Icma.az
close
up
RU
Putinin köməkçisi: COP29un ev sahibliyinə Bakının seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərir MÜSAHİBƏ

Putinin köməkçisi: COP29un ev sahibliyinə Bakının seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərir MÜSAHİBƏ

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ruslan Edelgeriyev: “İqlim dəyişikliyi mövzusu getdikcə daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur”

COP29-da Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevin APA-nın Moskva müxbiri Fərid Əkbərova müsahibəsi

- Rusiyanın COP29-dan əsas gözləntiləri nədir?

- Bizim üçün COP29-da danışıqların mərkəzi mövzusu maliyyələşdirmə ilə bağlı yeni kəmiyyət məqsədidir. Bu məqsəd BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin və Paris Sazişinin mandatından kənara çıxmadan, iqlim böhranının miqyasına adekvat olan yardım səviyyəsini təmin etməlidir. Biz həmçinin Paris Sazişinin 6.4-cü maddəsinə əsasən bazar mexanizminin metodoloji aspektləri üzrə çoxillik danışıqlar prosesini başa çatdırmağı səbirsizliklə gözləyirik, hansı ki, Dubayda bunu etmək mümkün olmadı.

Nəhayət, biz əvvəlki kimi, iqtisadiyyatı təbii yanacaqlardan asılı olan ölkələrin qanuni maraqlarının nəzərə alınmasının təmin olunmasına nail olmağa çalışacağıq. Yaxın keçmiş göstərdi ki, enerji keçidini sürətləndirmək cəhdində qəfil və düşünülməmiş addımlar nəyə gətirib çıxardı. Bizim borcumuz bu mənfi təcrübənin beynəlxalq ictimaiyyətin kollektiv yaddaşından silinməsinə imkan verməməkdir. Əks halda eyni səhvi təkrarlamaq riskimiz var.

“Əminəm ki, şəxsən tanıdığım Muxtar Babayevin komandası ona həvalə olunmuş məsuliyyətin öhdəsindən gələcək”

- COP29-un sədri kimi Azərbaycanın səyləri barədə nə deyə bilərsiniz?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29-a ev sahibliyi etmək üçün Bakının seçilməsi Azərbaycanın təkcə ekoloji və iqlim məsələlərinə milli səviyyədə ciddi yanaşan ölkə kimi yox, həm də beynəlxalq səviyyədə iqlim gündəliyi ilə bağlı fikir ayrılıqlarının effektiv həlli üçün platformaya çevrilməyə qadir olan ölkə kimi beynəlxalq aləmdə artan nüfuzunu göstərir. Bakıdakı kimi çoxtərəfli konfransların uğuru sədrlik edən tərəfdən - onun aparıcı danışıqlarçılarının təcrübəsindən, onun bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda mümkün qədər çox tərəfi qane edən bir həll təklif etməyə hazır olan vicdanlı və qərəzsiz vasitəçi imicindən çox asılıdır. Əminəm ki, şəxsən tanıdığım Muxtar Babayevin komandası ona həvalə olunmuş məsuliyyətin öhdəsindən gələcək.

“Donor ölkələrin qısa müddət ərzində maliyyələşdirməni əhəmiyyətli dərəcədə artıra biləcəyinə inanmaq çətindir”

- Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək üçün xüsusi fondun yaradılmasını təklif edib və atmosferə istixana qazlarının tullantılarının azaldılması üzrə tədbirlərə maliyyənin artırılmasını təklif edib. Əvvəllər bu məqsədlər üçün ildə 100 milyard dollar ayrılması barədə razılaşma var idi, lakin bu məbləğin yetərli olmadığı qəbul edildi. Sizcə, tullantıların azaldılması tədbirləri üçün illik maliyyələşdirmənin optimal məbləği nə qədər olmalıdır?

- İstixana qazlarının tullantılarının azaldılması tədbirlərinin illik maliyyələşdirilməsinin optimal məbləği ilə bağlı sual mürəkkəbdir və birmənalı cavabı yoxdur. 2009-cu ildə ilkin olaraq razılaşdırılmış 100 milyard dollar, inkişaf etməkdə olan ölkələrin iqlim ehtiyaclarının elmi əsaslarla hesablanmasının nəticəsi deyil, daha çox siyasi jest idi.

Bu ehtiyacların real həcmi, indi məlum olduğu kimi, bu məbləği ən azı bir neçə dəfə üstələyir. Məhz ehtiyacların real həcmi maliyyələşdirmə ilə bağlı yeni çoxtərəfli razılaşmanın əsasını təşkil etməlidir. Eyni zamanda, donor ölkələrin qısa müddət ərzində maliyyələşdirməni əhəmiyyətli dərəcədə artıra biləcəyinə inanmaq çətindir, çünki biz bilirik ki, hətta yüz milyard dollarlıq hədəf də uzun müddət ərzində əlçatmaz olaraq qalmışdı. Bu səbəbdən də yeni məqsədləri razılaşdırarkən realizm elementi olmalıdır. Əks halda, əgər indi yenidən uğursuzluğa düçar olacaq bir göstərici qəbul etsək, o zaman çoxtərəfli prosesə inam həmişəkindən daha çox sarsılar.

Bu kontekstdə ənənəvi olaraq beynəlxalq iqlim maliyyə axınına böyük töhfə verəcəyi gözlənilən ABŞ-də keçirilən son prezident seçkiləri amilini də nəzərə almaq lazımdır. Mən vaxtından əvvəl proqnoz vermək istəmirəm, lakin Donald Trampın rəhbərliyi altında gələcək Amerika administrasiyasının iştirak dərəcəsi danışıqların bütün iştirakçılarının düşünməli olduğu böyük sualdır.

“Azərbaycanla iqlim dəyişməsi ilə mübarizə sahəsində birgə layihələrin ortaya çıxması zaman məsələsidir”

- İqlim dəyişməsi gələcəkdə baş verəcək bir risk deyil – bu, çağdaş dünyada milyardlarla insan üçün aktual olan real və hazırda baş verən bir təhlükədir. Artan geosiyasi gərginliklər və beynəlxalq müstəvidə müşahidə olunan qeyri-müəyyənliklər dövlətləri əsrin ən böyük transmilli problemi olan iqlim dəyişməsi ilə mübarizə çərçivəsində əməkdaşlığa sövq etməlidir. Rusiya dünya nəhəngi olaraq bu istiqamətdə konkret hansı addımları atır? Azərbaycanın da Cənubi Qafqazın lideri və MDB məkanının güclü dövlətlərindən biri olduğunu nəzərə alsaq, Moskva və Bakı arasında bu istiqamətdə hansısa birgə layihələrin keçirilməsi perspektivi varmı?

- Geosiyasi sarsıntılara baxmayaraq, Rusiya iqlim gündəmi çərçivəsində bütün ölkələrlə dialoqa həmişə açıq qalıb. Bəli, son bir neçə ildə bu mövqe dəyişməyib və bəli, fürsət yarananda biz bu məsələdə, o cümlədən bizə ən dost olmayan ölkələrlə qarşılıqlı hörmətə əsaslanan və bərabərhüquqlu dialoqa hazır olduğumuzu nümayiş etdirən konkret addımlar atırıq. Eyni zamanda, etiraf etmək lazımdır ki, bağlı qapıları sonsuz döyməyin mənası yoxdur - iki dəfə danışıqlar masasına dəvət edilməli olmayanlara diplomatik səyləri yönəltsəniz, daha faydalı olar. Bir sözlə, öz qapılarımız açıqdır, biz özümüz başqalarını döyməyə hazırıq, amma təkrar-təkrar göz ardı edilsək, sadəcə olaraq özümüzə başqa tərəfdaşlar tapacağıq. Çok şükür bu barədə çatışmazlığımız yoxdur.

Yeri gəlmişkən, bizim strateji tərəfdaşlarımızdan biri də Azərbaycandır. Bu ilin avqustunda ölkələrimiz arasında aşağı karbon qazının inkişafı sahəsində əməkdaşlıq memorandumu imzalanıb ki, bu da bu sahədə konkret ikitərəfli layihələrin əsasına çevrilməlidir. Hesab edirəm ki, belə layihələrin ortaya çıxması zaman məsələsidir.

“Konqresmenlərin müraciəti Azərbaycana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsi ola bilər”

- Amerikalı konqresmenlər ABŞ Dövlət Departamentinə məktub göndərərək Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. COP29-un başlamasına bir ay qalmış ABŞ-nin Azərbaycana təzyiqlərini artırdığı təəssüratı yaranır. Sizə elə gəlmirmi, Qərb iqlim məsələsini siyasi manipulyasiya üçün güclü alətə çevirir? Bu mövzu ilə bağlı nə deyə bilərsiniz?

- Bəli, həqiqətən də təəssürat yaranır ki, iqlim dəyişikliyi mövzusu getdikcə daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Bakıda COP29-un başlamasına bir ay qalmış ABŞ konqresmenlərinin Dövlət Departamentinə Azərbaycana qarşı sanksiyaların tətbiqi çağırışı ilə müraciət etməsi bunun bariz nümunəsidir.

Burada geosiyasi kontekst nəzərə alınmalıdır. Azərbaycan strateji baxımdan mühüm mövqe tutur və onunla Qərb arasında münasibətlərdə müəyyən gərginliklər var. Ona görə də iqlim məsələsindən başqa siyasi məqsədlərə nail olmaq üçün istifadə olunduğunu istisna etmək olmaz. Konqresmenlərin müraciəti Azərbaycana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsi ola bilər.

Eyni zamanda, Amerikanın yeni rəhbərliyinin bu məsələdə indiki ilə müqayisədə daha təmkinli olacağını düşünməyə əsas var. Yaşayıb görərik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see140

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri