Paytaxtı köçürmək yersizdir: Bakı yüklənib, amma məsələnin həlli idarəetmədədir
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Regionların inkişafı olmadan paytaxtı dəyişmək yersizdir”
İctimai xadim, millət vəkili Rafael Hüseynovun (titullarını sadalasaq, çox uzun olar) Şah İsmayıl Xətai və Təbrizlə bağlı bir ifadəsini hələ də unutmamışam. Tədbirlərin birində özünəməxsus lətafətli çıxışı zamanı görkəmli ziyalımız Xətainin Təbrizə girişini belə ifadə etdi: “Sanki ruh bədənə daxil oldu”. Ruh – Şah İsmayıl, bədənsə Təbriz idi. Bu bənzətməni eynən 1918-ci ilin 15 sentyabrında Bakını erməni-daşnak-bolşevik işğalından xilas edən Qafqaz-İslam Ordusunun şəhərə əzəmətlə daxil olması və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müvəqqəti məskunlaşdığı Gəncədən Bakıya dönüşünə də aid etmək olar. Vətənimizin hər bir bölgəsi, şəhəri, kəndi, hər qarış torpağı da müqəddəs və əzizdir. Bu, sözsüz. Amma Bakı Vətənin ruhunu daşıyan baş şəhərdir. Hə, hazırda hansı şəkil alıb, nə formadadır, nəyə bənzəyir, niyə, nə səbəbdən bunlar indiyədək “n” sayda müzakirələrə mövzu olub. Eləcə də, paytaxtı dəyişmək, paytaxtı köçürmək illərdir müzakirə masasındadır. Bilmək olmur, bizmi Bakıdan küsmüşük, onu paytaxt kimi bəyənmirik, yoxsa, əslində küsməyə haqqı çatan Bakıdır? Paytaxtı elə bərbad günə qoyublar ki, yaşanmaz şəhər halına gəlib. Nə edək, bəs? Fikirlər, ideyalar o qədər çoxdur ki, hansından yapışasan, çaşıb qalırsan.
Paytaxtı köçürsək, nə olacaq?
Nəqliyyat məsələləri üzrə mütəxəssis, mühəndis Rauf Ağamirzəyevin sosial şəbəkə hesabında paylaşdığı status paytaxtın köçürülməsi müzakirələrini yenidən alovlandırıb. Nə yazıb R.Ağamirzəyev. Baxaq:
“Paytaxtı köçürməklə problem həll etməyi düşünənlər oxusunlar. Avropa İctimai Nəqliyyat İttifaqı (UITP) 2028–2034-cü illər üçün Çoxillik Maliyyə Çərçivəsini (MFF) daha çevik və sadələşmiş etməyə yönəlmiş Avropa Komissiyası təşəbbüsünü dəstəkləyir. Lakin UITP ciddi xəbərdarlıq edir: layihədə şəhər hərəkətliliyi və ictimai nəqliyyatın açıq şəkildə tanınmaması Avropanın iqlim və dayanıqlılıq hədəflərini riskə atır. Avropada əhalinin 84 faizinin 2050-ci ilə qədər şəhərlərdə yaşayacağı gözlənilir. Bu şəraitdə ictimai nəqliyyat iqlimə qarşı neytral, sosial baxımdan ədalətli və dayanıqlı hərəkətliliyin əsas dayağı olaraq qalır. UITP-nin əsas tövsiyələri: NRP Planları və Avropa Rəqabətlilik Fondu çərçivəsində xüsusi şəhər və regional mobillik zərfi yaradılmalıdır. İctimai nəqliyyat üçün sabit maliyyə mənbələri ayrılmalıdır. Yerli mobillik orqanlarının Aİ alətlərinə birbaşa çıxışı təmin olunmalıdır. Bəyanatın tam mətni elektron ünvanındadır. Nəticə budur: Paytaxtı və ya idarəetmə mərkəzlərini köçürməklə nə sıxlıq, nə tıxac, nə də sosial yük aradan qalxır. Həlli yerdə deyil, idarəetmədə və nəqliyyat planlaşdırmasında axtarmaq lazımdır. İctimai nəqliyyat heç vaxt təkcə yerli məsələ olmayıb — bu, Avropanın (və bizim) iqlim neytrallığına, sosial ədalətə və dayanıqlılığa strateji sərmayəsidir”.
Yollar dar, hava çirkli, əhali çox...
Paytaxtın köçürülməsi ideyası bəllidir ki, Bakıda hər keçən gün artan əhali sıxlığı, tıxaclar, hava çirkliliyi və sosial yüklənmə ilə əlaqələndirilir. Belə hesab edilir ki, paytaxt regionlardan birinə köçürülsə, yaxud yeni bir paytaxt salınsa və dövlət orqanları, ali təhsil müəssisələri ora köçürülsə, Bakının yükü azalacaq. Amma şəhər planlaşdırması üzrə mütəxəssislər bu ideyanın əleyhinədir. Əksəriyyət bu fikirdədir ki, planlaşdırma düzgün aparılmırsa və idarəetmə yarıtmazdırsa, paytaxtın harada olması, hansı şəhərə transfer edilməsi heç nəyi dəyişməyəcək. Çox qısa zamanda həmin o yeni paytaxt da Bakının gününə düşəcək, əkiz qardaş olacaqlar. Yəni, paytaxtın həyat şərtləri baxımından təhlükəsiz, stressiz, əsəbsiz, könül rahatladıcı şəhər olması məkandan yox, idarəetmədən asılıdır.
Universitetlər yox, paytaxt köçürülsün
Paytaxtın köçürülməsindən danışılanda ən çox gündəmə gətirilən məhz ali məktəblər olur. Bəzi ekspertlər hesab edir ki, Bakıdakı sıxlığın əsas səbəblərindən biri ali təhsil müəssisələrinin şəhərin mərkəzində yerləşməsidir. Ali məktəblər regionlara köçürülərsə, sıxlıq nisbətən azalacaq.
Bununla bağlı millət vəkili Fazil Mustafa bir müddət əvvəl fikir bildirmişdi:
“Paytaxtı bu formada saxlamaq mümkün deyil. Paytaxtı köçürməli, Bakını yüngülləşdirməliyik, təqribən Ankara-İstanbul modeli kimi bir şey qurmalıyıq. Əgər bu gün Ağdam yenidən tikilirsə, infrastruktur dünya standartlarına uyğundursa, qoy paytaxt Ağdam olsun, başqa yolu yoxdur. Universitetləri Bakıdan köçürüb neyləyəcəyik? Birinci universiteti yaradaq ki, sonra köçürək də. Sosial mühit olmayan bir yerdə biz bu prosesi necə idarə edə bilərik? Tutaq ki, köçürüldü Qazaxa, Lənkərana, nə olsun? Orada sosial mühit yoxdur, kamplar yoxdur, universitet üçün gərək orada tamamilə fərqli bir mühit olsun. Ora gedən müəllim orada yaşaya bilsin, qalmağa yeri olsun, idman infrastrukturu olsun. Bu məsələlər öz həllini tapmalıdır. Universitet köçürmək təkcə bir binanı, mebeli köçürmək deyil ki. Bakıdakı sıxlığı aradan qaldırmaq üçün universitetləri köçürmək yerinə, bütövlükdə paytaxtı köçürməliyik.
Paytaxtı köçürməyə dəyməz
Politoloq Cəmaləddin Quliyevin paytaxt köçürülməsi məsələsində fərqli fikirləri var:
- 1960-cı illərdən sonra bu müzakirələrdə xoş niyyət də var idi. Nəqliyyatın, texnikanın çox da inşkişaf etmədiyi o dövr üçün paytaxtın mərkəzi bölgələrdən birinə köçürülməsi təsərrüfat əhəmiyyətli addım olar, II milyonçu şəhərin yaranmasına, əhalinin proporsional paylanmasına, urbanizasiyanın daha ağrısız getməsinə kömək edərdi. İndi bu müzakirələr ona görə aktuallaşıb ki, tıxaclardan, paytaxtın hədsiz yüklənməsindən, funksiyaların bölgüsündə digər iri şəhərlərə faktiki heç nə verilməməsindən haqlı narazılıq var. Ancaq buna görə paytaxtı köçürməyə dəyərmi? Təsəvvür edin ki, sanatoriyaların çoxu iqlimi sağlamlığa faydalı bölgələrə - Şamaxıya, Qaxa, Şahbuza, Şuşaya, Yardımlıya, Kəlbəcərə və s. köçürülüb. Texniki təhsil verən ali məktəblərin əsas hissəsi Sumqayıt və Ələtə, özəl ali məktəblərin çoxu bölgələrə, xüsusi orta məktəblər şəhər kənarına, tədqiqat institutlarının bir hissəsi bölgələrə köçürülüb. "Geridə qalmış" ərəb ölkələrində olduğu kimi bizdə də Formula yarışları şəhərdən kənarda xüsusi olaraq inşa edilmiş avtodramlarda keçilir. Beynəlxalq tədbirlərin Şuşada, Qəbələdə, Naxçıvanda və digər şəhərlərdə keçirilməsi tendensiyası davam edir. Özbəkistanda və Mərakeşdə olduğu kimi ölkənin bütün iri şəhərlərini birləşdirən sürət qatarı (saatda 300 km sürətlə) işləyir. Ankarada olduğu kimi metrostansiyaların sayı 50-dən çoxdur. İstanbulda olduğu kimi dəniz bərələri sərnişindaşımada iştirak edir. La-Pasda, Tiflisdə olduğu kimi kanat yollar da var. Əhali, nəhayət ki, velosipeddən kütləvi istifadə edir. Bakının amfiteatr tipli olması nəzərə alınıb, bir yox, onlarla Qırx pilləkən, funikulyor var - bəzək üçün yox, onlar da nəqliyyatın bir hissəsidir. Bələdiyyələr qolların çirmələyib köhnə, söküntüyə gedəcək birmərtəbə həyət evlərinin yerində çoxsaylı, münasib qiymətli dayancaqlar yaradıblar. Qəbələ hava limanı alternativ xidmət göstərir. Bakı dəniz limanı funksiyasını əsasən Ələtə ötürüb... Azərbaycan elə də böyük ölkə deyil. İndiki texniki inkişaf şəraitində coğrafi uzaqlıq bəhanəsi ilə paytaxt köçürməyə dəyməz. Sadaladıqlarım böyük maliyyə tutumu tələb etməyən kiçik işlərdir. Sahənin mütəxəssisləri, yəqin ki, onlar daha səmərəli təkliflər verər.
Dəniz üzərində, göydə də körpü salsaq, sıxlıq azalmayacaq
Paytaxtın köçürülməsini ən çox da tıxaclara görə təklif edənlər çoxluq təşkil edir. Lakin sosioloq İlqar Hüseynli bildirir ki, paytaxtın hazırkı şəraitində tıxac problemini həll etmək mümkün görünmür:
- Biz illərdir ki, paytaxtdakı tıxac problemindən danışırıq, müzakirələr aparılır, rəylər, təkliflər səslənir, müxtəlif proqramlar, layihələr icra olunur, amma bu problem həllini tapmır. Bakı şəhəri nəqliyyatla o qədər yüklənib ki, hazırkı status-kvo 2040-cı illərə qədər davam etsə belə, yollardakı sıxlığı aradan qaldırmaq mümkün olmayacaq. Bakını yenidən söküb-tikmək imkanımız da yoxdur. Urbanizasiya o qədər qeyri-mütənasib formada gedib, Bakı şəhəri və ətraf rayonları o qədər yüklənib ki, daha az insan, avtomobil, yaşayış binaları üçün nəzərdə tutulan ərazilər bu yükün ağırlığına tab gətirə bilmir. Hesab edirəm ki, tıxac məsələsini həll etmək üçün Bakının statusuna yenidən baxılmalıdır. Paytaxtı köçürmək məsələsi müzakirə predmeti ola bilər. Ya da universitetlərin, dövlət qurumlarının Bakıdan regionlara köçürülməsi istiqamətində düşünmək, regionlarda iş yerlərinin yaradılmasına, investisiya axınını bölgələrə istiqamətləndirmək lazımdır. Əks təqdirdə Xəzərin üzərindən yox, lap havadan belə nəqliyyat yolu çəksək, sıxlıq azalan deyil.
Yeni paytaxt – Şuşa, Ağdam?...
“525-ci qəzet”in baş redaktoru, Mətbua Şurasının sədri Rəşad Məcid illər əvvəl bu mövzuya toxunub və onun fikri budur ki:
"Bu mövzuda "Yeni paytaxt ehtiyacı" adlanan bir yazı yazmışdım. Televiziyalarda da bu yazı müzakirə obyektinə çevrilmişdi. O zaman bəzi alimlər deyirdilər ki, cümhuriyyət dövründə də belə bir ideya olub. Göyçay və İsmayıllının arası Qara Məryəm paytaxt üçün ən münasib yer hesab olunub. Çünki həm arana və dağa, həm də su mənbələrinə yaxın idi. Hazırda paytaxtın dəyişdirilməsini real hesab etmirəm. Ancaq Bakı həddən artıq yüklənib. Qarabağda da quruculuq işləri aparılır. Mənim fikrimcə, Qarabağdakı rayonlardan biri ən münasib də Ağdamı böyük bir şəhərə çevirmək olar. 500 minə yaxın əhalisi olan böyük şəhər olsa, Azərbaycanın bəzi universitetləri, nazirlikləri Qarabağdakı digər rayonlara köçsə, bu Bakının yükünün azalmasına kömək olar".
