Icma.az
close
up
RU
Plastiklər üstümüzə qayıdır

Plastiklər üstümüzə qayıdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu tullantılar müasir dünyanın susqun fəlakətinə çevrilib

Plastik tullantılar XXI əsrin ən təhlükəli ekoloji problemlərindən biridir. Bu materialın geniş yayılmasının başlıca səbəbləri onun ucuzluğu, çoxfunksiyalılığı və davamlılığı olub. Müasir sənaye, istehlak və gündəlik həyatın, demək olar ki, bütün sahələrində onlardan istifadə edilir. Lakin bu rahatlığın və gərəkliyin yaratdığı ekoloji problem olduqca ağırdır. Çünki plastik təbiətdə yüz illərlə parçalanmayan, ətraf mühiti və canlı orqanizmləri təhlükəyə atan zərərli materialdır. Bugünkü reallıq göstərir ki, onlar təkcə təbiətə deyil, insan sağlamlığına və iqlimə də ciddi təsir göstərir.

Plastik məhsulların və tullantıların miqyası isə durmadan artır. Statistik göstəricilər bu tullantıların nə qədər sürətlə artdığını və gələcəkdə hansı fəsadlara səbəb ola biləcəyini aydın şəkildə ortaya qoyur. Əgər 1950-ci illərdə dünya üzrə cəmi 1,5 milyon ton plastik istehsal olunurdusa, bu rəqəm 2023-cü ildə artıq 400 milyon tonu keçmişdi. Hazırda dünyada ildə 500 milyon tondan çox plastik istehsal olunur və proqnozlara əsasən, 2050- ci ildə bu rəqəm 1 milyard tona çatacaq.

İstehsal olunan bütün plastiklərin isə, təxminən, 36 faizi qablaşdırmaya yönəldilir. Buraya birdəfəlik plastik qida və içki qabları daxildir. Onların da 85 faizi sonradan rəsmi və qeyri-qanuni zibilxanalara atılır.

Kənd təsərrüfatında da plastik məhsulların geniş istifadə olunur. Toxum torbalarından tutmuş kübrə tornalarına kimi bir çox məqsədlə istifadə olunur. Balıqçılıq sənayesi isə başqa bir əsas mənbədir. Son tədqiqatlar göstərir ki, təkcə sənaye balıq ovu alətlərindən okeanlara hər il 100 milyon funtdan çox plastik axır. Moda sənayesi plastikin başqa bir iri istehlakçısıdır.

Geyim materiallarının təxminən 60 faizi plastik tərkiblidir; polyester, akril və neylon bu sahədə əsas yer tutur. Plastik torbalar da ayrıca problem kimi qarşımıza çıxır. Hər bir ailə ildə təxminən 500 ədəd plastik torbadan istifadə edir. Bu torbaların təbiətdə tam parçalanması üçün 500 ildən çox vaxt tələb olunur. Dünyada hər dəqiqə 1 milyon plastik torbanın atıldığı nəzərə alınsa, bu, fəlakətin miqyasını daha da aydın göstərir.

Bu vəziyyət yalnız istehsal baxımından deyil, tullantı yükünün miqyası baxımından da ciddi təhlükə yaradır. Mütəxəssislər hesab edir ki, bu tullantıların yalnız 20 faizi təkrar emal olunur. Onu da qeyd etmək lazımdır ki, hazırda plastik tullantıların idarə olunmasında Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında ciddi fərqlər mövcuddur. Yüksək gəlirli ölkələrdə tullantılar toplanıb təkrar emala göndərilsə də, aşağı və orta gəlirli ölkələrdə çox vaxt küçələrə atılır. Hər il yoxsul ölkələrdə insanların təqsiri üzündən 52,1 milyon ton plastik tullantı əmələ gəlir ki, bu da qlobal həcmin beşdə birinə bərabərdir (ildə 260 milyon tondan artıq tullantı). Üstəlik, bu ölkələrin əksəriyyətində zibillərin yığılması və daşınması ilə bağlı ciddi problemlər mövcuddur. Yəni nəinki zibil çıxarılmır, hətta onu atmaq üçün xüsusi qablar belə yoxdur.

Plastik çirklənmənin ən yüksək olduğu ilk üç ölkə Hindistan (ildə 9,3 milyon ton), Nigeriya (ildə 3,5 milyon ton) və İndoneziyadır (ildə 3,4 milyon ton). Bu ölkələrdə plastik məhsulları iqtisadiyyatın əsas hissəsinə çevirməklə təbii və ənənəvi materialları sıxışdırıb. Məsələn, Taylandda banan yarpaqları və Hindistanda metal nahar qutuları kimi ənənəvi materiallar artıq sıxışdırılıb və yerini plastik məhsullara verib. Bu vəziyyət Azərbaycanda da müşahidə olunur, burada da ucuz plastik qablar, torbalar və digər birdəfəlik məhsullar bazarda geniş yayılıb. İstifadə olunduqdan sonra bu məhsulların dənizə axıdılması və yandırılması geniş yayılıb. Hətta bəzi yerlərdə tullantıların ev həyətlərində və küçələrdə yandırılması adi hal alıb. Hesablamalara görə, plastik tullantıların, təxminən, 57 faizi yandırılır, qalan 43 faizi isə təbiətdə qalır və tədricən parçalanır Bu zaman havaya karbon dioksid, metan, azot oksidi və dioksin kimi zəhərli maddələr yayılır. Onlar atmosferə yayıldıqda qlobal istiləşməyə, hava çirkliliyinə və insan sağlamlığında ciddi problemlərə səbəb olur.

Tullantıların torpağa basdırılması və dənizə axıdılması da da ciddi ekoloji və iqtisadi problemlər yaradır. Onu da qeyd edək ki, plastik və polietilen məhsulların tam parçalanaraq yox olması üçün torpaqda, təxminən, 800, dənizdə isə 400 ilə qədər vaxt tələb olunur. Bu müddət ərzində plastik materiallar daha kiçik hissəciklərə parçalanır və torpağa, suya və havaya yayılır. Məsələn, bu hissəciklər torpağın dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir, nəticədə məhsuldarlıq azalır. Bu proses kənd təsərrüfatı sektoruna birbaşa zərbə vurur.

Eyni zamanda, okeanlar və dənizlər də tullantıların ən çox toplandığı ərazilərdir. Dünyanın üç böyük okeanında (Sakit, Atlantik və Hind okeanlarında) plastik tullantılardan ibarət beş nəhəng ada formalaşıb. Bu adalar minlərlə kvadrat kilometr sahəni əhatə edir və buradakı plastiklər dəniz canlılarının həyatına birbaşa təhlükə yaradır. Dəniz quşları, tısbağalar, balinalar və digər canlılar plastik parçaları qida kimi qəbul edir və bu səbəbdən hər il on minlərlə canlı həyatını itirir. Bu gün balinanın mədəsində plastik butulkalara rast gəlinməsi adi haldır. Tısbağaların su hövzələrinə atılmış torlara ilişərək ölməsi də kimsəni təəccübləndirmir. Bundan başqa, bu tullantılar dənizdə oksigen dövranını pozur, flora və faunanın inkişafını məhdudlaşdırır və su mühitində ekoloji tarazlığı pozur.

Bununla bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşı Gülxar Rzayeva XQ-yə bildirdi ki, tullantılar yalnız ətraf mühitin ekoloji tarazlığını pozmaqla kifayətlənmir, eyni zamanda antisanitar vəziyyətin yaranmasına səbəb olur: “Dənizinə atılan plastiklər günəş şüaları, dalğalar və bakteriyaların təsiri ilə mikro-plastiklərə parçalanır. Bu mikro-plastiklər dənizdə yaşayan canlı orqanizmlər tərəfindən qəbul olunur və onların orqanizmlərində müxtəlif fəsadlar yaradır. Nəticədə, insanlar tərəfindən qida kimi istifadə olunan bu canlılar sağlamlığa mənfi təsir göstərir. Beləliklə, ətraf mühitə olan laqeyd və məsuliyyətsiz yanaşma nəticə etibarilə yenidən insana zərər vurur”.

Onun sözlərinə görə, 5 mm-dən də kiçik plastik hissəciklər təkərlərdən tutmuş kosmetik məhsullara qədər bir çox məmulatda mövcuddur: “Mikroplastiklərin əsas mənbələrindən biri sintetik parçalardır. Geyimlərin yuyulması zamanı mikrofiber adlanan xırda plastik liflər ayrılır. Təkcə bu proses nəticəsində hər il 500 min ton mikrofiber dünya okeanlarına axır. Bu miqdar təxminən üç milyard polyester köynəyə bərabərdir. Oradan da dəniz heyvanlarının bədəninə düşür”.

Plastik tullantıların təsiri yalnız təbiətlə məhdudlaşmır, insan sağlamlığı üçün də ciddi təhdid təşkil edir. İnsan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Son illərdə Niderland, Belçika, Yaponiya və ABŞ-da aparılan tədqiqatlar mikroplastiklərin insan qanında, ağciyərlərində, böyrəklərində və hətta beyində aşkarlanmasını sübut edib. Bu hissəciklər hormonal sistemin fəaliyyətini pozur, xərçəng riskini artırır və immun sistemini zəiflədir. Xüsusilə plastik məmulatların tərkibində olan bisfenol-A maddəsi təhlükəlidir. Bu maddə suda zəif həll olsa da, zamanla suya qarışa bilir və orqanizmə daxil olaraq müxtəlif xəstəliklərə, o cümlədən süd vəzi və prostat xərçənginə səbəb olur. Digər təhlükəli maddə isə dioksindir. Bu maddə plastik materiallar yanarkən, isti su və ya birbaşa isti ilə təmasda olarkən yaranır. O tənəffüs və başqa xəstəliklərə də səbəb olur.

Beləliklə, tədqiqatlara görə, mikro və nanoplastik hissəciklər immun sisteminə ziyan vurur, damar divarlarında yığıla bilər və iltihab proseslərini gücləndirir.

Plastik tullantılarla bağlı beynəlxalq səviyyədə bir çox təşəbbüslər irəli sürülsə də, real nəticələr hələ ki, əldə olunmayıb. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə plastik tullantılara qarşı hazırlanması nəzərdə tutulan qlobal saziş üzərində üç il ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Sonuncu dəfə Cenevrədə keçirilən görüşdə iştirak edən 180 ölkənin nümayəndələri yekun sənədin mətni ilə bağlı razılığa gələ bilməyib. Konfrans rəhbərliyi tərəfindən təqdim olunan layihə təklifləri nümayəndələrin əksəriyyəti tərəfindən rədd edilib. Əsas mübahisə sənəddə əvvəlcədən yer alan, lakin son mərhələdə çıxarılan ekoloji hədəflər üzərində cəmləşib.

Bu danışıqlarda fəal şəkildə iştirak edən və “High Ambition Coalition” adlanan koalisiya 100-dən çox ölkəni əhatə edir. Onların əsas tələbləri plastik istehsalının azaldılması, birdəfəlik plastik məhsulların tamamilə qadağan olunması və dövri iqtisadiyyata keçid məsələləridir. Bu mövqe Avropa İttifaqı, Cənubi Amerika, Afrika və Asiyanın bir sıra ölkələri tərəfindən dəstəklənir. Lakin digər tərəfdə dayanan və plastik sənayesindən ciddi iqtisadi gəlir əldə edən Səudiyyə Ərəbistanı, İran və Rusiya kimi ölkələr istehsal məhdudiyyətlərinə qarşı çıxır və problemin tullantıların idarə olunması sahəsində islahatlarla həll edilə biləcəyini iddia edirlər. Nəticədə bu fikir ayrılıqları səbəbilə danışıqlar dalana dirənib və ortaq məxrəcə gəlmək mümkün olmur.

Ötən ilin dekabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən və saziş üzrə son raund olması planlaşdırılan görüş də nəticəsiz qalmışdı.

Bununla belə, dünyanın bəzi ölkələri isə artıq öz ərazilərində konkret tədbirlər görməyə başlayıb. Avropa İttifaqı 2030-cu ilə qədər yalnız təkrar istifadə edilə bilən plastik qablaşdırmalardan istifadəyə keçmək niyyətindədir. Avstraliyanın bir sıra şəhərlərində plastik butulka və torbalara qadağalar tətbiq olunub. Türkiyə, Çin, Gürcüstan kimi ölkələrdə plastik torbalar ödənişli olub, alternativ materiallardan istifadə təşviq edilir.

Birdəfəlik plastiklərin qadağan olunması, xüsusilə plastik çəngəl, bıçaq, qab-qacaq, torba və su butulkalarının mərhələli şəkildə bazardan çıxarılması, tullantıların çeşidlənməsi və təkrar emal infrastrukturunun qurulması, maarifləndirmə işlərinin aparılması istiqamətində işlər görülür.

Bütün bu tədbirlərə baxmayaraq, təkrar emal infrastrukturu bir çox ölkələrdə ya mövcud deyil, ya da yetərli səviyyədə deyil. Alternativ məhsullar isə həm bahalıdır, həm də bazarda kifayət qədər yayılmayıb.

Azərbaycan da bu problemə laqeyd qalmayıb. 2021-ci ildən etibarən 15 mikrondan nazik plastik torbaların istifadəsi qadağan edilib. Ticarət şəbəkələrində parça və kağız alternativlərinə keçid təşviq olunur. “Tullantılar haqqında” qanun çərçivəsində təkrar emal müəssisələrinə dəstək artırılır. Xəzər dənizinə çaylar vasitəsilə daxil olan plastik tullantıların qarşısının alınması üçün tədbirlər həyata keçirilir. Dənizsahili və meçəlik ərazilər tullantılardan təmizlənir.

Gülxar Rzayeva bildirdi ki, maarifləndirmə işləri və iməciliklər vasitəsilə vətəndaş cəmiyyəti də bu prosesə cəlb olunmalıdır. Bu daha effektli nəticə verər. G.Rzayevanın sözlərinə görə, plastik tullantıların təkrar emalı da ətraf mühitin çirklənməsinin qarşısını almaqda mühüm rol oynaya bilər: “Plastik tullantıların təkrar emalı bu materialları yenidən istifadə edilə bilən faydalı əşyalara çevirmək məqsədi daşıyan mühüm bir prosesdir. Bu proses altı əsas mərhələdən ibarətdir: toplama, çeşidləmə, yuyulma, parçalama, əritmə və yenidən formalaşdırma. Onun təkrar emalı bir sıra vacib üstünlüklərə malikdir. İlk növbədə, bu proses təbii resurslara olan tələbatı azaldır, çünki yeni plastik istehsalına ehtiyac qalmır. Eyni zamanda, ətraf mühitə atılan tullantıların miqdarı azalır, bu isə torpaq, hava və suyun çirklənməsinin qarşısını almağa kömək edir. Təkrar emal həmçinin enerji baxımından daha qənaətlidir və sıfırdan plastik istehsalı ilə müqayisədə daha az enerji tələb edir. Bundan əlavə, bu proses iqtisadi baxımdan da sərfəlidir və müxtəlif sahələrdə istifadə olunan məhsulların maya dəyərini azaldır”.

Son zamanlarda plastik materiallarla qidalanan 201-F6 adlı yeni bakteriya növü aşkar edilməsi də ümidləri artırıb. Bu bakteriyalar plastik məhsulları hazırlamaq üçün geniş istifadə edilən polietilentereftalat maddəsi ilə qidalanır. Bu zaman material ekoloji cəhətdən təhlükəsiz olan tereftal turşusuna və etilenqlikola bölünür. Bu prosesin yeganə mənfi cəhəti isə plastik materialı həzm etmək üçün mikroorqanizmə çox vaxt tələb olunmasıdır. Mütəxəssislər zaman keçdikcə bu çatışmazlığın da aradan qalxacağına əmindirlər.

Ümumilikdə, plastik tullantıların təkrar emalı həm ətraf mühitin mühafizəsi, həm də davamlı iqtisadi inkişaf baxımından əhəmiyyətlidir. Bu proses, eyni zamanda, dairəvi iqtisadiyyat modelini dəstəkləyərək israfın qarşısını alır və gələcək nəsillər üçün daha sağlam bir ekosistemin qorunmasına şərait yaradır”.

Bütün bu səylərə baxmayaraq, plastik tullantılarla mübarizə yalnız dövlətlərin və beynəlxalq təşkilatların işi ilə həll olunmayacaq. Bu, həm də vətəndaş məsuliyyəti tələb edən bir məsələdir. Fərdi davranışlar, plastik torbalardan imtina, çoxistifadəli məhsullara üstünlük verilməsi, təkrar emala töhfə verilməsi bu problemin həllində əsas rol oynaya bilər.

Bəli, plastik tullantılar susqun bir fəlakət kimi bizi izləyir. Əgər bu gün hərəkətə keçməsək, sabah çox gec ola bilər. Bu təhlükənin qarşısını almaq üçün həm fərdi, həm ictimai, həm də beynəlxalq səviyyədə dərhal və davamlı tədbirlərə ehtiyac var. Effektiv həll yolları tapılmasa, bu problem yaxın gələcəkdə təkcə ekoloji deyil, həm də sosial və iqtisadi fəlakətlərə səbəb olacaq.

Ənvər ƏLİYEV,
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri

Hazırda dünya ölkələrində plastik kütlədən müxtəlif əşyalar hazırlanır. Birdəfəlik istifadə üçün yararlı olan həmin məhsullar əksər hallarda təbiətə atılır. İnsanların laqeydliyi nəticəsində kütləvi toplaşma yerlərində, çimərliklərdə, ictimai- iaşə müəssisələrində il ərzində milyardlarla ton plastik və polietilen məhsul yığılır. Plastik və polietilen məhsulların təbiətdə yarımparçalanma dövrü bir əsr, bəzən isə 400–500 il davam edir. Ona görə də həmin məhsullar təbiətə çox ciddi ziyan vurur.

Dünyanın bir çox ölkələrində plastik və polietilen məhsulların təbiətə ziyan vurmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülür və çox yaxşı nəticələr əldə edilir. Belə ki, plastik və polietilen materialların müxtəlif əvəzediciləri var. Plastik butulka və stəkanları şüşədən, kağızdan hazırlanmış məhsullarla, polietilen torbaları isə müxtəlif zövqlə fərqli ölçüdə və dizaynda hazırlanan çantalarla əvəzləmək mümkündür. Bəzi mağazalarda hətta həmin torbalar pulsuz da təqdim edilir. Ekoloji cəhətdən təmiz olan torbalar ya bir dəfə, ya da uzun müddət istifadə üçün yararlı olur. Bir sıra qabaqcıl ölkələrdə tətbiq edilən bu üsul yaxşı nəticələr verir.

Bundan əlavə, plastik tullantılarla çirklənmənin qarşısını almağın ən yaxşı üsulu onları faydalı bir məhsula çevirməkdir. Bunun üçün bəzi ölkələrdə hətta müəyyən məntəqələr mövcuddur. Norveçdə mövcud olan belə bir məntəqədə xüsusi texnologiyalarla plastik kütlələrdən hidrogen alınmasına başlanılıb. Məlumdur ki, hidrogen də gələcəkdə yanacaq kimi daxiliyanma mühərriklərində istifadə oluna bilər.

İnanıram ki, insanların məişət mədəniyyəti də plastik və polietilen məhsullarla çirklənmənin qarşısını ala bilər. Belə ki, bütün tullantıların çeşidlənərək xüsusi ayrılmış qablara atılması kimi variantlar təbiəti plastik çirklənmədən azad edə bilər. Bu zaman plastik tullantılar preslənir, daşınır və gələcəkdə növbəti istehsal xammalı kimi istifadə olunur. Tullantıların poliqonlara çeşidlənərək deyil, qarışıq formada atılmasının ziyanları isə kifayət qədər böyükdür. Tullantıların yandırılması zamanı atmosferə külli miqdarda acı, tünd, zəhərli maddələr atılır ki, bunlar da insan sağlamlığına mənfi təsir göstərir.

Artıq bir neçə ildir ki, Azərbaycanda qalınlığı 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda, daşıma vasitəsi kimi verilən polietilen torbalar ödənişlidir. Lakin burada ən mühüm məqam vətəndaşların buna yanaşmasıdır. Düşünürəm ki, vətəndaşlar da tullantıları çeşidlənmiş qablara atmaq qaydasına əməl etsələr, plastik və polietilen məhsulların əvəzləyicilərinə üstünlük versələr, o zaman, problemin öhdəsindən gəlmək olar.

Ə.PÜNHAN
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri