Qafqaz dağlarından Berlinədək... Etibar Əhədov yazır
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
Ömrünün bahar çağlarında o da yüzminlərlə həmvətəni kimi cəbhəyə yollanmış, müharibənin axır günlərində isə 416-cı Taqanroq diviziyasının sıralarında Berlini azad edən qəhrəmanların önündə olmuşdu. Bundan əvvəl isə Qafqaz dağları ətəklərindən Berlinədək çətin, ağır döyüş yolları keçmiş bölük komandiri, qvardiyaçı starşina Sərdar Talıb oğlu Hüseynovun vzvodu Şpreye çayını birinci keçmiş, o tayda sovet bayrağını ilk olaraq dalğalandırmışdı.
Bu uğurlu əməliyyatdan sonra Birinci Belorusiya cəbhəsinin alay komandiri, qvardiya podpolkovniki P.İ.Mılovun və dörd generalın imzaladığı təqdimatda yazılmışdı: "Alman işğalçıları ilə döyüşlərdə Hüseynov özünü fövqəladə bir döyüşçü kimi göstərmişdir. O, Korçmı rayonunda səddi keçərkən suya birinci atıldı, düşmənin şiddətli atəşi altında üzərək səddi keçdi, döyüşçüləri ruhlandıraraq arxasınca apardı. Hüseynov özü əlində qumbara düşmən səngərinə atıldı və orada 12 hitlerçini məhv etdi. Güclü qüvvəyə malik düşmən bir neçə dəfə əks-hücuma keçdisə də, bu, Hüseynovu qorxutmadı. Ələ keçirilmiş mövqeyi saxlayaraq kiçik dəstə ilə son ana qədər düşmənlə vuruşdu. Bununla da piyada hissələrimizin əsas qüvvələrinə Şpreye çayının o tayına - yəni Berlinin qərb yarısına keçmək imkanı yaratdı. Bu döyüşdə Hüseynovun vzvodu 50-yə qədər hitlerçini məhv etdi. İgidlik, qətiyyət, cəsarətinə görə Hüseynov Sovet İttifaqı Qəhrəmanı adı verilməsinə layiqdir".
İllər keçdi, amma yüksək mükafat nədənsə öz təsdiqini tapmadı. Döyüş dostlarının təkidindən sonra Sərdar Hüseynov Moskvaya müraciət etdi. Keçmiş SSRİ Müdafiə Nazirliyinin kadrlar şöbəsindən Sərdar Hüseynovun adına göndərilmiş məktubda yazılırdı: "...Həqiqətən Siz Sovet İttifaqı Qəhrəmanı adını almağa təqdim edilmişsiniz. Lakin Birinci Belorusiya cəbhəsinin komandanlığı igidliyinizi nəzərdən keçirərək Sizi öz əmri ilə Qırmızı Bayraq ordeni ilə təltif etmişdir".
Bir dəfə bunun səbəbini soruşanda keçmiş döyüşçü təvazökarlıq etdi, ona əngəl olanların adını isə çəkmədi. Hiss olunurdu ki, aradan illər keçsə də, Şpreyenin cəsur qəhrəmanı Sərdar Hüseynov üçün ən böyük mükafat bütün sülhsevər xalqların II Dünya müharibəsində möhtəşəm qələbəsidir.
lll
Sərdar Talıb oğlu Hüseynov 1910-cu ildə Lənkəranın Vilvan kəndində anadan olub. Evlərimiz kəndin mərkəzindən bir az aralıda, çox da uzaq olmayan yerdədir. 5 oğul, 4 qız atası idi. Oğlu Hüseynlə bir sinifdə oxuyurduq. Digər övladları - Ağamoğlan, Eldar, Xatəm və Tofiq atalarına layiq müxtəlif vəzifələrdə çalışmışlar. Lənkəran Ağsaqqallar Şurasının sədri olan oğlu Eldar Hüseynovla vaxtaşırı görüşür, müxtəlif tədbirlərdə iştirak edirik.
lll
...Səngərlərdə, od-alovlar içərisində qazanılan dostluq illər, keçsə də, unudulmur. Cəbhə dostları tez-tez məktublaşırdılar. 416-cı Taqanroq diviziyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən görüşdə isə şahidi olduqları günləri bir daha yad etdilər. Onların əksəriyyəti Qafqaz dağlarının ətəklərindən Berlinədək çətin döyüş yolları keçmişdi.
Sinələrini orden və medallar bəzəyən keçmiş döyüşçülər illər keçməsinə baxmayaraq, bir-birlərini çətinlik çəkmədən tanıdılar. 1373-cü atıcı polkun 2-ci atıcı batalyonun keçmiş komandiri Xeyrulla Gülməmmədov Sərdarı görərkən onu səslədi:
- Hüseynov!
Keçmiş döyüşçü, qvardiyaçı starşina Sərdar Hüseynov ayaq saxladı. Batalyon komandirini görəndə Sərdarın üzünə xoş təbəssüm qondu. Hüseynov da Xeyrulla Gülməmmədovu tanımışdı, qeyri-iradi səsini qaldırdı:
- Yoldaş kapitan, sizsiniz?
- Mənəm, Hüseynov!
Cəbhə dostları bir-birini qucaqladılar.
Keçmiş döyüşçü N.Şevçenko "Bakinski raboçi" qəzetində Şpreyenin qəhrəmanı Sərdar Hüseynovu axtardığını bildirmişdi. Müəllif qəhrəmanın hünəri ilə oxucuları tanış etdikdən sonra yazırdı: "...Sərdar Hüseynov, ola bilər ki, indi sağdır. Müharibədən neçə illər keçir, amma qəhrəmanlar unudulmurlar. Onların xatirəsi xalqın yaddaşında həmişəlik yaşayır. Əgər Sərdar Hüseynov sağdırsa, qoy səsimə səs versin".
Qəhrəman döyüşçü, qvardiyaçı starşina, vzvod komandiri S.Hüseynov cəbhə dostunun çağırışına səs verdi və həmin günlərdən birində Bakıda görüşdülər.

- Kolya, Sileyzniya vağzalını aldığımız yadındadırmı? - Sərdar Hüseynov soruşdu.
- Əlbəttə, - N.Şevçenko ürəkdən gələn səmimiyyətlə cavab verdi. - Sonra Ayaqqabı fabrikini aldıq.
- Şpreye çayını ilk bizim vzvod keçdi... Branderburq qapılarında eşitdim ki, beş nəfəriniz sağ qalmısınız.
- Yadımdadır, üçüncü Reyxin iqamətgahı olan Reyxstaqa yolu bizim batalyon açdı...
İllər keçəndən sonra kəndimizin cəsur oğlu ilə müsahibədən birində yazacaqdım: "Berlin od-alov içində idi. Hər ev, hər küçə uğrunda qanlı döyüşlər gedirdi. Starşina Hüseynovun döyüşçüləri Brandenburq qapılarına uzanan Unter-den-Linden küçəsi ilə hücuma keçmişdilər. Döyüşçülərimiz çox çətinliklə irəliləyirdilər. Sərdar Hüseynov uçqun binanın dibi ilə sürünə-sürünə gedirdi.
- Brandenburq darvazasına doğru, irəli!
Batalyon komandirinin səsinə döyüşçülər irəli atıldılar. Düşmən döyüşçülərimizin güclü hücumuna davam gətirməyib diz çökdü. Reyxstaqın bir neçə addımlığında yerləşən Brandenburq darvazası alınmışdı" (E.Əhədov. Yanar üfüqlər, B.,2000, səh. 31).
Həmyerlimiz Sərdar Hüseynovun vzvodu Brandenburq qapılarına çatanda vzvodundan cəmi beş nəfəri sağ qalmışdı. Maraqlıdır ki, 76 il sonra Brandenburq qapıları önündə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində təşkil olunan fləşmobda qəhrəman döyüşçünün nəticəsi, Almaniya Tibb Universitetinin magistrantı Elçin Rəhimovun heç ağlına da gəlməzdi ki, vaxt gələcək, o da babasının döyüşdüyü yerdə Azərbaycanın haqq səsini qaldıranlar arasında olacaq. O fləşmobda Xocalı sözünü və müxtəlif rəqəmləri əks etdirilən yanar şamlar öz əksini tapmışdı. Aksiyada Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş 350-dən çox həmvətənimiz, türk diasporunun nümayəndələri, iş adamları iştirak edirdilər. ABŞ-da, Kanada, Fransa, Rusiyada yaşayan həmvətənlərimiz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək arxasında möhkəm dayandıqlarını və müdafiə etdiklərini bildirdilər.
lll
Keçmiş döyüşçü dörd dəfə yaralanmış, amma hər dəfə yarası tam sağalmamış döyüşə atılmışdı. Yerində hər kim olsaydı, bəlkə də əlillik kağızı düzəldib evinə qayıdar, xidmətlərini orda-burda nümayiş etdirməklə veteran hüquqlarından istədiyi kimi istifadə edərdi.
Lakin o, başqa yol seçdi, döyüşə-döyüşə Berlinin qapılarınadək gedib çıxdı. "Biz yer üzünü faşist taunundan xilas etmək vəzifəsini yerinə yetirdik" - deyə Sərdar Hüseynov gənclərlə görüşündə deyəcəkdi. - Faşizmə qarşı vuruşduq və qalib gəldik!
Sərdar Hüseynovun 1941-1945-ci illərldə keçdiyi döyüş yolları belədir: Nalçik, Orconikidze, Qroznı, Mozdok, Sevastopol, Azov dənizi, Taqanroq, Melitopol, Odessa, Zaparojets, Nikolayev, Varşava, Küstrin, Berlin...
Taleyin işinə bax. Sərdar Hüseynov 1942-ci ildə 223-cü atıcı diviziyada döyüşərkən qardaşı Xanoğlan bir neçə addımlığında olub. 1978-ci ildə indiki "Lənkəran" qəzetində məsul katib işlədiyim dövrdə Sərdar Hüseynovdan müsahibə götürərkən dedi:
- 1942-ci ilin yanvar ayında Qroznıda böyük itki verdik. Bu döyüşdə ağır yaralandım. Hospitaldan çıxandan sonra Mozdok istiqamətində hücuma keçdik. Eşitdim ki, Xanoğlan da cəbhədədir. O, Predqornoyenin alınmasında iştirak etmiş və orada da həlak olmuşdu. Əsl həqiqəti sonralar SSRİ Müdafiə Nazirliyindən aldığım məktubdan öyrəndim, Xanoğlan Predqornoye kəndində qardaşlıq qəbiristanında dəfn olunubmuş. Sən demə, mən də ondan bir azca aralıda - dəyirmanın yaxınlığında döyüşürmüşəm.
1976-cı ilin yayı, illər keçsə də, yaddan çıxmaz. İllərin qəm yükü keçmiş döyüşçünün qəlbini göynədir, qardaş həsrəti ilə alışıb yanırdı. Nəhayət, çox keçməmiş Sərdar Hüseynov vaxtı ilə döyüşdüyü yerdə oldu. Doğma yurddan gətirdiyi torpağı məzarın üstünə səpdi. Əlindəki gül dəstələrini isə qardaşlıq qəbiristanlığında obeliskin önünə düzdü. Lənkəran çiçəklərinin ətri bir andaca ətrafa yayıldı.
- Rahat yat, qardaş, - dedi və gözlərini postamentin üstündəki "Hüseynov Xanoğlan Talıb oğlu" sözlərində ilişib qaldı.
Marş sədaları keçmiş cəbhəçini xəyaldan ayırdı. Bir dəqiqəlik sükut elan edildikdən sonra qəhrəmanların xatirəsi yad olundu.
lll
Müharibədə aldığı yaralardan əziyyət çəkdiyinə görə, 1954-cü il iyul ayından 1955-ci il fevral ayınadək Sərdar Hüseynov respublika mərkəzi xəstəxanasında müalicə olunub. Sağaldıqdan sonra Vilvan kənd Sovetinin sədri (1955-1957), Girdəni kənd istehlak cəmiyyətinin sədri (1957-1970, Lənkəran tədarük kontorunda və meyvə-tərəvəz konservi zavodunda məsul vəzifələrdə çalışıb. 1970-ci ildə Lənkəran kimyəvi təmizləmə və boyama fabrikini təşkil etmiş və onun ilk direktoru olub. Ömrünün axırınadək bu vəzifədə çalışıb. 1980-ci il noyabrın 5-də vəfat edib. Məzarı kənddəki "Bəbəşıx" qəbiristanındadır.
lll
S.Hüseynov uzun illər Lənkəranın ictimai həyatında fəallıq göstərib. Ümummilli lider Heydər Əliyevlə Lənkəranda keçirilən görüşlərdə o da iştirak edib, birlikdə şəkilləri çəkilib.
Bakı şəhərinin küçələrindən birinə Sərdar Hüseynovun adı verilib. Vaxtı ilə kolxoz sədri işlədiyi Vilvan kəndindəki təsərrüfat 1990-cı ildən qəhrəman döyüşçünün adını daşıyırdı.
Azərbaycan televiziyası 1975-ci ildə həyatı və döyüş fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirib, haqqında F.Bokovun "Azərbaycan övladlarının ölməz igidlikləri", İ.Novruzovun "Son hücum", Rizvan Zeynalov və Lev Borodetskinin "416-cı Taqanroq diviziyası" kitablarında, yazıçı-publisistlərdən Yaşar Rzayev, Əşrəf Hacıyev, Həbib Səfərov və bu sətirlərin müəllifinin "Yanar üfüqlər" sənədli povestində maraqlı epizodlar öz əksini tapıb.
lll
Faşizm üzərindən tarixi Qələbənin bu günlərdə 80 illiyi tamam oldu. Bu yubiley münasibətilə bir vaxt bəşəriyyətin xoş gələcəyi uğrunda cəsarətlə vuruşmuş həmvətənimiz Sərdar Hüseynov kimi qəhrəmanlar yenə də böyük ehtiramla yad edildi.


