Icma.az
close
up
RU
Paşinyan kilsəni “dövlətsizləşdirə” biləcəkmi?

Paşinyan kilsəni “dövlətsizləşdirə” biləcəkmi?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ermənistanda kilsə ilə iqtidar arasında qarşıdurma getdikcə güclənir. Ölkənin baş naziri Nikol Paşinyan yeni katolikos seçkiləri ilə bağlı apostol kilsəsinin ardıcıllarına müraciət edib. Müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün koordinasiya qrupu yaratmaq zərurəti ön plana çəkilib.

Paşinyan deyib ki, müqəddəs Eçmiəzdin baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün koordinasiya qrupu yaradılmalıdır. Müraciətdə qeyd edilib ki, koordinasiya qrupunun tərkibinə həm kişilər, həm qadınlar, həm ruhani, həm də ruhani olmayan şəxslər daxil ola bilər. “Lakin ruhanilərin, xüsusilə, monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamaları vacibdir”, – deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, N.Paşinyan mayın 30-dan başlayaraq erməni apostol kilsəsinin qanunsuz əməlləri ilə bağlı “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşımlar edib. İyunun 9-da Paşinyan sosial şəbəkədə bütün ermənilərin katolikosu II Qareginin könüllü olaraq subaylıq andını pozduğunu və övladının olduğunu yazıb: “Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, erməni apostol kilsəsinin qaydasına görə, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər. O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını boşaltmalıdır.

Erməni apostol kilsəsinin inanclı davamçısı, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir surətinə və daşına hörmətlə yanaşan bir şəxs kimi bəyan edirəm: erməni apostol müqəddəs kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır. Bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikosluq seçkilərinə qədər yoxlanmalı və təsdiqlənməlidir. Mən müqəddəs erməni apostol kilsəsinin inanclı davamçılarını patriarx iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram”.

Beləliklə, Paşinyan kilsə ilə bağlı qəti və konkret mövqe ortaya qoyub. Bu mövqe həm daxili siyasi auditoriyaya, həm də kilsənin xarici havadarlarına ünvanlanmış mesaj xarakteri daşıyır. Aydın görünür ki, Nikol kilsənin siyasi proseslərə müdaxiləsini məhdudlaşdırmaqla dövlətin suveren qərarvermə mexanizmini qorumağa çalışır. Eyni zamanda, görünən odur ki, Ermənistan hökumətinin rəhbəri kilsənin Qarabağ klanının siyasi oyunlarına alət olmasından, müxtəlif hoqqabazlığından bezib və necə deyərlər, bu işin axırına çıxmaq istəyir.

Paşinyanın bu mövqeyi cəmiyyətin müxtəlif təbəqələri arasında da ciddi müzakirələrə səbəb olub. Bəzi kilsə “təəssübkeşləri” bunu dini dəyərlərə hörmətsizlik kimi qəbul etsə də, digərləri onun modern və sekulyar idarəetməyə üstünlük verdiyini düşünür.

Qarabağ klanı indiki məqamda belə “kilsə təəssübkeşliyi” rolunda çıxış edən əsas qüvvədir. Hazırda kilsə və müxalifət Paşinyana qarşı birləşib desək, yəqin ki, yanılmarıq. Revanşistlərə yaxınlığı ilə seçilən media orqanları Ermənistan parlamentindəki “Şərəfim var” müxalifət fraksiyasının başlanmış impiçment prosesi çərçivəsində Masis icmasının rəhbəri David Ambarsumyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi barədə məlumat yayıb. Fraksiya rəhbəti Ayk Mamicanyan sosial şəbəkədə yazıb: “Ermənistan “Respublikaşəlar” Partiyasının icra orqanının bəyanatını nəzərə alaraq, “Şərəfim var” fraksiyası iyunun 7-də keçirilən iclasında “Milli Assambleyanın reqlamenti” konstitusiya qanununa uyğun olaraq, baş nazirə etimadsızlıq nümayiş etdirmək, David Ambarsumyanın namizədliyini irəli sürmək barədə yekdilliklə qərar qəbul edib”.

Qeyd edək ki, Ermənistan qanunlarına görə, impiçment prosesinə başlamaq üçün onun təşəbbüskarlarından baş nazirliyə namizədliyini təqdim etmələri tələb olunmaqla yanaşı, 107 deputatdan azı 54-ü hökumət başçısına etimadsızlıq göstərməlidir. Amma parlamentin hazırkı çağırışında mütləq çoxluq “Mülki müqavilə” partiyasında qalmaqdadır. Bu isə o deməkdir ki, real nəticə əldə etmək üçün müxalifətin ya iqtidar daxilində parçalanma yaratması, ya da bir sıra deputatları öz tərəfinə çəkməsi zəruridir. Hazırkı siyasi reallıq isə belə bir ssenarinin reallaşma ehtimalının olduqca aşağı olduğunu göstərir. Bu səbəbdən impiçment çağırışları daha çox siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir.

“Respublika” partiyasının bu mövqeyi isə sabiq prezident, Xocalı soyqırımının bilavasitə iştirakçısı Serj Sarkisyanın baş nazirlə kilsə arasındakı qarşıdurmaya “töhfəsi” kimi qiymətləndirilə bilər. Bu qarşıdurmaya Ermənistanın ikinci prezidenti, Qarabağ klanının “xaç atası” Robert Koçaryan da qoşulub. Onlar beyinlərindəki əbədi revanşist ideyaların təsiri altında ölkədə gərginliyi artırmaq üçün hər şeyə hazırdırlar. Hələ aprel ayında S.Sarkisyan jurnalistlərlə söhbətində Paşinyanın qarşıdan gələn seçkilərə qədər duruş gətirməyəcəyini əminliklə bəyan etmiş və müxalifətin onun hakimiyyətdən uzaqlaşdırılması üçün konkret proqramının olduğunu gizlətməmişdi. Sarkisyan həmin vaxt istehza ilə bildirmişdi ki, nə qədər istəsə də, hakimiyyətin konstitusiyanı yenidən yazmağa və Müstəqillik bəyannaməsi ilə bağlı müddəaları çıxarmağa vaxtı olmayacaq.

Məlumdur ki, Sarkisyan və Koçaryan Ermənistan konstitusiyasına Azərbaycana ərazi iddialarını istisna edən dəyişikliklərin qəti əleyhdarlarıdır və Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyanda onu ilk tənqid edənlərdən olublar. Beləliklə, 2026-cı il iyunun 7-nə təyin edilmiş parlament seçkilərində hakim partiyanın qalib gəlməsi üçün baş nazir və komandası ən azı iki mühüm vəzifəni həll etməli olacaq. Bunlardan biri xaricdəki nüfuzlu diaspor timsalında güclü dəstəyə malik “döyüşkən” erməni ruhanilərini susdurmaqdan, digəri isə əsas siyasi rəqiblərini zərərsizləşdirməkdən ibarətdir. Ancaq belə bir siyasi qarışıqlıq şəraitində, yəni, Paşinyanın erməni kilsəsi ilə ona qənim kəsilmiş müxalifət qüvvələri arasında qaldığı şəraitdə baş nazirin vəziyyətinin yumşaq desək, asan olmadığı aydınlaşır. Bu mürəkkəb situasiyada Paşinyan həm daxili, həm də xarici təzyiqləri balanslaşdırmağa məcburdur. O, bir tərəfdən erməni cəmiyyətinin sülh və sabitlik arzularını təmin etməli, digər tərəfdən isə radikal qrupların təzyiqinə müqavimət göstərməlidir. Kilsənin və müxalifətin birgə ritorikası Paşinyanı milli maraqlara xəyanətdə ittiham etməyə yönəlir ki, bu da onun ictimai dəstəyinə mənfi təsir göstərə bilər. Üstəlik, xaricdəki erməni diasporunun, xüsusən də ABŞ və Fransadakı güclü lobbi qruplarının münasibəti seçkilər öncəsi ciddi əhəmiyyət daşıyır. Paşinyanın gələcək siyasi taleyi məhz bu çətin tarazlığı necə qoruyacağından birbaşa asılı olacaq.

Fuad ABDULLAYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, hərbi-siyasi ekspert

– İlk olaraq qeyd etmək lazımdır ki, erməni kilsəsi tarixən ölkə hakimiyyətinin siyasi fəaliyyətində aktiv iştirak edib. Bu, indi də belədir. Hətta, qeyd edim ki, erməni kilsəsi Azərbaycan ərazilərində erməni dövlətinin yaradılmasında müstəsna rol oynayıb. Bu, danılmaz faktdır. Kilsə daim irridentist düşüncələrin əhali arasında təbliğatı ilə məşğul olub. Terror təşkilatlarının yaradılması, terror aktlarının planlaşdırılması, onların həyata keçirilməsi kilsə tərəfindən icra edilən fəaliyyətlər olub.

Hazırkı vəziyyətə gəldikdə isə Paşinyanla kilsə arasında yaranmış mübahisənin əsas predmeti ondan ibarətdir ki, kilsə bəzi üçüncü ölkələrin də dəstəyi ilə Ermənistanda hakimiyyəti dəyişmək istəyir. Paşinyan da bunu çox yaxşı başa düşür və bu barədə məlumatlıdır. Parlament sədrinin müavini Ruben Rubinyan təzəlikcə mətbuata müsahibəsində bildirib ki, kilsələrdə dini liturgiya ilə yanaşı, siyasi təbliğat da aparılır. Bu, özü ciddi bir faktdır və onu deməyə əsas verir ki, kilsə həqiqətən də seçkilər öncəsi əhalinin hakimiyyətə qarşı çıxmasına çalışır.

Əlbəttə, müxalifətlə erməni apostol kilsəsi birgə fəaliyyət göstərirlər. Xüsusilə, kilsə ikinci prezident Robert Koçaryana daha çox dəstək verir. Son vaxtlar kilsə nümayəndələri iki-üç dəfə öz açıqlamalarında Koçaryana dəstəkçi olduqlarını açıq şəkildə bəyan ediblər. “Müqəddəs mübarizə” hərəkatının lideri də birbaşa Koçaryanın partiyasının nümayəndələri tərəfindən dəstəklənir. Bir məqamı yaddan çıxarmaq olmaz. Xatırlayırsınızsa, 2021-ci ildə Koçaryan belə bir açıqlama vermişdi ki, hakimiyyətə dini liderlərdən biri də gələ bilər. Əlbəttə, burada belə bir qənaət formalaşır ki, Koçaryanla, onun tərəfdarları ilə erməni apostol kilsəsi əlaqələndirilmiş şəkildə fəaliyyət göstərirlər. Onların əsas məqsədi Ermənistan hakimiyyətini dəyişməkdir. Əlbəttə, bu, üçüncü ölkələr tərəfindən də dəstəklənir. Son vaxtlar artan bu dəstək erməni kilsəsinin fəaliyyətinin də aktivləşməsinə səbəb olub.

Paşinyan isə kilsənin Ermənistanın daxili ictimai-siyasi həyatına qarışmamasını istəyir və din xadimlərini bu prosesdən kənarlaşdırmağa çalışır. Bu istiqamətdə atdığı addımların nə dərəcədə effektiv olacağı, yəni buna nə dərəcədə nail olub-olmayacağı barədə bu gün fikir söyləmək çətindir. Ona görə ki, Ermənistanda Paşinyan iqtidarına nə qədər rəğbət olsa da, kilsənin cəmiyyət arasında kifayət qədər nüfuzu var. Əhalinin xeyli hissəsi mütəmadi olaraq kilsələri ziyarət edir. Bu istiqamətdə atılacaq addımların vətəndaşlar arasında necə qarşılanacağı ilə bağlı fikir söyləmək hazırda müşküldür. Amma ehtimal etmək olar ki, əgər Paşinyan bununla bağlı qəti mövqe nümayiş etdirsə, bəlkə də kilsənin Ermənistanın daxili ictimai-siyasi həyatına və xarici siyasətinə qarışmasının qarşısını müəyyən qədər ala bilər.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see212

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see196

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see141

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see138

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see124

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see123

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see123

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see123

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see122

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri