Icma.az
close
up
RU
PSJ tarixi zəfəri tarixi nəticə ilə qazandı

PSJ tarixi zəfəri tarixi nəticə ilə qazandı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Avropa futbolunun ürəyi Münhendə döyündü. Böyük maraqla gözlənilən mövsümün şah oyununda PSJ ilə “İnter” üz-üzə gəldi.

"Football-plus.az" xəbər verir ki, gözəl, baxımlı və məhsuldar futbol gözləyənlərin ümidləri doğruldu. Amma bu meyarlara meydanda yalnız bir komanda cavab verdi...
19 yaşlı futbolçu şou göstərdi
Baş məşqçilər heyətlə bağlı bir-birinə sürpriz hazırlamamışdı. Yalnız Simone İnzaqinin son matçlarda ümidləri doğruldan Bissekin əvəzinə zədədən yeni qayıdan Pavarı oynatması bir qədər gözlənilməz oldu. PSJ start fitindən etibarən üstünlüyü ələ alaraq rəqibin başını gicəlləndirməyə başladı. Komanda topu itirdikdə isə dərhal pressinqi işə qoşurdu. Ona görə də “İnter” bəzən mərkəzi belə keçməkdə çətinlik çəkirdi. Paris nəhəngi “məsələni uzatmadan” rəqibini “kötəkləməyə” başladı.
12-ci dəqiqədə mükəmməl təşkil olunan hücum zamanı Dezire Due qapı önündə boş qalmış Hakimini gördü. “İnter”in sabiq futbolçusu mərkəz hücumçusu mövqeyində özünü itirməyərək hesabı açdı. Dəqiqələr irəlilədikcə PSJ-nin həm fərdi cəhətdən, həm də fiziki göstəricilərdə üstünlüyü artırdı. Bəzi epizodlarda bu komandanın üzvləri sanki məşqdəki qədər rahat görünürdülər. “İnter” hətta “Barselona” ilə səfər oyununda da belə aciz duruma düşməmişdi. 20-ci dəqiqədə Luis Enrikenin komandası yenidən fanatlarını ayağa qaldırdı.
Düzdü, nominal meydan sahiblərinin bu qolda bir qədər bəxti də gətirdi. Amma PSJ-nin bu qola layiq olmadığını heç kim iddia edə bilməz. İldırım sürəti ilə qurulan əks-hücumun sonunda top Dueyə gəldi. Onun zərbəsindən sonra isə top yolüstü Dimarkoya dəyərək Zommeri yanıltdı və yaxın küncə daxil oldu. Due sanki bu oyunda tam yeni səviyyəyə yüksələrək futbol dünyasını mat-məəttəl qoydu. O, 19 yaş 362 günlüyündə ÇL-in finalında hesabına qol və məhsuldar ötürmə yazan ən gənc futbolçu oldu. Özü də bunu cəmi 20 dəqiqəyə etdi!
Daha bir maraqlı fakt odu ki, buna qədər ÇL-in finalında heç vaxt ilk 20 dəqiqəyə 2 topluq üstünlük yaxalayan komanda olmamışdı. 2-ci qoldan sonra “İnter” bir qədər fəallaşaraq təhlükəli hücumlara bənzər nəsə sərgiləməyə başladı. Bu təhlükə əsasən standart zərbələr sayəsində yaranırdı. 23-cü dəqiqədə künc zərbəsi zamanı hücuma qoşulan Açerbi hava mübarizəsindən qalib ayrılsa da, “çərçivə”yə düşə bilmədi. 37-ci dəqiqədə buna bənzər epizodda Türamın baş zərbəsi daha təhlükəli alındı. Amma yenə “çərçivə”yə düşmək mümkün olmadı. Vəssalam.
“İnter” ilk yarıda bu iki cılız hücumdan başqa heç nə ilə yadda qalmadı. PSJ isə qapıya 13 zərbə endirdi ki, bunlarda ikisi qolla nəticələndi!
“İnter”i 5 yerə parçaladılar
Düşünmək olardı ki, İnzaqi fasilədə komandasına ciddi qulaqburması verərək yuxulu təsir bağışlayan oyunçularını ayıltmağa çalışacaq. Amma o əvəzetməyə ehtiyac görmədi və oyunun axarı, demək olar, dəyişmədi. PSJ yenə də daha maraqlı və inamlı görünən tərəf idi. Hətta irəlidəki oyunçular – Kvaratsxeliya, Dembele və Due də yeri gələndə müdafiəyə kömək etməklə diqqət mərkəzinə düşürdü. “İnter” bəzi anlarda topa daha çox sahib olsa da, Donnarummanın qapısı önündə təhlükə yaratmaq heç cür mümkün olmurdu. İnzaqinin sonrakı əvəzetmələri də bir işə yaramadı.
Dəqiqələr irəlilədikcə hücuma aludə olan “İnter” müdafiədə boşluqlar verməyə başladı. Bununla da “neradzurri” faktiki özünə qəbir qazmış oldu. Əks-hücuma şığımaq üçün fürsət axtaran parislilər bu fürsəti 63-cü dəqiqədə yaxaladılar. Dembelenin mükəmməl daban ötürməsi ilə başlayan, Vitinya ilə davam edən hücumu Due dəqiq tamamladı. Bu fenomenal performans sayəsində bu futbolçu tarixə düşdü. Belə ki, turnir ÇL adı ilə keçirildiyi vaxtdan bəri finalda 3 qolun vurulmasında yaxından iştirak edən futbolçu olmamışdı. Bunu hətta Messi ilə Ronaldo da bacarmamışdı!
Maraqlıdı ki, Lus Enrike 3:0-dan sonra da diqqəti əldən vermədi. O, qoldan sonra formasını çıxardığı üçün sarı vərəqə alan Dueni dərhal əvəzlədi. Əslində oyunu faktiki bu qoldan sonra da başa vurmaq olardı. Çünki rəqibin təklif etdiyi tempə ayaq uydura bilməyən “İnter” artıq “ağ bayraq qaldırmışdı”. Son 20 dəqiqədə Fransa çempionu meydanda istədiyini edirdi. PSJ-yə gəldiyi gündən bəri komandanın uğurlarına ciddi töhfə verən Kvaratsxeliya da belə mühüm gündə adını tabloya və tarixə yazdırmağı bacardı. Gürcüstanlı vinger 73-cü dəqiqədə Dembelenin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxaraq topu yaxın küncə göndərdi.
“İnter” “çərçivə”yə ilk zərbəsini yalnız 0:4-dən sonra endirdi! Donnarumma mükəmməl seyv edərək Türamın fərqlənməsinə imkan vermədi. Ancaq bu epizod qolla nəticələnsəydi belə, heç nə dəyişməyəcəkdi. Tribunalarda PSJ fanatları artıq qələbəni qeyd edirdisə, “İnter”lilər göz yaşları axıdırdı. Paris nəhəngi 4:0-la da kifayətlənmədi. 86-cı dəqiqədə növbəti gözəl kombinasiyadan sonra gənc Mayulu topu yaxın küncə göndərdi.
Beləliklə, PSJ uzun illər unudulmayacaq bir performansla tarixində ilk dəfə Avropanın ən güclüsü adını qazandı. Komanda mövsümü 5 titulla tamamladı. “İnter” isə son 3 ildə ikinci dəfə ÇL-in finalında məğlub oldu və mövsümü titulsuz bitirdi. Halbuki aprelin sonlarında komanda hələ trebl arzusu ilə yaşayırdı. İnzaqi 2000-ci illərin əvvəllərində “Valensiya” ilə iki dəfə ÇL-in finalında uduzan Ektor Kuper kimi bu turnirin ən uğursuz məşqçilərindən biri kimi xatırlanacaq...
final
PSJ – İnter 5:0 (2:0)

PSJ (Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş (L.Ernandes, 78), Ruis (Mayulu, 84), Neveş (Zair-Emeri, 84), Vitinya, Due (Barkola, 67), Kvaratsxeliya (Ramuş, 84), Dembele.
İnter (Milan, İtaliya): Zommer, Dyumfris, Pavar (Bissek, 54/Darmian, 62), Açerbi, Bastoni, Dimarko (Zalevski, 54), Hakan Çalhanoğlu (Asllani, 70), Mxitaryan (Auqusto, 62), Barella, Türam, L.Martines.
Qollar: Hakimi, 12 (1:0). Due, 20 (2:0). Due, 63 (3:0). Kvaratsxeliya, 73 (4:0). Mayulu, 86 (5:0).
Vərəqələr: Zalevski, 56. Due, 65. Türam, 69. Açerbi, 71. Hakimi, 90 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
31 may. Münhen. 64327 tamaşaçı.
Bombardirlər: Girassi (Borussiya D), Rafinya (Barselona) – 13, Levandovski (Barselona), Keyn (Bavariya) – 11, L.Martines (İnter) – 9.
Faktlar
* PSJ ÇL-i qazanan ikinci Fransa təmsilçisi oldu. Daha öncə fransızlardan bu turniri 1993-də “Marsel” qazanmışdı.
* 2015-də “Barselona” ilə ÇL-i qazanan Luis Enrike Karlo Ançelotti, Ernst Happel, Yupp Haynkes, Ottmar Histfeld, Joze Mourinyo və Xosep Qvardiolanın ardından bu turniri iki fərqli klubla qazanan 7-ci məşqçi oldu.
* Luis Enrike Xosep Qvardiolanın (Barselona, Mançester Siti) ardından iki fərqli klubla trebl qazanan ikinci məşqçi oldu.
* Luis Enrike məşqçi karyerasında 16-cı titulunu qazandı. O, bunlardan 7-ni PSJ, 9-nu “Barselona” ilə qazanıb.
* Luis Enrike məşqçi kimi klub karyerasında iştirak etdiyi 12 finalın hamısından qələbə ilə ayrılıb! O, finalda yeganə məğlubiyyətini 2021-ci ildə yaşayıb. Həmin vaxt Millətlər Liqasında Enrikenin çalışdırdığı İspaniya yığması Fransaya uduzmuşdu.
* ÇK/ÇL-in tarixində ilk dəfə finalda 5 top fərqli qələbə qeydə alındı! Buna qədər bu turnirin finalında maksimum 4 top fərqli qələbə qeyə alınmışdı. 1960-da “Real” “Ayntraxt”ı (7:3), 1974-də “Bavariya” “Atletiko”nu (4:0), 1989-da “Milan” “Styaua”nı (4:0), 1994-də “Milan” “Barselona”nı (4:0) məhz bu fərqlə yenmişdi. Finalda bir komandanın 5 qol vurmasına isə sonuncu dəfə 1962-ci ildə rast gəlinmişdi. Həmin vaxt “Benfika” “Real”ı 5:3 məğlub etmişdi.
* Kvaratsxeliya ÇL-i qazanan ikinci, finalda qol vuran birinci gürcüstanlı futbolçu oldu. Daha öncə Kaxa Kaladze iki dəfə (2003, 2007) bu turniri “Milan”la qazanıb.
* Luka Ernandes Samuel Eto`Onun (Barselona, İnter) ardından iki fərqli klubla trebl qazanan ikinci futbolçu oldu.
* Hakimi bu mövsüm ÇL-də 9 qolun vurulmasında yaxından iştirak edib (4 qol, 5 məhsuldar ötürmə). Turnir ÇL adı ilə keçirildiyi vaxtdan bəri müdafiəçilərdən yalnız 2000/01-də “Lids”in heyətində Yan Hart 9 qolun vurulmasında iştirak etmişdi.
* PSJ-nin start heyətinin orta yaş həddi 25 yaş 96 günlük idi. Bu, XXI əsrdə ÇL-in finalçıları arasında ən gənc heyətdi!
* “İnter”in start heyətinin orta yaş həddi 30 yaş 242 günə bərabər idi. Bu, ÇK/ÇL tarixində ən yaşlı finalçılar arasında 3-cü göstəricidi! Yalnız 2007-də “Milan” (31 yaş 35 gün) və 2017-də “Yuventus” (30 yaş 336 gün) finala bundan daha yaşlı heyətlə çıxmışdı.
* İtaliya klublarının ÇL həsrəti 15 ilə yüksəldi. Sonuncu dəfə İtaliya təmsilçilərindən 2010-cu ildə “İnter” bu titulu qazanmışdı. Maraqlıdı ki, həmin vaxt İtaliya ÇK/ÇL-də qələbə sayına görə İspaniya ilə liderliyi bölüşürdü. Hər iki ölkənin hesabında 12 qələbə var idi. Amma o vaxtdan bəri La Liqa təmsilçiləri ÇL-i 8 dəfə qazanıb. Artıq İngiltərə (15) də İtaliyanı geridə qoyub.
* PSJ ÇL-də keçirdiyi 167-ci oyunda bu turnirin qalibi oldu. ÇL-də bundan daha çox oyun keçirib qazana bilməyən üç komanda var. Söhbət “Arsenal” (211), Kiyev “Dinamo”su (185) və “Atletiko”dan (176) gedir.
* Münhendə baş tutan 5-ci ÇK/ÇL finalında da qalib bu turniri ilk dəfə qazandı! Daha öncə bu şəhərdə 1979-da “Nottingem Forest”, 1993-də “Marsel”, 1997-də Dortmund “Borussiya”sı və 2012-də “Çelsi” tarixində ilk dəfə bu turnirin qalibi olmuşdu.
* PSJ ÇK/ÇL-i qazanan 24-cü fərqli komanda oldu.
* 19 yaş 14 günlüyündə fərqlənən Senni Mayulu ÇL tarixində finalda qol vuran ən gənc ikinci futbolçu oldu. Onu yalnız 1995-in finalında “Ayaks”ın heyətində 18 yaş 372 günlüyündə “Milan”a qol vuran Patrik Klyuvert qabaqlayır.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Mövsümün əvvəlindən başlayaraq qarşımıza tarix yazmaq məqsədi qoymuşduq. Artıq bunu qeyd etmək zamanıdı. Bu zəfərlərə tam layiqik. Bu səviyyədə oynamaq asan deyil. Amma biz təzyiqin öhdəsindən gəlməyi bacardıq. Bu mövsüm bir çox duellər bizim üçün ciddi sınaq oldu. Bunların başında “Liverpul”a qarşı oyunlar gəlir. Eləcə də “Aston Villa” ən gözəl təşkilatlanmış klublardan biri kimi qarşımıza çıxdı. “Qızıl top”u kimə verərdim? Dembeleyə. Finalda tək hücumda yox, müdafiədə də inanılmaz oynadı. Komandanı arxasınca daşıyan əsl liderə bənzəyirdi. Qızım Ksana bizi birdəfəlik tərk etdiyi andan həmişə mənim yanımdadı. Fiziki cəhətdən yanımızda olmasa da, ruhən mənimlə birlikdədi. Mən onu həmişə hiss edirəm. ÇL-də qalib gəlib-gəlməməyim prinsipial rol oynamır. Mən qızımın həyatıma qatdığı xoş şeyləri xatırlayaraq yaşamaq istəyirəm”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Hər şeyə rəğmən, oyunçularımla fəxr edirəm. Bu gün özümüzdən güclü rəqiblə qarşılaşdıq və onlar qələbəyə tam layiq idi. Oyuna çox pis başladıq. Gözlənilməz qollar buraxdıq. Sonra oyunu genişləndirməyə başladıq. Bunun nəticəsi kimi PSJ çoxlu boş zona yaxaladı. Elə qollar buraxdıq ki, bu günə qədər heç vaxt o cür tərzdə qollar buraxmamışdıq. Ancaq bu faciəvi nəticə bu mövsümdəki əməyimizi yerə vurmamalıdı. Bəlkə də mən başda olmaqla hər birimiz üzərimizdə daha çox çalışmalıydıq. Düzdü, mövsümü titulsuz başa vurduq. Futbolda belə şeylər olur. Amma bu komandanın haqqını vermək lazımdı. İndi gələcəyimi müzakirə etmək zamanı deyil. Hər birimiz çox üzgünük. Qarşıdakı günlərdə rəhbərliklə gələcəyim haqda danışacağıq. Sakit başla düşünüb qərar vermək üçün hələ zamanımız olacaq. Rəhbərlik həmişə yanımızda olub. Onlar da indi bu məğlubiyyətin üzüntüsünü yaşayır”.

Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti:

“Mətbuat bizi tənqid etməyi xoşlayırdı, bizim layihəyə inanmırdı. Ancaq bunun əksini sübut etdik. Biz artıq Avropanın ən güclüsüyük! Bütün Fransa bizimlə fəxr edə bilər. Biz tək Parisi yox, bütün Fransanı və bu ölkənin bayrağını təmsil edirdik. Məşqçilərimizə, futbolçulara və bu uğurda əməyi keçən hər kəsə təşəkkür edirəm. Hələ də inanmağım gəlmir. Bu, hələ də mənə yuxu kimi gəlir. Çünki bu anı yaşamaq üçün 14 il gözləməli olduq. Nəhayət, ən böyük arzumuz həyata keçdi”.

Alessandro Del Pyero, “Yuventus” və İtaliya yığmasının sabiq üzvü:

“PSJ ilk növbədə psixoloji təzyiqin öhdəsindən gəlməyi bacardı. Bu üzdən onlarda hər şey ideal səviyyədə alındı. Hətta kənardan bu final adi bir yoldaşlıq oyununu və ya çempionatın 10-cu turunun matçını xatırladırdı. Bir komandanın finalda bu dərəcədə sakit və soyuqqanlı olması inanılmazdı. Luis Enrike həqiqətən də ən xoş sözlərə layiqdi. Çünki bir çox önəmli məşqçinin uğursuzluğa düçar olduğu bir klubda o, uğur qazandı. Enrike ilk növbədə bu komandanın mentallığını və xarakterini dəyişdi. “İnter”də bu sadaladığım məqamların heç biri çatışmırdı. Həm də onlar üçün uğursuz günlərdən biri oldu. Ümumiyyətlə, heç nə edə bilmədilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see169

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see138

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see124

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see119

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see117

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see116

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see116

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see114

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see114

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see112

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri