Pensiyalar 7,5 faiz indeksləşdirilə bilər, bəs minimum əməkhaqqı? VACİB AÇIQLAMA
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2027-ci ildə Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclər üçün 18,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu məbləğ pensiyaların, müavinətlərin, əməkhaqlarının və digər sosial ödənişlərin maliyyələşdirilməsinə yönəldiləcək. Lakin sosial xərclərin artması avtomatik olaraq əhalinin həyat səviyyəsinin eyni nisbətdə yüksəlməsi demək deyil. Əsas məsələ ayrılan vəsaitin vətəndaşların real gəlirlərinə, alıcılıq qabiliyyətinə və gündəlik yaşayış xərclərinə necə təsir edəcəyidir.
Bəs 2027-ci ilin sosial büdcəsi vətəndaşın güzəranında real dəyişiklik yaradacaqmı?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin 18,7 milyard manata çatdırılması dövlətin sosial öhdəliklərinin maliyyələşdirilməsi baxımından əhəmiyyətli göstəricidir. Bu, sosial müdafiənin, əhalinin gəlirlərinin dəstəklənməsinin, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılmasının dövlət büdcəsinin əsas prioritet istiqamətləri sırasında olduğunu göstərir:
"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üzrə gəlirlərinin 9 milyard 221 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı il üçün təsdiq edilmiş gəlirlərlə müqayisədə 897,4 milyon manat və ya 10,8 faiz çoxdur. Fondun gələn il üzrə xərclərinin isə 9 milyard 273 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 789,5 milyon manat və ya 9,3 faiz artıqdır. DSMF-nin 2027-ci il üzrə xərclərinin 96,5 faizinin, yəni 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyi proqnozlaşdırılır. Bu göstərici 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur. Mövcud proqnozlara əsasən, 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi gözlənilir. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Burada əsas məsələ ayrılan 18,7 milyard manatın vətəndaşların sosial vəziyyətinə və rifah halına nə dərəcədə real təsir göstərəcəyidir. Sosial siyasətin uğuru yalnız büdcədən ayrılan vəsaitin həcmi ilə deyil, həmin vəsaitin insanların gəlirlərində, ailə büdcəsində, sosial təminatında və əldə etdikləri xidmətlərin keyfiyyətində yaratdığı dəyişikliklə ölçülməlidir. Pensiyaların indeksləşdirilməsi pensiyaçıların nominal gəlirlərinin artması baxımından mühüm addımdır. Bu, xüsusilə əsas gəlir mənbəyi pensiya olan yaşlı insanlar üçün əhəmiyyət daşıyır. Bununla belə, pensiya artımları inflyasiyanın təsirini kompensasiya etməli və pensiyaçıların alıcılıq qabiliyyətini qorumalıdır. Əks halda, nominal gəlirlər artsa da, gündəlik istehlak xərclərinin yüksəlməsi nəticəsində vətəndaşlar real rifah səviyyəsində ciddi dəyişiklik hiss etməyə bilərlər".
Əməkhaqqı siyasətinə toxunan professor bildirib ki, əhalinin nominal gəlirlərinin yüksəldilməsi daxili istehlakın genişlənməsi və iqtisadi aktivliyin dəstəklənməsi baxımından vacibdir:

"Lakin əməkhaqqı artımları ilə yanaşı əmək məhsuldarlığının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və əmək bazarında gəlir fərqlərinin azaldılması da əsas hədəflər olmalıdır. Əks halda, yalnız nominal əməkhaqqı artımları uzunmüddətli sosial rifahın təmin olunması üçün kifayət etməyəcək. Xüsusilə, minimum əməkhaqqının artırılmasının vacibliyini ön plana çəkə bilərik. Hazırda Azərbaycanda minimum əməkhaqqının orta aylıq nominal əməkhaqqına nisbəti təxminən 34 faiz səviyyəsindədir. Bu göstərici ölkənin ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının minimum əməkhaqqının adekvatlığına dair yanaşmaları baxımından da müzakirə edilməlidir. Minimum əməkhaqqının orta əməkhaqqına nisbətinin yüksəldilməsi aşağı gəlirli işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək gəlirlərində fərqlərin azaldılması baxımından əhəmiyyətlidir. Sosial müavinətlər və ünvanlı dövlət sosial yardımı sistemi də əhalinin həssas qruplarının müdafiəsində mühüm rol oynayır. 2027-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün 470 milyon manat vəsait nəzərdə tutulması aztəminatlı ailələrin sosial müdafiəsi baxımından əhəmiyyətlidir. Bununla belə, sosial siyasətin effektivliyi yalnız ayrılan vəsaitin həcmi ilə deyil, yardımların həqiqətən ehtiyacı olan ailələrə çatdırılması, sosial meyarların düzgün müəyyənləşdirilməsi və dəstəyin ünvanlılığının təmin edilməsi ilə ölçülməlidir".
Ekspert hesab edir ki, 2027-ci ilin sosial büdcəsinin effektivliyini qiymətləndirərkən üç əsas meyar ön plana çıxmalıdır:
"Birincisi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması. ikincisi, aztəminatlı və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi. Üçüncüsü isə səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Beləliklə, 2027-ci ilin sosial büdcəsinin əsas məqsədi yalnız sosial xərclərin artırılması deyil, ayrılan vəsaitlərin səmərəli istifadəsi hesabına əhalinin həyat səviyyəsinin yüksəldilməsi olmalıdır. Sosial xərclərin artımı real gəlirlərin yüksəlməsi, sosial xidmətlərin əlçatanlığının yaxşılaşması və vətəndaşların gündəlik həyatında müsbət dəyişikliklərlə müşayiət olunduğu halda öz effektivliyini göstərəcək".
Müşviq Tofiqoğlu
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















