Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Ağdamdan tarixi yaddaş mesajları

Prezident İlham Əliyevin Ağdamdan tarixi yaddaş mesajları

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II MƏQALƏ

“Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır”

Prezidentin bu fikri həm tarixdir, həm də dünyaya mesajdır. Məsələ yalnız XX əsrin son onilliyində Azərbaycana qarşı işğalçılıq siyasəti ilə məhdudlaşmır. Azərbaycan lideri bütövlükdə tarix boyu xalqın işğalla barışmadığını və daim azadlıq uğrunda mübarizə apardığını bəyan etmişdir. Tarixin müxtəlif mərhələlərində dövrün ən güclü imperiyaları tərkibində olsa da, müstəqilliyə canatma Azərbaycan üçün həyati əhəmiyyət kəsb etmişdir. Buna görədir ki, ulu öndər Heydər Əliyev sovetlərin ən güclü zamanında belə azərbaycanlıların üçrəngli bayrağı qorumaları, gizli olaraq saxlamaları və qəlblərində azadlıq ideyasını yaşatmalarını yüksək qiymətləndirmişdir.

Bütün bunlara görə, Prezident İlham Əliyevin yuxarıda irəli sürdüyü tezis, faktiki olaraq, xalqımızın işğalla barışmamaq qeyrətinin dəyişməz tarixi yaddaş faktoruna çevrildiyini ifadə edir. Hər bir xalq üçün işğala münasibət dərin sosial-psixoloji və tarixi-ənənəvi mahiyyət daşıyır. Azadlığı sevməyən toplum müstəqil dövlət qura bilməz. Buna görədir ki, Azərbaycan xalqı regionda əsl müstəqil dövlət qura bilən qövmdür! Bu xalqın Heydər Əliyev kimi övladı çox çətin vəziyyətdə ölkəsini, dövlətini və insanlarını xilas etdi. Qısa müddətdə müstəqil dövləti qurdu və onu inkişaf etdirməyin səmərəli strateji kursunu hazırladı. Heydər Əliyev həm də, sözün əsl mənasında, xalqına və dövlətinə çox güclü və müdrik lider “bəxş” etdi. İndi “Heydər Əliyev–İlham Əliyev müstəqil dövlət quruculuğu” xətti Avrasiyada ən uğurlu nümunə kimi qəbul edilir!

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam mesajlarında Azərbaycan xalqının azadlıqsevər və daim müstəqillik uğrunda mübarizə aparan qövm olmasını xüsusi vurğulaması tarixi olaydır. Ümumiyyətlə, Azərbaycan Prezidenti mütəmadi olaraq Qarabağın müxtəlif şəhərlərində - Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yerlərdə tarixi xarakterli, Azərbaycan xalqının gücü, qüdrəti, dövlətin humanitarlığı, əzmi və möhkəmliyi, mədəniyyətimizin möhtəşəmliyi ilə bağlı fikirlər söyləməsi gözəl bir ənənə halını almışıdır. Bununla Azərbaycan dövlət başçısı müasir fəlsəfi-elmi və politoloji şüur üçün çox vacib olan bir xüsusiyyəti dolğun ifadə edir.

Liderin anlatmaq və inandırmaq gücü

XXI əsrdə liderin uğurlu olmasının çox mühüm şərtlərindən biri lideroloqların fikirlərinə görə, nəzəri-konseptual səviyyədə anlatmaqla praktiki müstəvidə inandırmağın harmoniyasına nail olmaqla bağlıdır. Özlüyündə bu keyfiyyət hər bir müasir lider üçün prinsipial əhəmiyyət kəsb edir. Məsələ onunla bağlıdır ki, lider siyasi leksikonunda elə qısa, yığcam və hədəfi tam ifadəedici tezislər yaratmalıdır ki, həm semantik baxımdan dəqiq olsun, həm də sadə cəmiyyət üçün situasiyanı mürəkkəbləşdirməsin, vəziyyəti sadə və əhatəli ifadə etsin. İlham Əliyevin siyasi liderlik təcrübəsinə nəzər saldıqda bu keyfiyyəti aydın görə bilirik. Geniş təhlil aparmadan Prezidentin son tezisini vurğulanan kontekstdə izah edək.

Birincisi, Azərbaycan Prezidenti “Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır” fikrini çıxışının başqa yerlərində, məsələn, lap əvvəldə də deyə bilərdi. Ancaq məharətlə bunu etmədi. Çünki təqdimatın nəzəri-konseptual aspektdə güclü, dəqiq və birbaşa əsas hədəfə fokuslanmış olması üçün həmin tezisin semantik və məkan-zaman bazasını hazırlamaq lazım idi. Buna görə də məsələni Ermənistanı təhqir etmədən, real tarixi və siyasi faktların işığında erməni siyasilərinin atdıqları addımları obyektiv izah etmişdir. Onların Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirdikləri siyasətin iç üzünü açmışdır.

İkincisi, Azərbaycan Prezidenti məsələnin tarixi aspektini daha çox qabartmışdır. Bu yanaşma isə məsələnin zaman kontekstində davamlı xarakteristikasını verməyə imkan yaradır. Aydın olur ki, ermənilərin havadarları, ermənilər və sonradan “Ermənistan” adlandırdıqları dövlət əslində anti-Azərbaycan fəaliyyət üçün bir məkan olmuşdur.

Azərbaycan Prezidenti bu bağlılıqda çıxışında bəyan etmişdir: “Əminəm, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Halbuki Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda, beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim”.

Üçüncüsü, Azərbaycan Prezidenti konkret faktlarla mövqeyinin düzgünlüyünü sübut etmişdir. O cümlədən 1989-cu ildən 2020-ci il II Qarabağ müharibəsinə qədər olan müddətdə ermənilərin təcavüzkarlığı barədə dəqiq mövqe bildirmişdir. Həmin faktları ümumiləşdirərək dövlət başçısı demişdir: “Bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı. Bilmirəm, dünyada buna oxşar ədalətsizliklə üzləşən xalqlar var, yoxsa yox, - bəlkə də var, - amma son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. Belə hallar dünyada var. Biz nə birinci idik, nə də sonuncu. Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir”.

Dördüncüsü, postmüharibə mərhələsində rəsmi İrəvanın və bir sıra siyasi partiyaların Azərbaycana qarşı mövqelərini tənqid etmişdir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğulamışdır: “Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər... Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar. Bax, bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü burada bariz şəkildə göstərir. Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi”.

Bu cür mükəmməl və faktlarla dolu nəzəri bazadan sonra insanların Azərbaycanın işğalla barışmadığına inanması çox asan şüuri hadisədir. Çünki nə qədər əhatəli, gərgin və dağıdıcı olsa da, Azərbaycan xalqı, faktiki olaraq, ərazi bütövlüyünü və suverenliyi tam təmin etmişdir. Bu, real faktdır. Azərbaycan Prezidenti məhz həmin faktın prizmasında irəli sürdüyü tarixi tezisə insanları tam inandırmışdır – doğrudan da, Azərbaycan xalqı ən ağır zamanlarda belə işğalla barışmamışdır və bundan sonra da barışmayacaqdır.

Əlbəttə, bu məqam onu göstərir ki, azadlıqsevərlik və müstəqillik Azərbaycan xalqının tarixi yaddaşının mühüm faktorlarından biridir! Vurğuladığımız kontekstdə Azərbaycan Prezidentinin bir vurğusu da siyasi, geosiyasi və dövlətçilik aspektlərdə tarixi yaddaşımızda əbədi qalmalı olan situasiyanı ifadə edir.

“Bizim yanımızda olan tək ölkə”

Azərbaycan xalqı və dövləti müstəqillik dönəmində heç bir xalqa və ölkəyə pislik etməmişdir. SSRİ dağılandan sonra Azərbaycanın kimsəyə qarşı ərazi iddiası və ya təcavüz etmək planı olmamışdır. Lakin təəssüf ki, ermənilərin havadarları rəsmi İrəvanı Azərbaycana təcavüz etməyə təhrik etmiş və demək olar ki, Qərbin bütün güclü dövlətləri işğalçıya dəstək vermişdir. Müsəlman ölkələri isə güclərinin az olması səbəbindən Azərbaycanı real müdafiə etməmişlər.

Prezident İlham Əliyev bu şəraitdə Azərbaycanın yanında tək bir ölkənin olduğunu açıq və dəqiq ifadə etmişdir. Dövlət başçısı bəyan etmişdir: “Bizim yanımızda olan tək ölkə Türkiyə idi. Buna görə biz türk qardaşlarımıza minnətdarıq, həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir”.

Bu iki cümlədə Azərbaycan Prezidenti bir neçə hədəfi dəqiqliklə vurmuşdur. Həmin hədəflər siyasi, ideoloji və informasiya sferalarında Azərbaycanla Türkiyə arasında narazılıq yaratmaq üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Bununla onlar nəinki türk dövlətlərinə siyasi-ideoloji ziyan vurmağa cəhdlər göstərirlər, hətta tarixi yaddaşımızı yenidən yanlış yönə istiqamətləndirmək xülyasına düşmüşlər. Onlara, çox təəssüf ki, “sapı özümüzdən olan baltalar” da züy tuturlar.

Həmin dairə əsas olaraq KİV sferasında cəmləşmişdir və zaman-zaman Azərbaycan cəmiyyətində Türkiyənin zəif, iqtisadiyyatı batan, əxlaqı olmayan, yalnız silahlanma ilə məşğul olan ölkə obrazını yaratmaqdan ciddi zora düşmüşlər. Kimlərə qulluq etdiklərini Azərbaycan rəhbərliyi də, əsl vətənpərvər kəsim də çox gözəl bilirlər.

Son zamanlar bir az səngimişlər. Ona görə ki, Azərbaycan və Türkiyə liderləri açıq mövqe bildirir və qardaşlığın sarsılmaz olduğunu bəyan edirlər. Bu bəyanatlar konkret praktiki addımlarla öz təsdiqini tapır. Bunlarla yanaşı, son zamanlar iki qardaş dövlətin media dairələri problemləri birgə müzakirə edərək praktiki addımlar atırlar. Bunlar öz bəhrəsini verir. Ancaq hələ də müəyyən “köşə-bucaqlarda” ara vuranların sözünü deyənlər tapılır. Bir qism rusca yazır, digərləri isə Azərbaycan dilində. Türkiyədə də bir sıra KİV orqanından oxşar təxribatlar davam edir. Onlar Türkiyənin gücünə şübhələr oyatmaq və iqtisadiyyatını çox zəiflətmiş ölkə olduğuna inandırmaq üçün fəaliyyət göstərirlər.

Lakin “Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur. Beş il bundan əvvəl döyüş meydanında qazandığımız Qələbəni biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik. Ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Mənfur Minsk qrupunun tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində Minsk qrupu və ona bağlı olan bütün təsisatlar rəsmən ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz” (Azərbaycan Prezidentinin çıxışından).

Əsas məqsəd

Yuxarıdakı fikirlərdən görünür ki, Azərbaycan liderinin Ağdamdakı çıxışı ümumi olaraq dövlətçilik baxımından vacib məqama istiqamətlənmişdir. Tarixi faktlar əsasında Prezident İlham Əliyev müasir dönəmdə Azərbaycanın müstəqilliyi üçün ciddi rol oynayan yaddaş elementlərini bir daha aktuallaşdırmışdır. Onun tərkibində anti-Azərbacan siyasətinin real məqsədi açılmışdır.

Bunun fonunda xalqın şücaəti, əzmkarlığı və azadlıqsevərliyi inandırıcı surətdə ifadə edilmişdir. Nəhayət, Azərbaycanın bir dövlət olaraq, “tarixi yaddaşında” müasir dövrdə hansı dövlətin dost, hansıların isə düşmən olduğunun dəqiq müəyyən edilməsi zərurəti qabardılmışdır. Yəni artıq yadların aldadıcı, pozucu və yanlış yola istiqamətləndirici hiylələrinə uymamalıyıq!

Həmin yolda başlıca işlərdən biri gənclərin yaddaşlarında vurğulanan faktların daimi qalması ilə bağlıdır. Bu da ailədə, məktəbdə və bütövlükdə cəmiyyətdə tarixi yaddaş məsələsinin, ilk növbədə, gənclərin şüurunda inkişaf etdirilməsi məsələsini ön sıraya çıxarır. Prezident İlham Əliyevin aşağıdakı tarixi fikirləri bu baxımdan çox əhəmiyyətlidir. Azərbaycan lideri demişdir: “Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır - Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib”.

Zəfər tağları dövlət başçısının ifadə etdiyi anlamda xalqın birliyini, şücaətini və vətənsevərliyini yığcam ifadə edən rəmzdir. Yaddaş elementidir. Müasir yaddaşımızın qələbəni özündə ehtiva edən “tağı”dır. Gələcək nəsillərin bunları bilməsi və heç zaman unutmaması zəruridir.

Dövlət başçısı bu məqamı da çox dolğun ifadə etmişdir. Prezident İlham Əliyev demişdir: “Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq - xalqımız, dövlətimiz. Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq”.

Bu fikirlərdə gənc nəslin “tarixi yaddaş strategiyası” aydın ehtiva olunur! Onun reallaşmasında bütün cəmiyyətin məsuliyyəti vardır!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri