Protez dişlər Furqan Sadıqın yeni hekayəsi
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Furqan Sadıqın "Protez dişlər" adlı yeni hekayəsini təqdim edir.
Yəqin, ata-oğuldurlar. Qabaqda gedən maşına əl elədilər, saxlamadı. Mənə də əl edirlər. İkisi birdən. Saxlayıb salam verirəm. Qonşu kəndin adamlarıdır. Soruşuram ki, hara gedirsiniz? Atanın dili söz tutmur, kəkələyir. Ayaq üstə də güclə dayanır. Heyi yoxdur. Oğlu deyir ki, rayona gedirik, apara bilərsiniz? Cavab verirəm ki, apararam, oturun, elə mən də rayona gedirəm. Ata bir də soruşur ki, rayona apararsanmı? Cavabı oğlu verir: "Otur, – deyir, – ay ata, aparır rayona". Qabaq qapını açır, atasına kömək edir ki, otursun. Zalımın oğlu nə qədər içibsə, özündə deyil. Oturan kimi spirtin iyi vurur. Oğul arxada oturur. Olar, hardasa, on iki-on üç yaşı. Saçları dağınıqdır. Üzünün dərisi gündə qaralıb. Güzgüdən göz qoyuram. Qara köynək var əynində. Üz ifadəsindən o dəqiqə hiss olunur ki, kefi yoxdur. Bəlkə də, utanır. Bir az gedəndən sonra:
– Niyə gedirsiniz rayona? – soruşuram.
Ata artıq yuxu bişirir. Başı sol çiyninə düşüb. Sualıma oğul cavab verir:
– Atamı aparıram.
– Atan niyə bu vəziyyətdə rayona gedir ki? Ayaq üstə dura bilmir.
Bəlkə də, heç nə soruşmasam, yaxşıdır. Amma maraqlıdır da. İçmisən, yıxıl yat, hara gedirsən bu fasonda? Deməli, vacibdir getmək, yoxsa getməzlər.
– Atam protez dişlərini bu gün rayonda itirib. Onu axtarmağa gedirik.
"Can, bala!" – fikirləşirəm ürəyimdə. Sənin nə yaşın var ki, atanı daşıyırsan indidən? Atanın dünya-aləm vecinə deyil. Astadan xoruldayır. Maşının təkərləri çala-çökəyə düşdükcə o da yerində yellənir.
– Heç olmasa, bilirsiniz ki, harda itirib?
– Hə, – deyir oğul, – günorta bir kafedə yeyib-içiblər, deyəsən, elə o kafedə düşüb. Ora gedirik.
– Birdən orda olmasa, neyləyəcəksiniz? – soruşuram. Şər deməsən, xeyir gəlməz.
– Bilmirəm.
Bir az susmağa qərar verirəm. Sakitlik yaranır. Təxminən on iki-on üç il əvvəl çəkilmiş asfalt dağılıb pis günə düşüb. Elə bil maşın sürmürəm, telefonda hansısa oyunu oynayıram, çalaya düşsəm, uduzacam. Halbuki bu asfalt təzə çəkiləndə kənddən rayon mərkəzinə iyirmi dəqiqəyə çatmaq olurdu. İndi otuz beş-qırx dəqiqə çəkir.
– Atan həmişə belə çox içir? – dinc dayana bilməyib soruşuram.
– Tez-tez.
– Hər dəfə pyan olanda nəyinisə itirir?
– Yox, – deyir oğul.
Gözüm güzgüdə, oğula baxdığım yerdə təkərlərdən biri iri bir çalaya düşür. Ata yuxudan ayılır. Ayılan kimi də deyir ki, axırıncı dəfə olsun, bir də içməyəcəyəm. Dediklərini güclə başa düşürəm. Yenə oğula baxıram. Oğul bu cümləyə əhəmiyyət vermir. Hər halda, hər dəfə içib bu kökə düşəndə eyni sözləri deyir: "Bir də içməyəcəyəm". Amma içir.
Ata yenə yuxulayır. Yenə başı sol çiyninə düşüb.
Oğul narahat oturub. Arxaya söykənmir. Narahatlığı imkan vermir ki, arxaya söykənsin.
– Ürəyini sıxma, – deyirəm, – tapılacaq, inşallah.
Dinmədiyini görüb, onun nigaranlığını, narahatlığını azaltmaq üçün əlavə edirəm:
– Mənim də rayonda beş-on dəqiqəlik bir işim var, işimi görüm, elə mənimlə qayıdarsınız dala.
Yenə dillənmir.
Gedirik. Ata xoruldayır.
Oğul narahatdır.
Öz-özümə fikirləşirəm ki, bir adamın protez dişləri necə itə bilər? Ağzından çıxıb dişlərin yerə düşə, xəbərin olmaya. Bəlkə də, özü çıxarıb qoyub harasa, sonra da unudub.
Sərt döngələrin birində yuxulu ata üstümə aşır. Başı sükana dəyəndə ayılır. Oğul üstümə aşmış atasını dikəltmək üçün mənə kömək edir. Bir əlimlə sükanı tutmuşam, bir əlimlə atanı.
Ata əvvəlki vəziyyətinə qaytarılır.
– Adın nədir? – soruşuram oğuldan.
– İlkin.
– Neçədə oxuyursan?
– Yeddidə.
– Yaxşı oxuyursan?
– Belə də. Yox. Başıma girmir. Oxuya bilmirəm.
– Bəs nə olmaq istəyirsən?
– Polis.
– Niyə polis?
– Bilmirəm. Xoşum gəlir.
– Atan nə işləyir bəs?
– İşləmir. Mal-qaramız var. Bir az da qoyun-quzumuz var. Elə onlara baxır.
– Hə, – deyirəm, – o getdiyimiz kafenin adı nədir? Rayonun harasındadır?
Güzgüdən gözlərimə baxır. Bilmir. Atasını silkələyib soruşur:
– Ata, kafenin adı nədir?
– Hıı, – zırıldayır atası.
– Kafenin adı nədir?
– Dostluq, – güc-bəla ilə deyir.
– Hə, tanıyıram oranı, – deyirəm. Bilmirəm oğula necə təskinlik verim, hansı sözlərimlə onu bir az rahatladım. Allah bilir, ürəyində nələr çəkir. Qorxur hər halda. Birdən dişlər tapılmasa, nə olacaq? Kafedə deyilsə, harda axtarmaq lazım olacaq? Özümü onun yerinə qoyuram. Çətindir. Heç kim onun yerində olmaq istəməz.
Rayona çatırıq. Birbaş həmin kafenin önünə sürürəm maşını.
– Çatdıq, – deyirəm. Oğul maşından düşüb qabaq qapını açır.
– Oyatma, – deyirəm, – gəl özümüz girib soruşaq.
Oğul qapını bağlayıb arxamca gəlir. Kafeyə daxil oluruq. Kafenin sahibi olar deyə düşündüyüm kişinin yanına gəlirik.
– Dayı, salam, – deyirəm.
– Əleyküm-salam, – deyib üzümə baxır.
– Dayı, – deyirəm, – bu gün burda müştərilərinizdən kiminsə dişləri qalmayıb ki? Protez dişlər.
Dayı gülümsəyib deyir:
– Hə, qalıb. – Sonra açıq qapıdan içəri uca səslə haylayır: – Cavad, gətir o dişləri bura!
Arıq bir oğlan salfet kağızına bükülmüş dişləri gətirir.
– Baxın, görək bunlardır? – dayı bükülü salfet kağızını açıb bizə göstərir.
– Hə, – deyirəm, – bunlardır.
– Alın onda.
– Çox sağ olun, dayı, – deyirəm.
– Sən Allah, kimin protezidir bu? – soruşur dayı.
– Yiyəsi maşında yatıb. İstəyirsiniz, gəlin baxın.
Dayı arxamızca gəlir. Qabaq oturacaqda yatmış kişini görüb pıqqıldayır.
– Məzən olsun, ay Rövşən, – deyir. Gülür və gedir.
– Atanın adı Rövşəndir? – soruşuram oğuldan.
– Yox, – deyir.
Onda Rövşən hər kimdirsə, protez dişlərin itməyinin səbəbkarıdır. Ağlıma başqa heç nə gəlmir.
– Gəl kömək elə, atanı oyadaq, keçirək arxaya. Rahat yatsın. Sən də qabaqda otur.
– Yaxşı, – deyir və birtəhər dediyimizi edirik.
Oğul oturur qabaqda.
– Kiçik bir işim var, – deyirəm, – gedək, onu həll edim, sonra qayıdaq evə.
– Yaxşı.
Oğulun çiynindən böyük bir dağ götürülüb elə bil. Bayaqkı narahatlığı yoxa çıxıb. Sevinirəm. İşimi tez həll edirəm və kəndə tərəf yola düşürük.
– Dişləri neylədin? – deyə soruşuram.
– Cibimdədir.
– Ehtiyatlı ol, sındırarsan.
Cibindən protezi çıxarıb əlində saxlayır. Protezi elə tutub, sanki atasının əlindən tutub.
Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar? XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri "Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 18 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















