Qadın iş yoldaşını döyən usta məhkəmə zalından azadlığa buraxıldı
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Mirkərim Səmədovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azad edilib. İttihama görə, hadisə 11 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, Mirkərim Səmədov təmir işləri apararkən əvvəl birgə təmir işləri ilə bağlı iş birliyində, habelə qeyri rəsmi ər-arvad münasibətlərində olduğu tanışı, zərərçəkmiş Tamillə Həsənovanı (ad, soyadı şərtidir) həmin ünvana çağırıb. O, qadına həmin ünvanda apardığı təmir işləri ilə bağlı yardımçı olmasını xahiş etdikdə, sonuncu buna etiraz edib. Bu zaman onların arasında şəxsi münasibətlər zəminində narazılıq yaranıb. Sonra Mirkərim Tamillanın üzərinə hücum edib qəsdən yumruqla onun sifət, sol çiyin və qol nahiyələrinə ardıcıl zərbələr enidirib. Hadisədən sonra Mirkərim Səmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Tamilla hazırda barışdıqlarını, şikayət və tələbi olmadığını bildirib.
Kamal Məmmədov