ReAL partiyasının sədri Natiq Cəfərli isə hesab edir ki, Bakı paytaxt olaraq qalmalı, lakin şəhərin yükünü azaltmaq və infrastrukturun inkişafını tarazlı şəkildə yönləndirmək vacibdir. O, Sherg.az-a açıqlamasında bildirib ki, ölkənin sosial-iqtisadi inkişaf planları çərçivəsində 2030-cu ilə qədər azad olunmuş torpaqlarda 1,5-2 milyon vətəndaşın məskunlaşmasının təmin edilməsi və eyni zamanda paytaxtın yükünün azaldılması prioritet olmalıdır:
- Bu, həm Bakı şəhərinin infrastrukturunun normal fəaliyyət göstərməsini təmin edəcək, həm də bölgələrin bərpasını sürətləndirəcək. Bunun üçün bəzi nazirliklər, dövlət qurumları və universitetlərin işğaldan azad edilmiş şəhərlərə köçürülə bilər. Bu addım yalnız həmin bölgələrdə iqtisadi aktivliyi artırmaqla kifayətlənməyəcək, eyni zamanda şəhərlərin sosial və mədəni inkişafına da təkan verəcək. Dövlət qurumlarının və təhsil müəssisələrinin bölgələrə köçürülməsi bölgələrdə yeni iş yerlərinin yaranmasına, tələbə və gənc əhalinin cəlb olunmasına, habelə infrastruktur layihələrinin reallaşdırılmasına şərait yaradacaq. Universitetlərin paytaxtda sıx toplanması da uzun müddətdə balanssızlıq yaradır və bölgələrdə inkişafın qarşısını alır. Universitetlərin, dövlət qurumlarının bölgələrə köçürülməsi təkcə təhsil və dövlət idarəçiliyinin bölgələrdə daha effektiv şəkildə həyata keçirilməsinə səbəb olmayacaq, həm də Qarabağın alternativ paytaxt potensialını gücləndirəcək.
Əslən Ağdamdan olan peşəkar jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev Sherg.az-a açıqlamasında qeyd edib ki, “paytaxtı Ağdama köçürək”, “universitetləri regionlara köçürək” və bu tipli digər təkliflərin reallaşması mümkün deyil:
“Deyirlər Bakıda sıxlıqdır. Bəs bunun səbəbi nədir? Səbəb çox sadədir. Regionların inkişafının geri qalması. İnsanlar məcbur olub gəlir Bakıya. Regionların inkişafı məsələsini həll etmədən nə Bakının tıxacı həll olacaq, nə də digər problemlər. Regionların inkişafına mane olan ən ciddi əngəl isə inhisarçılıqdır. O ki qaldı Ağdamın paytaxt olunması məsələsinə, bu, lazımsız və absurd məsələdir. Heç lazım da deyil. Bu gün Ağdamı ağdamlılara vermək və onlara işləmək üçün sərbəst şərait yaratmaq lazımdır. Bax, o zaman regionun inkişafı necə olur, görə bilərlər. Və o zaman insanların Bakıya yox, Ağdama necə axışdığının da şahidi olarlar. Heydər Əliyevin yaxşı bir sözü vardı: “İmkan versəydilər, ağdamlılar Ağdamı da qoruya bilərdi, digər bölgələri də”. Bu gün də ağdamlılar Ağdamı da tikər, qurar, işğaldan azad olunan digər bölgələri də. Prezident 44 günlük müharibə vaxtı alman jurnalistə verdiyi müsahibədə belə demişdi: “Bizim bütün resurslar burada - Bakıdadır. Qarabağ bizim üçün mənəvi məsələdir”. Bu, təsadüfi söz deyildi. Bəli, bütün resurslar Bakıdadır və Azərbaycanın inkişafı, ayaq üstə durması Bakıya bağlıdır. Bakı həm siyasi, həm də iqtisadi mərkəzdir. Və bunun dəyişdirilməsi mümkün görünmür. Qarabağ isə mənəvi məsələdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















