525 ci qəzet Yaddaşımda yaşatdıqlarım Etibar Əhədov yazır
Icma.az xəbər verir, 525.az-ə əsaslanaraq 525 ci qəzet Yaddaşımda yaşatdıqlarım Etibar Əhədov yazır.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
Bir, iki, üç... Daha bir neçə addım... Qabaqda hələ geniş, uzun bir yol var. Biz isə dincimizi almadan oraya - çəltik sahəsinə tələsirik. Əmənulla babam mənə görə geciksə də, üstünü vurmur, ürək-dirək verərək məni ruhlandırır.
Bir, iki, üç... Addımlarımı yavaşıdıb, qeyri-ixtiyari arxaya boylanıram və babamın bir az əvvəl söylədiyi sözlər yadıma düşür: "Atdığımız hər addım ömürdən gedir, bala. O addımlar bir də geri dönən deyil. Təəssüf ki, itirilən vaxtımızı pul kimi əmanət kassasına qoya bilmirik..." Onda 1952-ci ilin payızı idi, beş yaşıma qədəm qoymuşdum. Bu sözlərin mənasını sonralar, yaşa dolandan sonra anladım. Həyatı boş və mənasız keçirənlərlə arası yox idi babamın. Bizi də bu ruhda tərbiyə etmişdi.
lll
Ana tərəfdən babam Əmənulla Əzimov 1899-cu ildə Lənkəranın Vilvan kəndində dünyaya gəlmiş, 2 yaşında olanda atası Məşədi Əsədulla vəfat etdiyi üçün, bacısı Şahcanla birgə əmiləri Rəhmanın himayəsində yaşamışdı. Uzun ömür sürən Əmənulla babam 1989-cu il iyulun 21-də 90 yaşında vəfat etdi.
Dolu, yaraşıqlı bir kişi idi Əmənulla babam. Buxara papağı ona xüsusi yaraşıq verirdi. Cavan vaxtlarında güləşlə məşğul olmuş, toylarda, bayramlarda gücünü göstərmişdi. Deyilənə görə, pis də güləşməmişdi, qonşu kəndlərdən yarışa gələnlər ondan ehtiyat edərmişlər.
Əmənulla babam müharibədən əvvəl kolxozda ferma müdiri, briqadir işləmişdi. 60-cı illərdə isə kolxozdakı ördək fermasında çalışırdı. O həm də ictimaiyyətçi idi. Kənddə mədəni-kütləvi tədbir keçiriləndə əlində sivri budaq qabaqda dayanaraq, sakitlik yaradardı. Kimliyinə baxmazdı, səs-küy salana əlindəki budağı çəkərdi.
lll
Uzun qış gecələrində kəndə dərin sükut çökürdü. Bacalardan tüstülənən evlərdən bilinirdi ki, bura kənddir, hansısa yaşayış məntəqəsidir. Elektrik işığı, radio, televizor olmayan vaxtlar idi. Kənddə, demək olar ki, yaddaqalan mədəni-kütləvi tədbir keçirilmirdi. İldə bir-iki dəfə kəndə konsert briqadaları gəlirdi və uzun vaxt onun təsiri altında yaşayırdıq. Çal-çağıra o qədər adam yığışırdı ki, uşaqlara meydanda yer olmazdı. Odur ki, yaxınlıqdakı ağaclara, hasarlara dırmaşar, maraqla konserti izləyərdik. Ayrı-ayrı məhəllələrdə nağıl axşamları təşkil olunurdu. Nağıl axşamları sonralar gələcək həyatımızda, dünyagörüşümüzün formalaşmasında böyük rol oynadı. Ağsaqqallar bizə əxlaq dərsi keçməklə, həm də vətənpərvərlik hissləri aşılayırdılar. Onlardan öyrəndiklərimiz bizim hər birimiz üçün bir məktəb idi.
Nədənsə qış o illərdə çox sərt keçirdi. Camaatın qayğıları da onda daha artıq olurdu. Torpaqlar, biçənəklər qar altında mürgüləyəndə sərçələr narahat görünür, yem ardınca çıxaraq orda-burda dolaşırdılar. Səhərlər qar üstündə müxtəlif izlər görünürdü. Bu isə hansısa meşə heyvanının ova çıxdığından xəbər verirdi.
Heyvanları qışdan salamat çıxarmaq üçün ot-ələfi qənaətlə işlədənlər az deyildi. Otu qurtarmış ailələrə isə qonum-qonşu həyan olardı. Köməyi hiss etdirmədən edərdilər ki, qonşu narahat olmasın.
Kənddə səxavətli kişilər də vardı. İqtisadi vəziyyətin ağır olduğu XX əsrin iyirminci illərində Hacı Hüseyn qapı-qapı gəzərək, imkansız ailələrə təmənnasız taxıl paylamış, adamları korluq çəkməyə qoymamışdı. O, ziyarətdən qayıtdıqdan sonra kənddə hamam tikdirmiş, körpü çəkdirmiş, yol saldırmışdı. Şərq üslubunda tikilmiş Hacı Hüseyn hamamından bu gün də istifadə edilir.
Atamın əmisi Ali baba kolxoz quruculuğuna etiraz etmiş, hədə-qorxuya baxmayaraq, ömrünün axırınadək kolxoza yazılmamışdı. Ata-baba sənətini yaşadaraq irili-xırdalı, müxtəlif naxışlı səbətlər, cevend (asılqan), gündən qorunmaq üçün papaqlar, zənbillər və sair toxuyardı. Bir gün ona xəbər verirlər ki, bağa oğru girib. Oğrunu əli-qolu bağlı onun yanına gətiriblər. Ali baba oğrunun qollarını açdırır, qabağına çay-çörək qoydurur. Sonra da ona çörək, ayrı-ayrı torbada buğda, düyü, un verərək yola salır. Deyir ki, oğurluq kişiyə yaraşan deyil, çətinlik çəkəndə yolunu bizə tərəf sal.
lll
Yadımdadır, o gün Ləkər körpüsünə çatanda babam kəl arabasını saxladı. Bir qədər kənarda Ləj meşələri uzanırdı. Babam gözlərini uzanan yoldan çəkmədən dedi:
- Bu tarixi yadında yaxşı saxla, övladım. 1918-ci ilin mart qırğınlarını yaddan çıxarmaq olmaz. Qaçaqaç dövründə burada - Ləkər körpüsü ətrafında qanlı vuruşma getmişdi. Şəhərdə görünməmiş talanlar və qırğınlar törədilmiş, mayakın ətrafında onlarla günahsız insan güllələnmişdi. Qonşu Vilvan, Veravul, Cil, Osakücə kəndlərinin sakinləri qırğından qurtulmaq üçün yaxınlıqdakı meşələrə çəkilmişdilər...
Babam köksünü ötürərək azacıq fikrə getdi, yaddaşını vərəqləyirmiş kimi gözlərini uzaqlara dikdi. Sonra dillənib:
- 1918-ci il mart-aprel ayları idi, - dedi. - Kəndimizə bir dəstə atlı gəlib cavanları bir yerə yığdı. Onlar rus və başa düşmədiyimiz dildə danışırdılar. Şıvkunovu ilk dəfə onda gördüm. Dəstə bizi başına yığıb Ləkər körpüsünədək müşayiət etdi. Kəndimizdən Ali Əzimov, Mikayıl Quliyev, Davud Rəhimov, Mahmud Şərifov və başqaları da bizimlə idilər. Hərəmizə bir tüfəng verib dedilər ki, səngər qazın, vuruşacaqsınız. Biz düşmənin kimlər olduğunu bilmirdik, amma itaət edərək səngər qazdıq. Bizə güllə verməmişdilər. Deyirdilər ki, patronu "düşmən" yaxınlaşanda verərik. Qaranlıq düşərkən özümüzü Ləj meşəliyinə tərəf verdik, oradan özümüzü kəndə çatdırdıq. Bundan qəzəblənən şıvkunovçular Girdəni, Veravul və Vilvan kəndlərini top atəşinə tutdular. Vilvan kəndində bir neçə ev yandı, ölənlər də vardı. Adamlar Osakücə meşəliyinə çəkildiyindən tələfat çox olmadı. Atışma sakitləşəndə Şıvkunov öz quldur dəstəsi ilə yenidən kəndə gəldi, tüfəngləri istəyirdi. Ağsaqqalların təkidi ilə silahları qaytardıq. Gülləmiz olsaydı, quldurlarla döyüşərdik, amma o vaxtlar güllə tapmaq müşkül məsələ idi.
Şıvkunovun əmrinə itaət etmədiyimizə görə bizi ağaca sarıyıb öldürmək istəyirdilər. Amma təsadüfən kəndimizə gələn İbi İbayevin partizan dəstəsi onlarla döyüşə girdi. Nəticədə Şıvkunovun dəstəsi qaçmaq məcburiyyətində qaldı. Sonralar eşitdik ki, Ləkər körpüsü ətrafında 10 nəfər öldürülüb.
1918-ci il mart soyqırımı ata tərəfdən Ağabacı nənəmin gözlərinin qabağında olmuşdu. O, 1894-cü ildə qardaşı Yəhya ilə İrandan qaçaraq Lənkəranın Vilvan kəndində sığınacaq tapmışdılar. Həmin dövrdə şah zülmündən qaçanların çoxu Lənkəranın Kiçik Bazar hissəsində yerləşmişdi. Bu gün də həmin məhəllədə yaşayan tayfalar "giləklər" adı ilə tanınırlar.
Həmin günlərdə ata tərəfdən Şeyx Ağacan baba Ağabacı İsmayıl qızına elçi düşmüş, bu izdivacdan 8 övladı - 5 oğlu, 3 qızı olmuşdu.
"Qaçaqaç dövründə ata tərəfdən babam Ağacan Əzimov kəndin cavanları ilə dağlara çəkilərək erməni-denikinçi dəstələri ilə vuruşurdu. Atışma qızışanda kənddə qalan qadınlar uşaqlarını yanına alıb Osakücə meşəliyinə tərəf üz tutmuşdular. Ağabacı nənə uşaqlardan yalnız ikisini - Babacan və Zülfünü çiyninə alıb qaça bilmişdi. Hələ bir yaşına çatmamış körpəsi Əliağanı isə Allahın ümidinə qoyaraq həyətdəki yekə nil ağacının oyuğunda gizlədə bilmişdi. Ağabacı nənə səhər sakitlikdə evə qayıdarkən oğluna tərəf qaçır. Görür ki, körpə hələ də sakitcə uyuyur. İllər keçəndən sonra, övladları yaşa doldu. Dörd oğul övladından təkcə Əliağa Əhədov (bu sətirlərin müəllifinin atası - red.) müharibədən sağ qayıtdı. Baba, Zülfü və Əjdər 1941-1945-ci illərdə faşistlərlə vuruşmada həlak olmuşdular". (E.Əhədov. Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri, "525-ci qəzet", 19.04.2023).
lll
Evimizin qabağında kolxozun tarla düşərgəsi yerləşirdi. Əməkçilər fasilə vaxtı burada dincəlirdilər. Bir dəfə axşamüstü ətraf sakitləşəndə biz uşaqlar maraq hissi ilə ordakı kitabxanaya girib kitablara baxmağa başladıq. Hələ məktəbə getməsək də, kitablardakı şəkilləri cırıb köynəyimiz altında gizlədirdik. Yaşca bizdən böyük olan Akif dedi ki, kitabı niyə cırdın, Stalin gəlib səni tutar!
Soruşdum ki, Stalin kimdir? Dedi ki, Moskvada oturur, durbini ilə hər tərəfi izləyir, bilsə ki, şəklini cırmısan, səni tutub aparacaq. Qorxudan Stalinin şəklini elə düşərgənin həyətindəcə basdırdım ki, məni tutub aparmasınlar.
Aradan bir neçə gün keçmişdi. 1954-cü ilin mart ayı idi. Adamlar tarla düşərgəsinin yaxınlığında yaşayan Ali babanın həyətinə yığışmışdılar. Qabağımızda dayanan "Pobeda" maşınından qoucağı qundaqlı bir qadın və əyninə meşin kurtka geyinmiş bir kişi düşdü. Mən isə ətrafdakılara əhəmiyyət vermədən maşının yanında dayanıb siqnalı basdım. Bu vaxt adamlar məni gələnlərə göstərərək "odur" deyib səslərini qaldırdılar. Əmim oğlu Akif cəld bir hərəkətlə mənə yaxınlaşaraq dedi:
- Demişdim, axı, Stalin səni tutacaq, qaç, aradan çıx!..
Kişi ilə qadın mənə tərəf gələn anda götürüldüm. Həyət boyu qışqıra-qışqıra qaçırdım. Nə qədər çalışsalar da, məni tuta bilmirdilər. Nəhayət, özümü Əmənulla babama və nənəmə çatdırıb qollarından yapışdım. Qışqırırdım ki, məni Stalindən xilas etsinlər. Əmənulla babam üzünü yana çevirərək için-için ağlayırdı. Sürəyya nənəmin ah-naləsi yerə-göyə ucaldı, pis adamları o ki var qarğadı, sonra da bayatı çəkdi. Bu vaxt uzaqdan gələn qadın əllərini geniş açaraq mənə tərəf atıldı,
- Əziz balam, - deyib, məni bağrına basdı - Elə qışqırdı ki, başımın tükləri biz-biz oldu. Qadını hardasa görmüşdüm, amma heç cür xatırlaya bilmirdim. Amma daxilimdən baş qaldıran hansı qüvvəsə məni ayaq saxlamağa məcbur etdi. Sonra Stalin bildiyim meşin paltonlu kişi məni qucağına alıb başı bərabərinə qaldırdı. - Maşallah, yekə kişi olmusan, - dedi.
Sonralar valideynlərimin kimliyini bilsəm də, Əmənulla babamın, Sürəyya nənəmin yanında yaşamağa üstünlük verdim. Mehriban bacım da bizimlə yaşayırdı. Ana tərəfdən olan babam və nənəmin Tabaradan başqa övladları olmadığından meyllərini biz bacı-qardaşlara salmışdılar. Bizi əzizləyə-əzizləyə, son tikələrini yedizdirə-yedizdirə, lakin cızığımızdan çıxanda tənbeh oluna-oluna böyüyürdük.
lll
Mənim üçün ən darıxdırıcı vaxt yay ayları idi. Müdiri məzuniyyətə çıxdığına görə kitabxana bağlı olardı. O dövrdə kəndimizə qəzet və jurnal çox az sayda gələrdi. Mən qəzetə həsrət idim, ailəmizdə abunəçi yox idi. Yol kənarında, xəndək qıraqlarında saralmış qəzet parçalarını görəndə çox sevinərdim. Əmənulla baba bu həvəsi məndə görəndə bəzən dükan qabağında poçtalyondan mənə qəzet alardı. Həmin gün sevincimin həddi-hüdudu olmazdı.
Dördüncü sinifdə oxuyanda babamla şəhərin Böyük Bazar hissəsinə getmişdim. Orada kitab dükanında Füzulinin "Leyli və Məcnun" kitabını görəndə babamdan xahiş etdim ki, onu mənə alsın. Babam əvvəlcə duruxdu, cibindəki pulu ona uyğun deyildi. Dedim ki, baba, kitabda ərəb əlifbası ilə yazılar var, "Quran" sözləridir, oxusam, savaba çatarıq. Bu sözdən sonra babam əlindəkiləri son qəpiyədək verib kitabı aldıq. Avtobusda qonşu Separadi kəndindən olan bir müəllim babama dedi ki, kitabı nahaq almısan, yaşına uyğun deyil. Kitabı əlimə alıb elə rəvan oxudum ki, avtobusdakılar heyrətlərini gizlətmədilər. Sən demə, kitabı mənə oxutduran müəllim mənim kimi oxuya bilmirmiş. Məhəllədəki uşaqlar, hətta yaşlı adamlar bizə gəlib xahiş edirdilər ki, onlara "Leyli və Məcnun"dan oxuyum. Mən oxuyardım, babam da, nənəm də buna sevinir və səxavətlə süfrə açardılar.
lll

Babam Əmənulla Əzimov məni Lənkərandan hərbi xidmətə yola salarkən (17.11.1967)
1967-ci il noyabrın 17-də hərbi xidmətə yola düşərkən babam üzünü mənə tutub dedi:
- Çalış, Vətənə layiqincə xidmət edəsən, Həzi Aslanov, Baloğlan Abbasov kimi ad çıxarasan.
Babam II Dünya müharibəsi başlayanda könüllü olaraq hərbi xidmətə yola düşmüşdü. Gürcüstanın Kutaisi şəhərində xidmətə başlamış, yaşı çox olduğuna görə tərxis olunmuşdu.
Müharibə dövründə kəndimizdən 128 gənc silaha sarılmış, onlardan 76 nəfəri, o cümlədən 3 əmim geri qayıtmamışdı, təkcə atam Əliağa Əhədov sağ-salamat evə dönmüşdü. Sonralar başı çox bəlalar çəkdi. Atam Qazaxıstana sürgün edilənədək rayonun Separadi kənd həkim məntəqəsinin müdiri işləmişdi.

Atam Əliağa Əhədov (1954)
Dörd yaşında olduğuma görə o illəri heç cür xatırlaya bilmirəm. Bir il sonra anam Tabara xanım da Qazaxıstana getmiş, orada şəfqət bacısı işləmişdi. Hər ikisi "ellər atası" Stalinin ölümünədək Qazaxıstanda qalmalı olmuşdu.
Orduya getməzdən əvvəl babam məni ova aparıb tüfəng atmağı öyrədərdi. Deyərdi ki, əsgərlikdə lazım olacaq. Belə də oldu. Təsadüfi deyildi ki, atıcılıq təlimlərində həmişə fərqlənərdim.
1969-cu ildə, hərbi xidmətdə olarkən "Na straje" qəzetində vətənpərvərlik mövzusunda "Ən yaxşı oçerk" müsabiqəsində qalib çıxdım. "Kommunist" oçerkimə görə birinci mükafata, SSRİ Müdafiə Nazirliyinin fəxri Fərmanına layiq görüldüm və 15 günlüyə növbədənkənar məzuniyyətə buraxıldım.
lll
Yadımdadır, 1971-ci il fevral ayında Lənkəran radio verilişləri redaksiyasında işlədiyim vaxtlar idi. BDU-nun jurnalistika fakültəsində qiyabi yolla təhsil alırdım. Həmin günlərdən birində məni Lənkəran Şəhər Partiya Komitəsinə çağırdılar. Dedilər ki, üçüncü katib Şövkət Səfərova səni çağırır. Narahat oldum. Fikirləşdim, görəsən nə etmişəm ki, katib məni görmək istəyir. Yolda Lənkəran Təhsil Şöbəsinin kabinet müdiri İsa Ağayevlə rastlaşanda o, ayaq saxladı. Biləndə ki, Şövkət Səfərova məni çağırıb, gülümsündü. "Narahat olma, - dedi. - Yolun uğurlu olsun!" Sonralar bildim ki, İsa müəllim Şövkət müəllimin həyat yoldaşıdır.
Partiya komitəsində katibin köməkçisi gəldiyimi görüb məni içəri dəvət etdi. İlk dəfə idi ki, Şövkət müəllimi görürdüm. Məni görüb ayağa qalxdı, əlini mənə uzatdı.
- Allah sənə insaf versin, müharibə mövzusunda verdiyin radio oçerkə qulaq asandan rahatlıq tapmıram. Atamın da adını çəkdiniz, səhərədək yuxuya gedə bilməmişəm.
Katib faktları haradan əldə etdiyimi soruşanda gözləri doldu və mənə minnətdarlıq etdi, sonra kimliyimlə maraqlandı. Vilvan kəndindən olduğumu biləndə gülümsündü, dedi ki, babanız Əmənulla əmini, ananız Tabarə xanımı yaxşı tanıyıram. Əmənulla əmi halal adamdı. 7-ci sinfi bitirəndə briqadasına hesabdar təhkim olunmuşdum. Yadımdadır, bir dəfə başımızın üstündən durna qatarı keçirdi. Baban yaxşı ovçu idi, dedilər ki, qabaqdakı quşu nişan alsın. Baban isə əksinə etdi, durna qatarının axırında qanad açan durnanı nişan aldı və quş düz qabağımızda düşdü. Baban dedi ki, əgər qabaqdakı quşu vursaydım, onda durnalar pərən-pərən olardı, bu da günah sayılır.
lll

Ana tərəfdən nənəm Surəyya Əzimova (1978)
Ana tərəfdən Sürəyya nənəm məni 7-8 yaşlarımda "Quran" dərsinə qoymuşdu. Gələcəkdə məni dindar görmək istəyirdi. Sürəyya nənəm bəstəboy, ağbəniz, xanım-xatın arvad idi. Talış qadınlarına məxsus tərzdə başına dingə vurardı. İşgüzar, təmizkar qadın idi. Evin səliqə-sahmanına fikir verərdi. Səliqəsiz işlərdən, tör-töküntüdən xoşu gəlməzdi. Mal-qaraya, toyuq-cücəyə baxar, həyətyanı sahədə tərəvəz əkib becərərdi. Toya, yasa getməyə, xəstəyə dəyməyə də vaxt tapardı. Yaxşı xörək bişirməyi vardı. Bişirdiyi plovun dadından doymaq olmazdı. İdarəyə qonaq gələndə çox vaxt xörəyi ona tapşırardılar.
Sinəsi söz boxçası idi. Çoxlu bayatılar, mahnılar bilərdi. Mənə deyərdi ki, bildiklərimi yaz, gələcəkdə lazım olacaq. Mən də yazardım, amma əsgərlikdən sonra onları itirdim. Bu gün də nənəmin şeir dəftərçəsinə görə çox heyifsilənirəm.
Səkkizinci sinfə qədər kənd məktəbində oxudum. Orta məktəbi Lənkəran şəhər 1 nömrəli məktəbdə davam etdirdim.
lll
Yay tətili günlərində kolxozda işlədiyimiz günlər də yadımdadır. Biz sinif uşaqları bir yerə yığışar, tarlaya valideynlərimizin köməyinə çıxardıq. Müxtəlif işlərdə çalışırdıq. Tərəvəz yığıb qablaşdırır, yeşikləri qəbul məntəqəsinə aparır, bəzən çay tədarükündə fəhlələrə kömək edirdik. Heyvanları örüşə apardığımız, ot, odun tədarük etdiyimiz vaxtlar da olub. Evə yorğun-arğın qayıdardıq. Sürəyya nənəm "can-can!" deyə-deyə əllərimi, kürəyimi ovuşdurardı ki, yorğunluğum çıxsın.
1958-ci ildə kənd klubunda ilk dəfə kinofilmə baxanda heyrət içində donub qaldım. Böyüyəndə kinomexanik olacağımı qət etdim. İlk dəfə kitabxanaya gedib, onun oxucusu olduqdan sonra kitabxanaçı olmaq arzusuna düşdüm. Sonra fotoqraf olmaq istədim. Poçtalyonun qəzet, jurnal və məktub payladığını görəndən sonra başqa bir arzuya düşdüm, fikirləşdim ki, poçtalyon olum. Amma 1961-ci ildə qəti qərara gəldim: "Jurnalist olacağam". Bu arzu məndə "Azərbaycan pioneri" qəzetində ilk məqaləm çıxanda baş qaldırmışdı. Bu arzuya məndən bir sinif yuxarı oxuyan, ana tərəfdən əmim nəvəsi Kamal Rəhmanov da qoşulmuşdu. Hətta orta məktəbi bitirən ili şəhərə fotoqraf Əliisgəndərin yanına gedib, əlimizdə "Jurnalistika məsələləri" kitabı, şəkil də çəkdirmişdik.
"Azərbaycan pioneri" qəzetində məqalələrimə görə mənə çoxlu dostluq məktubları gəlirdi. Onların arasında Dəvəçidən (indiki Şabran) Aydın Tağıyev, Şamaxıdan Etibar Etibarlı, Qubadan Zakir Mürsəlov, Elmira İmanova, Bakıdan Sevil Məşədiyeva, Ağdamdan Dilqəm Tağıyev və başqalarının adları bu gün də yadımdadır.
Bir dəfə "Sovet kəndi" qəzetində, "E.Əhədzadə" imzası ilə, kənddəki yolların bərbad olması haqqında məqaləm çıxmışdı. Poçtun qabağında gördüm ki, kolxoz partiya komitəsinin katibi İlyas Əliyev qəzetin həmin nömrəsini kəndin ziyalılarına göstərə-göstərə "E.Əhədzadə"nin kim olduğunu öyrənmək istəyir. Mən isə kənarda dayanıb ətrafı sakit baxışlarla süzürdüm. Az sonra partkom dodaqaltı deyinə-deyinə çıxıb getdi. Amma qəzetdəki çıxışımdan sonra həmin yol təmir edilib qaydaya salındı. Qəzetin gücünü onda gördüm. Bu əhvalatdan sonra özümdə jurnalist olmaq qətiyyəti daha da gücləndi.
Xatirimdən heç vaxt çıxmır. Doqquzuncu sinifdə oxuyarkən sovxoz partiya komitəsinin katibi Şadulla Əzimov bizə gəlib dedi ki, dərsdən sonra şəhər Partiya Komitəsinə gedəcəyik, ikinci katib səni görmək istəyir, narahat oldum, fikirləşdim ki, mən hara, katib hara?!
Qəbulda bizdən başqa heç kəs yox idi. Katib bizi görəndə qarşısındakı məktubu əlinə alıb mənə göstərdi:
- Sən yazmısan, yoxsa başqasına yazdırmısan? - soruşdu.
Katib Kamal Axundovu tanımışdım.
- Özüm yazmışam, - dedim. - Bizə komsomol bileti təqdim edəndə dediniz ki, komsomolçu cəsarətli olmalıdır, heç nədən qorxmamalıdır...
Kamal müəllim bu dəfə nədənsə mülayim vəziyyət aldı, buna baxmayaraq, oturduğu kresloda qurcalandı. Partkom Şadulla Əzimov məni müdafiə məqsədilə:
- Yoldaş katib, - dedi, - bağışlayın, hələ uşaqdır, onu bağışlayın...
- Uşaq da olsa, düz deyir, bizə belə cəsur, diribaş komsomolçular lazımdır, yoldaş partkom!..
Katib "Kommunist" qəzetinə ünvanladığım məktubu açıb oxumağa başladı:
- "Siçanlar tərəkəmə oynayır".
Sərlövhəni oxuyan kimi katib gülməkdən özünü saxlaya bilmədi, sonra vəzifəsinə uyğun olmayan bir tərzdə şaqqanaq çəkdi.
- Oyunun olsun, ay uşaq, - deyib şagird vərəqində yazdıqlarımı bərkdən oxumağa başladı:
- "Kəndimizdə Abdulla əminin bir kitab mağazası var. Heç yerdə təsadüf olunmayan siçanları burada tapmaq olur. O gün mağazaya yolum düşmüşdü, kitab almaq istəyirdim. Gördüm ki, ana siçan balalarını başına yığıb kitabın vərəqlərini çevirməyə başladı. Sonra başladılar civildəşməyə. Ana siçan mağazanın ortasında qoşulmuş tələyə yanaşdı və quyruğu ilə tələdəki pendiri yavaşca qırağa çəkdi. Pendir yerə sıçrayanda siçovullar növbə ilə pendirə yaxınlaşıb ondan bir dişdəm qopartdılar. Pendiri yeyən və qarınları dolan bala siçanlar ana siçana qoşularaq başladılar rəqsə. "Tərəkəmə" oynayan məqamda Abdulla əmi mağazada peyda oldu. Vəziyyəti belə görüb əlindəki daşı siçanlara atmaq istədi. Amma nəsə fikirləşərək dayandı, dedi ki, bu daşı ataram mağazaya rəhbərlik edənlərin kabinetinə, qoy gəlib bir əncam çəksinlər".
Çox keçməmiş, məktubum öz təsirini göstərdi. Kitab mağazası üçün yeni bina tikildi.
İllər keçəndən sonra mən də, Kamal Rəhmanov da jurnalist olduq. Kamalın kiçik qardaşı dilçi-alim, "Olimpiya" jurnalının baş redaktoru Cəmaləddin Rəhmanov bizdən daha irəli gedərək Respublikanın Əməkdar jurnalisti adına layiq görülüb. O, jurnalistika sahəsində ilk fəxri ad almış lənkəranlı - vilvanlıdır.
lll
Əmənulla babamın həyatla bağlı nəsihətlərini tez-tez xatırlayıram. Doğrudan da, insanı yaşadan işıqlı, yaxşı əməlləri olur. Bu gün belədir, sabah da belə olacaq. Hər keçən gün tarixə çevrilir, hələ həyata keçiriləsi o qədər işlər var ki...

