PUTİNİN “TANKER MƏĞLUBİYYƏTİ” ABŞ Rusiya bayrağına məhəl qoymadı, Moskva isə...
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
“Əgər amerikalılar gəmimizi ələ keçirsələr və biz özümüzü "qırmızı xətlər"lə bağlı ritorika ilə məhdudlaşdırsaq, bu, Trampı bizim sadəcə Rusiyanın böyük bir Venesuela olduğuna inandıracaq. Bu o deməkdir ki, Rusiyaya qarşı istənilən şəkildə manipulyasiya etmək olar, lakin heç bir təsirli cavab verilməyəcək. Ardınca Amerika Prezidenti Ukrayna trekində kobud davranmağa başlayacaq və bizim qarşımızda sülh razılaşması üçün açıq-aydın yerinə yetirilməyəcək şərtlər qoyacaq. Və hər şey Amerika ordusunun təmas xəttində yerləşməsi ilə başa çatacaq, “Tomaqavk” daşıyanlar Qara dənizə girəcək...”
Bunu Rusiya “Z ictimaiyyətinin” ən tanınmış simalarından olan “hərbi müxbir” Aleksandr Kots Rusiya tankerlərinin Atlantik okeanında ABŞ tərəfindən ələ keçirilməsi ərəfəsində yazıb.
Bu, Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, ABŞ-nin Rusiya “kölgə donanması” tankerlərini “ovlamaq” qərarının Moskvanı çaş-baş salmasının təzahürüdür. Özü də bu çaşqınlıq təkcə “Z ictimaiyyəti”nin deyil, rəsmi şəxslərin açıqlamalarında da sezilir.
“Atlantik okeanında Rusiyanın "Marinera" neft tankerinin ələ keçirilməsi Vaşinqtonun beynəlxalq hüquqdan tamamilə imtina etdiyini və öz oyun qaydalarını müəyyən etdiyini göstərir”.
Bu fikri isə Rusiya Qara dəniz Donanmasının keçmiş komandanı və Rusiya Dövlət Dumasının deputatı admiral Vladimir Komoyedov “News.ru”-ya verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ABŞ-nin hərəkətləri ölkələr arasında gələcək münasibətlərin qurulması ehtimalını şübhə altına alır.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə deyib: “Rusiya bayrağı altında üzən gəmi bizim torpağımızın bir hissəsi ilə eynidir. Ona görə də amerikalıların buna niyə ehtiyacının olduğunu bilmirəm. Həmçinin, orada bir Rusiya sualtı qayığı üzür və yaxınlıqda təyyarələr var. Hadisə o qədər də xoş deyil. Düşünürəm ki, diplomatlar hazırda razılığa gəlməyə çalışırlar. Üstəlik, kəşfiyyat orqanları işləyir və ABŞ ilə Rusiya arasında rabitə kanalları var. Amma yenə də toqquşmadan qaçmalıyıq, çünki bu, çox təhlükəlidir”.
Ağ Evin mətbuat katibi Kerolin Levitt isə deyib ki, Atlantik okeanında saxlanılan "Marinera" tankerinin heyəti federal qanun pozuntuları ilə bağlı məhkəməyə verilməsi üçün ABŞ-yə gətirilir: "Bu səhər Şimali Atlantikada müşahidə olunan tankerin saxlanılması federal məhkəmə qərarına əsasən həyata keçirilib. Bu gəmi sanksiyaları pozaraq neft daşıyan "kölgə donanmasının" bir hissəsidir. ABŞ və Prezident Donald Tramp buna dözməyəcək".

Ardınca, Ağ Ev rəsmisi diplomatik dildə Kremli ələ salmağa bərabər açıqlama verib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp, Vaşinqtonun Venesuelaya qarşı hərəkətlərinə və Rusiya tankerinin ələ keçirilməsinə baxmayaraq, rusiyalı həmkarı Vladimir Putinlə "yaxşı şəxsi münasibətləri" saxlaya biləcəyinə inanır.
Levitt həmçinin ABŞ Prezidentinin "Güc vasitəsilə sülh" prinsipinə əsaslanan sərt xarici siyasət yürütməyə davam etmək niyyətində olduğunu açıq şəkildə bildirib: “Bu gəminin ələ keçirilməsində söhbət qanunsuz neft daşıyan “kölgə donanmasının” bütün gəmilərinə embarqo tətbiq etməkdən gedir... Yalnız qanuni ticarətə icazə veriləcək və ABŞ bu məsələ ilə bağlı qərarlar qəbul edəcək”.
Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası məhz bu siyasəti həyata keçirir və Donald Tramp bundan imtina etmək niyyətində deyil.
Bütün bunlar ABŞ-nin Rusiyanın “kölgə donanması”na qarşı açıq müharibə elan etməsi kimi başa düşülür. Göründüyü kimi, bu müharibənin ilk döyüşündə Tramp Putin üzərində açıq qələbə qazandı. Rusiyanın Atlantik okenanına sualtı qayıq və hərbi gəmilər, təyyarələr göndərməsinə, ABŞ-yə tankeri sərbəst buraxmasına dair müraciət etməsinə baxmayaraq, o, həbs olundu. Tramp göstərdi ki, yeri gələndə “Putinin nazı ilə oynamaq” fikrində deyil.
Bu presedent Rusiyanın öz ticarət gəmilərini neytral sularda qorumaq üçün real qabiliyyətə malik olmadığını da göstərdi. Eləcə də digər ölkələrdən olan gəmilərə Rusiya qeydiyyatının verilməsinin mənasız olduğunu ortaya qoydu. Çünki Rusiya bu gəmiləri qoruya bilmir...
Bu proses əgər daha da genişlənərsə, təbii ki, Rusiyanın neft gəlirlərinə ciddi təsir edəcək, çünki Rusiya neftinin əhəmiyyətli hissəsi “kölgə donanması” tərəfindən daşınır. Digər ynadan, bu hadisənin özü Putinə təzyiqin bir parçası və Tramp-Putin münasibətlərində “yeni mərhələ” sayıla bilər.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















