj Sarkisyan və Nikol Paşinyan birlikdədirlərmi?”. Mən həmişə deyirdim ki, bu, cəfəngiyyatdır, konspirasiya nəzəriyyəsidir və mənim belə bir məlumatım yoxdur. Bu gün isə həmin insanların hamısından kollektiv şəkildə üzr istəyirəm”.

Marukyan fikrini əsaslandırmaq üçün deyib ki, seçkiqabağı kampaniya zamanı Paşinyan üçün ən narahat mövzulardan biri onun baş nazir postunda üçüncü müddətə qalması məsələsi olub. Çünki vaxtilə məhz Paşinyan Sarkisyanın oxşar cəhdini qəbuledilməz sayıb və bunun avtoritar idarəçilik təcrübələri ilə müqayisəsini aparıb. Lakin jurnalistlər eyni sualı Sarkisyana verərək, Paşinyanın üçüncü müddətə gedib-getmədiyini soruşduqda, keçmiş prezident, faktiki olaraq, baş nazirin müdafiəsinə qalxıb və bildirib ki, əvvəlki, yəni 2021-ci ilin parlament seçkiləri növbədənkənar keçirildiyi üçün söhbət üçüncü müddətdən getmir: “Paşinyan özü bu məsələni cəmiyyətə normal şəkildə izah edə bilmir və bu zaman Serj Sarkisyan ortaya çıxaraq, onun əvəzinə izahat verməyə başlayır, faktiki olaraq, baş nazirin vəkili rolunu üzərinə götürür. Bu, biabırçılıqdır”.

E.Marukyan, həmçinin bu məsələni qaldırmadıqlarına görə müxalifətin bir hissəsini və bəzi kütləvi informasiya vasitələrini tənqid edib. Onun sözlərinə görə, özlərini müxalif media kimi göstərən bir çox qurum Sarkisyanın ətrafı ilə əlaqəli strukturlar tərəfindən maliyyələşdirilir və buna görə əsas mövzu gündəmə gətirilmir. “Onlar müxalifət oyunu oynamaqda davam edəcəklər ki, Nikol həm 2031-ci ildə, həm də 2037-ci ildə baş nazir olsun”, – deyə Marukyan bildirib.

Müxalifət lideri üzərində dayandığı məsələyə aydınlıq gətirmək üçün başqa bir məqama da toxunub. Daha doğrusu, Paşinyanın seçki kampaniyası dövründəki bəyanatlarına diqqət çəkib. Onun sözlərinə görə, baş nazir dəfələrlə Ermənistanın ikinci prezidenti Robert Koçaryan, iş adamı Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan barədə mümkün həbslərdən danışıb: “Bütün kampaniya boyu Nikol deyirdi ki, Robert həbs olunacaq, Samvel həbs olunacaq, Qaqik həbs olunacaq. Amma Serj haqqında bir kəlmə də demədi”.

Marukyanın fikirlərindən belə nəticəyə gəlmək mümkündür ki, söhbətimizin əvvəlində detallarını diqqətə çatdırdığımız Sarkisyan–Paşinyan dialoq səhnəsi qurama olub. Eləcə də Nikolun bütün “eks”ləri və onların siyasi törəmələrini hədəfə aldığı halda, Serjikin üzərinə getməməsi şübhə doğurur. Əlbəttə, ötən müddətdə Sarkisyan Paşinyanın əleyhinə çoxsaylı bəyanatlar səsləndirib, ikinci də birincini az tənqid etməyib. Hətta qarşılıqlı aşağılanma səhnələrinə də rast gəlinib. Yəni Marukyanın sözlərinə əsasən təəssüratı yaranan Paşinyan-Sarkisyan gizli işbirliyi məsələsi tam yerinə düşmür. Amma...

***

Məsələ ondadır ki, Ermənistan Respublikasının yaranmasında və mövcudiyyətində Qarabağ amili ön planda olub. Nəzərə alaq ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan məhz bu amil üzərində hakimiyyətə gəlmiş, mənfur “Qarabağ hərəkatı”nın liderliyi ampluası ona dövlət başçılığı dividendini qazandırmışdı. İkinci prezident Robert Koçaryanın da hakimiyyətə gəlməsində Qarabağda qəhrəmanlıq kimi təqdim olunan çoxsaylı cinayətlər həlledici rol oynamışdı. Sarkisyan isə “Qarabağ klanı”nın təmsilçisi idi və bir növ Koçaryanın “yolunu” davam etdirirdi. Maraqlı məqam isə budur ki, Sarkisyanın dövründə Qarabağ danışıqları mənasını itirmişdi. Yəni Ermənistan dövləti prosesdə bütün manipulyasiyaları sınaqdan çıxarmış, mövcud istiqamətdə ediləcək nə isə qalmamışdı. Ya İrəvan güzəştlərə getməli, ya da müharibə başlamalı idi. 2016-cı ilin “Aprel müharibəsi” bıçağın sümüyə dirəndiyinin sübutudur.

Paşinyan heç də əbəs yerə Qarabağa görə əvvəlki hakimiyyəti günahlandırmır. Onun danışıqların keçmiş iqtidarın zamanında uduzulduğunu söyləməklə, Qarabağ itkisi səbəbindən özünə ünvanlanan ittihamlardan yayındığı məlumdur. Deməli, Marukyanın üzərində dayandığı Sarkisyan-Paşinyan gizli işbirliyinin fərqli çalarının olduğunu düşünmək mümkündür.

Məsələ ondadır ki, Qarabağ danışıqlarının səmərəsizliyini görən Sarkisyan özü güzəştə gedə bilməzdi. Bu onun üçün ölüm hökmü olardı. Ona görə, necə deyərlər, “günah keçisi” axtarışına çıxıb və Paşinyanı tapıb. Onu da ehtimal etmək mümkündür ki, bu tapıntıdan Sarkisyanı hakimiyyətə gətirənlər xəbərsiz olub. Həqiqətən, Rusiya Ermənistandakı iqtidarı Qərbin adamına verməklə heç bir halda razılaşmazdı. Amma Moskva üçün oyun qaydaları anlayışı yaddır.

Bəli, 2018-ci ildə Qərbpərəst Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi Rusiyada “soyuq duş” effekti yaratmışdı. Təsəvvür edin, neçə illər, hətta əsrlər boyu imperiyanın sadiq qulları olmuş ermənilər üsyan edir və iqtidar postunda tamam başqa qüvvəni əyləşdirirlər. Lakin həmin vaxt Rusiyanın siyasi dairələri vəziyyətlə barışmaq məcburiyyətində qaldılar. Çünki Paşinyanın hakimiyyətdə qala bilməyəcəyinə ümid bəslədilər. Yenə də Qarabağ amili ön plana çıxdı. Paşinyan, öz növbəsində, Qarabağ məsələsinin həllediciliyini anladı və Azərbaycandan vaxt istədi. Vaxt istədi və həmin müddətdə belə nəticəyə gəldi ki, əgər Qarabağı və Ermənistanın işğal etdiyi digər əraziləri xoşluqla qaytarsa, demokratiyanın qladiatoru obrazı yerlə bir olacaq. Yeri gəlmişkən, onun Azərbaycandan istədiyi vaxt başa çatdıqdan sonra Prezident İlham Əliyevlə görüşdə səsləndirdiyi ritorik sual var: “Siz istəyirsiniz ki, məni öldürsünlər?”. Görünür, Sarkisyan da öldürülməkdən qorxmuşdu, elə birinci prezident L.Ter-Petrosyan da. Levon məhz buna görə, daha doğrusu, Azərbaycana güzəştlərin qaçılmazlığını anladığından istefa vermişdi. Paşinyan isə problemin üzərinə getmək qərarına gəlmiş və 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını səsləndirmişdi. O bəyanatı ki, Nikolun Şuşada yallı getməsi ilə birgə müharibə üçün böyük səbəbə çevrilmişdi.

Əlqərəz, çox güman, Paşinyan Sarkisyanın onu hansı oyuna saldığının fərqinə varıb və görünür, sırf bu səbəbdən üçüncü prezidentə qəzəblidir. Serjik özü isə böyük ehtimalla Rusiyanın qəzəbinə tuş gəlmiş adamdır. Ona görə də 2018-ci ildən sonrakı heç bir seçkiyə qatılmır, çünki Moskvanın dəstəyinin olmayacağının fərqindədir. Hər halda, Kreml xəyanəti və fərsizliyi bağışlamır.

Ancaq Serjin özünə görə həqiqətləri ola bilər. Axı Ermənistanın Qarabağ müstəvisində dalana dirənməsi həm də Rusiya diplomatiyasının uğursuzluğu mahiyyətini daşımışdı. Nəhayət, Cənubi Qafqazda avantüra Moskvaya lazım idi. Sarkisyan təxminən o düşüncədə ola bilər ki, avantüranı saxlamaq istəyən qüvvə hansı yolla olursa-olsun onun arxasında dayanmalıdır. Dayanmırsa, deməli, həmin qüvvənin kimisə müqəssir bilib gözdən salması doğru deyil. Doğru deyilsə, Sarkisyan siyasi “fəhmini” işə salıb subliminal şəkildə Paşinyana dəstək verə bilər. Ehtimal ki, E.Marukyanın söz açdığı mətləb məhz budur.

***

Sonda ümumiləşdirmə apararaq belə nəticəyə gəlmək mümkündür ki, Paşinyanla Sarkisyan arasındakı ixtilafın öz mahiyyəti var. Tərəflər, bir növ, mehriban düşməndirlər. Çalışırlar ki, mümkün qədər bir-birilərinin ayaqlarını tapdalamasınlar. Hətta onu da ehtimal etmək olar ki, Sarkisyan məhz bu səbəbdən anti-Nikol kampaniyasına qoşulmur. Marukyan kimilər isə özlərinin kiçik baxış bucaqları ilə Serjiki Nikolla işbirliyində ittiham etməyə girişirlər. Halbuki, indiki halda ittiham yerinə düşmür. Çünki 2021-ci ildə seçki keçirilməsini Paşinyan yox, müxalifət istəmişdi.

Əks düşərgə 5 il əvvəl zənn etdi ki, 44 günlük müharibədəki məğlubiyyətin günahkarı olan iqtidar hakimiyyətdən uzaqlaşdırılacaq. Amma Nikol və komandası güclü çıxdı. Marukyanın haqqında söz açdığı avtoritar idarəçilik modelinə gəlincə, Ermənistana demokratiya yaraşmır. Erməni xalqı ona doğru getmək üçün, ilk növbədə, avantüra ilə tam vidalaşmalıdır. Bu gün Ermənistan siyasətində koçaryanlarla, karapetyanlarla yanaşı, marukyanlar da təmsil olunurlarsa, deməli, hələlik, bu vidalaşmadan söhbət gedə bilməz. Belə bir durumda Nikol kimi nisbətən pozitiv qüvvə nə qədər bacarırsa, hakimiyyətdə qalsa, daha yaxşıdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see471

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see325

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see230

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see222

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see222

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see196

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see195

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see191

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see186

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see185

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see177

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see175

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see169

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see166

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see164

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see162

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see159

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see158

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see158

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri