Paşinyan sükanı möhkəm saxlaya biləcəkmi?
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İrəvan olimpində marafonun finişində də nala-mıxa vurma
Prezident İlham Əliyev sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında regional bağlantıların ölkəmizin davamlı sülh baxışlarının əsasını təşkil etdiyini, Vaşinqton Sammitinin mühüm nəticələrindən birinin Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) olduğunu bildirmişdi.
Dövlətimizin başçısı sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş zamanı isə avqustun 8-də Birləşmiş Ştatlarda Ermənistla əldə olunmuş razılığı nəzərdə tutaraq demişdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə anlaşma beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək: “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.
Bəli, Prezident İlham Əliyev özünün 44 günlük müharibədən sonra beynəlxalq siyasi terminalogiyaya gətirdiyi “Zəngəzur dəhlizi” ifadəsinin dünyanın ictimai rəyində qəbul olunduğunu bilir və ona görə də dəhliz məntiqini irəli sürür. Nəzərə alaq ki, ölkəmizin liderinin nəinki hər fikri, hər sözü, hətta hər cümləsi, kifayət qədər, ölçülüb-biçilmiş məzmuna və dərin fiksasiya təbiətinə malikdir. Bunu Ermənistanda da gözəl anlayırlar. Anlayanların başında isə ölkənin hökumət rəhbəri, yəni birinci şəxsi Nikol Paşinyan dayanır.
* * *
Əlqərəz, N.Paşinyan bütün reallıqları yaxşı dərk etməsinə rəğmən, son günlər özünü, sözün əsl mənasında, güldürməklə məşğuldur. Onun Zəngəzur dəhlizi ilə bağlı həm BMT Baş Assambleyasının 80-ci sessiyasının tribunasından, ən başlıcası isə Avropa Şurası Parlament Assambleyası kluarlarında nələri bildirməsinə diqqət yetirəcək, erməni baş nazirin fikirləri xüsusunda bəzi xatırlatmalar edəcəyik.
Görünür, Paşinyanın yadına 44 günlük müharibəni, daha sonra lokal xarakterli antiterror tədbirlərini salmağa ehtiyac var. Nikol elə danışır, sanki, suveren Azərbaycan ərazisini nəzərdə tutaraq, “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verən o deyil, bir başqası idi. Paşinyan, AŞPA-da elə həyasızlıq qoparır ki, qıraqdan baxanlar onun komandasındakı şəxslərin vaxtilə “yeni ərazilər uğrunda yeni müharibələr” şüarını səsləndirdiklərini düşünməzlər. Necə deyərlər, oğru elə bağırır ki, doğrunun bağrı yarılır.
Ümumən, Paşinyanın mövqeyindən hasil olan qənaət budur ki, sanki qonşusunun ərazisinin 20 faizini işğal edən, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum duruma salan, otuz ilə yaxın müddətdə işğalçılıqdan əl çəkməyən, yalnız “Dəmir yumruğ”un sayəsində məkrli niyyətindən daşınan hazırda rəhbərlik etdiyi ölkə deyilmiş. Beynəlxalq aləm nə qədər ədalətsiz və riyakar olsa da, bütün bunlardan çox yaxşı xəbərdardır.
O da bir faktdır ki, dünya, eyni zamanda, güclünün yanındadır və onun diktə etdiyi reallıqlarla barışır. Dünən Azərbaycan zəif idi, səsi eşidilmirdi, bu gün ölkəmiz qüdrətli və prinsiplərində qətidir. Təkcə Paşinyan və Ermənistan deyil, bütövlükdə dünya erməniliyi qulağında sırğa etsin ki, Azərbaycan açılan sabahların bütün gələcək günlərində güclü olacaq, heç bir halda təşəbbüsü əldən verməyəcək. Çünki zəifliyin cəzasını çox ağır çəkmişik...
Bəli, bütün bunlara görə N.Paşinyanın həm BMT, həm də AŞPA kürsüsündən Zəngəzur dəhlizini Ermənistana ərazi iddiası kimi qiymətləndirməsi, yumşaq desək, həyasızlıqdır. Nikol dünyanın Naxçıvana yola məhz dəhliz bucağından yanaşması reallığı ilə barışmalıdır. Axı adının nə qoyulmasından asılı olmayaraq, yekun nəticə dəyişmir. 44 günlük müharibəyə son qoyan, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da Naxçıvana yolun maneəsizliyindən söz açılırdı, Vaşinqtonda ərsəyə gəlmiş 8 avqust 2025-ci il tarixli üçtərəfli Birgə Bəyannamədə də eyni məntiq qabardılır.
Paşinyan və erməni xalqı anlamalıdır ki, sözügedən məntiq hər şeydən əvvəl Ermənistanın illər ərzində Azərbaycan xalqının başına gətirdiyi olmazın əzab və əziyyətin, çoxsaylı məhrumiyyətlərin və faciələrin yalnız kiçik bir təzminatıdır. Bu təzminat vəlvələdən və ya zəlzələdən yaranmış Ermənistan adlı dövlətin ərazi bütövlüyünə və suverenliyinə toxunmursa, təkcə Nikol yox, dünyanın hər yerindəki ermənilər toy-bayram etməlidirlər. Çünki onlar müstəqil dövlətə layiq deyillər və bunu başqasının yox, elə Paşinyanın özünün daxili auditoriya qarşısındakı çıxışlarının məzmunundan görmək mümkündür. Yaxşı olar ki, baş nazir xaricdə də özünü daxildə psixi xəstəliklərlə mübarizə aparan həkim obrazında göstərsin. Siyasətçi kimi danışanda kənardan çox eybəcər görünür ki, eybəcər durumu obrazlı şəkildə təsəvvürə gətirdik. Hələ başqa təsvirlərimiz də var...
* * *
N.Paşinyan Zəngəzur dəhlizi reallığına qarşı cəbhə açıb Ermənistan ərazisində bu adda inzibati ərazi vahidinin olmadığını bildirəndə də, hər bir dövlətin digər ölkənin ərazisindəki yer adlarına səlis yanaşmasının vacibliyini deyəndə də son dərəcə miskin görünür. Görəsən, o, çevrilib ölkəsinə baxmır? Ermənistanda yenə Qarabağımızı nəzərdə tutub “Artsax” hay-şivənləri qaldırılır. Bu gün də Ermənistanda Xankəndini “Stepanakert”, Ağdərəni “Mardakert”, Şuşanı “Şuşi”, Laçını “Berdzor”, Kəlbəcəri “Karvaçar”, Xocalını “İvanyan”, Ağdamı “Akna” adlandıran çaqqal sürüsü var və Nikol illərdir ki, o sürü ilə mübarizə aparmaq pozu verir.
Yeri gəlmişkən, hazırkı erməni iqtidarının zaman-zaman həmin sürünün direktivlərini özünün xarici siyasət prioritetinə çevirdiyini görmüşük. İndi Paşinyan AŞPA tribunasından sualları cavablandırarkən deyir ki, Qarabağ ermənilərinin geri qayıtması mümkünsüzdür və mövzu sülh prosesinə təhlükədir. Amma vaxt var idi, o və komandasının üzvləri Qarabağ erməniləri üçün beynəlxalq təminat “axtarışına” çıxmış, bu yolla ərazilərimizdəki separatçı qurumu qorumağa çalışmışdılar. “Dağlıq Qarabağın özünün seçkili hakimiyyəti var”, - deyib sərsəmləyən də məhz Paşinyan olmuşdu.
2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonrakı durum da yaxşı xatirimizdədir. O zaman hakim erməni komandası istədi ki, beynəlxalq ictimaiyyət Qarabağ ermənilərinin təhlükəsiz geridönüşü məsələsinə köklənsin. Sual olunur: həmin ermənilər bölgəni nəyə görə, hansı səbəbə tərk etmişdilər? Axı Azərbaycan dövləti onların yaşamlarına ən yüksək səviyyədə təminat vermişdi. Cavab çox sadədir: Rəsmi İrəvanın və havadarlarının planına görə, Qarabağ ermənilərinin beynəlxalq təminat altındakı qayıdışı bölgə ilə bağlı avantürizmin ruhunu vurğulamalı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirməli, konstitusion quruluşunu, faktiki olaraq, heçə saymalı idi.
Bəli, Paşinyanlı Ermənistan hakimiyyəti 2020-ci ilin müharibə rüsvayçılığından sonra məhz bunlar naminə çalışmış, istəmişdi ki, məğlubiyyətin erməni cəmiyyətində ona qazandırdığı antipatiyanı aradan qaldırsın. Yəni Nikol klassik hay düşüncə tərzinə uyğun davranmış, lakin istəyinə müvəffəq ola bilməmişdi. Hər halda, Prezident İlham Əliyev Ermənistanla real sülh danışıqlarının 2024-cü ildən başladığını təsadüfən bildirmir. Dövlətimizin başçısı vurğuladığımız məqamların dərinliklərinə çox yaxşı bələddir.
Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən cəmi 40 kilometrdən azca artıq məsafə var. Ölkəmiz istəsəydi, həmin ərazini ələ keçirə bilərdi. Bunu dövlətimizin başçısı da dəfələrlə vurğulayıb. Paşinyan gücümüzdən xəbərdardır. Ona bunu da deyək ki, Azərbaycan 44 günlük müharibədə aşkar üstünlüyə yiyələnəndə dünya ermənipərəstləri bizi işğalçı kimi qələmə vermişdilər. Axırı nə oldu? Heç nə. Zəngəzuru da ələ keçirsək, eyni durum yaranacaqdı. Beş-altı beynəlxalq siyasi dələduz boş-boş bəyanat verəcəkdi, vəssalam. Amma ölkəmiz buna getmədi və deməli, həm də erməni dövlətinin gələcək varlığına “yaşıl işıq” yandırdı. Paşinyan və digərləri durumu böyük lütf kimi qiymətləndirməlidirlər. Onlar qətiyyən unutmamalıdırlar ki, hansı adla, necə adlandırılmasından asılı olmayaraq bizim olan bizimdir.
* * *
Növbəti məqama keçid alaq. Bir qədər əvvəl AŞPA-da Nikola Qarabağ ermənilərinin geri qayıdış hüququ ilə bağlı sualın ünvanlandığını bildirdik. Sualı səsləndirən şəxs məsələnin üzərinə “Dağlıq Qarabağ” ifadəsini işlətməklə gəlmişdi. Paşinyan da cavabında “Dağlıq Qarabağ”a qayıdışın mümkünsüzlüyündən söz açmışdı. Yaxşı olar, ifadəsinə düzəliş etsin və anlasın ki, Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi yoxdur.
Amma məqsədimiz Paşinyana və ona sual verən şəxsə nöqsan tutmaq deyil. Düşünək ki, uzun illər Dağlıq Qarabağ adlı münaqişə reallığı olub və istər-istəməz, dillərdə onunla bağlı ifadə qalıb. Həm də o səbəbdən qalıb ki, bu ifadə, mahiyyətcə, erməni işğalını leqallaşdırmaq niyyətinə söykənib. Azərbaycan 44 günlük müharibədəki Zəfəri ilə buna son qoydu.
Zəngəzur dəhlizi ifadəsi isə müharibədən sonra meydana məhz güclünün, eyni zamanda, ədalətli tərəfin haqqı timsalında çıxdı. Heç şübhəsiz, Ermənistan zamanında işğalçılıq yolu tutmasaydı və ölkəmizin Naxçıvana yolunu bağlamasaydı, indiki reallıq yaranmayacaqdı, üstəlik, Cənubi Qafqaz xalqların sülh içində dinc və birgə yaşadığı məkana çevriləcəkdi. Əlbəttə ki, qat-qat inkişaf etmiş rifah məkanına. O məkana ki, hazırkı siyasi və iqtisadi proqnozlarda onun gələcək strukturu barədə hələlik yalnız təsəvvürlər yaradılır.
* * *
Sonda onu deyək ki, Cənubi Qafqaz Ermənistanın təcavüzkar siyasətinə görə azı otuz il geri düşüb. 2020-ci ildən indiyədək isə gecikmənin səbəbi ölkənin hazırkı iqtidarıdır. Yaxşı olar, Paşinyan bunu düşünsün, əsl mahiyyətdən uzaqlaşmaq, özünü, guya, qətiyyətli və prinsipial göstərmək yerinə, Zəngəzur dəhlizinin, ona xoşdursa, “Tramp marşrutu”nun açılması istiqamətində üzərinə düşən öhdəliyi, Prezident İlham Əliyevin təbirincə desək, ev tapşırıqlarını tez bir zamanda yerinə yetirsin.
Ermənistan rəhbərliyi nəzərə alsın ki, Zəngəzur dəhlizi bir ifadə olaraq beynəlxalq ictimai rəydə özünə yer tapıbsa, deməli, dünya üçün Ermənistanın ərazi bütövlüyü və suverenliyi az maraqlıdır, nəinki dəhlizin işə düşməsi. Bu gün Zəngəzur dəhlizi ifadəsi xarici aləm tərəfindən qəbul olunursa, deməli, Naxçıvan qatarı artıq yola düşüb. Paşinyan orda-burda populist bəyanatlar verməklə, həmin qatarın çarxlarına çomaq salmağa çalışmasın və sanki məsxərə edirmiş kimi kimdənsə ona xəritədə Zəngəzur dəhlizini göstərməyi istəməsin. Nəhayət, Nikol əmin olsun ki, lazım gəlsə, ona yaşadığımız regionun daha dolğun xəritəsini böyük həvəslə göstərə bilərik. O xəritəni ki, orada Ermənistan adlı dövlət ya yoxdur, ya da indikindən qat-qat kiçikdir.
Ə.CAHANGİROĞLU
XQ


