Qış yaxınlaşır: Bu binaların sakinləri soyuqdan donacaqlar
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.
Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur:
"Belə ki, Ağcabədi rayonunda istehlak edilmiş 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 %, Sabunçu rayonu Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazilərdə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir. Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər".
Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır:
"Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir".
İstilik pulunu vaxtında ödəyən sakinlər niyə borcunu ödəməyən digər abonentlərin məsuliyyətsizliyinə görə zərər çəkməli və mənzillərində soyuqla üzləşməlidirlər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, istilik haqlarını ödəməyən abonentlərə görə bütöv binanın istilik təminatının dayandırılması hüquqi və sosial ədalət baxımından ciddi suallar doğurur:
“Çünki burada iki fərqli məsuliyyət anlayışı qarışdırılmamalıdır. Birincisi, istehlakçının müqavilə üzrə ödəniş öhdəliyi, ikincisi isə dövlət və xidmət təchizatçısının digər istehlakçıların hüquqlarını qorumaq vəzifəsi. Heç bir sakin qonşusunun borcuna görə avtomatik məsuliyyət daşımamalıdır. Ödəniş intizamının təmin edilməsi zəruridir, lakin bu, borcunu vaxtında ödəyən vətəndaşın da əsas kommunal xidmətdən məhrum edilməsi hesabına həyata keçirilməməlidir.
Təchizatçı borclu abonentlərlə bağlı qanunvericilikdə nəzərdə tutulan fərdi hüquqi və iqtisadi mexanizmlərdən istifadə etməlidir.
Hüquqi baxımdan bu məsələdə xüsusilə mühüm məqam ondan ibarətdir ki, 2025-ci il 24 iyun tarixli “İstilik təchizatı haqqında” Qanunun 15.2-ci maddəsi istiliyin dayandırılmasının yalnız fərdi qaydada həyata keçirilməsini birbaşa tələb edir.
Həmin maddədə açıq şəkildə göstərilir ki, borcunu ödəməyən istehlakçıya görə istiliyin dayandırılması ödənişlərini vaxtında edən digər istehlakçıların hüquqlarının pozulmasına səbəb olmamalıdır.
Deməli, bütöv binanın istilikdən məhrum edilməsi qanunun bu tələbi ilə uzlaşmır. Burada daha ciddi və prinsipial problem istilik istehlakının fərdi uçotunun lazımi səviyyədə təşkil edilməməsidir”.
Onun sözlərinə görə, qanunvericilik bu məsələyə artıq hüquqi həll də müəyyən edib:
“Qanunun 16.3-cü maddəsinə əsasən, məişət istehlakçıları üçün istilik sayğaclarının təchizatı, quraşdırılması və dəyişdirilməsi paylayıcının vəsaiti hesabına həyata keçirilməlidir. 16.5-ci maddəyə görə, əvvəlki illərdə tikilmiş binalarda fərdi sayğacların quraşdırılması texniki cəhətdən mümkün olmadıqda, binanın girişindəki ümumi sayğacdan istifadə texniki imkan yarananadək davam etdirilə bilər.
16.6-cı maddə isə yeni layihələndirilən çoxmənzilli binalarda mənzillər üzrə üfüqi boru paylanmasını və hər mənzilə ayrıca sayğac quraşdırılmasını nəzərdə tutur”.
Ekspert qeyd edib ki, problemin həlli sakinləri bir-birinə qarşı qoymaqda deyil, istilik təchizatı sisteminin idarəetmə və ödəniş modelini müasirləşdirməkdədir:
“Hər bir mənzilin faktiki istilik istehlakı ölçülməli, borc fərdi abonentə aid edilməli, ödənişdən yayınan şəxslərə qarşı qanuni tədbirlər görülməlidir.
Eyni zamanda, sosial həssas ailələrin borcları ayrıca qiymətləndirilməli, zəruri hallarda ünvanlı sosial dəstək və borcun mərhələli ödənilməsi mexanizmləri tətbiq edilməlidir.
Əsas prinsip belə olmalıdır ki, vətəndaş istifadə etdiyi xidmətə görə məsuliyyət daşımalıdır, lakin başqasının borcuna görə cəzalandırılmamalıdır.
İstilik təchizatçısının maliyyə intizamını təmin etmək marağı ilə vətəndaşın fasiləsiz kommunal xidmət almaq hüququ arasında balans yaradılmalıdır.
Bu balansın hüquqi əsası artıq mövcuddur; indi əsas məsələ onun real icrasıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: istilik Fərid Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















