Icma.az
close
up
RU
Paşinyan “üçlüyə” meydan oxuyur

Paşinyan “üçlüyə” meydan oxuyur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nikol sələflərini milli xəyanətdə ittiham edir

Ermənistanın üç keçmiş prezidenti – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın ölkənin baş naziri Nikol Paşinyana qarşı apardıqları siyasi mübarizə az qala sinfi mübarizə müstəvisinə keçib. Onlar əllərində olan bütün vasitələrdən – təmsil olunduqları parlamentin tribunasından, kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən, mitinq və yürüşlərdən, müxtəlif kampaniyalardan istifadə edərək Paşinyanın reytinqini aşağı salmağa, onu cəmiyyətin gözündə hörmətsiz etməyə çalışırlar.

Bu mübarizənin mahiyyətində şəxsi ambisiyalarla yanaşı, erməni xalqının 2018-ci ildə tarixin zibilliyinə tulladığı siyasi elitanın itirdiyi mövqeləri bərpa etmək istəyi dayanır. Keçmiş prezidentlər üçün Paşinyanın hakimiyyətdə qalması onların həm siyasi nüfuzunun, həm də maddi dayaqlarının tam çökməsi deməkdir. Ona görə də mübarizə yalnız ideoloji deyil, həm də iqtisadi maraqlar üzərində qurulub. Hakimiyyət daxilindəki sabitliyi, monolitliyi pozmaq, hökumət daxilində parçalanma yaratmaq bu düşərgənin əsas taktikasına çevrilib.

Lakin bütün bu səylərə baxmayaraq, Paşinyan hələlik kütləvi dəstəyini qorumaqda və öz siyasi gündəmini diktə etməkdə davam edir. Eyni zamanda, o, sabiqlərin heç bir ağır ittihamını cavabsız buraxmır, onların dediklərinin və yazdıqlarının yalan olduğunu bildirir. Nikol “üçlüyü” dəfələrlə debata çağırması ilə də öz siyasi üstünlüyünü nümayiş etdirməyə çalışır. Paşinyan bununla həm ictimai rəydə şəffaf və açıq siyasətçi obrazını gücləndirmək, həm də rəqiblərinin arqumentsizliyini ifşa etmək niyyətindədir. Lakin keçmiş prezidentlər debat meydanına çıxmaqdan yayınaraq tənqidi hücumlarını daha çox mediada və qapalı dairələrdə davam etdirirlər. Bu isə onların cəmiyyətdə etimad qazanmaq imkanlarını xeyli məhdudlaşdırır. Nəticədə “üçlüyün” mübarizəsi çox vaxt revanşist emosiyalarla müşayiət olunan taktiki gedişlərdən o tərəfə keçə bilmir.

***

Oktyabrın 13-də Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə – Şarm əl-Şeyx şəhərinə işgüzar səfərindən qabaq “Facebook” sosial şəbəkəsindəki hesabında yerləşdirdiyi videoda Paşinyan belə bir sual ünvanlayıb: “Ermənistanın üç keçmiş rəhbəri Qarabağ məsələsi ilə bağlı təsəvvür etdikləri “möhtəşəm həll” yollarını niyə həyata keçirməyiblər?”

Onun sözlərinə görə, burada iki variant ola bilər: “Birincisi odur ki, onlar cinayətkar hərəkətsizliyə yol verərək, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət edərək, bizi Qarabağ məsələsinin “möhtəşəm həll yollarından” məhrum ediblər. İkinci variant bundan ibarətdir ki, onların təsəvvür etdiyi “möhtəşəm həllər” sadəcə ağıllı məşğuliyyətlərə əsaslanan siyasi yalandır və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”.

Ermənistan siyasi səhnəsində son illər müşahidə olunan əsas tendensiya keçmişin qalıqları ilə yeni siyasi elitanın sərt toqquşmasıdır. Bu qarşıdurmanın mərkəzində isə, şübhəsiz ki, üç keçmiş prezident və Paşinyan dayanır. 2018-ci ildə xalq etirazlarının dalğası üzərində hakimiyyətə gələn Paşinyan özünü “köhnə Ermənistan”ın korrupsiyaya bulaşmış sisteminə alternativ kimi təqdim etmişdi. Lakin “üçlük” üçün bu dəyişikliklər onların illərlə qurduqları siyasi-iqtisadi nizamın dağılması anlamına gəlirdi. Elə buna görə də bu gün Ermənistan siyasətində müşahidə etdiyimiz qarşıdurma, sadəcə, ideoloji ziddiyyət deyil, həm də sistemlərin toqquşmasıdır. Bir tərəfdə özünü islahatçı kimi təqdim edən, Qərblə yaxınlaşma xəttini yürüdən Paşinyan dayanırsa, digər tərəfdə Rusiyayönümlü, keçmiş klan maraqlarını qorumağa çalışan məlum “üçlük” dayanır. Onların apardığı kampaniyalar, mediada və sosial şəbəkələrdə Paşinyana qarşı yönələn tənqidlər bu mübarizənin dərinliyini göstərir.

Paşinyanın oktyabrın 13-də “Facebook”da yayımladığı video bu mübarizənin növbəti mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Baş nazirin keçmiş prezidentlərə ünvanladığı “əgər Qarabağ məsələsinin möhtəşəm həll yollarını bilirdinizsə, niyə onları həyata keçirmədiniz?!” sualı, sadəcə, ritorik deyil, həm də strateji mahiyyət daşıyan bəyanatdır. Bu sual vasitəsilə Paşinyan öz siyasi opponentlərini həm məsuliyyətsizlikdə, həm də saxtakarlıqda ittiham edir. Onun cavab kimi irəli sürdüyü iki variant – “ya cinayətkar hərəkətsizlik, ya da siyasi yalan” – əslində, Ermənistanın son 30 illik dövlət idarəçiliyinə verilən qiymətdir. Bu cümlələr Paşinyanın ritorikasında təkcə keçmişin tənqidi kimi yox, həm də öz siyasi legitimliyinin əsaslandırılması üçün istifadə olunur.

Paşinyanın “möhtəşəm həll” ifadəsini dırnaq işarəsi daxilində, ironik şəkildə işlətməsi təsadüfi deyil. Çünki uzun illər ərzində Ermənistanın siyasi rəhbərləri Qarabağ məsələsini həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə alətə çeviriblər. Koçaryan və Sarkisyanın hakimiyyəti dövründə Qarabağ klanı təkcə siyasi güc mərkəzi deyil, həm də iqtisadi resursların idarə olunmasında əsas rol oynayan struktur idi. Bu mənada Paşinyanın sualı əslində, keçmişin necə deyərlər dondurulmuş həqiqətlərini üzə çıxarır: əgər bu qədər illər ərzində Qarabağ məsələsi “milli maraq” kimi təqdim olunurdusa, niyə bu “milli maraq” nəticədə Ermənistanı regionda təcrid vəziyyətinə saldı? Niyə onların “möhtəşəm həll” dediyi siyasət Ermənistanı nə təhlükəsiz, nə də güclü edə bildi?

Paşinyanın ritorikasında bu sualların arxasında həm ictimai rəyin formalaşdırılması məqsədi, həm də keçmiş elitanın reputasiyasını tam sarsıtmaq cəhdi dayanır. O, cəmiyyətə açıq şəkildə demək istəyir ki, Ermənistanın məğlubiyyəti və geosiyasi təcridi onun yox, məhz sələflərinin yanlış qərarlarının nəticəsidir.

Ancaq Paşinyanın tənqidlərinin hədəfində olan üç keçmiş prezident bu arqumentləri qəbul etmir. Onlar Paşinyanın bu çıxışlarını “məsuliyyətdən yayınmaq və məğlubiyyətin izahını manipulyasiya etmək” cəhdi adlandırırlar. Lakin reallıq bundan ibarətdir ki, “üçlük” bu gün Ermənistanın daxilində real alternativ siyasi proqram təqdim edə bilmir. Onların mitinqləri və bəyanatları daha çox nostalji xarakter daşıyır. Yəni keçmişə qayıdış arzusunu ifadə edir. Bu isə müasir Ermənistan cəmiyyətində ciddi rezonans doğurmur.

Paşinyanın tənqidlərindəki bir məqam xüsusilə diqqət çəkir: o, keçmiş rəhbərləri xarici maraqlara xidmət etməkdə ittiham etməklə faktiki olaraq onları milli xəyanətdə suçlayır. Bu, çox riskli, amma siyasi baxımdan hesablama nəticəsində atılmış addımdır. Çünki o, öz auditoriyasına belə mesaj verir: “Keçmiş elita xalqın deyil, mənsub olduğu klanın xarici dövlətin və ya dövlətlərin maraqları üçün çalışıb. Paşinyanın bu ittihamı təkcə daxili siyasət müstəvisində deyil, həm də beynəlxalq münasibətlər kontekstində ciddi mesaj kimi qiymətləndirilə bilər. O, bu yolla həm keçmiş elitanın xarici dayaqlarını zəiflətmək, həm də hazırkı hökumətin qərbyönlü xəttini haqlı göstərmək istəyir. Çünki Ermənistan cəmiyyətində illərlə davam edən rusiyapərəst siyasi ənənə artıq etimad böhranı ilə üzləşib. Paşinyan isə bu ənənəni sarsıtmaq üçün keçmiş liderlərin adını “xarici maraqlara xidmət” konsepsiyası ilə eyniləşdirir.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Paşinyan üçün bu ritorika təkcə emosional deyil, həm də siyasi baxımdan faydalıdır. Onun sözlərinə görə, Nikol öz üzərində yönəlmiş təzyiqləri azaltmağa, xalqı keçmişə qayıdışın təhlükəsi ilə qorxutmağa çalışır: “Bu yanaşma, onun seçki strategiyasının da əsasını təşkil edir. Yəni ya islahatlar, ya köhnə rejim. Ancaq bu siyasətin də müəyyən riskləri var. Çünki keçmişin daimi tənqidi bəzən real problemlərin – iqtisadi çətinliklərin, sosial narazılıqların və təhlükəsizlik risklərinin arxa plana keçməsinə gətirib çıxarır. Buna baxmayaraq, Paşinyan üçün əsas məsələ indiki mərhələdə cəmiyyətdə alternativsiz lider imicini qorumaqdır”.

İ.Hüseynov onu da bildirdi ki, keçmiş prezidentləri xarici maraqlara işləməkdə ittiham etməsi, eyni zamanda, onun Qərbə verdiyi siqnaldır: “Nikol bununla demək istəyir ki, biz artıq köhnə sistemin girovu deyilik. Lakin bu cəsarətli ritorikanın riskli tərəfləri də var. Əvvəla, keçmiş rəhbərləri bu şəkildə ittiham etmək Ermənistan daxilində siyasi qütbləşməni daha da dərinləşdirir. İkincisi, belə bəyanatlar Moskvanın gözündə Paşinyanı daha etibarsız tərəfdaş kimi göstərir və bu, ölkənin təhlükəsizlik balansını sarsıda bilər. Bununla belə, Paşinyan üçün əsas məqsəd daxili auditoriyanı inandırmaqdır ki, keçmişin korrupsioner elitası Ermənistanı müstəqil dövlət kimi deyil, xarici güclərin təsir zonasında saxlayıb. Beləliklə, o, özünü milli iradəni bərpa edən lider kimi təqdim edir və bununla həm siyasi, həm də psixoloji üstünlüyünü qorumağa çalışır”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see846

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see262

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see228

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see194

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see150

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see145

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see145

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see140

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see134

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri