Prezidentdən məmurlara ismarıc
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir"
Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. İqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Təbii ki, uğurlu islahatların aparılması ölkəmizdə sabitliyin mövcudluğundan qaynaqlanır. Ölkəmiz dünyada belə sabitlik adası kimi tanınıb. Dövlət başçısı çıxışlarında vurğuladığı kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışı edərək öz tabşırıq və tövsiyələrini verib. "Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz", - deyən Prezident bildirib ki, böyük məsuliyyət böyük işlər tələb edir: "İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın".
"ƏYRİ YOLA GEDƏN HƏR BİR DÖVLƏT MƏMURU NƏTİCƏDƏ MƏHKƏMƏ, QANUN QARŞISINDA CAVAB VERMƏLİ OLUR"
Azərbaycan Prezidenti bəzi hallarda məmurların özlərini cəmiyyətdə düzgün apara bilmədiklərini, ifrat dərəcədə təkəbbürlülük göstərdikləərini, özlərini hamıdan üstün tutmağa çalışdıqlarını diqqətə çəkərək öz nüfuzlarını itirməklə yanaşı, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olduqlarını bildrib. "Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir".
Yaranmış reallıqlar dövrün tələbinə uyğun olaraq qarşıya yeni hədəflər qoyub. Azərbaycan artıq dünyaya öz sözünü deyən, qalib dövlət kimi səs salıb. Özünü təsdiq etmiş, gələcək inkişaf imkanlarına malik güclü dövlət olduğunu sübut edib. Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.
"BİR NEÇƏ REGİONAL İNKİŞAF PROQRAMININ İCRASI UĞURLA NƏTİCƏLƏNİB"
Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin - xəstəxanaların, yeni yolların, mədəniyyət, xidmət mərkəzlərinin, yeni iş yerlərinin və s. istifadəyə verilməsi ölkəmizdə uğurlu siyasətin məntiqi nəticəsidir. "Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib", - deyən dövlət başçısı qeyd edib ki, demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələlərinin olduğunu və bu problemin artıq ciddi problem kimi mövcud olmadığını diqqətə çatdırıb: "Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır".
"BİR ÇOX BÖLGƏLƏRDƏ KƏND YOLLARININ TƏQRİBƏN 70-80 FAİZİ TƏMİRLİDİR VƏ KEYFİYYƏTLİDİR"
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, nəqliyyat-yol infrasturukturunun inkişafı və yenilənməsi hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir". Bütün görülən bu və ya digər işlər dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində reallığa çevrilib.
"Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir", - deyən Prezidenti son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşının əyani şəkildə gördüyünü bildirib: "Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar".
"MƏRKƏZİ İCRA ORQANLARINDA APARILAN KADR İSLAHATLARI NƏTİCƏSİNDƏ VƏZİYYƏT BÖYÜK DƏRƏCƏDƏ SAĞLAMLAŞDIRILIB"
Azərbaycanda həyata keçirilən islahatlar, dövlət proqramları, layihələr ölkəmizi sürətlə inkişaf edən ölkəyə çevirib. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Son 22 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmışdır. Dövlət başçısı çıxışında yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin öz həllini tapmasını diqqətə çəkərək, burada da əsas prinsipin sosial ədalət prinsipi olduğunu qeyd edib: "Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb".
Bundan sonrakı dövrdə isə mərkəzdən onlara hansısa bir qanunsuz tapşırıq verilməyəcəkdir. "Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir", - deyə Prezident bildirib.
"BÖLGƏLƏRDƏN ŞƏHƏRLƏRƏ MİQRASİYANIN SƏBƏBLƏRİNDƏN BİRİ DƏ İŞSİZLİKDİR"
Ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. Son 22 ildə regionların tarazlı inkişafı bölgələrdə çoxsaylı və müxtəliftəyinatlı müəssisələrin açılmasına imkan verib ki, bu da istər rayon mərkəzlərində, istərsə də kəndlərdə yaşayan insanların öz məşğulluq problemini həll etməsi ilə nəticələnib. Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. "Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir", - deyə Prezident vurğulayıb ki, bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub.
Dövlət başçımız çıxışında bir sıra məsələlər toxunub və yeni təyin olunmuş məmurlara göstərişlərini verib: "Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız".
Prezident bir daha məmur korpusuna ciddi ismarıc göndərdi və hamını dövrün tələbləri səviyyəsində fəaliyyətə çağırdı.
Nəzakət ƏLƏDDİNQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















